Səhifə 2 / 2 · 50%

– Düz sözə nə demək olar? Uşağı Salman korlayıb, öz atası... O, ərköyün böyüdür. Bizim tək övladımızdır deyə...

Nadirə özünə gəlməmiş Vera Pavlovna ikinci bir sarsıdıcı xəbər də verdi:

– Hələ Ceyhun bir qızla dostluq eləməyə də vaxt tapıb...

– Necə?.. — Nadirənin gözləri böyüdü. Qaşları az qala alnının ortasına qalxdı. Vera Pavlovna əlavə etdi:

– Biz məktəbdə qızlarla oğlanların dostluğu əleyhinə deyilik, ancaq qaydasında.

– Kimdir o qız?

– Bəstəkar Baharlının qızıdır. Doqquzuncuda oxuyur. Onlar qəribə bir üsul da kəşf eləyiblər. — Vera Pavlovna güldü. — Biz böyüklərin heç ağlına gəlməzdi.

– Nə üsuldur o?

– Məsələn, söhbət etmək, görüşmək istəyəndə hər ikisi söz qoyur ki, filan saatda sinifdə şuluqluq eləsinlər. Qız öz sinfində müəllimini hirsləndirir, oğlan da öz sinfində. Hər iki müəllimin səbri tükənir, onları dərsdən çıxarır. Qoçaqlar özlərini verirlər boş bir sinfə,

– o, azca susub soruşdu: — Belə oxumaqla siz özünüz deyin, hara gedib çıxmaq olar, Nadirə xanım? Sabah bunun institutu var; hər şeydən ziyadə, onun üstündə sizin adınız var.

Nadirə xanım əl yaylığı ilə üzünün tərini sildi və döyülmüş adam kimi əzgin halda:

– Ayağım yerə yapışdı, Vera Pavlovna, — dedi, — çayınızı için, çayınızı için!..


Böyük, işıqlı sinif otağında iclas gedirdi. Müəllimlər bir-bir söz alır, öz siniflərində oxuyan uşaqların dərs davamiyyətindən, davranışından danışırdılar. Ata-analar diqqətlə qulaq asırdılar, kimi sinəsini qürurla qabağa verə-verə, kimi xəcalətdən tər tökə-tökə...

Sədəf lap arxa cərgədə oturmuşdu. Eynəyini əlində tutmuş, seyrək saçlarını yana daramış Aslan müəllim təmkinlə danışır, şagirdlərin yaxşısının, pisinin adını çəkir, gah səsiii qaldırıb qəzəbindən əsir, coşur, gah da həlimliklə ürəyinin sözünü deyirdi. Sədəfə elə gəlirdi ki, müəllim yaxşı uşaqlar barəsində danışanda üzünü heç kəsə yox, ona tutub danışır.

İclasda Rəhimin dərsini oxumasını, ağır oturuşunu, duruşunu, tərbiyəsini ağızdolusu təriflədilər. Sən demə, Rəhim məktəbin gözü, fəxri imiş. Sədəf bunu indiki kimi heç bir vaxt hiss eləməmişdi. Onun sınıq və məhzun könlü bahar sevinci ilə dolmuşdu, üzü gülmüş, çoxdan bəri az qala unutduğu əsl sevinci, şadlığı bu gün təkrarən hiss eləmiş, duymuşdu.

Sədəfin yanında oturan şagird partasına güclə sığışan ətli-əndamlı arvad özünü saxlaya bilmədi, əyilib astaca soruşdu:

– Yaxşı, ay bacı, soruşmaq ayıb olmasın, siz neynirsiniz ki, uşaq belə yaxşı oxuyur, hə?

Sədəf bu suala nə cavab verəcəyini birdən-birə aydınlaşdıra bilmədi, xeyli sükutdan sonra:

– Elə özü oxuyur, bacı, — dedi. — Kök arvad əlini dizinə şappıltı ilə vurub vaysına-vaysına söyləndi:

– A qız, a başına dönüm, bizimki oxumur da!.. Nə illah eləyirik, oxumur da, canı yanmış, heç bilmirəm neyləyim, başıma haranın külünü töküm?

İki saatdan çox davam eləyən iclas qurtarıb, adamlar dağılışanda Aslan müəllim xüsusi bir hörmət və ehtiramla Sədəfə yanaşdı. Pilləkəni birgə enib, bağ-bağatlı məktəb həyətinə çıxdılar.

Sədəf başa düşdü ki, Aslan müəllimin nəsə başqa sözü də var... Doğrudan da, ortasındakı iri daşın üstünə məktəbli heykəli qoyulmuş hovuzun yanında o, Sədəfin qolundan tutub bir ata qayğısı ilə dedi:

– Sədəf, qızım, oğlun, maşallah, ayrı oğuldu. Sənin də, bizim də gələcəkdə başımızın ucalığıdı.

Ana fərəhlə azca qabaqda başını aşağı əyib düşüncəli-düşüncəli addımlayan oğlunun dalınca baxdı.

– Ancaq sizin zəhmətiniz sayəsində, Aslan müəllim! — deyə ana onların xidmətini qiymətləndirməyi unutmadı. — Ömrünüz uzun olsun!..

– Bax, görürsən,— deyə Aslan müəllim sanki Rəhimdə yeni bir keyfiyyət də kəşf etmiş kimi, həvəslə dilləndi, — necə də başını aşağı salıb gedir! Tərif həm yaxşı, həm də pis şeydi; biz bəzən uşaqların üzünə onları tərifləyirik. Deyirik, sən beləsən, filansan. Bu, məncə, o qədər də düzgün deyil. Onun gözü tez dumanlanır, yerişini itirir. «Burada mənəm, Bağdadda kor xəlifə!» — deyib heç kəsi, hətta, öz müəllimini də bəyənmir. Çünki onlar yeniyetmələrdi. Çox vaxt ağı qaradan seçməkdə çətinlik çəkirlər. Ancaq Rəhim ayrı baladır. Onun yerinə bəlkə də bir başqası olsaydı, bu qədər hörmət-ehtiram müqabilində, yerişini çoxdan itirmişdi. Amma o...

– Sevindiyimdən gözlərim yaşardı, müəllim, bağışlayın! — deyə Sədəf ovcunda gizlətdiyi əl yaylığı ilə gözlərini sildi.

Aslan müəllim bir az da mehribanlıqla dilləndi:

– Bilirsiniz, Sədəf, qızım, mən iclasda bir şeyi demədim...

– Nəyi, müəllim? — Sədəf sual dolu nəzərlə ona baxdı.

– Bax, bizim məktəbdə tez-tez cürbəcür gecələr, konsertlər, müzakirələr olur... uşaqlar gəlirlər, deyib-gülürlər, şənlənirlər. Ancaq sənin oğlun bircə gecəmizdə də hələ iştirak eləməyib...

– Mən bilmirəm. Bu barədə mənə heç bir söz deməyib...

– Bəli, hər dəfə bir bəhanə gətirib. Ancaq mən onun gəlməməyinin əsl səbəbini başa düşürəm...

– Nədir o, müəllim?

– Sədəf, qızım, — müəllim ağır-ağır izah elədi,— indi yaxşı zamanədir, hamı yaxşı yaşayır... Fikir ver bu uşaqlara, bax, balacasından tutmuş böyüyünəcən hamısı yaxşı geyinib-keçinib... Rəhim indi balaca deyil, on altı-on yeddi yaşı var. Onun üst-başına fikir vermək lazımdır, tay-tuşu var, sıxılır, utanır...

Sədəfin qaşları çatıldı, baxışları dumanlandı.

Bir az əvvəlki sevinci quş olub harasa, çox-çox uzaqlara uçdu.

– Düz deyirsiniz, müəllim…

– Mən bilirəm, yetim uşaqdı, ancaq yenə də olsun...

– Haqlı sözdür, müəllim...Bizim ki könlümüz sınıqdı, geyiməkeçimə elə də fikir vermirik.

– Yox,— Aslan müəllim etiraz elədi,— nahaq yerə. Yaxşı, sən harda işləyirsən. Sədəf?

– Mən? Heç yerdə. Kişinin pensiyası ilə dolanırıq, Aslan müəllim, Bacım da, atam da hərdən əl tutur...

Aslan müəllim fikrə getdi. Kənarda dayanıb anasını gözləyən Rəhimə baxıb:

– Axı, niyə işləmirsən bir yerdə, Sədəf? — deyə soruşdu.

Sədəf çətinliklə cavab verdi:

– Savadım yoxdur, Aslan müəllim.

– Bütün işlər üçün ki, savad lazım deyil, qızım! Sən bir yüngülvarı iş tapıb işləyə bilərsən. Ayda aldığını da pensiyanın üstə gəlib yaxşı dolanarsan, Sədəf. Uşağın da yaxşı geyinər, özün də atanın, bacının minnətli çörəyini yeməzsən. Məsələn, bax, bizim məktəbə işlək, bacarıqlı bir xadimə lazımdır. Gələrsənmi?

– Xadimə? Yəni neyləyəcəyəm, Aslan müəllim?

– Sil-süpür işi görəcəksən, Sədəf.

Burada Sədəf yenə Nadirəgilin qonşusunun dediyi sözü xatırladı: «Qulluqçusan?» Orda da — bacımgildə də sil-süpür, burda da sil-süpür. İşlərəm, maaş alaram. Yazıq Nadirə daha mənim zənbilimə ət, cibimə pul qoymaqdan yoruldu. Utanıram, özüm də utanıram...». — deyə o, nisgilli-nisgilli ürəyində götür-qoy elədi.

– Hə, necədi, razı olursansa, sabahdan gəl, əmrini verim, işlə. Sədəf az qala «hə, razıyam» kəlməsini dilindən çıxarmışdı ki, Rəhim gözünə dəydi və fikirləşdi ki, oğlunun oxuduğu məktəbdə qulluqçuluq eləmək Rəhimin ürəyini sıxar. Uşaq yoldaşları yanında utana bilər.

– Yox, Aslan müəllim, çox sağ olun. Mən işləyə bilmərəm.

– Niyə?

– Hər necə olsa, Aslan müəllim... yox... — O, fikrini deməyə sanki çətinlik çəkdiyinə görə susdu.

– Aha, sizi başa düşdüm... Yəqin Rəhimə görə... eləmi?

– Elədir, Aslan müəllim, düz tapdınız. Çətindir. İşləsəm də başqa yerdə işlərəm...

Bu ara zəng çalındı. Aslan müəllim saata baxıb Sədəfdən ayrıldı. Dili dua-səna eləməyə öyrəşmiş Sədəf Aslan müəllimin ardınca baxıb: «Ömrün uzun olsun, müəllim!» — deyə ürəyindən keçirdi... Axşam Sədəf Nadirəgildən evə qayıdanda Rəhimi masa arxasında oturub dərslərini hazırlayan gördü, qəzetə bükülmüş bağlamanı onun qabağına qoydu. Rəhim kitabı yana itələdi.

– Bu nədi, ana?

– Kostyumdu, bala!

Rəhim əl uzadıb qəzeti aça-aça sevinclə:

– Təzə almısan? — deyə soruşanda ana ağır dilləndi: Rəhim qəzetin arasından kostyumu çıxartdı və... birdən onun gözlərində yanan sevinc qığılcımları öləziyib söndü:

– Ceyhununkudu?

Sədəf başını ağır-ağır tərpətdi:

– Təzədi, cəmi üç-dörd dəfə geyib. Rəhim mil-mil kostyumu geri itələdi:

– Lazım deyil, ana!

Sədəf udqundu:

—Ədə, özgə adamın deyil ki, öz xalan oğlunundu da.

– İstəmirəm. Mən onun paltarını geyəndə özümü pis hiss eləyirəm.

Sədəfin dodaqları səyridi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

15 dəq
İkinci fəsil

Paşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.

30 dəq
Üçüncü fəsil

Həyəcanlıydı. Başa düşə bilmirdi ki, gördükləri, eşitdikləri yuxuda olmuşdu və ya… həqiqətən, bax, gözünün qabağındakı o yumşaq stulda cavan, yaraşıqlı, səliqəli geyinib-keçinmiş o adam əyləşib bayaqdan onu danışdırıb dağa-arana, keçmişə ⎯ ömrün ötən çağlarına aparıb təzədən bu günlərinə qaytarmış, köhnə, unudulmuş xatirələrini oyadıb bir möcüzəkar kimi yox olub getmişdi? Yuxuydumu bu? Yox. Axı Paşa yatmamışdı.Xəyalıydımı? Bəlkə də. Amma belə də xəyal olmaz axı? Bu suallar əlində çabalayan Paşa, qeyri-iradi irəli gəlib əlini stulun oturacağına sürtdü: yox, oturacaq soyuq idi, bumbuz idi; adam oturmuş olsaydı, isti olardı. Əl atıb bir-bir otaqların işıqlarını yandırdı, künc-bucağa kimdənsə ehtiyat edirmiş kimi xəlvəti göz gəzdirdi, mətbəxə keçdi, oranı da bomboş görüb küçəyə baxan pəncərənin qənşərindəki mizin arxasında əyləşərək alnını soyuq tərini sildi. «Hə, belə-belə işlər, Paşa bəy. Deməli, sən öz-özünə danışırmışsan, dəli kimi. Heç bir adaşın, filanın, gəncliyin-zadın gəlməmişmiş yanına. Sən sadəcə, dəli olursan, vəssalam. İki gündü giribsən evə, çay içməmisən, ağzına bir loxma yemək almamısan, üzü üstə düşüb yatmısan, sayaqlamısan və bu iki gündə heç kəs sənin öldündən-qaldından xəbər tutmayıb. Kim tutmalıydı, kimin vardı? Bircə qızındı, o da burda yoxdu. Olsaydı da, gəlməzdi. O da mənim kimi, dəlinin biridi: küsdü, incidi, qurtardı. Gör neçə ildi məni danışdırmır? Düzdü, gəlir-gedir, mənim pal-paltarımı yuyur, xörəyimi bişirir. Ancaq bütün bunları mən evdə olmayanda eləyir. Və bu, elə bir dərddi ki, heç kəsin yanında açıb bükə bilmirəm. Bəs dostların, tələbələrin? Onlar hanı bəs? Bəlkə onlar mənim başıma gələn bu müsibətdən xəbərsizdilər? Yox, canım. Nə danışırsan? Yəqin indi bütün şəhər bu barədə danışır. Bəlkə də bir çoxları var ki, indi bayram eləyir, deyib-gülür, sevinir. Ey gidi dünya. Deməli, mən tək imişəm, yalqız imişəm. Dayan, dayan, bəs bu mənim qapıbir qonşum, həmişə böyür-başımda sülənən, «Sən mənim arxamsan, dayağımsan, mən sənin çörəyini yeyirəm, ölüncə qabağında qul kimi borcluyam, Paşa müəllim» ⎯ deyən Qulubəy hardadı? O da bilmir? Yox, o bilməlidi ⎯ kim də bilməsə, o bilməlidi, çünki o, nəinki bu şəhərin, hətta respublikanın, İttifaqın və bəlkə də bütün dünyanın qeyri-rəsmi, necə deyərlər, könüllü informasiya mərkəzi və informatorudu: kim hara getdi, kim kimin adamıdı, kimi hardan çıxardıb hara qoyacaqlar, kim kimi saxlayır, kimin oğlu kimin qızını alır və niyə alır ⎯ bütün bunları südəzbər bilən və ömründə hər şeyindən çox yalnız bununla öyünən Qulubəy heç ola bilməz ki, bu boyda hadisəni eşitməsin və Paşanın yanına qaçmasın?»

46 dəq
Dördüncü fəsil

Qulubəy Paşanı ⎯ üç gün dilinə sudan, çaydan başqa bir şey dəyməmiş, ürəyi sıyrılan, öz ağır və çəkilməz dərdi ilə dörd divar arasında tək-tənha çırpınan «əziz və mehriban» qonşusunu şirin dilə tutaraq, təsəlli verə-verə yedirib-içirib, üstündən də ürək dərmanı verib yatağına salaraq mənzilinə qayıdanda artıq gecə yarıdan keçmişdi. Çöl, dəmir qapını özü bayaq, yemək-içmək aparanda açıq qoymuşdu; bunu Nigarı yuxudan oyatmamaq üçün belə eləmişdi. Ancaq içəri girəndə onun yatmadığını görüb təəccübləndi. Adətən saat on birdən o yana qalmayan Nigar indi, yumşaq kresloda əyləşib qollarını da sinəsində çarpazlayıb televizora tamaşa eləyirdi. Kino idimi, tamaşaydımı ⎯ bilmədi, amma Nigar ekranın qabağında bitib qalmışdı və deyəsən heç ərinin gəlməsindən də xəbəri yox idi. Qab-qaşığı aparıb mətbəxə qoydu, bir siqaret yandırdı, balaca mətbəx stulunu çəkib oturdu və iki-üç saatdan bəri Paşanın evində gördüklərini, eşitdiklərini təzədən beynində canlandırıb saf-çürük eləməyə başladı. Paşa sınmışdı, Paşa demək olar ki, məhv edilmişdi ⎯ buna Qulubəyin şəkk-şübhəsi yox idi artıq. Və ona hər şeydən artıq bu təsir eləmişdi ki, Paşa uzun müddət ⎯ ən azı iki saat Qulubəyin qabağında özünü şax tutmağa çalışmışdı, sındırmaq istəməmişdi. Lakin Qulubəyin mehribanlığını, qayğıkeşliyini, ürəyiyananlığını görüb (Yazıq.) nəhayət açılmışdı, dərdini dilinə gətirmişdi, hətta Qulubəy onun gözlərinin yaşardığını da görmüşdü. Sən demə onu, bu balacaboy, arıq adamı, əzəmətli,böyük, zəhmli, qorxulu eləyən vəzifəsi imiş. Vəzifə, möhür, maşın, kabinet adamı əlçatmaz eləyirmiş, sən demə. Yoxsa Paşa nəydi ki? Arıq, cılız, sənin, mənim tayın olan adicə bir adam idi Paşa.Qulubəyin ürəyi doluydu, gördüklərini, eşitdiklərini kiməsə danışmaq, kiminləsə bölüşmək istəyirdi, ancaq elə bir adamı yox idi, hətta ürək qızdırdığı elə bir dostu da yox idi ki, gec olmağına baxmayaraq, gecə yarıdan keçdiyinin fərqinə varmayaraq, zəng eləyəydi, çağıraydı, ya özü yanına gedəydi, bu sensasiyaya bənzəyən xəbəri ona danışaydı, fikir və mülahizələrini deyəydi, ondan bir söz eşidəydi. Yox idi belə bir adamı və hərdən bu barədə düşünəndə özünü dünyanın ən bədbəxt adamı sayıb yanıb-yaxılırdı. Belə hallarda hərləyib-fırlayıb günahı öz üstünə gətirirdi, ancaq o dəqiqə də bunun üçün səbəb axtarıb tapırdı: «Yox, məndə deyil günah, qardaş; günah zəmanədədi. Çünki indi elə bir zamandı ki, heç kəsə, hətta dost-doğma qardaşına da inana bilmirsən. İnanırsan, ürəyini, sirrini açırsan, bir də görürsən səhər bütün şəhər sənin sirrindən söhbət açıb lağ-lağı eləyə-eləyə bir-birinə danışır. Elə biri mən özüm. Budu yazıq Paşa dərdini açdı mənə, indi mən də adam axtarıram ona danışam. Amma gərək bu, belə olmasın axı». Siqaret tüstüsünü udduqca fikri bir az da dərinlərə gedirdi: «Sən, Qulubəy Qulubəyov, çox pis iş tutdun. O sənə neynəmişdi? Əgər bir pislik eləsəydi, deyərdim hə, haqlısan. Amma axı Paşa səni həmişə qoruyub, irəli çəkib, çörək verib. Axı gərək sən bütün ömrün boyu o kişinin qulu olaydın və yadındamı, bir dəfə də yox, neçə dəfə buna kişi kimi and içmişdin yanında da, ürəyində də? Nə tez unutdun və ən başlıcası niyə unutdun, Qulu?» İçindən gəlib onu bu balaca mətbəxdə ittiham eləyən o səsə tutarlı bir cavab tapa bilməyib təslim olurdu: «Düz deyirsən. Elə mən də sənə bunu deyirdim. Mən qəti inanmışam ki, insanın özü kimi alçaq və şərəfsiz bir varlıq yoxdu yer üzündə. Elə Paşa da alçaq və şərəfsizdi, mən də. Sənin müdafiə elədiyin, qahmar çıxmaq istədiyin Paşa elə bilirsən çox təmiz adamdı? Neçə adamın qanı var onun boynunda. Görünür, yer üzündəmi, göylərdəmi, bilmirəm, hardadı, elə bir qüvvə-qüdrət var ki, hər şeyi tənzimləyir, nizama salır və heç nəyi cavabsız buraxmır: yaxşı əməli mükafatsız qoymur, pis əməli də cəzasız. Elə bil o hansı qüdrətdisə, çox ağılnan-idraknan tərpənib Paşanın cəzasını mənim əlimlə verdirir. Yəqin mənim də cəzamı bir başqası verəcək. Buna mənim heç şübhəm yoxdu».

44 dəq

Başqa şairlərin şeirləri