Səhifə 1 / 4

Sən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.

Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.

Ana qəmli-qəmli köks ötürüb yerə atılmış plaşı, paltarı götürdü, aparıb mıxçadan asdı... Qayıdıb oğlunun yataq otağının qapısını ehmalca örtdü. Divanda oyləşdi. Saat artıq on idi — Salman hələ də yox idi. «Bu hara getmiş olar?» — sualı beyninə çəkic kimi tıqqıltı ilə dəyib cavabsız qayıdırdı. Neçə dəqiqə xəyalən dağı-aranı gəzəndən, Salmanın gedə biləcəyi yerləri ağlında götür-qoy eləyəndən sonra birdən yadına bağ düşdü. Hə, bağ!.. Salman bu neçə illər ərzində ən gərgin, sarsıntılı, anlarında özünü bağa salardı həmişə. İkimərtəbəli bağ evinin eyvanından ovuc içi kimi görünən gömgöy dənizə tamaşa edər, həyət-bacada qurdalanar, başını bir işlə qarışdırar və dərdini unudardı. Belə hallarda iki-üç gün bağda qalıb özünə gələndən sonra şəhərə gümrah dönərdi. Bugünkü iclas doğrudan da sarsıdıcı idi. Lap əgər Salman bütün deyilən sözlərə layiq olsaydı da, ən daşürəkli adamın belə ona, salonu tərk etdiyi anda yazığı gələrdi. Nadirənin də ürəyi yanmışdı onun halına. Ancaq durub dalıyca çıxmağı, bir söz soruşmağı, ya təsəlliverici bir şey deməyi qüruruna sığışdırmamışdı. İlk təəssürat çox güclü idi — o anlarda Nadirənin ürəyində Salmana rəhmdən çox, qəzəb hissi tüğyan eləyirdi. Amma gör üstündən neçə saat keçmişdi — Nadirə bir qadın kimi, elmlə, idarə ilə bağlı duyğuları, söz-söhbəti kənara qoyandan sonra, Salmanın başına gələ biləcək qəzavü-qədəri götür-qoy etmiş və hardasa canına anlaşılmaz bir vahimə çökmüşdü. Rüsvayçılıq dalınca rüsvayçılıq gələ bilərdi. Bu təşviş hissilə o, bağa getməyi qərarlaşdırdı. Ancaq necə? Gecə, saat on birə işləyir. Ceyhun keflidi, yatıb. Yenə oyaq və ayıq, olsaydı, taksi tutardı, düz birbaşa Bilgəhə sürdürərdi. Tək, qadın xeylağı... Necə gedəydi?!

Birdən Sakit Aranlı yadına düşdü; onun maşını vardı — Nadirənin xətrini çox istəyirdi Sakit. Elə Nadirənin də həm yazıçı, həm elmi işçi kimi ondan çox xoşu gəlirdi. Neçə-neçə romanın müəllifi, elmlər namizədi olan Sakit öz sadəliyi, mehribanlığı, qayğıkeşliyi ilə az bir müddətdə bütün şöbənin, eləcə də institutun, o cümlədən Nadirə xanımın da dərin rəğbətini qazanmışdı. Uşaqla uşaq idi, böyüklə böyük. Dedi-qodu ilə, qeybətlə qətiyyən arası yox idi. Səhərlər hamıdan tez gələr, hamıdan sonra çıxıb gedərdi. İclaslarda danışmağı sevməzdi. Məcbur olanda, əsər müzakirəsində, iclasda, elmi şurada fikrini soruşsaydılar, çox müxtəsərcə mülahizələrini söyləyərdi. Yaşadığı, gəzdiyi aləmdən çox, yazdığı aləmdə olardı. Dünyası ağ kağızlar idi, stolu idi, qələmi idi və bir də şirinli-acılı xəyallarıydı. Heç nəyə baxmazdı, amma hər şeyi görərdi və bir müddətdən sonra onun zahirən görmədiyi, bilmədiyi, eşitmədiyi əhvalatları hekayədə, povestdə, ya romanda oxuyanda təəccüblənərdilər.

Sakit Aranlının bu xislətinə və təbiətinə hamıdan çox Nadirə diqqət yetirmişdi, onun bu instituta, şöbəyə gəlməyinə çox sevinmişdi. Söhbətlərində, görüşlərində ona aydın olmuşdu ki, Sakit əsl sənət adamıdı— görməsələr də, başqa qələm sahibləri kimi, gündə-ayda tərifləyib göyə qaldırmasalar da o, sənətkardı. Şərt deyil ki, prezidiumlarda oturtsunlar, televiziyaya çıxartsınlar, qalın-qalın jurnalların, qəzetlərin redaksiya heyətinə seçsinlər— bu, heç vaxt böyüklük əlaməti olmayıb, sayılmaq əlaməti olub, ancaq böyüklük əlaməti-ölçüsü olmayıb! Şair beş-on ilə camaatın ürəyinə girə bilər, sevilə bilər — ancaq yazıçının qəlblərdə özünə yurd-yuva salması üçün neçə onilliklər lazımdır, bəlkə bütün ömür lazımdır — o da sənə nəsib ola, ya olmaya! Sakit bu məhəbbəti qazanmışdı—hara getsəydi, hamının əzizi idi. Az qala ən ucqar kəndin ən ucqar evində də bu sakit və həlim adamın heç olmasa bir kitabı vardı — əldən-ələ keçmiş, sökülüb cırılmış, cildi rəngini dəyişib bozarmış bir kitabı. Nadirə yay aylarında, məzuniyyəti vaxtı rayonlara, kəndlərə gəzməyə, istirahətə gedəndə dəfələrlə bunun şahidi olmuşdu, sevinmişdi. Qayıdıb gələndən sonra isə ona bəslənən bu əvəzsiz, böyük məhəbbətdən söz açanda Sakit gülümsünməklə kifayətlənmiş, əsla lovğalanmamışdı. Təvazökarlıq timsalı istəsəydilər, Nadirə xanım, çəkinmədən, düşünmədən Sakiti nişan verərdi.. Nadirənin gözündə Sakitin başqa bir bəzəyi də vardı — bu, kimsəyə yaltaqlanmaması, yarınmaması idi. Direktor olsun, şöbə müdiri olsun — Sakit üçün fərqi yox idi — hamı onun üçün yoldaş idi. Sakitin bu bəzəyinin gözəlliyini Nadirə xanım onu adını şair qoymuş və bir vaxtlar da Salmanın tərifləyib göyə qaldırdığı İltifatla müqayisə eləyəndə daha aydın görürdü və onda Sakit gözündə nə qədər qalxıb ucalırdısa, Dombagöz bir o qədər alçalıb çılızlaşırdı, murdarlaşırdı. Dombagözün aləmində, indi Salmandan böyük alim yox idi və neçə dəfə də iclasda sözü hərləyib-fırlayıb belə yekunlaşdırmışdı ki, Salman kimi mötəbər və adlı-sanlı bir alimin rəhbərliyi altında işlədiyinə görə özünü xoşbəxt sayır! Çünki Salman onun haqqında xoş sözlər yazmışdı, çünki Salmanın elmi dairələrdə böyük nüfuzu var idi. Kişinin yaltağından Nadirənin zəhləsi gedirdi, üstəlik bu «kişiciyəz» adını şair qoyandan sonra da yaltaqlıq eləyəndə — elə adam daha yox

idi Nadirə üçün!!

Nadirə xanım heç bilmədi Sakiti xatırlayanda niyə İltifat gəlib yadına düşdü, bu müqayisələri, təfərrüatları onsuz da qatmaqarışıq fikirlər, suallar əlindən çatlamaq dərəcəsinə gələn beynindən qovmağa çalışaraq telefona sarı cumdu, göy cildli kitabçadan Sakitin nömrəsini tapıb barmağı əsə-əsə zəng çaldı. Dəstəyi Sakit özü götürdü və adətincə:

– Eşidirəm! — söylədi.

Nadirə salam verməyi də unudaraq:

– Sakit, mənəm, Nadirədi, — dedi, — maşının sazdı?

– Hə. Nə olub ki? — deyə dəstəyin o başından Sakitin o dəqiqə həyəcanlı səsi eşidildi, — Yoxsa... bir hadisə-zad baş verib?

– Yox. Narahat olma. Salman axşam evə gəlib çıxmayıb. Yaman nigaranam. Deyirdim bir Bilgəhə — bağa baş çəkəydik... Əgər vaxtın, imkanın varsa...

Nadirə xanım Sakitin tərəddüdsüz cavabını eşitdi:

– Bu saat gəlirəm. Siz aşağı düşün. Beş-on dəqiqəyə ordayam. Plaşını geyinib cəld addımlarla, pilləkənləri demək olar ki, qaça-qaça həyətə endi və küçəyə çıxdı. Gediş-gəliş azalmış, camaat seyrəkləşmişdi. Avtobus dayanacağında da iki nəfər dayanmışdı. Başı silindirli cavan oğlan hövsələsizliklə ayağının birini götürür, o birini qoyurdu. Siqaretini aramsız tüstülədir, gözünü avtobus gələcək səmtdən çəkmirdi. Qoca kişi isə nazik boğazını çiyinləri arasına qısıb büzüşmüşdü, görünür, üşüyürdü.

– Gərək bunların hamısını tutub güllələyəsən. Bu qədər yazırlar, deyirlər, düzəlmir ki, düzəlmir. Adamları dəli eləsə bu transport eləyəcək — deyə cavan oğlan söylənirdi.

– Hövsələn olsun, bala. Hər belə şey üstə bu qədər əsəbiləşsən, səndə can qalmaz. Onsuz da düzələn deyil, — dedi qoca. — Bilirsən bu havaxt düzələr? O zaman düzələr ki, bu şəhərin böyüklərini, vəzifəli adamlarını AQF-lərdən düşürdəsən, mindirəsən bu şeytan arabalarına. Bax, onda düzələr.

– Heç onda da düzəlməz, bala. Camaata ixtiyar verməyincə ki, gecikən, yolundan çıxan sürücünü qulaqlayıb elə oradaca cəzasını verə bilsin—düzəlməyəcək.

Abı rəngli «Jiquli» dayanacaqdan azca aralı toxtayıb duranda Nadirə irəli yeridi, dal qapını açıb oturdu.

Maşını tərpədə-tərpədə Sakit geri qanrılıb:

– Axşamınız xeyir, Nadirə xanım! — söylədikdə o:

– Ah, bağışla, sən allah, elə haldayam ki, salam-kəlam da yadımdan çıxıb, — dedi. — Axşamın xeyir, Sakit. Səni də bu gecə gözü işindən-gücündən elədim. Sən allah, bağışla!

– Nə danışırsınız, Nadirə xanım. Nə iş-gücbazlıqdır. Mən özüm də düzü, bu gün çox pərt olmuşam. Elə istəyirdim sizə zəng çalıb əhval tutam. Qızın sözləri bomba kimi partladı. Bu nə sözsöhbətdi. Başım çıxmadı. Həqiqətdi, yuxudu.

– Bu gün mənim üçün bir ömrə bərabər gün oldu, Sakit. Gülmirə aləmi qatdı-qarışdırdı bir-birinə. Heç ağlıma gəlməzdi!!!...

– Hə, mən də gözləməzdim. Gülmirə çox odlu-alovlu danışırdı. Qız olasan, belə cəsarətli olasan? Nadirə xanım kədərli-kədərli gülümsündü:

– Müsbət qəhrəman axtarırsan, hazır gözünün qabağında cəsarətli, qorxmaz... Daha nə istəyirsən? Adamlar indi o qədər müti və laqeyd olublar ki, bir balaca düz söz deyən, həqiqət danışan, cəsarət göstərən insan görən kimi təəccüblənirik. Halbuki, hamımız belə olmalıyıq — prinsipial, cəsarətli. Onda Osmanzadələr, Salmanlar da əyri-yarımçıq iş tutmağa ürək eləyə bilməz, qanunsuz addım ata bilməz, kiminsə haqqını tapdalamağa heç kəsin hüququ-ixtiyarı olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, doqquzuncu fəsil

Əfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.

8 dəq
Dördüncü hissə, on üçüncü fəsil

Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.

9 dəq
Dördüncü hissə, on birinci fəsil

Şahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.

11 dəq
Dördüncü hissə, on ikinci fəsil

Zərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.

11 dəq

Başqa şairlərin şeirləri