Birinci hissə, birinci fəsil
Səhifə 2 / 2 · 50%
Əsədin əli nəhayət, xəstənin alnından qopdu, Xəzangülün dizinin üstəki sağ biləyindən tutdu. Nəbzini yoxlamaq istəyirdi. Baş barmağının altında çırpınan damar tez-tez atırdı. Xəzan-gülün biləyi əlində olduğu halda Əsəd baxışlarını dolandırıb Sahilənin gözlərinin içində saxladı. Sanki saat onun gözlərinin içinə qoyulmuşdu. Qız burnunu çəkib pıçıltı ilə xəbər aldı:
− Necədi, Əsəd müəllim?
Əsəd Xəzangülün biləyini buraxdı, dikəldi, alnında muncuqlanan tər damcılarını şəhadət barmağı ilə silib dərindən nəfəs alaraq:
− Yaxşıdı, qızım – söylədi. – Adi qaydadan bir az sürətlə döyünür, ancaq güman edirəm, bu, həyəcandandı. Keçib gedəcək. – Əsəd də pıçıltı ilə danışırdı, yatanın ayılacağından çəkinirdi.
− Demək, sağalır anam, eləmi, Əsəd müəllim?
Qəlbində bu işə şübhə ilə baxsa da, qızın ümidini qırmamaq üçün çox da sezilməyən qəmli bir təbəssümlə:
− Əlbəttə, sağalır, qızım. Mən sənə deməmişdimmi ki, sağalacaq? – dedi və uşaq kimi dönüb bu yalanına özü də inanaraq sevindi. Bayaqdan tarım çəkilmiş, boğulub bir az da qaralmış sifəti o fərəhin işığından açıldı, nurlandı. Xırda, qara gözlərində bir parıltı gəzib dolaşdı. Ağır, ləngərli addımlarla qapıya sarı gəlib bir siqaret alışdırdı, ilk uzun qüllabın tüstüsünü acgözlüklə ciyərinə çəkib bir az sakitləşdi. Sonra qayıdıb Sahilənin yanına gəldi, eynən onun kimi, əlləri qoynunda dayanıb Xəzan-gülə tamaşa eləməyə başladı. Qadının sifəti elektrik işığı altında çəhrayı rəng almışdı, dodaqlarını anlaşılmaz bir təbəssüm bəzəmişdi. Ona görə anlaşılmazdı ki, nə Əsəd, nə Sahilə bunun əzabdanmı, sevincdənmi doğulduğunu bilmirdi. Ancaq təkcə Xəzangül anlayırdı ki, bu təbəssüm – bu da qəribə idi ki, həmin təbəssümü o özü yumulu gözləri ilə aydınca görürdü – sevincdən, fərəh bulağından su içib. Çünki o, qızı ilə Əsədin azca əvvəl bərkdən – amma ona elə gəlirdi ki, pıçıltı ilə – danışdıqlarını dumanlı, tutqun şəkildə eşitmişdi. Hətta bir qəribə çıqqıltı da eşitmişdi və başa düşmüşdü ki, Əsəd siqaret yandırdı.
Lakin böyük bir iradə və dəyanət hesabına o, həyəcanını boğub, «Mən eşidirəm, mən eşidirəm» - deyə qışqırmaqdan özünü güclə saxlamışdı. Ürəyindəcə demişdi bu sözləri və həmin andaca anlaşılmaz görünən o təbəssüm bu sözlərin işığı idi ki, onun qəşəng, nazik dodaqlarına qonmuşdu. Xəzangül təəccüb doğura biləcək bir şüur aydınlığı ilə, nə isə qiymətli bir şey itirəcəyindən qorxan adam kimi ehtiyatla, düşünə-düşünə hərəkət edir, hər şeyi fikrində ölçüb biçirdi. O yaxşı başa düşürdü ki, çılğın bir tərpəniş, hədsiz həyəcan onun möcüzə ilə tapdığı
– özü də neçə illərdən sonra – tapdığı dilini də, qulağını da, bəlkə bütün həyatını da bircə anın içində əlindən ala bilər. Yox, yox, allah göstərməsin.
Düşüncələrini Əsədin qayğılı səsi qırıb dağıtdı:
− Qoy yatsın, qızım. Sən də özünü ələ al. Heç darıxma, sağalacaq demişdim sənə? Bax görürsən, sağalır, qızım.
