Birinci hissə, altıncı fəsil
Səhifə 1 / 2
Əbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.
Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi:
– Şama bir yaxşı süfrə açın.
Zərrintac nigarançılıq hissi ilə soruşmuşdu:
– Qonağımız olacaq məgər?
– Yox, — deyə Nəcməddin sınayıcı nəzərlə qızına baxmış, onun məyus olduğunu görüncə əlavə eləmişdi. — Elməddin gələcək.
Qız özünü atasının qabağında nə qədər tox tutmağa çalışmışdısa da, içəridən, ürəyinin dərinliklərindən süzülüb gələn sevinc sifətini gül yarpağı kimi qızartmış və o heç nə demədən çevrilib getmişdi. Bu Nəcməddinin sərraf gözündən yayınmamışdı. Kişi təsbehini şaqqıldada-şaqqıldada düşünmüşdü: «Yox, qızın quşu deyəsən bu gədəyə yaman qonub. Doğru deyirlər ki, qadının ağlı gözündə olur. Əlahəzrətin — məmləkətin birinci şəxsiyyətinin oğlu xoşuna gəlmir şeytanın. İdbardı, çirkindi deyir. Hələ bir az ağıldan kəm olduğunu bilmir, yoxsa adı çəkiləndə lap tufan qoparar. Amma bu sövdə baş tutsaydı, mənim üçün çox yaxşı olardı. Arxamızı dağa söykəyib arxayın-arxayın yaşayardıq. Elməddinin qəşəngliyi gözünü qamaşdırıb qızın. İnsafən pis oğlan da deyil, qanacaqlıdı, mərifətlidi, böyük-kiçik yeri biləndi. Yaxşı qələmi var. Şerləri yaman xoşuma gəlir. Gələcəyi yaxşı olacaq. Ancaq di gəl ki, əsli-nəcabəti məlum deyil. Camaat deyəcək, məmləkətin ikinci yarımpadşahı aman-zaman bir qızını latın-lütün birinə verdi. Eh, dünyanın işini bilmək olmur; ya nəsib, ya qismət! Amma şeytan mənim də ürəyimə yaman girib!»
Sonra Nəcməddin fikir verib görmüşdü ki, Zərrintac stolu açandan sonra otağına keçərək paltarını dəyişmiş, təzə gəlin kimi bəzənib-düzənmişdi. Kişi özünü elə aparmışdı ki, guya bunu görmür, əhəmiyyət vermir. Ancaq qızının beləcə geyinib-kecinməyindən, üzünə qonan sevincdən tam aydınlığı ilə yəqin edib inanmışdı ki, Zərrintac Elməddinə biganə deyil və bundan nə isə gizli bir sevinc də duymuşdu. Elməddin hava qaralanda gəlib çıxdı. Onu həyətdə Nəcməddin qarşıladı. Görüşüb hal-əhval tutdular. Yuxarı çıxanda Zərrintacı eyvanın sütununa söykənən görüb baş endirdi, yeriyib qızın irəli uzatdığı ağ əlini ehmalca öpdü:
– Zərrintac xanımın kefi necədir? — deyə Elməddin şən-şən soruşanda qız incikliyini gizləmədən:
– Niyə, siz yoxlayandan yaxşıyam, — dedi. Və baxışlarını qaldırıb Elməddinin gözlərinin içinə baxdı, elə atasının yanında ərklə sual verdi: — Neçə gündü hardasınız? Nə işdə tapılırsınız, nə evdə?
Elməddin Nəcməddinə baxıb güldü:
– Oho... Xanım yoxlayırmış məni, hə, ağayi Nəcməddin? — sonra günahkarcasına Zərrintaca tərəf döndü: — Bağışlayın, xanım. Son günlər başım yaman qarışıq olub. Səhərdən axşamacan elə müəssisələri kəzmişəm, ağamızın tapşırıqlarını yoxlamışam, bir sözlə yamanca işləmişəm.
– Düz deyir, qızım, — Nəcməddin Elməddinin köməyinə çatdı.— Onu qınama. Həqiqətən bu həftə ağayi Elməddinin heç başını qaşımağa da vaxtı olmayıb.
Atasının sözləri qızın könlünü azca aldı və o gülüb dedi:
– Başınızı qaşımağa vaxtınız olmayanda, mənə zəng eləyin, Əbdülü göndərim, gedib yaxşı-yaxşı qaşısın.
– Baş üstə, Zərrintac xanım! — deyən Elməddin də güldü, Nəcməddin də.
– Yaxşı, qızım, siz işinizdə olun, mənim Elməddinlə söhbətim var, — deyə Nəcməddin oğlanın qoluna girib öz otağına apardı. Divanda əyləşdilər.
– Hə, danış görək nə var, nə yox?! İşlər necə gedir? Elməddin dedi:
– Ağama ərz olsun ki, işlər əladır. Əsas vaxtım nəssaci müəssisəsində keçdi. Son vaxtlar yunun keyfiyyəti, rəng-boya işləri yaxşılaşdığı üçün İrandan, Pakistandan, Hindistandan gələn tacirlər sifarişlərinin sayını artırıblar. Elə daxili bazarda da malımızın, necə deyərlər, ayağı yerə dəymir. Belə getsə, sifarişçilərimizi təmin edə bilməyəcəyik. Bu qorxunu mən indidən hiss edirəm, ağa.
– Bəs, səncə, nə etmək lazımdır?
– Mən fikirləşirəm ki, müəssisəni böyütmək kərəkdir. Düzdür, bunun üçün gərək maya qoyasan, bunsuz iş aşmaz. Məncə, İngiltərədən o toxuculuq dəzgahlarından hələlik yüz ədəd gətizdirmək, binanı böyütmək lazımdır. İşçi qüvvəsindən sarı nigaran olmağına dəyməz. İstənilən qədər adam toplamaq olar, ağa!
– Xub, xub! — deyə Nəcməddin razılıqla başını tərpətdi.
– Mən sərincinarla ölçüb-biçdim, bütün bu işlərə bizim uzaqbaşı bir milyon xərcimiz çıxacaq. Həmin pulu isə biz ən çoxu altı aya götürəcəyik və ondan sonra illər boyu qazancı bizə qalacaq.
Nəcməddin ani olaraq fikrində nə isə ölçdü, biçdi, hesabladı, sonra əlini Elməddinin çiyninə qoydu:
– Mən razı. Məqul fikirdi. Günü sabahdan sərəncam verirsən, Almaniyaya adam göndərirsən. Oldumu?
– Oldu!!
– Elə sabahdan da binanın böyründəki boş sahədə eynən o quruluşda, o ölçüdə-biçidə bir imarət inşasına başlamaq haqqında sərincinara tapşırıq verirsən. Pul burax, qoy dəzgahlar gələnə qədər tikib qurtarsınlar. Tikinti işini nə qədər sürətlə görsələr, bir o qədər yaxşıdır.
– Baş üstə, ağa!
– Afərin, Elməddin. Sən mən gözlədiyimdən də ağıllı imişsən, oğul.
Elməddin ağayi Nəcməddinin tərifindən xoşlanmasa da, büruzə vermədi, düşündü ki, əgər onun bu təklifi həyata keçərsə, şəhərin ən azı beş-altı min işsizi özü üçün bir tikə çörək qazanmaq yeri tapacaq və bu, Elməddinin ürəyini ağasının tərifindən daha çox böyük sevinclə doldurdu. İndi yadına düşmüş kimi, cibindən iki qatlanmış bir vərəq çıxartdı, Nəcməddinə verdi:
– İki milyondu! — dedi.
Nəcməddinin sanki gözünə işıq gəldi: çeki alıb oxudu, qoltuq cibində gizlətdi:
– Allah bərəkət versin, — dedi. — Hansı banka qoydun?
– Mərkəzi banka, ağa.
– Hə, yaxşı eləmisən. Əlahəzrət də, qohum-əqrəbası da pullarını orada saxlayırdar. Ora hayana dönsə əmin-amanlıq olar.
Elməddin sözü dəyişmək üçün xəbər aldı:
– Əlahəzrət dediniz, yadıma düşdü. Ovunuz necə keçdi, ağa? Ümidvaram ki, yaxşı istirahət eləyə bildiniz, eləmi?
– Bəli, oğul. Gözəl istirahət elədik. Çoxlu kəklik, ceyran vurduq. Elə çöldə kabab bişirdilər, yedik, içdik, yerin məlum.
– Nuşi-can, ağa.
Şahənşahla ova çıxmağın ayrı ləzzəti varmış.
– Şahənşahınızın əhvali-şərifi necədi, ağa?
– Kefi çox kök idi. İtaliyadan istirahətdən təzə gəlib, Kökəlib. Deyib-gülürdü. Yaxşı, sərrast güllə atmağı varmış. Bir qəribə hadisə oldu.
– Hə? — deyə Elməddin maraqlandı.
– Bəli, oğul. Hamımızı mütəəssir elədi o hadisə. Cip maşınında gedirdik. Birdən motərvan dedi ki, kəklik! Dönüb baxdıq, torpaq yoldan xeyli aralı iki kəklik daşların arasında səkirdi. Əlahəzrət buyurdu ki, yaxın sür maşını. Motərvan yoldan çıxdı, güllə tutana qədər sürdü. Kəkliklər maşının səsini eşitməyə bilməzdilər, ancaq uçmurdular. Əlahəzrət nişan alanda kəkliyin biri qalxdı. O, kəkliyi havada vurub saldı. Qəribə bu idi ki, güllə səsinə ikinci kəklik uçmadı. Ürəyimə gəldi ki, yaralıdı yəqin. Əlahəzrət ikinci kəkliyi yerində atdı. Sonra motərvan düşüb qaçdı, kəklikləri gətirdi və dedi ki, balaları da var. Gedib baxdım. Bala kəkliklər körpə idilər, xırdaca daşların arasında küclə yeriyirdilər. Dəymədim. Qayıdanda mənə aydın oldu ki, əvvəlcə uçan kəklik erkək imiş, yerdə qalan, balalarını güllə səsi eşidəndən sonra da qoyub qaçmayan isə ana kəklik imiş!!
– Can, can!— deyə Elməddin yetim qalan o körpə kəkliklərin halına yandı. — Ana ürəyinin böyüklüyünə baxırsanmı? Balalarını başsız qoyub uçmayıb, öləcəyini bilsə də, uçmayıb. Heyf! Amma aranızda əsl ovçu yoxmuş, ağa. Güllə açılandan sonra da kəkliyin uçmadığını görəndə təcrübəli, görüb-götürmüş ovçu ona güllə atmazdı, bilərdi ki, yanı balalıdı o kəklik!
Hə, düz buyurursan, Elməddii. Əlahəzrət atırdı. Heç kəs cürət eləyib bir söz deyə bilməzdi. Ancaq elə oradaca da əlahəzrət atasının ölümünü xatırladı və halı çox dəyişdi.
– Niyə xatırladı ki, kəkliyə görə?
– Yox, sən demə, əlahəzrətin mərhum atasının qatili Qulam Nəbini min bir əzabla öldürmüş, cavanlıq dostu Xeybər ağa bu səhrada, otuz üç il bundan qabaq elə o yerlərdə həlak olubmuş.
– Mən bu əhvalatı eşitməmişəm, yəqin çox maraqlıdı, eləmi?
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-efsanesiz-iller-birinci-hisse-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Araya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»
Birinci hissə, yeddinci fəsilXüsusilə, Tanrıgül dastanı, xüsusilə, mövcud olduğunu belə bilmədiyi oğlunun dastanı… Maraqlı bir nağıla oxşayırdı bütün bunlar.Amma beyin də canlıdı ⎯ onun ayıq, işləyən vaxtı olduğu kimi, sən istəməsən belə, yatan, susan və dincələn zamanı da olur ⎯ Leylanın beyni yorulmuşdu, Aslanın ömür kitabının bu qədər maraqlı olmasına baxmayaraq, Leylanı mürgü qanadları üstünə alıb insanı bu dünyadan ayırmağa qadir yuxu aləminə apardı və bu yuxu, az qala hər şeyi görən, bilən o dərdli, nisgilli, yatmış qızı bir gözələ döndərdi.
Birinci hissə, birinci fəsilSən demə, dünya möcüzələr dünyasıymış. Bəzən gözlərində həyat eşqi coşub-daşan, ürəyində şirin arzular pıçıldaşan, istəkləri yerə-göyə sığmayan, cahanın əzab-əziyyətindən bezməyən, oğul-qız toyu görməyən, ata-ana borcu verməyən bir insan, özünün də, dost-tanışının da, əzizlərinin də gözləmədiyi halda, birdən-birə, son sözünü deməyə belə fürsət tapmadan, bir göz qırpımında bu doyulmaz, bu şirindən şirin aləmdən gedir, hamını pərişan edir – Ceyhun kimi. Bəzən isə əksinə, ölümün ağ libasını geymiş, üzünə zəfəran rəngi dəymiş, gözləri axan, yaşadığı dünyaya, insanlara, göylərə, yaşıl yarpaqlara, övladlarına, evinə-eşiyinə sonsuz bir həsrətlə baxan, sağ qalacağından hamının əlini yuduğu, min ilin ölüsüylə yan-yanaşı qoyduğu bir insan, özünün də, dost-tanışının da, əzizlərinin də gözləmədiyi halda, birdən-birə, son sözünü deməyə hazırlaşdığı anda, zəif və taqətsiz vücudunun bütün gücünü, qüvvətini, ürəyinin bütün gizli-aşkar məhəbbətini, qüdrətini yarı ölmüş, yarı diri əzələlərində cəmləşdirib soyuq ölüm yatağından, ağappaq cərrahiyyə stolunun üstündə ağappaq həkim bıçağının altından, lap tabutun içindən qalxaraq: «Mən ölmək istəmirəm, mən yaşamaq istəyirəm, mən bütün əzab-əziyyətlərə dözə-dözə bu gözəl dünyaya baxmaq istəyirəm, həyat bu dünyadadı, o günəşdədi, bu torpaqdadı, bu gül-çiçəkdədi, bu ağrı-acıdadı, bu insanların arasında olmaqdadı.» – söyləyir, hamını sevincə qərq eləyir – Xəzangül kimi.… Hər ikisi, bu ağla-idraka sığmaz möcüzədən özünü itirərək, gözləri yaşara-yaşara, əl-ayağını heç cürə yığıb-yığışdırmaq mümkün olmayan bir çaşqınlıq içində qışqırırdı: sarsıldığından, həyəcanından qəşəng üzü, azca əvvəl əyninə geydiyi o ağ don kimi ağarmış, yanaqları aşağı ağ mirvarilər süzülən Sahilə başqa söz bilmirmiş kimi, təkrar-təkrar: «Səsinə qurban olum, ana, sən danışırsan?» – deyir, bayaq Xəzangülün çırpına-çırpına söylədiyi o bir kəlmə sözü eşidəndən qulaqları gur-gur guruldayan, çəkisizlik şəraitinə düşmüş adam kimi torpaqdan ayrılıb havada süzən Əsəd isə yalnız «Xəzangül, Xəzangül» – söyləyə bilirdi. İkisi də özünü itirmişdi. Qız gah kolyaskanın ağ dəstəyindən tutub silkələyir, gah qapıya sarı qaçır, gah geri qayıdır, anasının qabağında diz çöküb alacalanmış gözlərilə ona baxır, sonra yenə təzədən qalxıb başı kəsilmiş toyuq kimi qırmızı rəngi tapdaq altında bozarmış döşəmənin üstündə çırpınırdı. Əsəd Sahilənin bu halını görüb indicə ona nə isə olacağını düşünərək əl atıb qolundan yapışdı və uca səslə:
Birinci hissə, ikinci fəsilSaat yarımdan sonra Xəzangül artıq xəstəxanada idi. Sahilə də, Əsəd də elə təcili yardım maşınında onunla birgə gəlmişdilər. Əsədin köhnə dostlarından olan doktor Kamil, bu axşam xəstəxanada növbətçi olduğuna görə heç yerə tərpənə bilmədiyindən, əhvalatı eşidən kimi, Əsədi iki şəfqət bacısı ilə tibb maşınına mindirib naxoşun dalınca göndərmiş və iyirmi dəqiqə keçməmiş Xəzangülü gətirtmişdi. Kamil Xəzangülün xəstəliyini də, qəzavü qədəri də, Əsədlə olan tarixçəsini də çoxdan və çox gözəl bilirdi. Əsəd Xəzangülün taleyini həkimə elə o vaxt rayondan qayıdıb dəniz qırağında ona rast gələndən az sonra danışmışdı, hələ bir dəfə də Kamili yanına salıb Xəzangülün üstünə gətirmişdi. Onda Kamil Xəzangülü ətraflı müayinə eləyib evdən çıxandan sonra fikrini Əsədə açıq söyləmiş, tibb elminin bu qədər sürətli inkişafına baxmayaraq, hələlik bu mərəz qarşısında aciz olduğunu və qadının sağalacağına az ümid bəslədiyini etiraf etmişdi. Kamilin o zaman Əsədə dediyi sözlərdən ancaq bu yadında qalmışdı: «Onun xəstəliyinin əsas səbəbi – sarsıntıdı, Əsəd. İkinci böyük sarsıntı olarsa, ya – nə qədər olsa da səndən gizləmirəm – ya öləcək, ya da… sağalacaq. İndilikdə onun üçün dava-dərman havayı əziyyətdi. Onu da sənə deyim ki, ikinciyə ehtimalım daha azdı, Əsəd. Əsəb - yaman şeydi, qardaş. Mənim müşahidələrimə və qənaətimə görə, xəstəliklərin böyük əksəriyyətinin başlanğıc nöqtəsi – əsəb sisteminin pozulmasıdır. Hətta xərçəngin də. Əsəb hiss olunmadan, gündə bir az pozulur, ancaq sağalması, bərpa olunması uzun, səbr və dözüm tələb eləyir, qardaş».Əsəd Kamilə bir həkimdən çox, bir Allah kimi baxırdı. Bu şəhərin ən adlı-sanlı həkimiydi Kamil. Onun əlinin yüngüllüyündən, bıçağının sayalılığından, ağlının itiliyindən, təcrübəsinin çoxluğundan az qala bütün şəhər danışırdı. Canı ağrıyan, ağır xəstəliyə düşən, sağalacağına ümidi olmayanlar belə ona pənah gətirirdi. Çünki dediyi, bəzən baxan kimi peyğəmbəranə qoyduğu diaqnozlar çox nadir hallarda düz çıxmırdı. O, indi həkimlər arasında dəb düşən kimi, təkcə dar bir sahənin həkimi olmaqdan şüurlu surətdə imtina etmişdi. Həm yaxşı cərrah idi, həm mahir əsəb xəstəlikləri ustası idi, ürəyin, psixologiyanın isə sözün həqiqi mənasında Allahı idi Kamil. Yaşı əllidən təzəcə sovuşmuşdu, amma gur, qalın saçları artıq çallaşmışdı. Sənəti onu özünə məftun etmişdi, gündüzlər xəstəxanada – xəstələri oxuyurdu, öyrənirdi, axşamlar kitabları, keçmişin, indinin məşhur təbiblərinin əsərlərini mütaliə edib beyninə, yaddaşına köçürürdü. «İş vaxtı», «qəbul saatı» məfhumları onun dəftərinə yazılmamışdı. Harada olsa, - qonaqlıqda, toyda, yasda, hətta gecənin şirin vaxtı yatdığı zaman belə, o, həkim idi hər şeydən əvvəl. Qayğıkeşliyi, mehribanlığı isə onun sənətini də, özünü də daha da gözəlləşdirirdi. Ona görə şəhərdə adı böyük bir ehtiram hissilə çəkilirdi, dildən dilə dolaşırdı. Canı ağrıyan hər kəs özünü, xəstəsi olan hər kəs xəstəsini ona çatdırmağa can atırdı. Kamilin həmişə hər şeyi çatmışdı, təkcə vaxtı olmurdu Kamilin. Özü üçün, ailəsi üçün çox az vaxt ayıra bilirdi. «Başımı qaşımağa vaxtım yoxdur» – deyə-deyə Kamil, Əsəd kimi başını ağartmışdı.
Başqa şairlərin şeirləri
Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsizHər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
DırqınadaErməniyə yol açıldı,Yuva saldı Dırqınada.