Kiçikcə bir oda içrə zavallı bir məxluq –
Yaşar... və çox gecələr olduğu otağı soyuq.

Soyuq ləyalı yaşar ateşin xəyalilə,
Düşünmədə gecələr qəlbi-pürməlalilə.

O guşədə qonulan çarpayədir yatağı,
Deyil də nəfsinə aid, kirayədir otağı.

Asılmış əlbisəsi bir tərəfdə divarə,
Şu əskilər yaxışar böylə əski divarə.

O yanda bir çamadan keçmişin nəzirəsidir,
Zavallının bu oda hücreyi-fəqirəsidir.

Yazı stolunun başında

Önündə bir-iki qəzte və yığın övraq,
Nücumi-zahireyi-şe'rə fikridir afaq...

Qələm əlində, önündə bəyaz övraqi,
Xəyali-tairi şair riyazi-afaqi.

Əli mülasiqi-pişani, kəndi fikrətdə,
Stol başında durur vəz'i-şairiyyətdə.

Şikar edən kimi zərrin qanadlı əş'arı,–
Dönər geriyə haman dəm xəyali-təyyarı.

Əsir edən kimi əş'arı dami-övraqə–
Uçar, gedər yenə fəshətsərayi-afaqə.

Gedər, gəzər yenə tutsun tüyuri-əş'arı,
Uçar, uçar da fəzayə xəyali-səyyarı.

Neçin? Yarın onu qoysun nigahi-ixvanə,
Ədəb ziyafəti versin ədəbpəsəndanə.

Aşar üfüqlərini kainati-nasutun,
Girər şəfəqlərinə şe'rgahi-lahutun.

Dilər ki, anlaya bilsin sərari-əzəli –
Və bəlkə bir gör bilsin cəmali-ləmyəzəli.

Bilirsə mənşəi-imkanı dincələrmi xəyal?!
Hüdudi-fikri-bəşər yox, budur həqiqəti-hal!

Şu kainatı gəzər kim, həyatpərvərdir,
Görər o qızları kim, sənihatmənzərdir.

O kainat ki, ənvarlə donanmışdır,
O düxtəran ki, əş'ardan yaranmışdır.

O kainat ki, şe'rafərin lövheyi-bal,
O düxtəran ki, fikrim qədər güşadəcamal.

O kainat ki, hər qönçəsi birər əş'ar,
O düxtəran ki, çeşmində şe'rlər qaynar.

Bu kainat nədir? Kainati-xülyadır,
Bu qızlar isə təcəllinümuni-rö'yadır.

Zavallı şairə bax! Uğraşır xəyal ilə,
Həqiqəti buraxıb, oynayır zilal ilə.

Cahan həqiqətə aşiq, bu da xəyalnəvərd,
Zavallı! Ah, zavallı! Nasıl böyük bir dərd!

Həqiqətən payı yoxkən mətai-dünyadən,
Götürməyir yenə əl bəxtsiz bu xülyadən.

Nə qəmlidir, nə ələmli, həyatın, ey şair!
Edərmi şad səni sənihatın, ey şair?

Xəyalini bürüyübdür zilali-ilhamın?
Bir az düşün də, ziyasız deyilmi əncamın?

Təxəyyülata qapılma, bir az da kəndinə bax,
Fərağət olmağa hala əlində yox bir otaq.

Cahanə öyrədiyorsan ticarəti-sövda,
Bir az da öyrən özün, ey qünudeyi-xülya!

Bu kargaha müdir olmağın deyil caiz–
Ki, kəndini oluyorkən idarədən aciz!

Özün gəzib duruyorkən bir özgəyə möhtac,
İdareyi-bəşəriyyət sənə deyil möhtac.

Dolaşmağın nə gərək şe'rgahi-lahuti,
Dolaş iş istər isən kargahi-nasuti.

O boşluğu dolaşınca, dolu cahanı dolaş,
Həyat bunda, əməl bunda, bunda kəsbi-məaş!

O boşluğu nə qədər gəz, həqiqəti-əş'ar –
Sənin xəyalın əlində olarmı hiç şikar?

Bu şe'rlər həpsi sayeyi-xəyalətdir,
Həqiqi şe'r nədir? Kəsbi-karə qeyrətdir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri