Səhifə 1 / 3

Şər qarışan vaxtıydı. Zərli pərdələri kənara çəkilmiş pəncərədən içəri qərib axşam qaranlığı axıb dolurdu. Otaq sükut içində mürgü vururdu. Elə sakitlik idi ki, sanki dörd otaqlı bu mənzildə heç kəs yox idi. Nurəddin yumşaq kresloda yarı uzanmış halda oturub qıçlarını xalça üstə uzatmışdı və nəfəsliyi açıq pəncərədən çölə baxa-baxa fikirləşirdi ki, görəsən arvad-uşaq hardadı. Samirdən səs-səmir yox idi, Mürşüdün evdə olub-olmadığı çox vaxt hiss edilmədiyindən o, təyin edə bilmirdi ki, oğlu burdadı ya yox. Ürəyi sıxılırdı, iri, kobud əliylə ürəyinin üstünü ovxalayırdı, ancaq küt ağrı azalmırdı, təngnəfəslik keçib getmirdi. İşığı yandırmaq lazım idi, ancaq Nurəddin qalxıb qapı ağzındakı düyməyə barmağını uzatmağa ərinirdi.

İşdən gələndən sonra elə kresloda bir saatacan çimir eləmişdi, idarədə başını-beynini yorub şişirtmiş gərginlik bir az azalmışdı. Telefon zəngləri, ayrı-ayrı adamlarla söhbətlər, gah qan qaraldan, gah fərəh bəxş eləyən qayğılar hər gün bu və ya digər şəkildə təkrar olunduğundan bezdirici, usandırıcı görünürdü Nurəddinə. Ancaq son vaxtlar deyəsən buna adət eləmişdi. Bunlar olmayanda, xüsusən şənbə və bazar günləri darıxırdı. Səbəbini çox düşünüb tapmışdı; evdə hakimiyyət yox idi. Özünü çox zabitəli, hökmlü adam saysa da, bu kiçik ailə artıq onun idarəsi altından çıxmışdı. Böyük oğlu arvad-uşaq sahibi olandan sonra, demək olar ki, ayağını ata mülkündən çəkmişdi. Hərdən bir zəng eləməklə kifayətlənərdi. Samirə onun narahat, çılğın rəftarına uzun ilər dözə-dözə artıq biganələşmişdi – Nurəddinin xoş sözünün də, qəzəbinin də onun üçün heç bir təsiri və əhəmiyyəti yox idi. Bazar-dükan, biş-düş idi Samirənin işi. Xörəyi yaxşı çıxanda, duzu-tamı yerində olanda sevinirdi. Təzə, yağlı ət, ölüşgəməmiş göy-göyərti, içi puç olmamış turp alanda xoşhal olurdu. Ərinin kitabının, məqaləsinin, əsərinin çıxmasının elə bil zərrəcə ona dəxli yox idi. Sanki onlar tamam yad bir adamın kitabı – əsəri idi ki, Nurəddin evə gətirirdi, ilk vaxtlar yazı stolunun üstə saxlayıb bir neçə gün gedib-gəlib, oturub-durub baxırdı, gələn dostlarına fərəhlə üstünü yazıb bağışlayırdı. Onlar da onu ağız dolusu tərifləyirdi, «Sən bizim böyük alimimizsən, səninlə fəxr eləyirik!» - deyirdilər. Bəzən Samirə xörək gətirəndə, çay verəndə belə söhbətlərin istər-istəməz şahidi olurdu və nədənsə ona elə gəlirdi ki, bax bu adamlar yalandan, könlü xoş olsun deyə, uzaqgörənlik edib Nurəddini tərifləyirlər; ya ikiüzlüdülər onlar, ya da yaltaqdılar. Samirənin, evdar qadın olsa da, universiteti bitirəndən, Nurəddinə ərə gedəndən sonra, ictimai həyatdan, öz sənətindən ayrı düşüb bu dörd divar arasında yaşasa da, bir çox məsələlərdə olduğu kimi, əri barədə də öz fikri var idi. Düzdü, o, bunu indiyəcən dilinə belə gətirməmişdi. Ancaq ürəyindəydi bu fikri və ürəyində deməkdən heç kəsdən, hətta Nurəddinin özündən də qorxmurdu – çünki, - Samirə şükür eləyirdi – nə yaxşı ki, Nurəddinin telepatlığı yoxdu. Yoxsa onun yeganə «azadlığ»ı – qəlbində sərbəst, qorxusuz-ürküsüz fikir söyləmək, düşünmək «azadlığ»ı da əlindən alınardı və onda Samirəni heç nə bu evdə saxlaya bilməzdi. Baş götürüb gedərdi – çünki onda Nurəddin arvadının onun barəsindəki fikrini açıq-aydın oxuyardı və dözməzdi. Samirənin isə, Nurəddini dünyada hamıdan yaxşı tanıyan bir insan kimi, fikri çoxdan qətiləşmişdi: Nurəddinin özü nədi ki, yazdığı da nə ola! Hələ tələbəlik illərində, Heydər Hüseyn, Əli Sultan, Aslan Aslanzadə kimi məşhur alimlərin kəlamlarına qulaq asan Samirənin beynində belə bir qənaət yaranmışdı ki, yaxşı insan olmayan yaxşı kitab yaza bilməz. Kitab yazan adam gərək fövqəlbəşər olsun, təmiz olsun, müqəddəs olsun, lap gərək allah olsun. Alim də, şair də… Bax, gərək belə olsun. Kim deyə bilər, kim ağlına sığışdıra bilər ki, Nizami, Bəhmənyar, Nəsimi, Füzuli, Seyid, Sabir… pis adam olublar?.. Adamın dili quruyar belə desə, ürəyi yanıb parçalanar belə düşünsə!.. Olub – Samirə bilirdi – olub ki, pis adamlar da kitab yazıblar. Ancaq hanı onların kitabları?.. Özlərinin pislikləri oduna yanıb kül olublar o kitablar!

Mürşüd isə – Nurəddinin, Samirənin son beşik övladları olan Mürşüd idi – tamam ayrı cür oğlan idi. Samirənin fərəhi, onu bu dünyaya bağlayan bir şey vardısa, o da Mürşüd idi və ona ürəyində gündə min dəfə allahına minnətdar olurdu ki, nə yaxşı o, atasına oxşamır xasiyyətcə. Nə yaxşı oxşamır. Mürşüd təmkinli idi, səbr dəryası idi, sözünü, hərəkətini ölçüb biçən idi. Cavan olmağına baxmayaraq həyat, insan, yaxşılıq, pislik, mərdlik, namərdlik barədə özünün fikirləri var idi və hərəkətlərini, sözünü həmişə bu düşüncə tərəzisi ilə nizamlayırdı. Tələbə ikən də, elmi-tədqiqat institutunda işlədiyi bu illərdə də, hamı onun təvazökarlığını, səmimiliyini, sadəliyini görüb qiymətləndirmişdi. Mürşüd, atası direktor olmamışdan necə idisə, indi də eləcə idi, lovğalıq, mənəmlik deyilən şeyi heç kəs onda görməmişdi. Ancaq Mürşüdün heç kəsin görmədiyi, duymadığı (anasından başqa) bir gizli dərdi vardı ki, onu o, tək çəkirdi, nə dostlarına, nə qardaşına deyə bilirdi -– Bu da Nurəddinin – atasının dərdi idi. Nurəddinin hərəkətləri, adamlarla rəftarı onun qətiyyən xoşuna gəlmirdi. Özbaşınalıq, sərtlik, lovğalıq, heç kəsi, heç nəyi bəyənməmək, hamıya yuxarıdan aşağı baxmaq mərəzi onda əvvəllər də var idi, ancaq bu, necə deyərlər, «şey özündə şey» idi, hamıdan çox Nurəddinin özünə ziyan verirdi. Ancaq indi, o direktor olandan sonra, Nurəddinin bu mərəzi əməl libası geymişdi və işə, adamlara, ürəklərə ağıllı-başlı ziyanlar vururdu. Bunun isə yaxşı əlamət olmadığını və nəticə etibarilə yaxşı qurtarmayacağını Mürşüd çox gözəl başa düşürdü. Başa düşürdü və sıxılırdı.

«Sənə tələbə vaxtı da çox dedim, qulaq asmadın, partiyaya keçmədin. Amma indi keçməlisən, bala!» – deyərdi hərdən Nurəddin. Ona görə «hərdən» ki, ata-bala onların səmimi-mehriban söhbətləri çox nadir hallarda, elə «hərdən» baş tutardı. Yalnız belə nadir söhbətləri zamanı Samirə onların ata-oğul olduğuna inanmaq istəyərdi. Ayrı vaxtlar onlar yad adamlar idilər. Hərəsinin öz dünyası, öz aləmi var idi. Nurəddinin dünyası kitablar idi, özü idi, öz fikri idi – qalan hər şey, arvad da, ev-eşik də, oğul-uşaq da onun dünyasının bəzən lazımlı, bəzən lazımsız əlavələri idi…

«Gərək elə hamı partiyaçı olsun?» – demişdi bir dəfə Mürşüd.

«Yox, hamının olmağı vacib deyil! Amma sənin olmağın vacibdi, Mürşüd».

«Niyə?»

«Əgər istəyirsən vəzifən olsun, mövqeyin olsun, gərək keçəsən!»

«Sən buna görə keçmisən partiyaya?»…

Nurəddin fikrə gedib:

«Yox!» – söyləmişdi. Ancaq çox həssas oğlan olan Mürşüd başa düşmüşdü ki, atası yalan deyir. O, məhz vəzifə, mövqe xatirinə partiya sıralarına daxil olub – kimlərisə, nə zamansa çox məharətlə aldadıb. Və təəssüf eləmişdi Mürşüd: niyə adamları partiyaya qəbul etmək kimi müqəddəs bir iş tapşırılmış yoldaşlar bu cür adamların gözünün içini, ürəyinin içini oxumağa qadir deyillər? Bu, çox incə məsələdi, çox həssas nöqtədi. Burda səhv eləməyə kommunistin ixtiyarı yoxdu, əsla yoxdu.

«İnsanın ürəyi, vicdanı kommunist ürəyi, kommunist vicdanı olsun gərək. Partiyaçı olmayan o qədər vəzifəli, yüksək mövqeli adamlarımız, qəhrəmanlarımız, qabaqcıllarımız var ki»

– demişdi Mürşüd və inişil, hələ Nurəddin direktor təyin edilməmişdən xeyli qabaq partiya sıralarına qəbul olunmuşdu. Bilirdi ki, boynuna böyük məsuliyyət götürüb. Ona görə, hər şeydən əvvəl, öz elmi işini yazmaq, çap etdirmək məsələsini ön plana çəkmişdi. Gecəni-gündüzə qatıb çalışırdı, kitabxanalardan çıxmırdı. Bundan əlavə, onun, institut partiya təşkilatının üzvü kimi, dilinə hələlik gətirə bilmədiyi bir qayğısı da vardı. Partkom Nadirə xanım bir direktor kimi, Nurəddinin işindən narazı idi. Bir neçə ay əvvəl onların arasında ciddi söhbət olmuşdu və bunu bütün kollektiv bilirdi. Əgər sabah, birisi gün, Nadirə xanım bu məsələni partiya iclasında qaldırarsa, o biri kommunist yoldaşları bilmir, amma özünün çox ağır vəziyyətdə qalacağını Mürşüd indidən görürdü və bu, onu çox həyəcanlandırırdı. Nə isə, bu sabahın işi idi və hələ sabaha da çox vardı.

Nurəddin, beləcə evdəki «əsgərləri» üzərində bir-bir hakimiyyətini itirmişdi. Ancaq idarədə… idarədə isə… onun hökmü rəvan idi, bir sözü iki olmurdu. Nə deyirdi, nə düşünürdü, həyata keçirilirdi. Elmi şura üzvlərinin çoxu öz adamları idi – «çoxu» ona görə deyirdi ki, adamları indi tanımaq çox çətindi. Üzdə «bəli» deyirlər, arxada, səs vermə zamanı bir də görürsən direktorun «hə» – dediyi əsəri, ya alimi pozanlar da olur. Kimdi bu bir-iki adam?.. Tapa bilmirdi. Müavini Sultan Sultanov onun üçün hələ yaxşı idi. İndiyəcən bir sözünün, qərarının əleyhinə getməmişdi. Şöbə müdirləri də həmçinin. Bircə Nadirədən başqa… Nurəddin fikrində tutmuşdu ki, İltifat tez müdafiə eləsəydi, Nadirəni çıxarıb yerinə İltifatı qoymaq olardı. Nə olar cavan olanda? İndi cavanları irəli çəkmək siyasəti ortaya çıxıb. Yaxşı siyasətdi – bundan istifadə edib Nadirənin başını yemək olar…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, onuncu fəsil

Dünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?

9 dəq
Birinci hissə, on birinci fəsil

Gecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...

10 dəq
Birinci hissə, on ikinci fəsil

– Məleykə, ay Məleykə!Yan otaqdan Məleykə cavab verdi:

11 dəq
Birinci hissə, on üçüncü fəsil

Dünya cənnətə düşmüşdü. Hər şey gözünü oxşayır, ürəyini sonsuz bir fərəh hissi doldururdu: ev canlı muzey idi. Səkkiz otaq dünyanın nadir əşya və şəkilləri ilə elə zövqlə bəzənmişdi ki, baxdıqca doymaq olmurdu, duyğularını, əsəblərini dincəldirdi. Vaxt ötüb-keçdikcə Dünya, nəhayət taleyinin üzünə həmişəlik güldüyünü tam aydınlığı ilə dərk edir, sevincindən yerə-göyə sığışmır, günbəgün qəşəngləşir, gül kimi açılırdı. Lakin bu səadətli günlər çox çəkmədi. Haradansa lənətə gəlmiş bir fikir axıb ürəyinə doldu və bəxtiyarlıq içində xumarlanan, nazlanan Dünyanın xoşbəxtliyinin üstünə gizli su çiləməyə başladı, onun qəlbini sıxdı, gözlərinə kədər kölgəsi saldı. Ona heç kəs güldən ağır söz deməmişdi bu evdə, kimsə xətrinə dəyməmişdi, gözün üstə qaşın var deməmişdi. Ancaq o, pərişan olmuşdu. Səbəbini isə özündən başqa heç kim bilmirdi. Əslində bu qorxu, pərişanlığın səbəbi özünə də tam aydın deyildi. Lakin ağıllı, uzaqgörən, həssas bir qadın olan Dünya tutqun, dumanlı şəkildə anlayırdı ki, onun bu bəxtiyarlığı əbədi deyil, tez keçib-gedəcək və başına sonralar olmazın müsibətlər gələcək. Anlayırdı və qorxurdu. Onu düşüncələrə qərq eləyən, gözlərinə yol çəkdirən də elə bu qorxu idi. Dünya düşünməyə başlamışdı ki, Nəcməddin qoca kişidir, ömrünün çoxu gedib azı qalıb, beş gündən, beş aydan, uzaqbaşı beş ildən sonra dünyadan köçüb gedəcək, o zaman Dünyanın qolundan tutub atacaqlar bayıra bu cənnətdən. Onun burda heç nəyə haqqı çatmayacaq — necə gəlmişdisə, eləcə də çıxıb getməli olacaqdı. O dəhşətli günü gözünün qabağına gətirdikcə, xəyalında canlandırdıqca yazıq varından yox olur, əhvalı pozulur, yuxusu ərşə çəkilir, tikəsi boğazında qalırdı.Nəcməddin onunla kəbin kəsdirməmişdi, Dünya neçə dəfə işarə eləmişdisə də, kişi özünü o yerə qoymamış, nəhayət bir dəfə qəti fikrini bildirmişdi:

8 dəq

Başqa şairlərin şeirləri