Birinci hissə, üçüncü fəsil
Səhifə 1 / 5
Gecə yarıdan keçmişdi. Birdən-birə çözələnən, bir-birinə bənd olub uzanan söz-söhbət qurtarmaq bilmirdi və deyəsən heç qurtarmayacaqdı da. Ona rast gələnə qədər dərd, sıxıntı, nigaran suallar, şübhələr əlində sıxılıb çapalayan Aslana elə gəlirdi ki, nəinki Bakıda, bəlkə bütün dünyada, o qədər varısərvəti olmağına baxmayaraq, ondan bədbəxt adam yoxdu. Ancaq bu bir neçə saatın içində başa düşmüşdü ki, elə deyilmiş. Yer üzündə dərdlər varmış ki, onun dərdləri onların yanında toya getməli imiş. Elə biri onun bu gecəki qəribə qonağı Leyla xanımın özü, yerin altını da, üstünü də bilən bu qız. O necə də dərdli adam imiş, ilahi? Ürəyi doluymuş, içi yanırmış, sən demə. Onun özünün dərd-səri bu gecə heç qurtarana oxşamırdı. O danışdıqca deyəsən yüngülləşirdi: qəlbini əzən-sıxan ağrıları elə belə adi adama yox, hardasa, haçansa o əzabların, bəlaların, müsibətlərin baş verməsində haqlımı-haqsızmı günahkar hesab elədiyi, başda duranlardan, iqtidarda olanlardan saydığı bir adama söyləmək imkanı tapmışdı deyə, Leyla bəzən onu lap qurulmuş haqq məhkəməsində çıxış eləyirmiş kimi, çox sərt və ağır sözlərlə ittiham edirdi. Leyla xanım yəqin ki, bu sözləri qonşusuna, qaçqına, bazarda, avtobusda, metroda rast gəldiyi hər adama söyləməzdi və əgər demiş olsaydı da, bunun elə bir mənası olmazdı. O sözlər, o dərdlər çoxdan idi ki, ürəyində qövr eləyirdi, didib-dağıdırdı sinəsini: bir ixtiyar sahibi, böyük bir adam axtarırdı ki, danışıb qəlbini boşaltsın. Buna görə Aslan elə bil göydən düşmüşdü əlinə. Ağrılarını, əzablarını dilinə gətirirdi, qabağında oturan, ancaq öz dərdlərini düşünən Aslanı divara dırmaşdırır, ona hətta insafının əleyhinə də gedərək əzablar vermək də istəyirdi. «Bu əclafların böyüyü-kiçiyi yoxdu ⎯ hamısı bu millətin qarşısında günahkardı. Bunlar böyük olmayıblar, quldur olublar, xəyanətkar olublar. Biri az, biri çox. Xalqın bu günə düşməyində əlləri var, gözləri kölgəlidi, vicdanları ləkəlidi bu alçaqların. Onlara rəhm eləmək olmaz, yox, olmaz». ⎯ deyə düşünən Leyla məqamı gələndə Aslanı sancmaqdan, hətta təhqir eləməkdən belə çəkinmirdi və bu da qəribə idi ki, sonra da çəkinməyəcəyini özünə söz vermişdi.
Leyla, bir qadın və insan sövqi-təbiisi ilə hiss edirdi ki, Aslan bu söz-söhbətin beləcə uzanmasından yana çox əsəbiləşir: üz-gözündən oxuyurdu ki, onu indi Leylanın danışdıqları məsələlərdən daha çox, öz şəxsi dərdi-səri, sualları, nigarançılıqları düşündürür, onlara tez, konkret və aydın cavablar almaq və rahatlaşmaq istəyir.
Bu, həqiqətən də beləydi. Aslanı bu saat, daha doğrusu, Leyla ilə tanış olandan sonra keçən saatlar ərzində ancaq və ancaq öz nigarançılıqlarının axırına çıxmaq maraqlandırırdı və həmin sirlərin, müəmmaların açarını əlində tutmuş «Sirr dağarcığı»nın (Aslan onu ürəyində qorxa-qorxa belə adlandırmaq istəyirdi, ancaq cəsarət eləmirdi.) hədsiz dərəcədə «çərənçi» olması qətiyyən ürəyincə deyildi. Lakin çarəsiz idi ⎯ çəkinirdi, sözünü kəsə bilmirdi, içəridən qırıla-qırıla olsa da, susub dinləməyə məcburdu. Həyatında ilk dəfəydi ki, Aslan özünün bu əndazədə müti ola biləcəyini açıq-aydın dərk edir və özündən zəhləsi getməyə başlayırdı. Onun daxilən yaşadığı, ancaq açıb ağarda bilmədiyi bu hissləri, şübhəsiz, Leyla aydın şəkildə oxuyurdu və bu, ona çox ləzzət eləyirdi. O biri tərəfdən də Leylanı da qınamaq olmazdı, çünki Aslanın dastanı beş-on dəqiqəyə danışılıb qurtarılası dastana oxşamırdı ⎯ hər şeyi dəqiq, yerli-yataqlı bilmək arzusu ilə yanan, çırpınan Aslanın ürəyinə, şübhələrinin üstünə asanlıqla su səpmək mümkün olmayacaqdı və bunu Leyla bəri başdan aydınca dərk eləyirdi.
