Karvan dayandı
Səhifə 1 / 4
Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.
Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Və necə ki, o yaz, indi də bu payız yaxındakı kiçik bir kənd hər axşam meşədən gələn o səsə qulaq asmışdı.
Kəndin ağır günlərində, zəmilər quraqlıqdan od tutub yananda, o səs səhrada tək qalanın eşidilməyən fəryadına dönürdü və qırılırdı qanadı çox uzaqlara uça bilmirdi, amma elə ki, çöllər bərəkətli yaşıllıqla örtülürdü, zəmilərdə qaraqılçıq sünbüllər dənli başlarını yerə əyirdi, o səs yenidən qanadlanırdı, kövrək bir ümidlə göyə ucalırdı və həmişə çox uzaqda olan səadət elə bil bir addım insana yaxın gəlirdi.
Amma kimin səsi idi o səs – bunu heç kəs bilmirdi.
Meşə yanındakı kiçik kənddən dəfələrlə o səsə doğru gedənlər olmuşdu, bir-birinə qoşulan qız və oğlanlar çox qalınlıqlara girişmişdilər, o məchul nəğməçini çox axtarmışdılar, amma hər dəfə əlləri ətəklərindən uzun geri qayıtmışdılar.
Buna görə idi ki, kiçik kəndin qızları hər dəfə axşamlar o səsə qulaq asanda, xəyal çəkirdi onları əfsanələr dünyasına aparırdı və röyasında gördüyü bir ahu gözlünün sorağıyla diyarbadiyar gəzən qara sevdalı bir aşıq gəlirdi gözləri qarşısında dayanırdı.
Çimnaz da hər axşam meşədən gələn o səsə qulaq asırdı, amma Çimnaz bir dəfə də olsun kəndin qız və oğlanlarına qoşulub o məchul nəğməçini axtarmaq üçün meşəyə getməmişdi, çünki ona elə gəlirdi ki, o nəğməçi kimdirsə, yalnız onu çağırır və əgər Çimnaz meşəyə getsə mütləq ona rast gələcəkdir və həyatında nə isə bir hadisə baş verəcəkdir və Çimnaz son günlər getdikcə artan bir həyəcan içində hər axşam o səsi dinləyirdi və ürəyini əzən anlaşılmaz bir intizar hissindən ürəyini xilas edə bilmirdi.
İndi bu axşam, günbatan çağı yenə meşədən o səs ucalmışdı və Çimnaz bu vaxt daxmaları qabağında torpaq artırmada üzü meşəyə sarı oturmuşdu, hər iki əlilə dizlərini qucaqlamışdı və çənəsini qolları üstə qoyub hərəkətsiz qalmışdı.
Birdən yaxında, kənd içində çoxlu at ayaqlarının tappıltısı eşidildi, Çimnaz diksindi, başını qaldırdı, kənd içindən keçən yola baxdı.
Kənd yolu ilə keçənlər Əlyar xanın atlıları idi, xan öndə, nökər-naibləri arxasınca ovdan qayıdırdılar, yəhərlərinin qaşları üstə ovladıqları cüyür və ceyran leşləri aşırılmışdı, tərklərinə bağlanmış xurcunların gözləri qızıl quşlarla – ovladıqları turac, qırqovul və sair çöl quşları ilə dolu idi.
Bu vaxt yolda nə oldusa, öndə gələn Əlyar xan cilovu çəkdi, at dayandı, arxadan gələn atların da cilovları çəkildi və bütün dəstə yola tıxanıb hərəkətsiz qaldı.
Bir kənd qızı üçün xan gözünə görünmək həmişə təhlükəli idi və Çimnaz ayağa sıçradı, qaçdı, özünü daxmaya saldı, amma içəridən daxmanın kiçik pəncərəsindən hər dəfə ötüb gedən yad atlılara baxmaq bir kənd qızı üçün həmişə ürəyi həyəcana gətirən bir tamaşa idi və Çimnaz daxmanın kiçik pəncərəsindən baxıb görəndə ki, xan atlıları meşədən gələn o səsə qulaq asırlar, qızın ürəyi anlaşılmaz bir təlaş içində sinəsində döyündü.
Xan isə bu vaxt öz atlılarına tərəf döndü:
– Kimdir bu oxuyan, – dedi, – və harda oxuyur bu adam?
Xanın qoca naibi atını irəli sürdü və ərz elədi:
– Xan sağ olsun, o kimdirsə, çoxdandır hər axşam bu meşədə oxuyur, amma hansı kənddəndir, kimdir və nəçidir – bunu hələ heç kəs bilmir.
Xan iki barmağının uclarıyla bığlarına tumar çəkdi, fikrə getdi və səsə qulaq asdı.
İndi bu payız axşamında o səsdə yenə elə bir həsrət dil açmışdı ki, kənddə böyük-kiçik hamı nəfəsin udub, yalnız o səsə qulaq asırdı.
Handan-hana xan yenə atlılarına tərəf döndü:
– Uşaqlar, – dedi, – mən çox xanəndələrə qulaq asmışam, ancaq belə bir səs eşitdiyim hərgiz yadıma gəlmir... Səs deyil bu, cavahirdir və kimdir o dəli-divanə ki, hər axşam orda meşədə oxuyur, halbuki o bu cavahir səsilə hər dəfə ariflər məclisində ətək-ətək simü-zər qazanardı...
Atlılar başlarını tərpətdilər, xanın dediklərini təsdiq elədilər.
