Birinci hissə, on birinci fəsil
Nadirə bərk narahatdı. Oğlundan ötrü həmişə səksəkə içində yaşayan ananın dərdini müəllim bir az da artırmışdı, qorxa-qorxa düşündüklərini Vera Pavlovna onun üzünə demişdi. Dünyada ən böyük nigarançılıq ana nigarançılığıdır. Bir yerdə qərar tutub dura bilməyən Nadirə gah bu, gah da o otağa girir, balkona çıxıb həyət-bacaya boylanır, nəzərləri ilə Ceyhunu axtarırdı.
«Daha böyüyüb. Yekə kişi olub. Bəstəkar Baharlının qızı ilə gəzir... Tez deyilmi? Tezdir, tezdir. O, hələ oxumalıdır, oxumalıdır!..»
– deyə düşünən ana hövlündən ev-eşiyə sığışmırdı.
Müdhiş, qorxulu bir hiss onun qulağına, elə bil, bu sözləri pıçıldayırdı: «Sən ondan sevinc gözləyirsən. Amma o sənə həmişə kədər və dərd verəcəkdir!» Nadirənin ana ürəyi içəridə əsim-əsim əsirdi: «O bu iki daşın arasında hara getdi?.. Müəlliməsi gələn təki niyə qaçdı?.. Günahı olmasaydı qaçmazdı. Axı bəs hardadır? Qıza bax!.. Görəsən necə qızdır? Hər halda deyəsən, ağlı başında olan qıza oxşamır. Deyir, Baharlının qızıdır... Olsun da... Atası yaxşı bəstəkardır... Ancaq bunun məsələyə bir dəxli varmı? İş burasındadır ki, axı bunların hələ o vaxtı deyil, uşaqdırlar!...»
Nadirə neçə saat beləcə çalıxıb-çapaladı, düşündü-daşındı. Əgər bu hirsli vaxtda əlinə düşsəydi, bəlkə də ana özünü saxlaya bilməyib onu yaxşıca sillələrdi. Halbuki Ceyhun indi uşaq deyildi. Ağlının kəsən vaxtı idi. İndi onda mənlik, kişilik qüruru yaranır, özünü dərk edir, müstəqilliyə can atırdı...
Ancaq Nadirə üçün Ceyhun hələ çox uşaq idi. Ana öz oğluna böyük gözü ilə baxmağa adət eləyə bilmirdi. Ceyhun boylu-buxunlu oğlan olsa da, az qala atası boyda görünsə də, Nadirə üçün başı sığallanan, bəzən bir şey üçün ağlayaraq ayağını yerə döyən uşaq idi.
Salman axşamçağı evə gələndə Nadirə böyük bədbəxtlikdən mütəəssir olmuş adam təki ağlamsına-ağlamsına bütün əhvalatı ərinə danışdı. Salman bu söhbəti çox sakit və soyuqqanlılıqla dinlədi. Üzündə nə heyrət, nə də təəccüb əlaməti göründü. Daha nə isə gözləyirmiş kimi, səsini uzada-uzada:
– Sonra? — deyə arvadından xəbər aldı.
– Daha nə sonra, Salman? Sənin bu məsələdə belə laqeydliyin məni lap əsəbləşdirir.
– Niyə, Nadirə?
– Axı, uşaq tamam əldən gedir, sən isə...
Salman heç nə başa düşmürmüş kimi:
– Uşaq əldən niyə gedir, axı? — dedi.— Uşaq restorana yoldaşlarıynan çörək yeməyə gedir, məktəbdə bir qıznan yoldaşlıq edir, nə olsun? Burda qorxulu nə var? Bu pedaqoqlar da bilmirlər neyləsinlər, işlədiklərini necə gözə soxsunlar. Uşaq kimdir? Sənin cəmiyyətinin bir üzvüdür! O, gərək yaşamaq üçün lazım olan şeyləri bilsin. O, pul xərcləməyi, adam arasına çıxmağı bacarmalıdır. Müəllimlər, sənin kimi analar uşaqları guya düzgün tərbiyə etməyə çalışırlar, halbuki, məncə, siz onları şikəst eləyirsiniz. Siz müti, kitab oxumaqdan başqa heç nə bilməyən adamlar tərbiyə edirsiniz. Pul xərcləmək bilmir, ev dolandırmaq bilmir, çətinliyə dözmək bilmir! Oyun bilmir, əyləncə bilmir! Kitab oxumaq. Bəh! Bəh!. Kitab oxumaq!.. — Professor qara tüklü əlini havada yellətdi: —Budur tərbiyə?!
Salman sualına cavab gözləmədən otaqda gəzindi. Pəncərənin qabağına gəlib həyətə baxdı, nəsə fikirləşib geri döndü və üzünü Nadirəyə tutmadan dedi:
– Məni də siz deyən kimi böyüdüblər! Mən o cür tərbiyənin nə demək olduğunu, uşağı necə böyük çətinliklər qarşısında qoyduğunu öz həyatımdan bilirəm. «Böyük olan məclisdə kiçik oturmamalıdır!»—«Baş üstə!» —«Böyüyə cavab qaytarmaq olmaz!» —«Baş üstə» Əgər böyük düz danışmırsa, onda necə? «Yolda böyüyü ötüb qabağa keçmə!» — «Əgər böyük yeriyə bilmirsə, yaxud qarışqa yerişi yeriyirsə, onda necə? Bir sözlə, mütilik! Hələ bu nədir? Mən on yeddi-on səkkiz yaşında bilməli olduğum şeyləri otuzda güclə öyrənmişəm. Xəcalət çəkə-çəkə, gülünc vəziyyətdə qala-qala, tər tökə-tökə... Bu cür yaşamaq olmaz, arada-bərədə itib-batarsan. Gərək öz yerini, haqqını, ixtiyarını dərk eləyəsən. Yoxsa ayrı cür...
Mən heç bilirsən qanıma-canıma yeridilmiş o ehkamları uçurub dağıtmaq üçün nə qədər qüvvə, nə qədər vaxt sərf elədim?! Bunu ancaq özüm təsəvvür edə bilərəm. Dilnən deməknən başa gəlməz. — Professor stul çəkib əyləşdi. — Sən heç bilirsənmi ki, mənim bacımın, Səringülün ailəsi niyə dağıldı? Yox, bilmirsən! Ona görə dağıldı ki, qızı atam-anam bədbəxt elədi. Ağlı kəsəndən eşitdiyi sözlər bu oldu: «Səringül, bunu elə, onu elə. Bax, filan şeyi etmə, filan şey yaxşıdır, ya pisdir. Bunu yığışdır...ona dəymə!» Qız ata-anamın başı ilə iş görməyə adət elədi. Öz başı, öz beyni yaddan çıxdı. Özünün düşünməyə, fikirləşməyə ehtiyacı olmadı, Səringül insan olmadı avtomat oldu: Desən — elər, deməsən — eləməz! Ata-ana isə həmişə övladın yanında olmur. Vaxt gəlib çatır ki, övlad pərvazlanmış quş təki uçub ana yuvasından gedir. Səringül də getdi... Ancaq çox yaşamadılar. Əri ağıllı, həssas, təmizliyi sevən adam idi. Gərək indi o, ata-ananın əvəzinə Səringülə göstəriş verəydi: «Onu elə, bunu elə». Onun isə buna nə səbri, nə həvəsi, nə də vaxtı var idi. Ziddiyyət, narazılıq, axırı da elə. Üç uşaqla atdı getdi...
Nadirə bayaqdan ərinin sözlərinə qulaq asır, onun nə demək istədiyini anlamağa çalışırdı. Oğlunun tutduğu hərəkətlərin əsl səbəbini axtarırdı. Tapdı. Bunu indiyəcən hiss eləyirdi, ancaq indi açıq-aydın bildi. Salman bu neçə ildə hələ öz «pedaqoji» fikirlərini indiki kimi açıq şəkildə Nadirəyə söyləməmişdi. Nadirəyə elə gəldi ki, Salman doğma balasını uçurumdan başıaşağı itələyən bir cəllad ataya bənzəyir. O baxdı, baxdı, bədəni əsdi, Salman isə əksinə, sakit və arxayındı. Birdən Nadirə elə sandı ki, bu dünyada Salmanın elədiyi ən böyük haqsızlıqdır. Dözə bilmədi:
– Ox!.. Sən uşağı bədbəxt elədin! — deyə yanıqlı-yanıqlı köks ötürüb başını divanın mütəkkəsinə söykədi. Az sonra dikələndə Nadirənin gözləri yaşarmışdı. — Onu bil ki, uşağı gözümüz baxa-baxa uçuruma yuvarladan sənsən, Salman! Mən ona analıq eləyə bilmədim. Qoymadın. Sən bunun üçün bir zaman cavab verməli olacaqsan, Salman! Onda əlin heç yerə çatmayacaq, gec olacaq. Mən onda deyəcəyəm sənə...
Salman isə yenə arxayın bir əda ilə:
– Sən narahat olma, Nadirə, — dedi,— o, bədbəxt yox, xoşbəxt olacaq. Həyat adamı olacaq, kitab adamı yox!..
Axşam saat səkkizə işləyəndə qapının zəngi çalındı. Gələn Ceyhun idi. Oğlan içəri girməyə macal tapmamış, gözləməkdən səbri tükənmiş Nadirə əsəbiliklə onun üstünə yeridi və əllərini qəzəblə yumruqlayıb:
– Hardasan, ədə? Harada itib-batmısan?!. — dedi. Salman özünü irəli verib səsləndi:
– Oho!.. Yox, elə yox, Nadirə. Toxta. Kəmhövsələlik eləmə.
– Üzünü oğluna tutdu: — Gəl bura, Ceyhun! Haçandı səninlə ağıllı-başlı bir söhbət eləməmişəm.
– Söhbət niyə eləyirsən? — deyə Nadirə özünü saxlaya bilməyib Salmanı acıladı: — Oturub əsər yazarsan. Uşaqla məşğul olmağa səndə vaxt haradaydı?!
– Nadirə! — Salman dönüb narazı baxışlarla onu süzdü. — Hələ sən qurtarmayıbsan?
– Qurtarmışam. O sən, o da oğlun!
Ceyhun mütərəddid addımlarla anasının yanından ehtiyatla keçib, atası ilə qabaq-qənşar dayandı.
Salman gəlib divanda oturdu və Ceyhunu yanına çağırdı:
– Gəl, otur burada...
Ceyhunun dil-dodağı təpimişdi. Söhbətin gedişindən, anasının hirslənməyindən, atasının ciddi tərzdə onu yanında oturmağa çağırmasından başa düşürdü ki, müəllimə aranı qarışdırıb, suyu bulandırıb...
Ceyhun oturdu.
– Haradasan bu vaxtacan? — Salman təmkinlə, mühakimə edirmiş kimi, xəbər alanda Nadirə ürəyində düşündü: «Mən bu uşaq bir xoşagəlməz iş görəndə onunla belə sakit danışa bilmirəm. Bütün bədənim əsir, ha eləyirəm, bacarmıram... Amma ona bax, kör necə sakitdir!.. Elə bil, bütün bu işləri eləyən onun doğma oğlu deyil, yad, özgə bir adamdır... Fikirlərimiz yaman haçalanıb, heç düz gəlmir!..» Ceyhun ağır dindi. Salman səsini qaldırmadan eyni ahənglə yenə sualını təkrar etdi:
– Hardasan?
Ceyhun başını qaldırmadan:
– Şəhərdə idim, — dedi
– Niyə gec gəlirsən evə?
—…
– Sənnənəm!
– Qorxdum.
– Kimdən?
—…
– Kimdən qorxdun, deyirəm?
– Anamdan.
– Niyə?
– Ona görə ki... — Ceyhun udqundu, dayandı. Nadirə dözə bilmədi:
– Sən müəllimən gələn kimi evdən niyə qaçdın?
– Qaçmadım, getdim.
– Yaxşı, getdin, niyə axı?
—…
– Anan sənnəndi, niyə getdin?
– Ondan zəhləm gedir.
– Müəlliməndən zəhlən gedir?
– Hə.
– Nə üçün?
– Məni sinifdə gözümçıxdıya salıb. Peşmanam bir söz deyim, bir iş eləyim. Düşür üstümə ki, «Sən professor oğlusan»... Gündə bu sözü eşitməsəm olmur. Xəta eləmişəm professor oğlu olmuşam?!.
– Elə bu?
– Özü bizə sinifdə mərdlikdən, ağzıbütövlükdən ağızdolusu danışır. Ancaq özü dediyinə əməl eləmir. Müəllimə xəbərçilik, sözgəzdirmək yaraşmaz. İndi bilirəm ki, gəlib birinin üstünə beşini də qoyub xəbər verib...
Salman qapının ağzında ayaq üstə quruyub dayanan Nadirəyə mənalı-mənalı baxıb göz vurdu və Ceyhuna dedi:
– Hə, xəbər verib... Ancaq bu xəbərçilik deyil, həm də nə anan, nə də mən inanmırıq ki, sən elə işlər tutarsan. Elə deyil?
Ceyhun yerində büzüşüb yumağa döndü; başını o qədər aşağı saldı ki, boynunun arxası göründü.
– Yaxşı başını qaldır. Söz verirsənmi ki, bir də müəllimləri incitməyəcəksən, yaxşı oxuyacaqsan?
—…
– Sənnənəm, Ceyhun!
Ceyhun astaca başını tərpətməklə kifayətləndi.
Söhbət bununla bitdi. Salman ürəyində oğlunun bu çətin sorğu-sualda özünü məharətlə aparmasından çox məmnun idi.
Ceyhun, sıxılsa da, çəkinmədən düşündüyünü deyirdi. Fikirləri aydın, cəsarətli, cümlələri sərrast idi. Salmanın yadına öz uşaqlıq vaxtı düşdü. Onun da belə «Mühakimə» olunan çağları vardı. Ancaq Salman o zaman atasının sorğularına belə açıq və kəskin cavablar verə bilmirdi. Susub durur, sonra birdən ağlamağa başlayırdı. Onda atası deyirdi: «Qaragözlük eləmə!» Ceyhun isə... «Yox, Ceyhun belə deyil. Bu, yaxşıdır, qoy belə olsun. Oğul gərək cəsarətli, möhkəm olsun!» Onun öz müəlliməsi haqda fikir söyləməsi Salmana ləzzət vermişdi. «Müəllim valideyndən sonra uşağın ikinci allahıdır. Əgər o öz allahı haqqında sərbəst mühakimə yürüdə bilirsə, deməli, bu uşaqdan bir şey çıxacaq!..»
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-on-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ətiqulla deyəsən son günlərini yaşayırdı. Daha evdən çıxmağa, şəhərdə görünməyə təhər-töhürü qalmamışdı. Yemək-içməkdən düşmüşdü deyə arıqlayıb çöpə dönmüşdü. Ölüm qorxusu bir an da onu tərk etmir, qorxulu, dəhşətli bir kabus kimi bütün varlığını, ürəyini gəmirir, taqətini əlindən alır, yuxusunu ərşə çəkirdi. Çarəsizlikdən, gücsüzlükdən böyük dərd olmadığını o indi başa düşürdü və həyatında, pulun gücünə — qoca milyoner Mümtaz xanın pulunun gücünə ürəyindən keçən ən namümkün şeylərə belə nail olan, özünü qadir — qüdrətli hesab eləyən o, bu lənətə gəlmiş mərəzin qarşısında aciz qaldığını görəndə uşaq kimi hönkürtü vurub ağlayır, əsəbləri daha dözməyib pozulduğundan bəzən başını dər-divara çırpırdı. Atasını, anasını, Ədnan qəryəsindən gəlmiş əmisi qəryədər Qulamı, bacılarını yaxına buraxmır, onların evinə gəlməsinə icazə vermir, ancaq telefonla danışırdı. Çox vaxt telefon dəstəyini də götürmürdü, beş zəngdən birinə cavab verirdi, ya vermirdi.Vaxtilə dörd arvad, on üç uşaq yaşayan, səs-küydən qulaq tutulan hündür hasarlı, bağ-bağatın ucu görünməyən həyət boşalmışdı, qu desəydin qulaq tutulardı. Ətiqullanın sağalmaz mərəzə tutulduğunu başa düşən kimi arvadların üçü uşaqlarını da götürüb getmişdi. Təkcə birinci arvad — Zəhra xanım qalmışdı. Ancaq o da, usta tərpənib oğlunu, qızını babasının — ağayi Mümtazın yanına göndərmişdi. İndi ikimərtəbəli, dördotaqlı aynəbəndli evdə ikisi yaşayırdı
İkinci hissə, on səkkizinci fəsilHeyranın gəlişi ilə Nəcməddinin çoxdan bəri sükunətə qərq olmuş malikanəsində həyat əvvəlki qaydasına düşürdü yavaş-yavaş. Nə vaxtdan qadın nəfəsi, qadın əli dəyməyən ev-eşik indi isinmişdi, səliqə-sahman yaranmışdı. Ürək sıxan məhzunluq, kədər harasa uçub getmişdi. Tək qalıb çox zaman öz-özünə danışan, körpə ilə oynayan, başını qatmağa çalışan, ancaq bütün bunlarla da həyatında əmələ gəlmiş boşluğu doldura bilməyən, buna görə də son dərəcə üzüntülü günlər keçirməyə məcbur olan Əbdül, Heyranın gəlişini əvəzsiz bir nemət kimi qiymətləndirir, söhbət etməyə, dərdi-dil eləməyə, məsləhətləşməyə bir həmdəm, bir nəfəs tapdığından uşaq kimi sevinir, yerə-göyə sığışmırdı. O indi bu evin ağası, başıpapaqlısı, külli-ixtiyar sahibi olsa da, özünü lap Dünya xanımın, ağayi Nəcməddinin sağlığında olduğu kimi sadə, demək olar ki, nökər kimi aparır, qüdrətini, gücünü hiss etdirmir, mehribanlığı, qayğıkeşliyi, canıyananlığı ilə Heyranın xoşuna gəlməyə çalışır, burada özünü qərib, kənar adam kimi hiss eləməyə qoymurdu. Danışır, gülür, Heyranın sıxılmasına, çəkinməsinə qətiyyən imkan vermirdi. İstəyirdi ki, o, şad yaşasın, boş-bikar qalıb çox istədiyi mərhum ərinin yoxluğu barədə düşünməsin: unutsun onu da, dərdini də. Lap əvvəl gündən, burada qalacağının razılığını aldığı gündən Əbdül Heyranı yaxşıca yedirdib qonaq eləyəndən sonra yanına salıb otaqları bir-bir gəzdirmiş, evin üzdə olan bər-bəzəyini göstərmişdi. Heyran siftə gələndə bu otaqlara ötəri baş çəkmişdi, ancaq, həyəcanlı olduğundan, heç nəyə diqqətlə, doyunca baxa bilməmişdi, indi arxayın-arxayın hər şeyə tamaşa eləyir, zəngin, müzəyyən bir muzeyi xatırladan otaqlar, ömründə heç vaxt, heç yerdə belə bərbəzəkli ev-eşik görmədiyi üçün onun gözlərini qamaşdırır, könlünü oxşayır, fərəhləndirirdi. Dünya bacısının bu cah-calal sahibi olması ona qəribə, inanılması mümkün olmayan bir nağıl, əfsanə kimi görünürdü. Əbdülün dediyindən məlum olurdu ki, bu otaqlar elə beləcə, bax bu səliqə-sahmanda da qalmalıdı, çünki onu Dünya xanım belə düzəltmişdi, Əbdül istəmirdi ki, bu nizam pozulsun. Heyran evləri silib-süpürəcək, ancaq səliqə-sahman elə-belə, olduğu kimi qalacaq. Sonra Əbdül Heyranı həyət-bacada gəzdirmiş, qarajı, hamamı, anbarı, vaxtilə özünün yaşadığı hücrəni göstərmişdi. Hücrənin içinə baxanda Əbdül ona demişdi:– Mən buranı sizin üçün nəzərdə tutmuşdum. Demişdim ikiniz yaşarsınız. Ancaq... qismət olmadı. Heyran kədərli-kədərli köks ötürüb:
İkinci hissə, on doqquzuncu fəsilAylı-ulduzlu, ayazlı mart gecəsi idi. Qar ərimişdi, ancaq şaxtalar hələ sınmamışdı. Xüsusilə gecələr bərk soyuq olurdu, çuxurlarda, gölməçələrdə sular donur, damların üstündən axan damcılar səhərəcən şüşələnib iti, uzun buz parçası olurdu.Saat on ikidən keçmişdi. Həmişəki adəti üzrə, Şəfi öz otağında oturub işləyir, siqareti siqaretin oduna yandıraraq yazıb-pozurdu. Hərdən də yanındakı başıpapaqlı çaydandan piyaləyə çay süzür, bir-iki qurtum içir, ağzının acısını alırdı. Məleykə də, uşaqlar da çoxdan yatmışdı. Evdəki gecə sükunətini divardakı asma saatın yeknəsəq çıqqıltısından başqa heç nə pozmurdu. Şəfi təzə şer yazmışdı. Qaralama vərəqdən böyük, ümumi dəftərə köçürəndən sonra, «görüm necə səslənir?» — deyə son bəndi ucadan oxumağa başladı:
Üçüncü hissə, birinci fəsilGözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.
Başqa şairlərin şeirləri
Döndü murad üzrə fələkDövran bizimdir bu gecə
Gözlərimdən tökülür bu dili-müztər qanıGözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün