Səhifə 3 / 4 · 50%

Salman doğrudan da özünü heç nə baş verməmiş kimi çox sakit aparırdı. Nadirənin böht içində, qapı ağzında, plaşlı-papaqlı donub qaldığını sanki indi görürmüş kimi:

– Qapıda nə durub mat-mat gözlərini döyürsən? Məni görməmisən? Niyə soyunmursan? Acmamısan? — dedi və tikəsini udub əlavə elədi: —Yoxsa... yenə gedəsi yerin var?

Salman bu sözləri elə deyirdi ki, onun etinasızlığı, soyuqqanlığı Nadirəni lap dəhşətə salırdı. Çalıxıb-çapalayırdı içində, bilmirdi neyləsin, nə desin, necə desin!

Yavaş-yavaş gərginlik ötüb keçdi, Nadirənin heyrəti öləzidi və o, nəhayət, yerindən qopub geri döndü, dəhlizdə soyundu. Keçib hamamda əl-üzünü yudu, qurulandı. Acından başının ağrıdığını, ürəyinin bulandığını hiss-eləyib güzgüdə avazımış üzünə, qızarıb şişmiş gözlərinə baxaraq lal-dinməz mətbəxə gəldi. Stul çəkib oturdu.

– Hə, başla, görürəm sən də acsan. Ye! — deyib fujeri götürdü — Bunu içirəm sənin sağlığına, arvad. Bilirəm, qanın qaradı. Gülmirə xanım — səsindəki istehza açıq-aydın hiss olunurdu — sənin də kefinə soğan doğrayıb. Ancaq boş şeylərdi bunlar hamısı, qanını qaraltma. Elm aləmində belə-belə şeylər çox olur. Yel qayadan nə apara bilər? Heç nə. Qaya elə qayadı. O, sinəsini irəli verib fujeri birnəfəsə boşaltdı, bal udmuş adam kimi qalın dodaqlarını marçıldatdı.— Onu kimsə qızışdırıb salıb ortalığa — məni vurmaq, nüfuzdan salmaq istəyirlər. Heyf ki, Gülmirənin əlilə vururlar məni. Hə, nə gözlərini döyürsən, ye də! Dəvə nalbəndə baxan kimi nə gözlərini zilləmisən mənə? Yoxsa deyilənlərə sən də inanırsan? — Nadirə xanım dişlərini bir-birinə sıxıb:

– Yoxsa... sən elə bilirsən Gülmirənin dedikləri yalandır, Salman? — dedi,

– Ba, əlbəttə, yalandır, Nadirə xanım! Sən guya kosmosdan-zaddan gəlmisən, heç nədən xəbərin yoxdur?! Deyir Orxanı mən öldürmüşəm! Mən öldürmüşəm Orxanı? Hamı kimi sən də yaxşı bilirsən ki, yox! Füzulinin avtoqrafı məsələsi ağ yalandı — özü yazıb gətirib — əlyazması da məndədi. Gözünə soxacağam. Qaldı ki, Mirzə Yanarın əsəri... o da böhtandır. Mən hələ ağlımı, vicdanımı itirməmişəm, Nadirə! Mirzə Yanarın çörəyini yeyirəm mən. O mənim ustadım olub, dostum olub — bunları kim də bilməsə, sən yaxşı bilirsən. Mən ona xəyanət eləmərəm heç vaxt!!

– Bəs... Gülmirə deyir....

– Gülmirə çox şey deyə bilər. Kimdi onun sözünə inanan? Haqq var, divan var. Yoxlayarlar, baxarlar. Onda kimin haqlı, kimin böhtançı olduğu aydın olar.

– Bəs... Gülmirənin Aslanzadəyə verdiyi o qovluq nəydi elə? Mirzə Yanarın əlyazması deyildi?

Salman çaxır süzüb bir də içdi:

– Ha, ha. Ay sənin canınacan, Nadirə. Dünyaya avam gəldin, avam da gedəcəksən. Ay qız, mən uşağam, nəyəm səninçin? Burda bir kamediya olacaq, gəl görəsən. Baxarsan.

– Nə komediya, ay Salman? Bu, faciədi və mənim aləmimdə bundan böyük faciə ola bilməz. Səni ədəbi oğurluqda ittiham edirlər, sən də arsız-arsız gülürsən. Görünür, sən hələ dərk eləmirsən...

– Mən hər şeyi yaxşı dərk eləyirəm. Nadirə. Gülmirənin Aslanzadəyə verdiyi qovluq var ha, o qovluq ki, sənin kürkünə belə birə salıb, o mənim öz qovluğumdu.

– Necə yəni sənin öz qovluğundu?

– Çox sadə. O qovluq mənim «Nəsiminin sənətkarlığı» kitabımın əlyazmasıdı, başa düşdün? Məni çaşdıran bircə məsələdi

– o qovluq Gülmirənin əlinə hardan düşüb? Deyir mənə Orxan verib. Bəs Orxana hardandı bu? Bax, bunu bilmirəm, başımı ha sındırıram, yadıma sala bilmirəm. Sən bilirsən, Orxan mənim məhrəm adamım idi, bizə gəlib-gedərdi. Bəlkə onda götürüb? Niyə götürsün axı? Məqsədi nəymiş? - Görünür, — dərin bir ah çəkdi Salman — məqsədi elə məni rüsvayi-cahan eləmək imiş.

– Axı Gülmirə deyir ki, — bir az bundan qabaq onunla xeyli söhbət eləmişəm — deyir ki, əsər şübhəsiz Mirzə Yanarındı.

– Qələt eləyir Gülmirə.

Salman çox qətiyyətlə danışırdı. Bu qətiyyət eynən Gülmirənin sözlərindəki inama oxşayırdı. Görəsən bunların hansı düz deyirdi? Salmanmı, Gülmirəmi? Nadirə çaşıb qalmışdı. Kaş Salmanın söylədikləri həqiqət olaydı. Yoxsa bu boyda rüsvayçılığa Salman özü dözsə də, Nadirə dözə bilməyəcəkdi.

– De Ceyhun canı, o qovluq sənindi?

– Ba, sən mənə inanmırsan? Ceyhun canı, sənin əziz canın üçün Aslanzadədəki mənim öz əlyazmamdı. Sən nə danışırsan, Nadirə. Ürəyini buz kimi elə. Ancaq bu barədə heç kəsə heç nə demə. Eşitdin? Mən onların anasını ağlatmasam, onda Salman deyiləm. — O, qrafindən yenə şərab süzdü — Tak çto, quzu bala, belə şeylərdən sarı əhvalını qətiyyən pozma. Çörəyini ye. Ceyhun gəlməyib hələ?

«Heç xəbəri yoxdu ki, Ceyhun o biri otaqda, lül-qənbər yatır» — deyə düşünən Nadirə xanım:

– Ceyhun içib gəlib. Yatır. Dünyadan xəbəri yoxdur — dedi ürəyi ağrıya-ağrıya.

– İçib? Hə. Onda çağır gəlsin bura, bir az da atasıyla vursun.

– Sən nə danışırsan, Salman? — Nadirə çımxırdı — elə bir o qalmışdı ki, səninlə də içsin.

– Kişi içər də. Neyçün əsəbiləşirsən?

– Əsəbiləşərəm də. Hansı günümə sevinməliyəm? Sənin haqqında ağızlarına gələni danışırlar — bu bir dərd. Oğul gözümün qabağında pozulur — bu da bir dərd. Daha nə istəyirsən?

Daha nə olsun deyirsən, Salman?!

– Heç nə! Heç nə, Nadirə! Mən bu gün möhkəm içmək, axmaq adamları, mənasız dünyanı unutmaq istəyirəm, vəssalam. Başqa heç nə istəmirəm, — dedi və növbəti fujeri də başına çəkdi.

Nadirə bayaq nəsə danışan Salmanın sözlərinin içində ancaq bu son cümlələri yaxşı başa düşdü — ona elə gəldi ki, Salmanın dediklərinin içində ancaq bu sözlər səmimi idi, ürəyi vardı bu kəlmələrdə. Və yalnız indi ona yazığı gəldi Nadirə xanımın. Başa düşdü ki, özünü o yerə qoymasa da, laqeyd və biganə kimi göstərməyə çalışsa da, sarsılıb, üzə vurmur, içəridən çəkir. «Öyrədiblər» — deyir. Kimdi Gülmirəni öyrədib qızışdıran? Gülmirə yəni elə ağılsız idimi ki, onun-bunun sözüylə qollarını çırmalayıb ortalığa düşsün, Salmanı — həmişə xeyirxahı olmuş bir kişinin qəsdinə dursun, ürəyini partlatmaq istəsin?! Axı kimdən şübhələnir Salman?! Bax, gör nə qədər içib, aman allah! Bir qrafini boşaldıb! O, heç vaxt belə içməmişdi. Yəqin dərddən içir!» — Nadirə xanımın əsəbləri boşaldı, səhərdən boğazını tutub sıxan qəhər əridi, Salmana bəslədiyi qəzəb harasa uçub getdi. Heç nə deməməyi, danlamamağı qərara aldı. Onsuz da nə verəcəkdi bu, ona? Nəyi dəyişəcəkdi? Salman necəydisə elə də qalacaqdı — onu sözlə, şirin dillə dəyişmək mümkün idimi? Salman ipə-sapa yatan olsaydı, bu otuz il ərzində dəyişərdi. Nadirə xanımın taleyinə yazılan Salman belə Salman idi!!

Nadirə xanım əlini tikəyə uzatdı — yeməyə başladı. Az sonra gözünə işıq gəldi, başağrısı yox oldu. Kefi xeyli duruldu.

– Az iç, daha bəsdi, — deyərək qrafini ərinin qabağından götürüb kənara qoymaq istəyəndə Salman əlindən aldı.

– Bu gün mənimlə işin olmasın, arvad. Bu gün xətrimə dəymə, Nadirə! Məxsusi bunun üçün bağa getmişəm.

– Bilirəm. Mən də getmişdim dalınca.

– Sən? Haçan? — Salman səksənən kimi oldu.

– Elə indi ordan gəlirik.

– Gəlirik deyəndə kimnən getmişdin ki?

– Sakitlə. Gördüm yoxsan. Nigaran qaldım. Xahiş elədim məni bağa apardı Sakit. Gördüm yoxsan bağda da. Evin dalına baxanda-gördüm ocaq qalayıbsan, tonqal çatıbsan. — Bu sözləri deyəndə Nadirə sınayıcı nəzərlərlə Salmanın düz gözlərinin içinə baxdı. Salman çaşan kimi oldu.

– Tonqal? Nə tonqal? Hə, hə. — Bir az duruxdu.— Birdən-birə yaman üşüdüm, Nadirə. Gördüm ev buz kimidi, o qızanacan mən donacağam. Yandırdım tonqalı, çır-çırpını, meynə çubuqlarını bir yerə yığıb yandırdım. Elə ləzzət elədi ki.

– Tək çır-çırpı yandırdın orda?

– Nə?

– Sənə nə olub? Pis eşidirsən? Deyirəm tək çır-çırpı yandırdın orda?

– Hə. Başqa nə yandıracaqdım ki?

Nadirə qəribə bir rişxəndlə gülümsündü və bunu Salman tutdu.

– Axı nə yandıra bilərdim ey?

– Heç. Deyirəm birdən vicdanını da yandırarsan o tonqalda.

– Əh. Mən də deyirəm görəsən bu nə deyir. — O, ayağa qalxdı, gəzinməyə başladı — Vicdan odda yanmaz, Nadirə. — Sonra pəncərənin qabağına gəlib qaranlıq həyətə baxa-baxa düşündü: «Mən vicdanımı çoxdan yandırmışam, Nadirə. Bunu sən bilmirsən, heç vaxt da bilməyəcəksən.» Ah çəkdi, qayıdıb təzədən öz yerində oturdu, öz təbiətinə uyğun olaraq Nadirəyə əks-hücuma keçmək məqsədilə içkidən şişib ağırlaşmış göz qapaqlarını qaldırıb:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, doqquzuncu fəsil

Əfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.

8 dəq
Dördüncü hissə, on üçüncü fəsil

Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.

9 dəq
Dördüncü hissə, on birinci fəsil

Şahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.

11 dəq
Dördüncü hissə, on ikinci fəsil

Zərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.

11 dəq

Başqa şairlərin şeirləri