Yorğunluq artıq özünü hiss elətdirirdi: gah o, gah bu əsnəyirdi. Səhərəcən oyaq qalmaq olmazdı ki.
Aslan yuxusuzluğa da, narahatlığa da, eşidəcəyi həqiqətlərin zəhər kimi acı, öldürücü olduğunu bilə-bilə dinləməyə də hazır idi. Ancaq Leylanın gözlərindən yuxu töküldüyünü görəndə söhbətlərinin bu gecə qurtaracağına olan ümidini tamam itirərək xeyli məyus oldu: qonağını, özü də Leyla kimi bir adamı məcbur eləyə bilməzdi ki, yatmasın, danışsın. Təsəllini bunda tapdı ki, sabah şənbədi, birisi gün bazardı ⎯ iki gün onların ixtiyarındadı, qabaq-qənşər oturub danışmaq, ürəyini didib-parçalayan suallara, şübhələrə cavab almaq üçün gen-bol imkan-vaxt olacaq. Sabah Aslanın guya rayona getməsindən istifadə edib arvadı ilə Mehmanın da oğurlanıb bağa gəlmək imkanını da istisna etmək olar: daha Mehman öz qaynanasının yasını, dəfnini yarımçıq qoyub bağa kefə gələ bilməz ki. Həm də Aslan gecə yaxşı-yaxşı fikirləşər, ölçüb-biçər, onun rahatlığını əlindən alan nigarançılıqlarını sistemə salar, bir-bir hamısını soruşub öyrənər. Təki hər şeyi desin Leyla xanım, heç nəyi gizləməsin.
Yer məsələsi də fikrində dolanırdı: necə, harda yatırtsın qonağını? Başqa qadın qonaqları olanda bu barədə düşünmürdü: məsələ aydın idi: yeyirdilər, içirdilər, elə bir yorğan-döşəkdəcə də yatırdılar. Qışda bir çarpayıda. Yay aylarında isə kim harda istəyirdi, orda da yatırdı. Ancaq Leyla o qadınlara bənzəmirdi və ümumiyyətlə, qorxusundanmı idi, ya nədən idi ⎯ bilmirdi ⎯ Aslan bu axşam başqa şeylər barədə fikirləşə bilmirdi, özünün kişi, Leylanın qadın olduğunu da deyəsən unutmuşdu. Və bu məsələ yadına düşəndə, özünün indi bu vəziyyətdə olmağını ağlına gətirəndə təəccüblənirdi də. Əyləşdikləri otaqda iki çarpayı vardı: ikisi də qurulu, ağappaq mələfəli, ipək yorğanlı, yumşaq, rahat. Amma o, Leyla xanım burada, onun yanında yatardımı? Çətin. Çarə qalırdı o biri otağa ⎯ yataq otağına. Orada da qoşa çarpayılar hazır idi ⎯ onlar bu çarpayılardan da yumşaq, rahat və abırlı idi. Lakin o otaq bir az soyuq idi ⎯ dənizdən əsən külək öz soyuq nəfəsi ilə buranı yayda sərin, qışda isə buzxana eləyirdi. Aslan oraya qış aylarında elektrik pilətəsi qoyurdu, qızdırırdı, soyuq-filan heç hiss olunmurdu. «Leyla xanım harda istəsə, orda da yatar». ⎯ Nəhayət, qərara gələndə Leyla xanım ayağa qalxdı:
⎯ Sən narahat olma, Aslan. Mən o biri otaqda yatacağam, ⎯ dedi və Aslanın yenə təəccübləndiyini görüb gülümsündü:
⎯ Görünür heç cür adət eləyə bilmirsən ki, mən sənin ürəyindən keçənləri oxuyuram. Elə deyilmi?
