İkinci hissə, iyirmi üçüncü fəsil
Şirin arvad həftədə bir dəfə Orxanın evinə gələrdi. İndi yolunu dəyişib, qəbir üstünə gedirdi. Qabaq bazar günləri gələrdi, indi cümə axşamları. Onda oğlu üçün yemək-içmək, cürbəcür ləzzətli xörəklər bişirib gətirərdi, oğlundan xoş xəbər eşitmək ümidi ilə gələrdi. İndi yeməli heç nə gətirmirdi. Dərdli bir ürək, iki ağlar göz... bir də, bir dəstə gül gətirirdi.
Aradan neçə ay keçsə də, ana onun ölümünə inanmaq istəmirdi. İnanmaq istəmirdi bura, bu yaşıl qəbiristanlığa gələnə qədər. Ayağı bura dəyəndə, dəmir hasara alınmış qəbir — o dikəlmiş torpaq ananı inandırırdı.
Orxanın otağına ananın əl vurmağa ürəyi gəlmirdi, necə vardısa, eləcə də qalırdı. Kitabları, yarımçıq vərəqləri, qələmi mizin üstə idi. Adama elə gəlirdi ki, o, harasa gedib, qayıdacaq, yenə mizinin arxasına keçib yarımçıq qalmış yazısını yazacaq.
Ata-ananın tək oğlu, qohum-əqrəbanın yeganə alim övladı Orxanı cah-calalla götürmüşdülər. Ana oğlunun bu qədər hörmətli olduğunu öləndən sonra bilmişdi. Qəzetdə şəklini vermişdilər. Qəzetdə onun şəkli indiyəcən bir neçə dəfə çıxmışdı. Ancaq indikinə bənzəmirdi; indiki qara haşiyə içində idi. Şəklin altında təsirli sözlər yazılmışdı. Ana fikirli-fikirli yeriyə-yeriyə ürəyində danışırdı: «Sağ olsunlar. İş yoldaşlarının hamısı gəlmişdi. Gül gətirmişdilər. Üstü yazılı gül... Onlar da bilirmişlər Orxan gül sevəndi...»
Yaxşı yoldaşlar imişlər, sağ olsunlar. Böyükləri — Orxanın müəllimi, tifilim ev alanda mübarəkbadlığa gələn kişi qəbir üstündə ağlamalı bir nitq söylədi: «Mənim ən kədərli günümdür, — dedi, — elə bilirəm, öz doğma oğlumu basdırıram...» Ömrü uzun olmuş arvadı da yaxşı danışdı. O, danışanda ağlamayanlar da dəsmal çəkib ağladılar. Hamı, hamı yanırdı. Balam özünü istədən idi. Mənim körpə Orxanım böyük imiş!..»
Qəbiristanın əsas yolundan burulub qəbirlər arası ilə burula-burula uzanan dar cığırla Şirin arvad qara çarşabının altındakı gül dəstəsini sinəsirə bərk-bərk sıxaraq fikirli-fikirli yeriyirdi. Uçub yerlə yeksan olmuş bir qəbrin yanından adlayıb dəmir hasarlı, heykəlli qəbrin arxasına buruldu. Orxanın məzarı buradan beş addım kənarda idi. Arvad irəlidə. ortaboylu, qara paltolu bir qadının üzü o tərəfə dayandığını görəndə ayaqlarının sürətini azaltdı. O, zənlə baxıb qadının harda dayandığını müəyyənləşdirməyə çalışdı: «Deyəsən, Orxanın qəbrinin yanında dayanıb. Kimdi bu, görəsən?» Ana nigarançılıqla düşündü. O, hər ayın axırıncı cümə axşamı bura gələndə qəbrin üstündə bir dəstə təzəcə qoyulmuş gül görərdi. Kim qoyurdu? Ana üçün aydın deyildi. «Kimsə sədaqətli adamdı, balamı yadından çıxarmayıb. Mənim balam yaddan çıxası bala deyil axı...»
Şirin arvad bu fikirlərlə asta-asta irəlilədi. Bəli, qadın Orxanın qəbri üstə dayanmışdı. Arvadın ürəyini içəridən elə bil, sıxdılar, o, çöməlib oturdu. Sanki qəbir daşları yerindən çıxıb yüngül çöp kimi havada fırlandı. Qulağına hıçqırıq səsi gəldi. Bir anlığa əlini alnına qoydu. Dəqiqələr keçəndən sonra, ana kirpiklərindən sallanmış yaşı çarşabının ucu ilə silib, gözlərini geniş açaraq ayaq üstə dayanıb, əlini üzünə söykəyərək fikrə getmiş qıza sarı baxdı. Qız yanakı durmuşdu. Sol çiyni, üzü aydın görünürdü: «Bu kim ola?» Tanış deyildi. Yox, tanıya bilmədi. Xatırlaya bilmədi. Qız əyilib küləyin vurub yerə saldığı solmuş gülləri qəbrin üstündən götürdü, əlindəki təzə nərgiz dəstəsini qoydu.
