Əbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.

Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:

– Niyə gəlib qonağını qarşılamırsan, qızım? — dedi və ondan cavab gözləməmiş geri qanrılanda Dünyanın hələ də maşından düşmədiyini görüb təəccübləndi:

– Sən niyə orada bitib qalmısan?

Dünya başını irəli uzadıb açıq pəncərədən:

– Qapını aça bilmirəm! —dedikdə Nəcməddin hissolunmaz əsəbi hərəkətlə gəlib qapını açdı. Əyninə qırmızı güllü, qırçın-qırçın don geymiş Dünya balaca, xal-xallı ayaqlarını yerə qoyanda həyəcandanmı, ya nədənsə qıçlarının əsdiyini duydu; ancaq bu tez keçib-getdi. Dünya şax, ipək donunu xışıldada-xışıldada, xal-xalını, arxalığının gümüş pullarını cingildədə-cingildədə irəli addımladı, düz Zərrintac xanıma tərəf yeridi. Sifətini kövrək, qorxu-qarışıq bir təbəssüm bəzəyən Dünya gözlərini qırpmadan Zərrintaca baxırdı. Zərrintac təmkinli, ağır addımlarla pillələri endi və onlar ayaqaltına döşənmiş mərmər lövhələrin üstündə qarşılaşdılar. Bir anlığa baxışları rastlaşdı. Zərrintac sınayıcı, sirayətedici nəzərlərlə atasını neçə vaxtdan bəri əfsunlayan, həm yaşadan, həm də — Nəcməddin qızına deməsə də o, bunu yaxşı hiss eləyirdi — əzab, gizli, dəhşətli qısqanclıq əzabı verən bu gözəl pərinin işıqlı gözlərinə, qələmlə çəkilmiş kimi görünən qara, çatma qaşlarına, tutaş kirpiklərinə, nar çiçəyi kimi qırmızı dodaqlarına, ənliksiz-kirşansız, təbii bir nurla alışıb-yanan biçimli sifətinə ötəri baxdı və üzünün bütün cizgiləri qəribə bir sehrlə beyninə, gözlərinin yaddaşına həmişəlik həkk olunub qaldı. Dünyanın gözəlliyindən qadın olsa belə məstləşmiş Zərrintac özünə gəlməmiş təzə gəlin əllərini irəli uzadıb onun əlini tutdu və başını əyib onun üzüklü barmaqlarından öpdü.

– Xoş gəlmisən, Dünya xanım! — dedi nəhayət Zərrintac da. Və Dünyanı özünə tərəf çəkib alnından öpdü.

– Xoş günün olsun, xanım. Sizi görməyimə çox şadam, böyük xanım. Ağam sizin haqqınızda mənə o qədər xoş sözlər deyib ki, elə bilirəm sizi çoxdan, lap çoxdan tanıyıram, böyük xanım.

Zərrintac mehribanlıqla, razılıq əlaməti olaraq kirpiklərini endirdi və axır ki, heyranlığını gizlədə bilməyərək:

– Ay ölmüş, nə gözəlsən!! —dedi və təzədən onu hərarətlə sinəsinə sıxdı, sonra çevrilib kənardan bu maraqlı, həmişə narahatlıqla xəyalında canlandırmağa çalışdığı görüşü seyr eləyən atasına dedi:

– Zövqün pis deyilmiş, qibləgahım!

Nəcməddinin sanki donu, qırışığı açıldı, gəlib hər ikisini qucaqladı və mehriban ata nzvazişi ilə:

– Çox şadam ki, sizi görüşdürdüm, — dedi. — Ümid edirəm ki, bacı kimi dolanacaqsınız, aranızda ülfət və səmimiyyətdən başqa heç nə olmayacaq. — Qızına müraciət etdi: — O kəllə otağı Dünya xanım üçün ayır, qoy orada yaşasın. Apar, tanış elə. Ümumiyyətlə, ev-eşiklə, həyət-baca ilə tanış elə onu, qoy hər şeyin yerini bilsin. Su ki girdi qaba, oldu içməli, qızım. Elə deyilmi? — deyə əyilib Zərrintacın saçlarını qoxuladı. Zərrintac minnətdarlıq hissilə atasına baxdı:

– Sağ ol, qibləgahım. — dedi. — Və bu sözün mənasını Nəcməddin o dəqiqə anladı. Dilinə gətirməsə də Nəcməddin hiss eləyirdi ki, Zərrintac Dünyanın uzun illər boyu gəlin gələn gündən öldüyü günə qədər anasının yaşadığı otaqda, onun əlinin səliqəsi ilə bəzənmiş, nəfəsilə isinmiş o geniş, çıraqban otaqda atası ilə xoş saatlar, xoş günlər keçirməsinə qısqanar, bu vəfasızlığı, dönüklüyü bəlkə də ona bağışlamaz. Bəli, Zərrintacın anası o otağa gəlin gəlmişdi, o otaqda bəxtəvər günlər görmüşdü, o otaqda da heçlik dünyasına köçüb getmişdi. Zərrintac anasının otağının səliqəsini pozmamışdı, necə qoyub getmişdisə eləcə də saxlamışdı. Qəribə idi ki, Nəcməddin də arvadı öləndən sonra bir gecə də burada yatmamışdı. Ata-bala, ancaq qəmli günlərində, onu xatırlayanda, anadan olduğu və vəfat etdiyi gün bəzən birlikdə, bəzən də ayrı-ayrı bu otağa girər, kreslolarda oturar, divardan böyüdülüb asılmış şəklinə baxar və səssiz-səmirsiz durub çıxardılar.

Zərrintac atasının bu həssaslığını, qədirbilənliyini yüksək qiymətləidirdiyi üçün hədsiz dərəcədə sevinmiş və Dünyanı çoxdan tanıyırmış kimi çəkinmədən, gülə-gülə əlindən tutaraq yuxarı aparmışdı. Bəzəkli, yerinə xalça döşənmiş, ərəb mebeli ilə bəzənmiş, divarları aynalı, müzəyyən otağı görəndə Dünyanın ağzı açıla qalmış, gözləri heyrətdən böyümüşdü:

– Ay aman, necə də qəşəngdi! — demişdi. Zərrintac bəlkə də ömründə belə cah-calallı mənzil görməmiş Dünyanın sonsuz şadlığından ləzzət ala-ala:

– Qibləgahıma yaxşı bax, Dünya! — söyləmişdi. — Onu incitmə, sev və əzizlə, yaxşımı?

– Əlbəttə, böyük xanım. O mənim gözlərimin işığıdı, böyük xanım. Sənin qibləgahın yaxşı kişidi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri