Birinci hissə, altıncı fəsil
Səhifə 2 / 2 · 50%
– Sənin yaşından xeyli qabaq olub o hadisə. Mən onda cavan oğlan idim. Nadir şahe-mərhum—əlahəzrətin atası üç-dörd il idi ki, məmləkətnn şahı elan edilmişdi. Hərbi məktəb zabitlərinin buraxılışı günü Nadir şah həmin məktəbə gəlmiş, yeni rütbə almış zabitlərin səfi önündə çıxış etmiş, onları, məmləkət ordusunun ilk qaranquşları kimi təbrik eləmiş, və səfəri yaxınlaşmış zabitlərin əlini bir-bir sıxmış. Bu zaman Qulam Nəbi adlı bir zabit elə oradaca Nadir şahın təpəsinə üç güllə vurmuş və onu qətlə yetirmişdir.
– Axı bu Qulam Nəbi Nadir şahı nə üçün öldürməli imiş?
– Bilirsən, Nadir şah hakimiyyət uğrunda mübarizənin qızğın vaxtında Qulam Nəbinin ağasını xəyanətlə öldürtdürübmüş. Deyilənə görə, o, general imiş. Nadir şaha qarşı vuruşurmuş. Nadir onun yanına elçi göndərib ki, barışsa, onun tərəfinə keçsə, yeni təşkil olunacaq dövlət kabinəsində hərbi nazir vəzifəsini ona verəcək və guya Qurani-şərifə də əl basıb and içibmiş. General Nadir şahın vədinə inanır və yanına gəlir. O isə generalı həbs edib öldürtdürür və bütün ailə üzvlərini də qılıncdan keçirtdirir. Bu Qulam Nəbi o vaxt yeniyetmə imiş, öz ağasını atası qədər, bəlkə də ondan da çox istəyirmiş. O boyda ailədən bircə Qulam Nəbi qaçıb canını qurtarır və and içir ki, ağamın qanını yerdə qoymayacağam. Vaxt dolanır, o gəlib hərbi məktəbə girir, oxuyur və Nadir şah rəsmi mərasimə gələndə öz əhdinə sadiq qalıb ağasının qanını alır.
Qulam Nəbini, təbii ki, tutmuşdular. Nadir şah ölən kimi əlahəzrət çox cavan olmasına baxmayaraq şah elan olundu. Qulam Nəbini çox böyük cəza ilə öldürməyi qərara almışdılar. Bu işi əlahəzrətin yaxın dostu Xeybər xan öz boynuna götürmüşdü. Zindanda hər gün onun bədəninin bir əzasını kəsir, dağ edilmiş yağa basıb yandırır, qanaxmanın qarşısını alıb zavallını ölməyə qoymurdular. Əllərini, qollarını, ayaqlarını buğum-buğum, hissə-hissə kəsib atmışdılar: bircə bədəni və başı qalmışdı biçarənin. Lap axırda başını da kəsdilər. Bütün bu işləri eləyən və elətdirən Xeybər xan bir neçə il sonra bizim ova getdiyimiz həmin səhrada mindiyi atın ürkməsi nəticəsində həlak oldu.
– Xeybər xan atdan yıxılıb öldü?
– Yox. Yıxılıb ölsəydi, canı rahat çıxardı. At ürkmüşdü, götürülmüşdü. Dəlisov at imiş. Xeybər xan yəhərdən aşırılır, ancaq ayağının biri üzəngiyə ilişir. Başı daşa, qayaya dəyir, parçalanır. Nə başını ağrıdım, at yorulub dayananda üzəngidə Xeybər xanın tək bircə qılçası qalıbmış!!!
Elməddin bu faciəli hadisələri heç kəsdən eşitməmişdi, yazmamışdılar da. Nadir şahın vaxtilə dost olduğu adama xəyanəti, Qulam Nəbinin mərdliyi, Xeybərin əzazilliyi və axırda da taleyin cəzasına çatması — bütün bunlar Elməddin üçün son dərəcə maraqlı və eyni zamanda da dəhşətli əhvalatlar idi. Yazılmalı idi bunlar. İndi də mümkün olmasa, kələcəkdə yazılmalı, tarixin malı olmalı, gələcək nəsillərə çatdırılmalı idi bunlar. Amma indi heç kəs bu barədə danışmır, susur, xalqın adından məmləkəti idarə edən bir qrup adamın necə də qızıl qanlar tökdüyü, xəyanətlər etdiyi barədə kəlmə kəsmir. Aman allah, Elməddinin bilmədiyi, eşitmədiyi nə qədər şey varmış dünyada?!
Nəcməddinin özünə yaxın hesab eləyib danışdığı o söhbətlər Elməddini sarsıtmışdı. Dillənmirdi, eləcə susub xəyala dalmışdı.
– Hə, nə fikrə getdin, oğul? — deyə Nəcməddin sanki birdən qorxuya düşmüş kimi xəbər aldı. — Bunları sənin bilməyin lazımdı, ancaq yazmaq olmaz, bala. Başın ağrıyar. Elə bilirsən, bunları tək mən bilirəm? Yox, çox adam bilir, ancaq heç kəs danışmır, oğul, Çünki belə lazımdı, heç kəs başını bıçağa sürtmək istəmir.
– Bəli, — o ah çəkdi, — təəssüf ki, belədir, ağa. Zərrintac içəri girib onların söhbətini yarıda kəsdi:
– Sizin müşavirəniz nə uzun çəkdi, qibləgahım? — dedi, — süfrə hazırdı, sizi gözləyirik. — Elməddinə üz tutdu: — Sən işdən çıxıb bura gəlmisən, acsan yəqin, eləmi? - Xanım düz buyurur, — dedi Elməddin. — Çörək yemədim ki, burada yeməsəm, olmaz. Acam, düzdü. Ancaq ağamla söhbətimiz elə şirin və maraqlı idi ki, yemək heç yadıma da düşmürdü. Bax, indicə anladım ki, acından başım kicəllənir.
– Durun, durun.
Onlar qalxdılar, eyvandakı əlüzyuyanda yuyunub süfrə başına gəldilər. Stol üstə ləziz xörəklər düzülmüşdü. Qrafinlərdə limonlu şərbətə qədər qoyulmuşdu. Əyləşdilər. Nəcməddin Zərrintacın üzünə baxdı:
– Bəs Dünya xanım hanı? Zərrintac çiyinlərini çəkdi:
– İndi burada idi ki!
Dünya öz otağında idi. Nəcməddin çağırmasa, icazə verməsə, məclisə gəlməyəcəyini əvvəlcədən nəzərdə tutmuşdu. Söz yox ki, Elməddinin kim olduğunu Zərrintac xanımdan soruşub öyrənmişdi. Evin məhrəm adamı olduğunu və bir qadın sövq-təbiisi ilə qızın da ona biganə olmadığını hiss eləmişdi. Buna baxmayaraq Dünya ağılla hərəkət edərək çağırılmamış süfrə başında oturmaq istəməmişdi. Elməddin isə Dünya adını eşidən kimi məsələnin nə yerdə olduğunu dərhal anlamışdı, çünki Zərrintac atasının sevdiyi gözəl qadın haqqında bir-iki dəfə söhbət eləmişdi. «Demək Nəcməddin Dünyanı evinə gətirib! Nə yaxşı, nə yaxşı!» — deyə Elməddin ürəyindən keçirdi.
Nəcməddin durub Dünyanın dalınca kedəndə Zərrintac məftun, nazlı baxışlarla Elməddini süzdü:
– Səndən incimişəm.
– Bilirəm, Zərrin, vallah...
– Zərrintac onun sözünü kəsdi, çəngələ batırdığı tikə kababı Elməddinin ağzına dürtüb:
– Yaxşı, yaxşı, bəhanə gətirmə... acından öldün, bu tikəni ye, gözlərinə işıq gəlsin, — dedi. Elməddin anasından yem alan bala qaranquş kimi ağzını açıb istiotlu, darçınlı tikəni yeməyə başladı.
– Qibləgahım da Dünyasını gətirdi.
– Əcəb eləyib. Onun üçün bəlkə də belə yaxşıdı. Nəcməddin qabaqda, Dünya da dalınca otağa qayıtdı.
– Ağayi Elməddin, tanış ol, bu xanım bizim Dünyamızdı. — Dünya baxışlarını qaldırıb Elməddinə baxdı və başını tərpətməklə salam verdi.
– Çox gözəl, çox şadam. Xoş gəlibsiniz bu xanimana, — deyə Elməddin başdan-ayağa zərxara içində yanan, cavan, qəşəng Dünyaya diqqət yetirdi və ürəyində öz-özünə söylədi ki, nə qəşəngdir!