Və xan yenə bir hovur o səsə qulaq asdı, sonra gözlərində nə isə işıldadı və dedi:
– Qulaq asın uşaqlar, bizim bugünkü ov dəstgahımız hələ natamamdır və o vaxt tamam olacaqdır ki, bu gecəki ziyafətdə biz o səsə qulaq asıb zövq alacayıq...
Atlılar bir-birinin üzünə baxdılar. Xanın bu gecəki ziyafətinə mahalın hər tərəfindən kübarlar, əşrəflər təşrif gətirəcəkdilər və Əlyar xan qapısıaçıqlığı və mehmannəvazlığı ilə ad çıxartmışdı və əgər bu gecə xanın məclisində o sirli meşə nəğməçisinin səsi eşidilsəydi, əlbəttə ki, bu hamını heyrətə salacaqdı, amma çifayda ki, bu qeyri-mümkündü və qoca naib xanı bu fikrindən daşındırmaq üçün dedi:
– Xan sağ olsun, dəfələrlə bu kənddən o meşəyə gedən olub, amma kimdir o meşə bülbülü, nə izinə düşüblər, nə üzünü görüblər.
Xan dodaqlarında acı bir təbəssüm qoca naibini süzdü:
– Naib, – dedi – biz adımızı ovçu qoymuşuq və o səsin haradan gəldiyini eşitdiyimiz halda məgər bizə yaraşarmı bu son şikarı əldən buraxaq?
Atlılar yenə heyrətlə bir-birinin üzünə baxdılar və xan biləyindən qamçı asılmış əlini meşəyə tuş tutub dedi:
– Haydı, gün axşam olmamış işə şiru eləyin və dörd bir tərəfdən o qalınlığı mühasirəyə alın, kəsin bənd-bərəni, pusqu qurun və bilin ki, şikar ovlanmamış gözümə görünsəniz – vayınıza oturram!
Xan nə demişdisə Çimnaz eşitmişdi və indi elə bil o səs də gəlmişdi, Çimnazın ayaqlarına qapanmışdı ki, nə üçün fəryadımı eşitmirsən, nə üçün boynunu bükənə rəhm eləmirsən, nə üçün bunca zülm etməyi mənə rəva görürsən?
Və Çimnaza elə gəldi ki, bu son fəryaddır, o bir daha bu səsi eşitməyəcəkdir, çünki o evi başına uçmuş kimdirsə, bu saat başının üstünü alan xatadan xəbəri yoxdur.
Çimnaz daxma içində çırpındı, nə edəcəyini bilmədi, özünü çölə artırmaya atdı, sonra tez geri qayıtdı, cuna yaylığını başına saldı və yaylığın ucunu çəkib üzünə yaşmaq elədi...
Sonra o vaxt ki, Əlyar xanın atlıları meşəyə doğru çapırdı, Çimnaz da kənddən çıxıb kəsə yolla meşəyə doğru qaçırdı...
O isə bu gün çox yorulmuşdu və gəlmişdi meşənin qalınlığında tufan yıxmış qocaman bir palıd ağacı üstündə oturmuşdu və başını qaldırmışdı, ağacların çətiri arasından görsənən axşam göylərinə baxmışdı, bu vaxt yenə batan günün işığı ilişib ağacların başında qalmışdı yenə aşağıda ağacların dibi qaranlığa batmışdı, yenə yuxarıda ağ buludlar altında iki qartal bir-birilə oynaşmağa çıxmışdı və o gözlərini qapamışdı, büllur səs dalğa-dalğa meşə üzərində ucalmışdı.
Və nə vaxt ki, o bu cür gözlərini qapayırdı və oxuyurdu – o ahugözlü, yaz olanda yazın tər çiçəklərini, payız olanda payızın xəzəllərini tapdayaraq meşə cığırı ilə ona doğru gəlirdi...
Orda o kiçik kənddə isə o ahugözlünü, qələmqaşlını, gün işığında gördüyü yadına gəlmirdi, çünki hava işıqlanandan qaş qaralana kimi bütün günü burda, meşənin bu qalınlığı içində keçirdi.
Və bütün kənd onu odunçu oğlu kimi tanıyırdı.
Hələ uşaqlıq illərindən başlayaraq o atasıyla bərabər bütün günlərini bu yarıqaranlıq meşədə başa vurmuşdu, gözləri bu dərinlərdəki qalınlıqların sirli kölgələrilə dolmuşdu, sonra artıq əldən düşmüş və çox qocalmış atası meşəni tərk eləmişdi və o bu ağaclar aləmində tək qalmışdı. İndi çoxdandı ki, o hər gün çox tezdən – dan yeri sökülərkən çiynində odunçu baltası ilə təkbaşına bu meşəyə gəlirdi, sonra bir də hava qaralanda dalına atdığı ağır odun şələsi ilə kəndin ucqarındakı daxmalarına qayıdırdı...
Bu axşam isə meşə elə bil onu caduya salmışdı, durub getmək istəmişdi, ayaqları gəlməmişdi, şələsi çoxdan bağlanmışdı, əyilib yerdən qaldırmamışdı, oxumuşdu, nəfəsini tükəndirmişdi, amma ürəyini əzən qüssə səngiməmişdi.
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-karvan-dayandi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Azərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Başqa şairlərin şeirləri
Məgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
O incə, nazlı baxışlar, o atəşin gözlərO incə, nazlı baxışlar, o atəşin gözlər,Həzin-həzin nə baxır, sanki aşiqin gözlər.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Səba, əhvalımı bir-birSəba, əhvalımı bir-birVarıb ol yarə ərz eylə.