Məktəb nə demək? Şəmsi-şəbistani-cəhalət.Məktəb nə demək? Gülşəni-ürfan, kəmalət,Məktəb nə demək? Ümmətə bir babi-inayət,Eylər qələmim sizlərə həqqilə vəsayət:

Darülədəbin bilməliyiz qədrini, millət,Göstərməli ikmalına olduqca həmiyyət.

Məktəb nə demək? Rəhbəri-övladi-vətəndir.İrşadına məzhər bulunan əhli-fətəndir,Məktəb düri-adabü kəmalətə ədəndir,Atidəki söz bizlər üçün zibi-dəhəndir:

Darülədəbin bilməliyiz qədrini, millət,Göstərməli ikmalına olduqca həmiyyət.

Məktəb nə demək? Ruh, dilə feyzrəsandır,Gəhvareyi-canpərvəri-rövşənnəfəsandır,Aşiqləri darülədəbin növhəvəsandır.Bu söz bizə hər şamü səhər zikri-lisandır:

Darülədəbin bilməliyiz qədrini, millət,Göstərməli ikmalına olduqca həmiyyət.

Məktəblə qılar növi-bəşər dəfi-bəlaya,Məktəblə çıxar zahirə əsrari-xəfaya,Məktəblə yaşar rahətü məsud rəaya,Eylər qələmim bu sözü təkrar vəsaya:

Darülədəbin bilməliyiz qədrini, millət,Göstərməli ikmalına olduqca həmiyyət.

Azmışlar üçün elmü ədəb nuri-səhərdir,Cəhl ilə kor olmuşlar üçün köhl bəsərdir,İnsana şərəfbəxş fəqət elmü hünərdir.Bimərfət adəm canı yox xüşk şəcərdir.

Darülədəbin bilməliyiz qədrini, millət,Göstərməli ikmalına olduqca həmiyyət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən