Səhifə 15 / 15 · 93%

– Mən gedim, Sahilə, — susub əlavə elədi, — mən onu çox görmək istəyirdim. Ancaq belə görəcəyimi heç ağlıma da gətirmirdim. Nə etmək olar? Taleyin hökmündən qaçmaq mümkün deyil, görünür.

– Hə, getmək istəyirsiniz? Gedin müəllim. Çox sağ olun, sağ olun ki, onu sevindirdiniz. Anam haçandı nə belə ağlamışdı, nə belə gülümsünmüşdü. Hər necə olsa, ürəyi xeyli yüngülləşdi. Sağ olun, müəllim.

– Dəyməz, qızım. Sən də özünü itirmə, darıxma. Mənə nədənsə elə gəlir ki, o, sağalacaq, hər şey yaxşı olacaq. Sən də bu il on illiyi bitirərsən, instituta girərsən.

– Nə bilim, müəllim. Təki siz deyən olsun. Ancaq mənim instituta girməyimdən keçmiş olar. Həm də belə oxumaqla instituta girmək mümkün deyil. Mən gərək işləyəm, müəllim. Anam işləyən fabrikə gedəcəyəm, tikiş fabrikinə...

Əsəd dinmədi, yenə cibindən siqaret çıxartdı və barmaqları arasında ovxalaya-ovxalaya dənizə tərəf baxanda alçaq sahil hasarının üstündə oturub baxışlarını onlara zilləyən Ərəstunu gördü. Əsəd əlini qaldırmaqla ona salam verib gülümsündü və dönüb Sahiləyə dedi:

– Ərəstundu, Sahilə...

Sahilə onu bayaqdan görmüşdü. O, hər gün anasını dəniz qırağına çıxaranda Ərəstun da buraya gəlir, uzaqdan-uzağa onları müşayiət eləyirdi. Yaxın gəlməyə Sahilə özü icazə vermirdi — anası görərdi, başa düşərdi. Bunu isə qız istəmirdi.

Bayaq isə Sahilə Ərəstunun yenə gəldiyini görüb başı ilə işarə eləmişdi ki, ordan çıxıb getsin, yaxşı deyil, Əsəd müəllim görər, dünənki söhbətdən sonra da hər şeyi anlar... Ancaq oğlan yerindən tərpənməmişdi. Qız ikinci dəfə gözlərini ağardanda o, azca uzaqlaşmış, çox keçməmiş təzədən qayıdıb gələrək yerində oturmuşdu.

Əsəd müəllim mənalı-mənalı «Ərəstundu, Sahilə» — deyib gülümsənəndə qız bu təbəssümün altındakını başa düşüb qızardısa da, heç nə demədi. Əsəd onun dünənki cəsarətini yadına salıb:

– Yaxşı oğlandı, qızım, məncə ona bel bağlamaq olar. — dedi və bu sözləri doğma, yaxın bir adama deyirmiş kimi söylədiyinə özü də təəccüb elədi. Elə bil, balasına xeyir-dua verirdi.

Sahilə başını qaldırmadan:

– Sağ olun, müəllim! — dedi.

Sonra Əsəd, daha ayrılıq vaxtının çatdığını duyub Xəzan-gülə baxaraq həm əlinin işarəsi ilə, həm də dili ilə:

– Mən gedim, — dedi və sanki getmək üçün icazə istədi. Xəzangül sözlərini eşitməsə də, əlinin hərəkətindən onun nə demək istədiyini anladı və göz qırpmaqla «get» — söylədi...

Əsəd qalxdı, mehribanlıqla gülümsəyərək əlini döşünün üstünə qoyub baş endirdikdən sonra:

– Sənə şəfa diləyirəm, Xəzan... — dedi Xəzangülün əvəzinə Sahilə cavab verdi:

– Sağ olun, müəllim...

...Əsədin ayaqlarından elə bil daş asılmışdı. Başı möhkəm ağrıyırdı, sərxoş adama oxşayırdı. Bu gün necə də gərgin gün olmuşdu Əsəd üçün? Aliyə xanımın acı sözləri artıq yadından çıxmışdı, beynində, ürəyində, gözlərində indi ancaq iki təkərli kolyaska idi, onda hərəkətsiz oturmuş Xəzangül idi—təkcə gözləri danışan, utanan, ağlayan, ürəyi, dili gözlərində olan Xəzangül idi. Əsədin qəlbi sızıldayırdı, Əsədin gözləri göynəyirdi. Xəzan-gülün o vaxtlarını nəzərlərində canlandırıb bu gününə baxanda elə bil, başına kimsə daşla döyəcləyirdi. Gör o məğrur, yeriyəndə yerişindən az qala yer titrəyən Xəzangül nə günə qalmışdı, ilahi?!. Kaş Əsəd onu belə halda heç görməyəydi, kaş! Xəzangül onun xəyalında, xatirəsində elə o cür — məğrur, gözəl, lap-elə rəhmsiz kimi qalaydı, yaşayaydı. Bu qəfil görüş hər şeyi uçurub dağıtdı, yerlə yeksan elədi.

Gedirdi Əsəd müəllim, ağır-ağır gedirdi. Oturacaqda əyləşmiş cavan oğlanın yanındakı tranzistorda Zeynəb oxuyurdu. Yanıqlı səslə, ürəkləri titrədə-titrədə. «Olmalıydın — olmadın»... deyirdi kiməsə... «Səsinə qurban olum» — dedi ürəyində Əsəd. Bu kövrək mahnı Əsədin yadına hələ o zaman, neçə illər bundan qabaq, qəlbinə vurulmuş yara, gözlərini yaşardıb içini göynədəndə yazdığı birinci və axırıncı şeri saldı... Qəribə idi. O günə qədər iki misranı yan-yana düzməmişdi, sonra da heç vaxt əlinə qələm alıb şer yazmamışdı. Onda nə isə, gecənin bir aləmində yatağının içində qələmsiz-kağızsız yaranmış o iki bəndlik şer hələ indiyəcən kağız üzü görməmişdi — eləcə dərdi ilə, Xəzangülün xəyalı ilə yanaşı hafizəsində yaşamışdı: qəlbi qövr eləyəndə o misraları öz-özünə zümzümə edib kövrəlmişdi. İndi də dodaqaltı həmin misraları pıçıldadı:

Bilməm nədən belə doğmasan mənə,

Bir belə qohumun, yadın içində.

Tək sənin adını yazmışam, gülüm,

Qəlbimə min gözəl adın içində.

Eşqinlə inləyən bir bülbül oldum.

Sənə nəğmə oldum, qızılgül oldum.

Sənsə atdın oda, yanıb kül oldum —

Mən səni qoymazdım odun içində.

Və bu pıçıltı əriyib yavvş-yavaş eşidilməz oldu, ancaq, nə sirr idisə son misra dəfələrlə təkrarlanırdı: «Mən səni qoymazdım odun içində...» «Od» sözündən nədənsə qəlbi isindi, bədəninə od düşdü. Ona elə gəldi ki, içərisində həqiqətən bir yanğın var... «Mən səni qoymazdım odun içində...» təzədən pıçıldayanda anladı ki, yox, yanan o deyil, o, yanmır, kimsə arxada, bayaq oturduğu yerdə şölələnir və bu səs qəlbindən yox, ordan, odun içindən gəlir... Ayaq saxlayıb hövlnak geri qanrıldı və... gördü ki, Xəzan-gülün kolyaskasının üzü bəri çevrilib — o, Əsədin arxasınca baxır. Yəqin bunu Sahilə eləyib, Xəzangül keçmiş məktəb yoldaşının ardınca rahat baxa bilsin deyə… Əsəd bir də onda ayıldı ki, yolundan dönüb, Xəzangülə sarı addımlayır. Bu addımlarda indi bir qətiyyət vardı. O tək misra beynində, qulaqlarında səslənir, səslənirdi:

«Mən səni qoymazdım odun içində...»

...Sakit ilə Əsədin skamya, üstündəki söhbəti burda kəsilmişdi. Beşinci mərtəbədən, həyətə açılan pəncərədən Gülalının başı görünmüş və o, işarə ilə «Səni telefona çağırırlar» — demişdi və Sakitin ləng tərpəndiyini görərək iki əlini ağzına tutaraq: — «Moskvadandır ey» — deyə qışqırmışdı. Sakit ayrılmaq istəmədiyi Əsəddən məcburiyyət qarşısında ayrılmışdı və qaça-qaça:

– Gəl evə, Əsəd, oturaq, bir ağıllı-başlı söhbət eləyək. Mütləq gəl, ha — söyləmişdi və yuxarı qalxıb Moskvadan zəng çalmış redaktoru ilə danışandan sonra, Əsədin söylədiyi bu qəribə və kədərli əhvalatı təzədən xatırladıqda: «Vay, heç, ünvanımı demədim. O, bizim evi tanımır!» — deyə təəssüflənmişdi.

O gündən Əsəd də ona bir dərd oldu. Bu əhvalatın axırı nə ilə bitdi?

Əsəd Xəzangülün yanına niyə qayıtdı? Xəzangülün axırı necə oldu? Aliyə xanımın — məktəb direktorunun yanına getdimi və o, Əsədi başa düşdümü? Sakit düşünürdü ki, yox, Əsəd daha o məktəbə qayıtmaz, qayıtmaq istəməz. Yaxşı, əgər qayıtmayıbsa, bəs indi harada işləyir və necə dolanır? — Bütün bu suallar Sakitin ürəyini üzürdü. Və həyatın qəribə-qəribə, hələ qatı açılmamış kitabları, dastanları olduğunu düşünüb özünü qınayır, danlayırdı ki, o vaxt, tələbə ikən niyə Əsədin ürəyinə yol tapa bilməyib, adamayovuşmaz, sirli-qüssəli olmağının səbəbini öyrənə bilməyib. Bunun da fərqinə varmayıb ki, niyə hamı, hətta kənddən gələn uşaqlar belə şəhərdə qalmaq, təyinatlarını bura almaq üçün dəridən-qabıqdan çıxdığı halda, Əsəd kimi şəhər uşağı, könüllü surətdə rektorun adına ərizə yazıb uzaq bir kəndə getmək istəyib! Sən demə, Əsədin müsibəti varmış!

Yox, Əsədi hökmən görmək lazımdır, onun taleyinə biganə qalmaq olmaz. Əsəd təkdi, evlənməyib Xəzangül ondan üz döndərəndən sonra başqalarından eşitsəydi, bəlkə də inanmazdı, «nağıldı» deyərdi. Ancaq bunu Əsəd özü danışırdı. Çox qəribə idi ki, azdanışan, ürəyini hamıdan gizlətməyə çalışan Əsəd indi həvəslə, daha doğrusu, yanıqlı-yanıqlı öz dərdini dilinə gətirirdi. Görünür, illərlə yığılıb qalıb ürəyində, qubar eləyib; daha dözə bilmir, sirr, söz — ürəyini deşir. Bəli, Əsəd evlənməyib. İndi belə kişilər azdı, bəlkə də heç yoxdur. Amma Xəzangüllər var hələ. İndiki cavanların arasında var hələ. Özü yıxılıb özü ağlayanlardandı bunlar. Belələrinə Sakitin qəzəbi tuturdu, sonra hardasa, Xəzangül gününə düşənlərə yazığı gəlirdi. Xəzangülün həyatı ibrət dərsidi — bunu hökmən, əgər Əsəd icazə versə, yazmaq lazımdır. Doğrudan, görəsən, Xəzangülün axırı necə olacaq?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, ikinci fəsil

İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?

10 dəq
Birinci hissə, üçüncü fəsil

Gülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.

17 dəq
Birinci hissə, dördüncü fəsil

Yara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?

20 dəq
Birinci hissə, beşinci fəsil

Sən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.

23 dəq

Başqa şairlərin şeirləri