Səhifə 3 / 5 · 40%

burması verəcəyini söyləmişdi. Onda, hadisələrin külək vuran tonqal kimi getdikcə qızışdığı zaman, sadəlövh və kövrək ürəkli, siyasətdən və imperiyanın məkrindən başqa hər şeydən başı çıxan təzə BİRİNCİnin kabinetindən çıxmayan Aslan lazımi qiymət vermədiyi o dalğanın tufanı bir-iki saatın içində onların isti, ilk baxışda çox möhkəm görünən yerlərindən oynadıb kənara atdığını görəndə, başa düşmüşdü ki, səhv eləyib, vərgəni suya verib, ona inanan BİRİNCİni də, özünü də uçurum qırağına gətirib. Siyasət isə belə səhvləri bağışlamır. Elə həmin gün gecədən xeyli keçmiş, o plenum deyilən nəhəng, dəstəyi uzaqda, Moskvada oturan böyük BİRİNCİnin əlində olan mexanizm işləyib öz işini görəndən sonra o, ömründə ilk dəfə vəzifədən düşmüş BİRİNCİnin belə zəif, cılız və aciz olduğunu lap yaxından görmüş və təəccüblənmişdi. Eləcə də, dünənəcən, lap elə iki saat qabağa qədər yanında, böyür-başında hərlənən, o qədər də saymadığı iş yoldaşının birdən-birə dönüb BİRİNCİ olduğunu və o dəqiqə vəzifə atına minib hökmlü bir adama çevrildiyini də görüb heyrətlənmişdi Aslan. Cəmisi üç gün namüəyyənlik içində qalmışdı, dördüncü gün onu oradan, Mərkəzi Komitədən ⎯ BİRİNCİnin özününmü fikri idi bu, ya ətrafındakı adamların əli ilə edilmişdi ⎯ bunu indiyəcən bilmirdi ⎯ o dairələrdə mövcud olan yazılmamış rəsmi adətə uyğun bir «hörmətlə» kürüyüb nə boy-buxununa, nə keçmişinə və nə də xidmətlərinə yaraşan bir tərzdə bu balaca idarəyə atmışdılar. O, əvvəl tərəddüd eləmiş, ancaq evdə, Leylasının məsləhəti ilə razılıq vermiş və yalnız sürücüsünü (İndi yadına salır ki, bunu da arvadı məsləhət görmüşdü) və bir də Tanrıgülü (əlbəttə, öz istəyi ilə) götürüb bura gəlmişdi.

