Səhifə 3 / 3 · 67%

− Elə mən də onun haqqında düşünürdüm, ana – dedi.

Xəzangül bəxtəvərlik içində gülümsündü:

− Nə düşünürdün, qızım?

Sahilə aciz halda çiyinlərini çəkdi:

− Nə deyim, necə deyim, ana. Ayrı cür mehriban adamdı ey belə. Nə isə… adam söz tapıb deyə bilmir. – Bayaq ürəyində Əsəd barədə dedikləri indi ona çox sönük göründü – Belə… sözə sığışmır ey…

Xəzangül köksünü ötürdü:

− Düz deyirsən, qızım. Əsəd insan deyil…

Sahilənin yaraşıqlı gözləri böyüdü, çatma qaşları çatıldı:

− Necə yəni insan deyil?

Xəzangül qızının təəccübləndiyini duyub:

− Əsəd mələkdi, qızım… - dedi…

− Hə, hə, mələkdi, mələkdi. – Sahilə sevinclə az qala qışqırdı. Və qız, çoxdan ötəri bildiyi, hiss elədiyi bir şeyi – Əsədlə anası arasındakı münasibəti, sevginin tarixini – romanını soruşmaq istədi, lakin Əsədin tapşırığını xatırlayıb susdu. Bilirdi – anası dərdlidi, ürəyi doludu, soruşsa, danışacaq. Danışacaq və həyəcanlanacaq, yorulacaq. Bu isə olmaz, yox, qətiyyən olmaz… Odur ki, yorğunluğunu bəhanə edərək:

− Ana, yataqmı, qurban olum? Mən çox yorulmuşam. Elə sən də bu gün az yatmısan. Yat, dincəl, ana.

− Hə, yataq, qızım. Dur işığı söndür. Görək səhər başımıza nə gələcək.

… İşıq sönmüşdüsə də, buludsuz, ulduzları sayrışan göylərdə sanki hara isə axıb gedən ayın ziyası pəncərədən içəri düşürdü. Sakitlik idi, ancaq arabir qonşu palatada kim isə bərk zarıyırdı. Heç biri yerində tərpənmirdi. Sahilə elə bilirdi anası yatıb, anası da elə sanırdı qızı yuxulayıb… Əslində yatmamışdılar. Əsədli-Əsədsiz keçən günlər canlanmışdı və bu xatirələr o qədər çox, o qədər rəngarəng idi ki, qadın heç cür onları nizama sala bilmirdi. Hərəsindən qırıq bir fraqment canlanırdı, o qurtarmamış başqa bir hadisə, xatirə onun üstünə kölgə salıb səsini, təravətini itirirdi. Tez yoruldu və zəif bədəni bu gərginliyə davam gətirməyib şirin yuxunun qoynunda itib qərq oldu. Sahilə isə… bu gün, Əsədin dalınca qaçarkən gördüyü mənzərənin və eşitdiyi sözlərin sehrindən heç cür çıxa bilmirdi. Bu gün, anası onun əynində Əsədin aldığı təzə paltarı görəndən sonra hadisələr elə sürətlə bir-birini təqib etmişdi ki, əslində qızın bu barədə düşünməyə vaxtı, imkanı belə olmamışdı.

Bu günə qədər Sahilə Əsədgilə gəlməmişdi. Evlərinin yanından üçü bir yerdə keçərkən, Əsəd onu evə dəvət eləmişdi bir-iki dəfə. Ancaq Sahilə razı olmamışdı. Onda Əsəd demişdi: «Yadında saxla, bax, bizim evimiz budu. Birdən lazım olsam… burda yaşayıram…» Sahilə də on səkkiz nömrəli göy qapını yadında saxlamışdı. Bayaq, bir neçə saat bundan qabaq, anası qaşlarını darta-darta, gözləri ilə «Get Əsədi çağır!» deyə işarə edərkən, Sahilə çətinlik çəkmədən düz bir baş bu həyətə gəlmişdi, daha doğrusu qaçmışdı. Həyət o qədər də böyük deyildi, hasarın içindəki bu balaca meydançada, düz ortada bir dənə badam ağacı vardı. Ağappaq idi, çiçək açmışdı. Onun altında bir stol, yanına da iki stul qoyulmuşdu. Divarın dibində su kranı görünürdü. Açıq idi, su axıb gedirdi. Çox da böyük olmayan artırmadan otağın qapısı gözünə dəydi – açıq idi. «Əsəd müəllim evdədi» – deyə düşündü. Eyvana qalxıb qapının ağzında töyşüyünü dərdikdən sonra astadan:

− Əsəd müəllim! – deyə səsləndi. Cavab gəlmədikdə bir də: − Ay Əsəd müəllim! – söylədi. Yenə səsinə hay verən olmadığına görə ehtiyatla içəri girdi. İşıq yanırdı. Əsəd şalvarköynəkdə, köhnə divanın üstündə uzanmışdı. «Yatıb!» Otağa göz gəzdirdi. Qarşı divarın dibində qədimi, ağ çubuqlardan düzəldilmiş bir kitab etajerkası qoyulmuşdu. İki pəncərənin qabağında yazı masası, arxasında da bir stul vardı. Əsəd pencəyini stulun çiyinlərinə keçirmişdi. Birdən Sahilənin gözləri alacalandı. Qız, balaca şüşə çərçivəyə salınmış şəklini stolun üstə görəndə qeyri-iradi alt dodağını dişlədi. Asta addımlarla irəli yeridi, şəklə baxdı. Özü idi, öz şəkli idi Sahilənin. Qəzəbləmi, maraqlamı – bunu ayırd edə bilmədi – dönüb Əsəd müəllimə baxdı – daha doğrusu, onun ağ saçlarına baxdı. «Demək, deyilənlər düz imiş? Əsəd müəllim mənə vurulubmuş? Bəs bu şəklimi hardan tapıb görəsən? – deyə düşündü, baxışları bir anlığa ilişib Əsədin ağ saçlarında qaldı. Və sonra… titrək əlini irəli uzadıb şəkli ehmalca götürdü, baxdı, baxdı… birdən tanıdı şəkli… Bu, anasının – Xəzangülün şəkli idi. Eynən belə bir əks onların albomunda da vardı. Çevirib arxasına baxdı. Yazısı vardı. Şagird xəttilə bu sözlər yazılmışdı: «MSQO. Baxıb xatırlama, xatırlayıb bax! Xəzangül, 1960-cı il». Sahilənin bədəni uçundu. İndi ona hər şey aydın idi. Aman allah, gör insanın başına nələr gələrmiş! Demək, bunlar bir-birini seviblər, seviblər. Ancaq...

Sahilə özünü ələ aldı, vaxt az idi. Şəkli son dərəcə ehtiyatla yerinə qoydu, demək olar ki, barmaqlarının ucunda Əsədin yatdığı divanın yanına gəldi… Yenə onun ağ saçlarına baxmağa başladı. Kişi elə şirin yatmışdı ki, çağırmağa ürəyi gəlmədi. Və qəribə idi ki, birdən-birə ürəyinə çox doğma bir hiss axıb doldu

– ona elə gəldi ki, Əsəd onun atasıdı, doyunca üzünü görmədiyi, nəvazişini hiss eləmədiyi, səsinə, üzünə həsrət qaldığı dost-doğma atasıdı. Özü də hiss eləmədən kiçik, ağ əlini onun ağ saçlarına çəkə-çəkə həzin, kövrək bir səslə:

− Əsəd… - dedi və qəhər boğduğundan «müəllim» sözü dodaqları arasında çırpınıb içəridə boğuldu. Elə bu zaman Əsəd sinəsi üstəki sağ əlini qaldırıb saçlarında gəzən o isti əli tutdu və gözlərini açmadan:

− Gəldin, Xəzangül?.. Bəs niyə belə gec gəldin, Xəzan? - deyə pıçıldadı. Sahilə diksinib əlini çəkdi Əsədin iri əlinin içindən. Bunu elə sürətlə elədi ki, Əsəd gözlərini açdı və yuxuda gördüyü Xəzangülün əvəzinə Sahiləni başı üstə görüb dik oturdu:

− Sahilə, sənsən? Nə olub?

Sahilə çaşqın halda ancaq:

− Anam… - deyə bildi…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

III fəsil

Kişinin huşu özündə deyildi. Nə gözlərini açır, nə də bir söz deyə bilirdi. Qanı dayanmırdı. Şəfqət bacıları onun qanlı paltarlarını dəyişdirib ağ tuman-köynək geydirmiş, cərrahiyyə otağındakı divana uzatmışdılar. Baş həkim Rasim Sultanzadə yaralını müayinə edirdi. Sol əlini dizinin üstünə qoyub xəstənin nəbzini yoxlayan həkimin çal qaşları altından baxan iri, ala gözləri yaralının qabarlı əllərinə dikilib qalmışdı. Ürəyi zəif vururdu. Çoxlu qan itirmişdi. Sultanzadə kişinin başını da diqqətlə yoxladı. Arxa tərəfdən, sıx qara tükün içindən qan sızırdı.– Balaxanım!.. – deyə o, təkərli xərəyin sağ tərəfində dayanmış qadına müraciət etdi.

2 dəq
IV fəsil

Bəhruzun gözü pillələrdə idi. Bəlkə bir xəbər gətirən oldu. Gələn yoxdu. Səbirsiz halda durub gəzinməyə başladı.Narıngül xala Bəhruzu görüb:

6 dəq
V fəsil

Rasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.

3 dəq
VI fəsil

Balaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?

2 dəq

Başqa şairlərin şeirləri