Arvad qalxıb irəli yeridi. Qız hənirti eşidib qorxmuş halda geri qanrıldı. Baxışları birbirinə zilləndi. Səssiz-səssiz bir neçə an dayandılar.
Qadının nazik dodaqları arasından çıxan qəmli səsi qarı aydın eşitdi:
– Salam, ana...
– Ay bala, sən kimsən?— deyə ana titrək səslə soruşdu. Tanımadığı, bilmədiyi bir adamın kədərli-kədərli gəlib onun oğlunun məzarı üstündə dayanmağı ananı yamanca tərpətmiş, ürəyini çəkib sinəsindən qoparmışdı.
– Mən...
Birdən ürəyinə gələn fikir ananı elə sarsıtdı ki, hər şeyi unudaraq, qıza sözünü bitirməyə də imkan verməyərək ağır bir səslə:
– Yoxsa, sən mənim toy görməmiş Orxanımın toy görməmiş istəklisisən, ay bala?— dedi və qollarını qızın boynuna dolayaraq üzündən öpə-öpə hönkürdü:— Gör bizi sən harda görüşdürürsən, ay bala...
Qız:
– Sakit ol, ana, sakit ol,— dedisə də özünü saxlaya bilməyib anaya qoşuldu.
– Bəs sən indiyəcən niyə üzə çıxmamısan, ay bala? Mənim muradımı niyə gözümdə qoydunuz, ay qurbanın olum? Hər dəfə yanına bu ümidlə gəlirdim ki, mənə xeyir xəbər verib deyəcək: hazırlaşın, filankəsin evinə elçiliyə gedəcəksiniz. Demədi, arzusu gözündə qalanım, arzumu gözümdə qoydu. Hər şeyi hazır idi. Alt paltarından tutmuş, sırğasına, saatına, boyunbağısınacan.
Qadın birtəhər özünü ələ alıb:
– Mən Orxanın iş yoldaşı idim, ana,— deyə bildi.
– İş yoldaşı?
– Hə, ana...
– Bu gülü,— deyə ana bir az əvvəl qadının qəbir üstünə qoyduğu gülə işarə ilə soruşdu,— sən qoyursan bura?
Gülmirə başını hüznlə tərpətdi:
—Mən qoyuram, ana.
Gülmirə hər ay o ölən günü bura gələrdi. Sağlığında Orxan onun üçün gül gətirərdi, indi o, Orxan üçün gül gətirirdi. Hər ay bir dəfə gətirirdi.
Şirin arvad yaşlı gözlərini bu qara paltarlı gözəl gəlinə zillədi. Ağ mərmərdən düzəldilmiş başdaşına həkk edilmiş şəkildə — gülümsər üzlü Orxanın da qara, təbəssümlü gözləri gəlinə baxırdı.
Əqdəm isə dəmir məhəccərli qəbrin yanında, ayaqları yerə yapışmış kimi, donub qalmışdı. Ha istəyirdi özünü ələ alıb irəli yerisin, mümkün olmurdu. Elə bil, yaxın getsəydi, hər şey, hər şey bir anda məhv olacaqdı. Gülmirə bayaq prospektdəki şüşə bazardan gül alıb çıxanda Əqdəm onu uzaqdan görmüşdü. Əvvəl bir az addımlarını yeyinlədərək ona çatmaq, görüşmək, onu sevindirmək istəmişdi. Ancaq ürəyində; «Bu qız üzüyuxarı hayana gedir belə?» — deyə fikirləşmiş, addımlarını yavaşıtmış və Əqdəm sonsuz bir maraq, qorxu və nigarançılıq içində qarabaqara onun dalınca getmişdi. «Qəribədi. Bu yana niyə gedir?», Əqdəm, demək olar ki, hər dəqiqə bu sualı öz-özündən xəbər almışdı. Birdən beyninə gələn dəhşətli fikir onu sarsıtmışdı. «Qəbiristana! Kim ölüb axı?» Sonra bundan da dəhşətli bir fikir onu ildırım kimi vurmuşdu: «Bəlkə o... kiminləsə... görüşə?..»
Əqdəm otuz beş illik həyatında belə vəziyyətə düşməmişdi: belə qarışıq, belə çalpaşıq hisslər əlində darıxıb çapalamamışdı: «Kaş onu görməyəydim... Kaş görməyəydim!..»
Gülmirə qəbiristana burulub bir qəbrin yanında dayananda Əqdəm məhəccərə söykənib alnının tərini sildi. Sonra çarşablı arvad gəldi, qucaqlaşdılar, ağlaşdılar. Nəsə danışdılar. İndi Əqdəmə aydın idi ki, kimsə ölüb. «Kimsə ölüb! Uzaq olmaq belədi, xeyirdən-şərdən xəbərin olmur».
Əqdəm, nəhayət, özündə güc-qüvvə tapıb məhəccərdən ayrıldı, irili-xırdalı qəbir daşlarının arası ilə ağır addımlarla Gülmirəgilə yanaşdı.
Qarı çömbəltmə oturub yerə, Gülmirə isə ayaq üstə dayanıb gülərüz oğlanın başdaşındakı şəklinə baxırdı. Arxasında hənirti duyub qanrıldı. Əqdəmi böyründə görəndə içini heyrətlə çəkib susdu. Sonra elə bil, onun nitqi batdı.
– Ölən kimdi?
—…
– Kimdi ölən?
Demək olar ki, zorla verdiyi suallarının cavabsız qaldığını görən Əqdəm iki addım irəli yeriyib başdaşındakı gülümsər şəklə, altındakı zərlə yazılmış ada, tarixə baxdı: «Orxan». Bu ad onun beynində uğultu qopardı. Bu adı Gülmirənin dilindən iki-üç dəfə eşitmişdi. Türk müğənnisinin konserti yadına düşdü. Elə bil, o gecəki qısaca söhbəti beynində lentə yazmışdılar, kimsə qurdu, lent danışdı:
«— Salam, Gülmirə.»
«— Salam, Orxan. Tanış ol, Əqdəm, Orxan mənim iş yoldaşımdı. Tanış ol, Orxan, bu da mənim...»
Lent burda qurtardı. İndi Əqdəmin yaddaşı danışdı; onlar o zaman bir-birinin əlini sıxmış, bir-birinin gözünün içinə baxmışdılar. Əqdəm indi şəkli görən kimi tanıdı... Əqdəm üçün elə bil, hər şey aydın oldu. Onun bircə anlığa başı fırlandı, sanki o ağır başdaşlarından biri onun başına dəydi, gözlərinə qaranlıq çökdü. Ani sarsıntıdan sonra, o özünü toplayıb Gülmirəyə — kölgə kimi hərəkətsiz dayanıb səssiz-səmirsiz ağlayan arvadına baxdı. Gülmirəyə elə gəldi ki, o, indi sevdiyi sözləri yenə deyəcək, bu dəfə başqa mənada: «Göylər təmizdi...»
Lakin o heç nə demədi. İzahat da istəmədi; çünki ona indi və sonralar veriləcək hər cür izahat mənasız olacaqdı. Lazım deyil, o, indi bütün həqiqəti başa düşürdü.
Şirin arvad hərbi geyimli adamı görəndə başını azca qaldırmış, sonra əhəmiyyət verməmişdi. Əqdəmin Gülmirəyə verdiyi sualı da eşitməmişdi. Arvadın diqqətini Əqdəmin geyimi də cəlb etməmişdi.
Əqdəm səssiz, xəyal təki gəldiyi kimi, səssiz, xəyal kimi də başdaşlarının arası ilə ağır addımlarla geri qayıtdı. Gülmirə «Əqdəm» demək istədi, ancaq səsi çıxmadı. Əqdəm neçə addım gedib dayandı, nəsə fikirləşdi. Bu zaman o da bir başdaşına oxşayırdı.
– O kim idi, ay bala?..
Gülmirə Şirin arvadın sözlərinə cavab vermədi. Bu ara tutqun, boz səmada günəş çıxdı, payız günəşi. Hava aydınlaşdı. Uzaqdan göy gurultusuna bənzər səs eşidildi. Bulud laylarını titrədə-titrədə bir təyyarə uçurdu. Aşağıdan uçurdu. Gəlib Gülmirənin başının üstündən keçəndə nəhəng kölgəsi yerlə sürünə-sürünə ötüb getdi, başdaşlarına toxuna-toxuna.
Gülmirə ilk dəfə idi ki, təyyarə səsini eşitmir, başını qaldırıb təyyarəni görmürdü...
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-iyirmi-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Birinci hissə, on beşinci fəsilAprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.
Birinci hissə, on altıncı fəsilAslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
İkinci hissə, birinci fəsilSakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.
Başqa şairlərin şeirləri
Sevgində də hicran dolu çox dəmlər var.
Bu, düşmən basulub, Vərqa hicazə ovd qılmaqdürRəf eylədi ta ki, bürqeyin hur,Xəffaşlar oldu cümləsi kur.
Məndən(Əli Əkbər) xidmətinəSalam olsun rəvan məndən
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.