Nəcməddin Dünyanı yanında əyləşdirdi. Yeyə-yeyə Dünyaya deyirdi:
– Ağayi Elməddin bizim evin adamıdı. Demək olar ki, mənim sağ əlimdir. Ondan utanmaq, çəkinmək lazım deyil. Elə bil, qardaşındır. Özü də xoşladığın şairlərimizdəndir. Şairin qarnı ac oldu, danışmaz, qoy hələ bir az toqqasının altını bərkitsin, bir-iki gilas da nuşi-can eləsin, yəqin ki, bizə təzə şer də oxuyacaq. — Nəcməddinin bu sözünə hamısı güldü. — Bəs piyalələr niyə boşdu, ey məclisimizin gözəl saqisi? — deyə Nəcməddin zarafatla qızına müraciət elədikdə Zərrintac loğmasını udub:
– Bu dəqiqə! — dedi və büllur qədəhlərə fransız arağı süzdü. Dünya xanım badəsini kənara itələdikdə Nəcməddin dilləndi:
– Heç elə şey yoxdu. İçəcəksən, Dünya xanım. Zərrintaca yoldaşlıq eləməlisən. Utanma, burda özgə adam yoxdu. Əvvəllər, düzdü, içə bilmirdin, çeçiyirdin, ağız-burnunu büzüşdürürdün, amma sonralar yavaş-yavaş öyrəndin, indi maşallah, göz dəyməsin yaxşı içirsən. — Dünya qızarmışdı. Utanırdı. Yalvarıcı nəzərlərlə tez-tez Nəcməddinə baxır, «məni biabır eləmə» — deyə sanki yalvarırdı.
Nəcməddin bu gün nədənsə çox şad idi. Elməddin fikirləşirdi ki, iki milyon pul kişinin kefini yamanca kökəldib; Zərrintac isə düşünürdü ki, Dünyanın gəlişindən atası belə yerə, göyə sığışmırdı! Hər ikisi düz idi. Əslində deyib-gülən, məzəli, əsl həyat adamı olan Nəcməddini bu gün hər iki səbəb sanki göylərə qaldırmışdı.
Zərrintac xanım böyründə oturan Elməddinin qulağına nəsə pıçıldadı, o, badəsini götürüb ağayi Nəcməddinə müraciət edərək:
– Ağamız icazə versəydi, iki kəlmə söz deyərdim, — söylədi!
– Ba, buyuracaqsınız, buyuracaqsınız!
Elməddin sinəsini mizə söykəyib qısaca sağlıq dedi:
– Gəlin bu ilk badələrimizi bizim Dünya xanımın sağlığına içək və ona «bu xanimana xoş gəlmisən!»—deyək. Biz, Zərrintac xanım və mən öz sevimli ağamızı sənə tapşırırıq, hər ikinizə səadət və cansağlığı arzu edirik.
Hamısı badəsini götürdü. Dünya xanım minnətdarlıqla Elməddinə və Zərrintaca baxıb gülümsədi, içdilər. Zərrintac badəsini yerə qoyub tikə əti dişinə çəkə-çəkə:
– Onun başından bir tük əskik olsa, başının tükünü yolub yelə verərik ha! — dedi. — Elə deyil, Elməddin?
– Əlbəttə, əlbəttə!
Məclis getdikcə qızışırdı. İkinci, üçüncü badədən sonra Dünyanın da qırışığı açılmışdı. Deyib-gülürdü. İri, qara gözləri süzgün baxışlarla təbəssüm saçırdı.
Gilas - piyalə.
– İndi də sözü verək şairimizə. — Nəcməddin badələri doldurdu. — Onun gəncliyi, istedadı şərəfinə içək və xahiş edək ki, qəlbimizi gözəl bir şerlə feyziyab eləsin. Sağ ol, Elməddin. Sənin şərəfinə — deyə Nəcməddin hamıdan əvvəl badəsinn boşaldıb yerə qoydu.
Zərrintac da, Dünya da ona «sağ ol» — deyib içdilər.
Elməddin azca təxirdən sonra:
– Vallah, heç bu məclisə layiq şerim yoxdu. — dedi.
– Daha özünü naza qoyma, ay Elməddin. Bir şey de gəlsin! — deyə Nəcməddin təkid etdi. — Şairlər həmişə belə deyirlər, ancaq sonra, elə ki qızışdılar, saxlamaq olmur. De gəlsin. Dünya xanım da şer sevəndi, mahnı sevəndi.
– Hə, ağam düz deyir, mən şeri çox sevirəm. Onu da deyim ki, hələ indiyəcən şair görməmişdim, elə bilirdim ki, onlar nə isə qeyri-adi adamlar olurlar, bizim kimi deyillər. Mən şairləri həmişə ilahi bir varlıq hesab eləmişəm.
– Amma indi görürsən ki, şair də adi adamdır. Çörək də yeyir, hətta şərab da içir. — Nəcməddin Dünyaya zarafat etdi. — Sənin kimi, mənim kimi.
Zərrintac üzünü Elməddinə çevirdi:
– Bilirəm, ürəyin gedir şer demək üçün, naz eləmə! Elməddin gülüb çarəsiz-çarəsiz boğazını arıtladı, kimsənin üzünə baxmadan keçən gecə yazdığı şeri söylədi:
Yaşatsan yaşaram, yaşatmasan yox,
İnan ki, ölərəm, «öl» desən mənə.
Gözümdən qanlı yaş axıdan zaman,
Ay gülüm, gülərəm, «gül» desən mənə.
Əgər ürəyinə dəysə bir nadan,
Əsərəm, coşaram, qoparram tufan.
İzini, tozunu, nəslini, canan,
Dünyadan silərəm, «sil» desən mənə.
Bir gün acı hicran ayırsa bizi,
Atsa alovlara ürəyimizi.
Adlayıb dağları, keçib dənizi,
Yanına gələrəm, «gəl» desən mənə.
Hamıdan əvvəl Dünya heyrətlə içini çəkib səsləndi:
– Aman allah, nə yaxşı şerdi! — dedi.
– Həqiqətən gözəldi, Elməddin! — Nəcməddin söylədi. Zərrintac isə susurdu. Elməddin sanki onun fikrini bilmək istəyirmiş kimi sual dolu nəzərlərlə Zərrintaca baxdı. O, şerin özünə yazıldığını güman edərək sevinsə də, sakit, təmkinli səslə fikrini bildirdi:
– Ortadakı «asaram-kəsərəm»i çıxandan sonra yaxşıdı. Mən bildiyimə görə, şairlər dildə pəhləvan olurlar, əslində isə, belə asıbkəsməklərinə baxmayaraq qorxaqdılar. Düz demirəm? — Zərrintac Elməddindən soruşduqda əvəzinə atası cavab verdi:
– Səhv eləyirsən, qızım. Tarixdə sözü ilə əməli bir, əqidəsi yolunda qılınc çəkib vuruşan şairlər az olmayıb, mənim balam.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-efsanesiz-iller-birinci-hisse-altinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Araya dərin bir sükut çökdü. Aslan tez-tez dəbərişən və ağlı başından çıxmış adamın gözlərinə bənzəyən gözlərini Leylanın üzünə zilləyib xeyli, kirpik çalmadan baxdı, baxdı: bu qırpımsız baxışları oxumaq, məna vermək çətin idi. Ancaq Leyla onun içində, ürəyində qopmuş tufanı görürdü, başa düşürdü və nə qədər yazığı gəlsə də, rəhm bilmirdi. «Sənə bu da azdır. Azdır!» ⎯ deyə qəlbindən gələn sözü dilinə gətirmək, bu qəddar adama təzədən eşitdirmək və onu təzədən «öldürmək» istəyini güclə boğurdu. «Belə adamlardı bu gözəl, bu şirin dünyanı zəhərləyən, cəhənnəmə döndərən; günahsız, təmiz insanların taleyini çubuq kimi sındıran, ayaqları altına atıb tapdalayan və dünyanı ah-nalə ilə, göz yaşları ilə dolduran belələridir. İmkanım olsaydı, yer üzünü dolaşar, bax, belələrinin, hamısını, bir yerə yığar və heç birinə rəhm eləmədən dənizə töküb məhv eləyərdim, inan ki, eləyərdim…Ancaq görünür, qurban olduğum, o gözə görünməz özü bu dünyanı belə yaradıb, belə qurub: Yəqin dünya başdan-ayağa yaxşı, halal, pak adamlarla dolu olsaydı, yalnız göz-könül oxşayan gözəlliklərə qərq olsaydı, bəlkə də bunca şirin ola bilməzdi. Yəqin dünya şirini-acısıyla, gözəli-çirkiniylə, yaxşısıpisiylə birlikdə gözəldi…»
Birinci hissə, yeddinci fəsilXüsusilə, Tanrıgül dastanı, xüsusilə, mövcud olduğunu belə bilmədiyi oğlunun dastanı… Maraqlı bir nağıla oxşayırdı bütün bunlar.Amma beyin də canlıdı ⎯ onun ayıq, işləyən vaxtı olduğu kimi, sən istəməsən belə, yatan, susan və dincələn zamanı da olur ⎯ Leylanın beyni yorulmuşdu, Aslanın ömür kitabının bu qədər maraqlı olmasına baxmayaraq, Leylanı mürgü qanadları üstünə alıb insanı bu dünyadan ayırmağa qadir yuxu aləminə apardı və bu yuxu, az qala hər şeyi görən, bilən o dərdli, nisgilli, yatmış qızı bir gözələ döndərdi.
Birinci hissə, birinci fəsilSən demə, dünya möcüzələr dünyasıymış. Bəzən gözlərində həyat eşqi coşub-daşan, ürəyində şirin arzular pıçıldaşan, istəkləri yerə-göyə sığmayan, cahanın əzab-əziyyətindən bezməyən, oğul-qız toyu görməyən, ata-ana borcu verməyən bir insan, özünün də, dost-tanışının da, əzizlərinin də gözləmədiyi halda, birdən-birə, son sözünü deməyə belə fürsət tapmadan, bir göz qırpımında bu doyulmaz, bu şirindən şirin aləmdən gedir, hamını pərişan edir – Ceyhun kimi. Bəzən isə əksinə, ölümün ağ libasını geymiş, üzünə zəfəran rəngi dəymiş, gözləri axan, yaşadığı dünyaya, insanlara, göylərə, yaşıl yarpaqlara, övladlarına, evinə-eşiyinə sonsuz bir həsrətlə baxan, sağ qalacağından hamının əlini yuduğu, min ilin ölüsüylə yan-yanaşı qoyduğu bir insan, özünün də, dost-tanışının da, əzizlərinin də gözləmədiyi halda, birdən-birə, son sözünü deməyə hazırlaşdığı anda, zəif və taqətsiz vücudunun bütün gücünü, qüvvətini, ürəyinin bütün gizli-aşkar məhəbbətini, qüdrətini yarı ölmüş, yarı diri əzələlərində cəmləşdirib soyuq ölüm yatağından, ağappaq cərrahiyyə stolunun üstündə ağappaq həkim bıçağının altından, lap tabutun içindən qalxaraq: «Mən ölmək istəmirəm, mən yaşamaq istəyirəm, mən bütün əzab-əziyyətlərə dözə-dözə bu gözəl dünyaya baxmaq istəyirəm, həyat bu dünyadadı, o günəşdədi, bu torpaqdadı, bu gül-çiçəkdədi, bu ağrı-acıdadı, bu insanların arasında olmaqdadı.» – söyləyir, hamını sevincə qərq eləyir – Xəzangül kimi.… Hər ikisi, bu ağla-idraka sığmaz möcüzədən özünü itirərək, gözləri yaşara-yaşara, əl-ayağını heç cürə yığıb-yığışdırmaq mümkün olmayan bir çaşqınlıq içində qışqırırdı: sarsıldığından, həyəcanından qəşəng üzü, azca əvvəl əyninə geydiyi o ağ don kimi ağarmış, yanaqları aşağı ağ mirvarilər süzülən Sahilə başqa söz bilmirmiş kimi, təkrar-təkrar: «Səsinə qurban olum, ana, sən danışırsan?» – deyir, bayaq Xəzangülün çırpına-çırpına söylədiyi o bir kəlmə sözü eşidəndən qulaqları gur-gur guruldayan, çəkisizlik şəraitinə düşmüş adam kimi torpaqdan ayrılıb havada süzən Əsəd isə yalnız «Xəzangül, Xəzangül» – söyləyə bilirdi. İkisi də özünü itirmişdi. Qız gah kolyaskanın ağ dəstəyindən tutub silkələyir, gah qapıya sarı qaçır, gah geri qayıdır, anasının qabağında diz çöküb alacalanmış gözlərilə ona baxır, sonra yenə təzədən qalxıb başı kəsilmiş toyuq kimi qırmızı rəngi tapdaq altında bozarmış döşəmənin üstündə çırpınırdı. Əsəd Sahilənin bu halını görüb indicə ona nə isə olacağını düşünərək əl atıb qolundan yapışdı və uca səslə:
Birinci hissə, ikinci fəsilSaat yarımdan sonra Xəzangül artıq xəstəxanada idi. Sahilə də, Əsəd də elə təcili yardım maşınında onunla birgə gəlmişdilər. Əsədin köhnə dostlarından olan doktor Kamil, bu axşam xəstəxanada növbətçi olduğuna görə heç yerə tərpənə bilmədiyindən, əhvalatı eşidən kimi, Əsədi iki şəfqət bacısı ilə tibb maşınına mindirib naxoşun dalınca göndərmiş və iyirmi dəqiqə keçməmiş Xəzangülü gətirtmişdi. Kamil Xəzangülün xəstəliyini də, qəzavü qədəri də, Əsədlə olan tarixçəsini də çoxdan və çox gözəl bilirdi. Əsəd Xəzangülün taleyini həkimə elə o vaxt rayondan qayıdıb dəniz qırağında ona rast gələndən az sonra danışmışdı, hələ bir dəfə də Kamili yanına salıb Xəzangülün üstünə gətirmişdi. Onda Kamil Xəzangülü ətraflı müayinə eləyib evdən çıxandan sonra fikrini Əsədə açıq söyləmiş, tibb elminin bu qədər sürətli inkişafına baxmayaraq, hələlik bu mərəz qarşısında aciz olduğunu və qadının sağalacağına az ümid bəslədiyini etiraf etmişdi. Kamilin o zaman Əsədə dediyi sözlərdən ancaq bu yadında qalmışdı: «Onun xəstəliyinin əsas səbəbi – sarsıntıdı, Əsəd. İkinci böyük sarsıntı olarsa, ya – nə qədər olsa da səndən gizləmirəm – ya öləcək, ya da… sağalacaq. İndilikdə onun üçün dava-dərman havayı əziyyətdi. Onu da sənə deyim ki, ikinciyə ehtimalım daha azdı, Əsəd. Əsəb - yaman şeydi, qardaş. Mənim müşahidələrimə və qənaətimə görə, xəstəliklərin böyük əksəriyyətinin başlanğıc nöqtəsi – əsəb sisteminin pozulmasıdır. Hətta xərçəngin də. Əsəb hiss olunmadan, gündə bir az pozulur, ancaq sağalması, bərpa olunması uzun, səbr və dözüm tələb eləyir, qardaş».Əsəd Kamilə bir həkimdən çox, bir Allah kimi baxırdı. Bu şəhərin ən adlı-sanlı həkimiydi Kamil. Onun əlinin yüngüllüyündən, bıçağının sayalılığından, ağlının itiliyindən, təcrübəsinin çoxluğundan az qala bütün şəhər danışırdı. Canı ağrıyan, ağır xəstəliyə düşən, sağalacağına ümidi olmayanlar belə ona pənah gətirirdi. Çünki dediyi, bəzən baxan kimi peyğəmbəranə qoyduğu diaqnozlar çox nadir hallarda düz çıxmırdı. O, indi həkimlər arasında dəb düşən kimi, təkcə dar bir sahənin həkimi olmaqdan şüurlu surətdə imtina etmişdi. Həm yaxşı cərrah idi, həm mahir əsəb xəstəlikləri ustası idi, ürəyin, psixologiyanın isə sözün həqiqi mənasında Allahı idi Kamil. Yaşı əllidən təzəcə sovuşmuşdu, amma gur, qalın saçları artıq çallaşmışdı. Sənəti onu özünə məftun etmişdi, gündüzlər xəstəxanada – xəstələri oxuyurdu, öyrənirdi, axşamlar kitabları, keçmişin, indinin məşhur təbiblərinin əsərlərini mütaliə edib beyninə, yaddaşına köçürürdü. «İş vaxtı», «qəbul saatı» məfhumları onun dəftərinə yazılmamışdı. Harada olsa, - qonaqlıqda, toyda, yasda, hətta gecənin şirin vaxtı yatdığı zaman belə, o, həkim idi hər şeydən əvvəl. Qayğıkeşliyi, mehribanlığı isə onun sənətini də, özünü də daha da gözəlləşdirirdi. Ona görə şəhərdə adı böyük bir ehtiram hissilə çəkilirdi, dildən dilə dolaşırdı. Canı ağrıyan hər kəs özünü, xəstəsi olan hər kəs xəstəsini ona çatdırmağa can atırdı. Kamilin həmişə hər şeyi çatmışdı, təkcə vaxtı olmurdu Kamilin. Özü üçün, ailəsi üçün çox az vaxt ayıra bilirdi. «Başımı qaşımağa vaxtım yoxdur» – deyə-deyə Kamil, Əsəd kimi başını ağartmışdı.
Başqa şairlərin şeirləri
Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsizHər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
DırqınadaErməniyə yol açıldı,Yuva saldı Dırqınada.