⎯ Elədi, vallah, Leyla xanım. Düz deyirsən.
⎯ Mən ürəyindən də, gözlərindən də oxuyuram ki, sən elə indicə, bu saat, bu gecə aylardan bəri səni üzən, içini söküb dağıdan nigarançılıqlarının, şübhələrinin hamısını bilmək, öyrənmək istəyirsən, Aslan. Elədimi?
⎯ Elədi, Leyla xanım. Görürəm: sən çox şey, yox ey, sən hər şeyi bilirsən, xəbərdarsan. İstəyirəm deyəsən, danışasan. Yoxsa mən dəli olmaq dərəcəsinə gəlib çatmışam, inan. Səhərəcən yata bilməyəcəyəm, yuxum ərşə çəkiləcək, yerimə ilan-qurbağa dolacaq, Leyla xanım. Bilirsən, mənim daha o dünyada qır qazanında, cəhənnəm odunda-filanda yanmaqdan qorxum qalmayıb: mən onları ⎯ o əzabları bu dünyada çəkmişəm. Danış, qurban olum, de, nə varsa, söylə, qoy bilim. Hətta ölümümü də görürsənsə, çəkinmə, onu da de. Mən heç nədən qorxmuram, vallah. Dünyanın ən dəhşətli şeyini də desən mənə, yenə qorxmaram.
⎯ Səni başa düşürəm, Aslan. Ancaq tələsmə. Deyirlər, xəstə tələsər, armudsa vaxtında yetişər. Bil və agah ol ki, sənin dastanın uzundu, çox uzundu, bəy. Bir-iki kəlmə ilə qurtaran deyil. Bu gecə rahat yatarsan. Elə bil ki, məni heç görməmisən, tanımırsan. Dözməyəcəkdin? Yaşamayacaqdın? Necə yaşayacaqdınsa eləcə də yaşa bu gecəni. Necə yaşayacaqdın bu gecəni?
⎯ Əgər sənə rast gəlməsəydim, gedəcəkdim evə. İki gün ley-pey eləyəcəkdim dünyanı unutmaq üçün, heç nə fikirləşməyim deyə içəcəkdim, içəcəkdim, sərxoş olub yatacaqdım…
⎯ Bəs sənin Leylan neyləyəcəkdi?
⎯ Leyla? Nə bilim… Yəqin bazara-dükana gedəcəkdi…
Leyla qımışdı:
⎯ Tək?
⎯ Hə. Yox. Yəqin maşını çağıracaqdı. ⎯ Bu sözləri eşidəndə Leyla xanım özünü saxlaya bilməyib ucadan güldü:
⎯ Məgər sənin maşının dil bilir, qulağı var, nədi?
⎯ Yox.
⎯ Sən sadəcə Mehmanın adını dilinə gətirmək istəmirsən. Düzdü?
Aslan qıpqırmızı qızardı, gözlərini Leylanın istehza qonmuş baxışlarından yayındırmaq istədi, ancaq, çarəsiz qalıb yenidən ona baxmalı oldu:
⎯ Bu söhbət mənim kişilik qürurumu sındırsa da, boynuma alım ki, hə, Leyla xanım. Srağa günəcən o nəməkbəharamdan qətiyyən şübhələnmirdim: nəinki şübhələnmirdim, heç belə yatsaydım, yuxuma da girməzdi, inan. Neçə ildi çörək verirəm o qoduğa. Yaxşılıqlar eləmişəm ki, tərəzinin bir gözünə onun özünü qoysam, o birinə elədiklərimi, vallah, elədiklərim ağır gələr. Elə bircə onu deyim ki, evsiz-eşiksiz idi, qaynanasının ⎯ bax, ölümünü bu gün sən xəbər verdiyinin, o gorbagorun qoltuğuna sığınmışdı ⎯ ev aldım, verdim: arvadını, iki körpəsini götürüb köçdü, mebelinə də kömək elədim, öz qiymətinə aldı. Köpəkoğlu: «Ölənəcən qulunam, Aslan müəllim» ⎯ deyirdi. Deyir, yaxşılıq eləyən evində ölməz. Bu da mənim haqqsayım. Srağagün görürəm onunla him-cim danışır köpəkoğlu. ⎯ O, dişlərini bir-birinə sıxaraq:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-mocuze-birinci-hisse-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.
Dördüncü hissə, beşinci fəsilAz qala gen-bol otaqlarına, doğma şəhərinə, məmləkətinə sığışmayan şairi, balaca, sement döşəməli, adam boyundan yuxarı, göyərçin hininin qapısı boyda pəncərəsi, lay dəmir qapısı olan bir otağa salmışdılar. Gündüz o əl boyda pəncərədən gün işığı düşürdü içəri, axşamlar tavandan asılmış iyirmi şamlıq elektrik lampası solğun-solğun parıldayırdı. Divarın sol dibində qırmızı kərpicdən tikilib suvanmış daş «divan» vardı — Məhəmməd Şəfi onun üstündə oturur, onun üstündə yatırdı. Havası xəfə idi, rütubət iyi verirdi. Bu otaq uzun, alaqaranlıq dəhlizin lap axırında yerləşirdi. Dustaqlar arasında «otaği-siyasi» adı ilə məşhur idi. Buraya ancaq siyasi işlər üstündə həbs olunmuş, siyasi cəhətdən qorxulu adamlar salınırdı və onları əsl ad-familiyası ilə yox, «siyasi» kəlməsi ilə tanıyırdılar. Mühafizlər dəhlizdə gəzinir, nizam-intizama diqqət yetirir, belə «siyasi»lərin o biri dustaqlarla təmasda olmasına heç cür imkan vermirdilər.O biri tərəfdə, həyətin o başında ümumi həbsxana yerləşirdi. Bir sözlə, bura daş hasarlı, tikanlı məftilli, dəmir qapılı, qarovulçulu balaca bir şəhər — dünya idi. Buranın da sakinləri vardı, daimi və müvəqqəti sakinləri vardı, varlısı, kasıbı vardı, oğrusu vardı, davakarı vardı, işləyəni, işləməyəni vardı, «padşahı» vardı — amiri-həbsxana idi. Casusu, xəfiyyəsi də vardı. Şairləri də vardı — Rəhgüzər idi, Elməddin idi. Elməddin «ümumilər» içərisində idi, Şəfi kimi, hamıdan ayırmamışdılar.
Dördüncü hissə, altıncı fəsilHəbsxana rəisinin kabinetinin böyründə dəmir qapılı bir otaq da vardı: qapının üstünə qara hərflərlə «istintaq otağı» sözləri yazılmışdı və Elməddin burada indiyə qədər bircə dəfə olmuşdu. Qolları qandallı gətirmişdilər, danışdırmışdılar, hədələmişdilər, sonra yenə aparmışdılar.İndi də o qapının ağzına çatan kimi Elməddin anladı ki, yenə sorğu-sual başlanacaq, yenə o dazbaş, eynəkli müstəntiqin üzünü görəcək və nalayiq sözlərini eşidəcək. İkrah hissi duydu ürəyində. Mühafiz demək olar ki, onu itələyib saldı içəri. Otaq həmin otaq idi, müstəntiq də həmin müstəntiq. Ancaq arxası qapıya tərəf oturmuş çalsaç bir adam da vardı. Arxadan Elməddin onu tanıdı. Bu, Şəfi idi. Qəlbi çırpındı, ani olaraq özünü ustadın üstünə atmaq, qucaqlayıb əllərindən öpmək arzusu bütün vücudunu sardı, lakin dayandı: «Olmaz, olmaz!» — beynində özünə əmr elədi. Şəfi əvvəlcədən bilirdi ki, Elməddini gətirəcəklər, çünki müstəntiq yanındaca həbsxana rəisinə onu bura gətizdirməyi tapşırmışdı. Buna görə Şəfi Elməddinlə necə görüşəcəyini irəlicədən müəyyənləşdirmişdi. Şəfinin bu cavan oğlana yazığı gəlirdi, onun arzularına, ürəyinə yaxşı bələddi, onu heç nədən, yolunun lap başlanğıcında qurban vermək olmazdı. «Hər şeyə dözmək lazımdı, nəyin bahasına olursa-olsun onu xilas etmək gərəkdi. Nəcməddin də görünür, bacara bilmədi, azad elətdirə bilmədi onu». — Şəfi belə düşünürdü və bütün fikri-zikri bunda idi ki, görüş zamanında özünü ləyaqətlə apara bilsin. O, Elməddindən qorxurdu ki, birdən dözə bilməz, hisslərini cilovlaya bilməz və onda hər şey məhv olub gedər.
Dördüncü hissə, yeddinci fəsilElməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.
Başqa şairlərin şeirləri
Luvr! Luvr!Luvr deyəndə
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Səadətnamə, 20صورت وحدت از جهان مثالنقطه ای بست نقش بند خیال
Bəni hər dəmdə nedim öldürür eşqBəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.