− Onu siz sağaltdız, Əsəd müəllim, siz sağaltdız… - Sahilənin bu sözləri Əsədi uşaq kimi kövrəltdi. Və sentyabrdan bəri bütün bu aylar ərzində Xəzangül üçün çəkdiyi əziyyətlər (Əsəd bu qayğıları heç vaxt əziyyət saymamışdı) bir göz qırpımında unuduldu. Qəhər boğazını tutdu. Udqunub o qəhəri udandan sonra yavaşcadan:
− Sən burda qal, qızım. Mən qaçıb doktor Kamili gətirim. Bunu belə qoymaq olmaz. Bayaqdan sən də, mən də özümüzü itirmişik, həkimlik eləyirik. Amma unutmuşuq ki, həkim məsləhəti, həkim nəzarəti mütləq lazımdı. Sən səs-zad salma, qoy yatsın. Yaxşı? Başa düşdün?
− Hə, başa düşdüm.
Əsəd yerindən tərpənmək istərkən Xəzangülün üzünə bir də baxdı. Elə bu zaman Xəzangül yaş kipriklərini qaldırdı. Sanki otağa nur seli axdı. Əslində Sahilənin də, Əsədin də gözlərini qamaşdıran işıq yox, sevinc idi. Onlar özlərinə gəlib bir söz deməyə macal tapmamış, Xəzangülün qəşəng, azca quruyub qaysaqlanmış, hardasa çəhrayıya çalan nazik dodaqları tərpəndi:
− Dayan, Əsəd, qoy sənə doyunca baxım, sonra get.
Əsəd quruyub qaldı, tərpənmək macalı olmadı. Sahilə dişi ilə alt dodağını sıxa-sıxa, ağladığı, güldüyü bilinməyən bir tərzdə gah anasına, gah da Əsədə baxmağa başladı. Qəmli-qəmli gülümsünən Əsədin beynində ani bir fikir gəzib dolaşdı: «Bu nədi, yoxsa o mənimlə vidalaşır?» Qorxa-qorxa onun nəmli, ancaq bu nəm içində qəribə bir pıçıltı ilə alışıb-yanan gözlərinə nəzər saldı. Baxışları toqquşdu. İlahi, Xəzangülün gözlərini Əsəd heç vaxt – nə o zaman, o uzaq illərdə, nə də sonrlar, dəniz qırağında rast gələndən bəri – belə gözəl, belə mənalı və şairanə görməmişdi. Qadın kiprik çalmadan, qeyb olacağından, itirəcəyindən qorxurmuş kimi, aramsız və nigaran baxışlarla onu süzürdü. Və qəribə idi ki, heç nə demirdi. «Deməli, Xəzangül eşidir daha. Bizim danışıqlarımızı alıb qulağı. Yoxsa belə deməzdi Xəzangül»- deyə hər ikisi – Sahilə də, Əsəd də bir-birindən xəbərsiz ürəyindən keçirirdi.
Əsəd o dilsiz baxışlarda çox şey oxuyurdu: məhəbbət də, peşmançılıq da, minnətdarlıq da… Amma hamısından güclü bir hiss vardı o baxışlarda – bu, sevinc hissi idi. Bu isə Əsədin bəsi idi.
Anlar gərgin sükut içində hiss olunmadan əriyib gedirdi, heç kəs bu səssizliyi pozmağa cəsarət eləmirdi sanki. Handan-hana – az qala bir əbədiyyət keçəndən sonra – Xəzangül zəif, asta bir səslə:
− Hə, indi gedə bilərsən, Əsəd – dedi. – Get həkimi gətir, Əsəd. Mən… ölmək istəmirəm…
− Sən nə danışırsan, Xəzan? Ölmək nədi, zad nədi? – deyə Əsəd dəhşətli bir şey eşidibmiş təki demək olar ki, qışqırdı. Səsindən Xəzangül səksəndi və sözünün yerinə düşmədiyini anlayıb təəssüfləndi, ani sükutdan sonra:
− Sən mənə iyirmi il əvvəlki kimi yenə Xəzan deyirsən?
–deyə keçmiş günləri xatırlayaraq kədərli-kədərli köks ötürüb əlavə elədi: - Hə, indi mən doğrudan da əsil Xəzanam, Əsəd. Xəzangülün gülləri soldu getdi, təkcə xəzanı qalıb indi.
− Sən allah, elə demə, Xəzan – dedi Əsəd. Ancaq səsindəki hüzndən özü də diksindi: - Nə var səndə? Şükür, sağalırsan. Sən elə əvvəlki Xəzangülümsən mənim, Xəzan. Yaxın gəldi, başının üstünə əyildi və alnından öpdü. Dikəlib ağır addımlarla qapıdan çıxdı. Sahilə divandan qalxıb anasının yanına gəldi, dizlərini büküb kolyaskanın qabağında yerə çökdü və başını onun dizi üstə qoydu. Qızın çiyinləri titrəyirdi.
− Ağlama, qızım, ağlama – deyirdi Xəzangül. Birdən onun qəlbində qızının saçlarını tumarlamaq arzusu baş qaldırdı. Tamam-kamal sağaldığını güman edərək əlini qaldırıb Sahilənin əvvəllər, lap uşaq vaxtı ipək kimi yumşaq olan, indi isə vədəsində yuya bilmədiyindən codlaşıb bərkimiş saçlarını sığallamaq istədikdə əli sözünə baxmadı. Sonsuz bir məyusluq axıb ürəyinə doldu, duruxdu. Bir də dartındı. Yox, əli tərpənmirdi. Dodaqları tərpəndi, bədənində bir soyuq gizilti gəzib dolandı. Əlinin əvəzinə, kədər buludu çökmüş baxışları ilə qızının saçlarına sığal çəkdi, toxunmasa da, toxuna bilməsə də bilirdi ki, o tellər codlaşıb. Ana əllərinin yuyub hörmədiyi, sevə-sevə, oxşaya-oxşaya darayıb bant ya qırmızı lent bağlamadığı qızın saçları elə belə cod olar, - uzanmaz, ətir qoxumaz. Əlinin işləmədiyini görüb danışmağa da qorxan Xəzangül ürəyində söyləyirdi, «Yazıq balam, məndən başın açılıb ki, başını da vaxtında-vədəsində yuya biləsən? Sənin uşaqlığın da mənim ucbatımdan bir uşaqlıq olmadı, can bala. Təki axırın xoşbəxt olsun, qızım». Dodaqlarının quruduğunu hiss eləyib astadan söylədi:
− Dur, mənə bir udum su ver, bala.
− Su? Bu dəqiqə, ana. – Sahilə cəld qalxdı və özü də qulaqlarına inanmırmış kimi dönüb bir də soruşdu: - Su istəyirsən?
− Hə. – Xəzangül dili ilə dodaqlarını yaladı.
− Bu dəqiqə. – Mətbəxə qaça-qaça fikirləşirdi ki, indi dünyada onun üçün bu sözləri anasının dilindən eşitməkdən böyük xoşbəxtlik yoxdur. Neçə illər idi ki, Sahilə anasına fəhmnən su vermişdi: «Yəqin susamış olar». Bəzən o, heç su içmək istəmədiyi vaxt, ona su gətirmişdi, o isə ya içmişdi, ya da geri qaytarmışdı. İndi isə… öz dili ilə su istəyirdi Xəzangül. Sahilə necə həyəcanlıydısa, iki otağın arasında, qapının ağzında dolu stəkanı əlində saxlaya bilmədi. Stəkan taxta döşəməyə düşüb çilik-çilik oldu, qız peşman-peşman «Oy!» – deyib içini çəkdi və günahkar kimi anasına baxdı. Xəzangül mehribanlıqla gülümsündü:
− Eybi yoxdur, qızım. Su aydınlıqdı. – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi:
Birinci hissə, yeddinci fəsil«Zərnigar» parkında oturmuşdular. Şəhərdən və parkdan əl-ayaq çəkilmişdi. Təpənin üstündəki dirəyin yeganə lampası yanır, ətrafa solğun, dumanlı bir işıq səpələyirdi. Parkın küçəyə çıxan qapısı ağzında iki polis nəfəri gəzişirdi.Havada şaxta vardı: quru bir şaxta dolaşırdı parkın içində. Ətraf dağlardan seyrək duman axıb gəlmişdi, ağacları, evləri nazik, boz pərdəyə bürümüşdü.
Birinci hissə, səkkizinci fəsilDoğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:
Birinci hissə, doqquzuncu fəsil«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.
Başqa şairlərin şeirləri
Anası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
Astar üzünəŞalvarımı, pencəyimiçevirdim astar üzünə,
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,