İlk vaxtlar ona bu, çox sarsıdıcı təsir eləmişdi: heç cür barışa bilmirdi bu yerdəyişmə ilə: hətta ilk günlər bir neçə dəfə çaşıb köhnə iş yerinə də getmişdi. Ona elə gəlmişdi ki, bu dərdə dözə bilməyəcək. Ancaq sonra… Tanrıgülün «problemi» çıxdı ortalığa və o dərdini unutdurdu. Son neçə aydı ki, Aslan bu çıxılmaz bəla girdabına düşmüşdü, gecəli-gündüzlü ha baş sındırırdı, axırını bir yana çıxarda bilmirdi ki, bilmirdi. Həyata, dünyaya hərtərəfli, açıq gözlə baxmağı xoşlayan o, öz hərəkətlərini, davranışını, münasibətlərini də saf-çürük eləyir, götürüb qoyurdu: bəlkə onun özünün soyuduğunu, biganəliyini hiss eləmişdi Tanrıgül? Yox, Aslan buna yol verməmişdi, əsla. Əksinə, daha mehriban, daha diqqətli olmağa çalışmışdı, çoxlu hədiyyələr almışdı, şirin sözlər demişdi. Bəlkə başqa bir qadınla oturub-durmuşdu və bunu da o duymuşdu, eşitmişdi? Yox, bu da olmamışdı. Bu suallar içində çırpınırkən birdən, heç gümanına belə gətirmədiyi yerdə, bu Mehman-Leyla məsələsi meydana gəlmişdi və Tanrıgülün nigarançılığını kölgədə qoymuşdu: hər necə olsa da Leyla onun arvadı idi və cəmiyyət içində onun xanımı kimi tanınırdı. Və Aslan –çox da öyünüb ortalığa çıxartmalı olmayan öz təcrübəsindən yaxşı bilirdi ki, belə şeylər necə də bu boyda şəhərdə ildırım sürətilə yayılır və sənin «xəlvəti iş» hesab elədiyin şey az qala bütün aləmə bəlli olur. Azmı görmüşdü bu cür şeyləri Aslan? Və onun üçündü ki, o məşum hiss ürəyinə axıb dolandan qulağı səksəkədə idi: bu gün, ya sabah, ya haçansa lap bu yaxınlarda belə bir şey eşidəcəyinin qorxusu çökmüşdü canına. İnandırmaq istəyirdi özünü: Yox, Leyla ilə Mehmanın arasında heç nə ola bilməz. Leyla yazıq qulağını qaşıyırmış yəqin. Mehman da – elə-belə, yəqin balaca qızının əyə-əyə dediyi sözləri xatırlayıb gülümsünürmüş. Hə, hə, belədi, şübhəsiz, belədi. Bəs onda… bəs onda bu sehrkar Leyla xanımın dedikləri nədir? Mehmanın qaynanasının öləcəyi xəbəri, siqaret, pul? Bunlar da yalan ola bilərmi? Yox, bu boyda yalan ola bilməz. Aslanın özünün gözünün qabağında olan şeylərdi bunlar. Həqiqət idi və indi, gecənin yarıdan çoxunun keçirdiyi bu vədəsində, ən dərdli adamların belə düşünüb-daşınıb yorularaq yatdığı bu anlarda yerinin içində qurcuxa-qurcuxa öz-özünü danlayırdı: «Sənə bu da azdı, Aslan. Özünü hamıdan ağıllı, bic, şeytana papış tikən sayırdın. Elə bilirdin dünya həmişə sənin istəyincə fırlanacaq. Amma sən demə, fil qulağında yatmışmışsan. Orda, yuxarıda yoldaşların ayağının altını qazıyırmış, bu yanda tanrın qədər sevdiyin Tanrıgül səni gözün görə-görə atırmış, evinin içində də Leyla ⎯ sənin arvadın başına papaq

qoyurmuş. Kül başına, ay Aslan. Ta niyə yaşayırsan bu yer üzündə?» ⎯ Aslan bu böyrü üstündən o böyrü üstünə çevrilir, ürəyində əlini Allahın dərgahına qaldırıb yalvarırdı az qala: «İlahi, özün kömək ol mənə. Qoy bu düyünlər açılsın, qoy sənin özünün mərhəmətlə ürcahıma çıxartdığın bu sehrkar, möcüzəli Leyla xanım mənim bu qəflət yuxusuna getmiş gözlərimi açsın və mən əsil həqiqətləri, nə qədər acı olsa da öyrənim. Hamısının üzünə deyəcəyəm bir-bir xəyanətlərini. Gözlərinin içinə tüpürəcəyəm hamısının. Deyəcəyəm siz elə bilirdiniz mən frayerəm, heç nə görmürəm, bilmirəm? Ay siz öləsiz. Bu qadını, bu Leyla deyilən anlaşılmaz məxluqu sən yetirmisən mənə, ilahi. Öləcəyəm, qalacağam, onu əldən buraxmayacağam, lap bütün var-yoxumu verəcəyəm ona, saxlayacağam yanımda, qulluğunda duracağam. Həm mən rahat olaram, həm də o xoş bir gün görər. Razı olsa lap alaram onu. Qaçqın olanda nə olar. Bir də onu yaxşı geyindirsən, keçindirsən kim bilər ki, o, qaçqındı, köçkündü? Yox, adamın elə arvadı olması bir bədbəxtlik olar. Gərək onda heç nə eləməyəsən: işə oxlov udmuş kimi düz gedib, düz də qayıdasan. Ondan heç nə gizləməyəsən gərək. Bunsuz da bu zəmanədə necə yaşamaq mümkündü?» Sonra Aslan ürəyində özünə güldü: «Lap dindar olmusan ha. Dünənəcən Allahı-Peyğəmbəri tanımayan sən, indi onların mərhəmətinə sığınmısan və əl açıb onların dərgahından nicat umursan. Görünür, insanın təbiəti belədi ⎯ dara düşəndə, qocalıq soyuq əlini yaxasına sarı uzadanda, ölümün soyuq nəfəsini yaxında duyanda Allaha inam doğulur insanın ürəyində. Halbuki, deyirlər, o inam insanla bir gəlməlidi dünyaya. Hər insanın öz inamı». «İndi budur. Heç nəyə inanmayan sənin qonağın sehrkar bir qadındır ⎯ o biri otaqda yatır. Görəsən o yatanda da mənim nə düşündüklərimdən xəbərdar ola bilir? Bəlkə heç yatmayıb?» ⎯ Aslan öskürdü, sonra diqqət kəsilib o biri otağı dinlədi. Heç bir səs-səmir, qımıltı gəlmirdi. Bir az da diqqətlə qulaq asıb Leylanın aramla nəfəs aldığını, körpə uşaq kimi mışıl-mışıl yatdığını başa düşüb rahatlandı. «Yatıb!»

Və Aslan bunu da xatırladı ki, bu bağın tarixində və özünün ömrünün keçmişdə qalan illərinin salnaməsində Leyla birinci qadındı ki, bura qədəm basıb gələ, Aslan ona toxunmaya ⎯ nə saçlarını sığallaya bilə, nə öpə bilə. Yox, belə qadın olmamışdı, yox idi və Leyla birinci idi. Qəribə idi ki, Aslan özü də elə bil həmin Aslan olduğunu unutmuşdu ⎯ qadına olan tamahı, hərisliyi qalmamışdı sanki. Yox, axı keçən həftə Nataşa ilə bura gələndə belə deyildi. ⎯ Nataşanı hamamda özü çimdirmişdi, özü qurulayıb qucağında otağa gətirmişdi, yeyib-içmişdilər və o, qızı səhərəcən yatmağa qoymamışdı. Nataşa yumşaq yorğan-döşəkdə çabalayaraq: «Tı menya sovsem izmuçil!» ⎯ demişdi ki, bu sözlər də onun canına yağ kimi yayılmışdı: «Yox, hələ canın suludu, Aslan, hələ qocalmamısan!» ⎯ deyərək öz-özünə qürrələnmişdi. Yəqin bir həftə sonra Nataşa, ya qeyri bir qadın bu bağa qonaq gəlsə, Aslan onu da elə o həvəslə qarşılayıb, elə o həsrətlə də yola salacaqdı. Yox, bu nə idisə Leylanın özü ilə bağlı idi. Hə, axı o sehrkardı, o əfsunkardı ⎯ yəqin nəsə elədi ⎯ duamı oxudu, cadumu elədi ⎯ bilmirdi. Sonra yadına düşdü ki, Leyla əlinin qəribə hərəkəti ilə onunla özü arasında bir divar çəkmişdi yatmamışdan qabaq. Hə, hə, elə idi.

Divar çəkdi və özü də, gərək ki, dedi bunu. Aslanın elə arın-arxayın: «Qapını bağlayım?» ⎯ sualına. «Yox, qoy açıq qalsın. Sən o divarı keçə bilməzsən!» ⎯ cavabını vermədimi?

Aslanın tamah dişi itiydi və bu gecəki o qəribə qonağını elə-belə ⎯ vüsalına çatmadan yola salacağı fikri ilə heç cür razılaşa bilmirdi. «Əşi, sən də lap avam olmusan axır vaxtlarda, ay Aslan» ⎯ özü-özünə danışdı ⎯ Sehrkardı, möcüzəkardı, hər nədi ⎯ özü bilər, ancaq o, axı hər şeydən əvvəl qadındı. Qandın, ay zırrama, qadındı! Ta özü deməyəcək ki, gəl! Gərək səndə bir tərpəniş-təpər olsun da. Yoxsa istəyirsən o özü gəlib sənin qucağına girsin?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, dördüncü fəsil

...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.

11 dəq
Dördüncü hissə, beşinci fəsil

Az qala gen-bol otaqlarına, doğma şəhərinə, məmləkətinə sığışmayan şairi, balaca, sement döşəməli, adam boyundan yuxarı, göyərçin hininin qapısı boyda pəncərəsi, lay dəmir qapısı olan bir otağa salmışdılar. Gündüz o əl boyda pəncərədən gün işığı düşürdü içəri, axşamlar tavandan asılmış iyirmi şamlıq elektrik lampası solğun-solğun parıldayırdı. Divarın sol dibində qırmızı kərpicdən tikilib suvanmış daş «divan» vardı — Məhəmməd Şəfi onun üstündə oturur, onun üstündə yatırdı. Havası xəfə idi, rütubət iyi verirdi. Bu otaq uzun, alaqaranlıq dəhlizin lap axırında yerləşirdi. Dustaqlar arasında «otaği-siyasi» adı ilə məşhur idi. Buraya ancaq siyasi işlər üstündə həbs olunmuş, siyasi cəhətdən qorxulu adamlar salınırdı və onları əsl ad-familiyası ilə yox, «siyasi» kəlməsi ilə tanıyırdılar. Mühafizlər dəhlizdə gəzinir, nizam-intizama diqqət yetirir, belə «siyasi»lərin o biri dustaqlarla təmasda olmasına heç cür imkan vermirdilər.O biri tərəfdə, həyətin o başında ümumi həbsxana yerləşirdi. Bir sözlə, bura daş hasarlı, tikanlı məftilli, dəmir qapılı, qarovulçulu balaca bir şəhər — dünya idi. Buranın da sakinləri vardı, daimi və müvəqqəti sakinləri vardı, varlısı, kasıbı vardı, oğrusu vardı, davakarı vardı, işləyəni, işləməyəni vardı, «padşahı» vardı — amiri-həbsxana idi. Casusu, xəfiyyəsi də vardı. Şairləri də vardı — Rəhgüzər idi, Elməddin idi. Elməddin «ümumilər» içərisində idi, Şəfi kimi, hamıdan ayırmamışdılar.

8 dəq
Dördüncü hissə, altıncı fəsil

Həbsxana rəisinin kabinetinin böyründə dəmir qapılı bir otaq da vardı: qapının üstünə qara hərflərlə «istintaq otağı» sözləri yazılmışdı və Elməddin burada indiyə qədər bircə dəfə olmuşdu. Qolları qandallı gətirmişdilər, danışdırmışdılar, hədələmişdilər, sonra yenə aparmışdılar.İndi də o qapının ağzına çatan kimi Elməddin anladı ki, yenə sorğu-sual başlanacaq, yenə o dazbaş, eynəkli müstəntiqin üzünü görəcək və nalayiq sözlərini eşidəcək. İkrah hissi duydu ürəyində. Mühafiz demək olar ki, onu itələyib saldı içəri. Otaq həmin otaq idi, müstəntiq də həmin müstəntiq. Ancaq arxası qapıya tərəf oturmuş çalsaç bir adam da vardı. Arxadan Elməddin onu tanıdı. Bu, Şəfi idi. Qəlbi çırpındı, ani olaraq özünü ustadın üstünə atmaq, qucaqlayıb əllərindən öpmək arzusu bütün vücudunu sardı, lakin dayandı: «Olmaz, olmaz!» — beynində özünə əmr elədi. Şəfi əvvəlcədən bilirdi ki, Elməddini gətirəcəklər, çünki müstəntiq yanındaca həbsxana rəisinə onu bura gətizdirməyi tapşırmışdı. Buna görə Şəfi Elməddinlə necə görüşəcəyini irəlicədən müəyyənləşdirmişdi. Şəfinin bu cavan oğlana yazığı gəlirdi, onun arzularına, ürəyinə yaxşı bələddi, onu heç nədən, yolunun lap başlanğıcında qurban vermək olmazdı. «Hər şeyə dözmək lazımdı, nəyin bahasına olursa-olsun onu xilas etmək gərəkdi. Nəcməddin də görünür, bacara bilmədi, azad elətdirə bilmədi onu». — Şəfi belə düşünürdü və bütün fikri-zikri bunda idi ki, görüş zamanında özünü ləyaqətlə apara bilsin. O, Elməddindən qorxurdu ki, birdən dözə bilməz, hisslərini cilovlaya bilməz və onda hər şey məhv olub gedər.

10 dəq
Dördüncü hissə, yeddinci fəsil

Elməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.

5 dəq

Başqa şairlərin şeirləri