Qızıl qönçələr
Səhifə 1 / 2
Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.
Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Böyük və zəngin bir şəhərdə yaşamışdı və bu şəhərin nə qədər tikintilərinin daş və kərpici, nə qədər böyük imarətlərin avadanlığı, ağır sandıqları, xalça və xalıları və səqfinə kimi dolu anbarların nə qədər saysız-hesabsız xaralları onun çiynində daşınmışdı və bu yüklərin hər birindən bir qırğı ilişmişdi, yapışmışdı, bir-biri üstünə qalaqlanıb həmişəlik çiyinlərində qalmışdı və hər gün belini bir az daha artıq aşağı əymişdi. Və indi o hər dəfə nəfəs alanda elə bil çiynində bir yük vardı, yuxarı qaldırırdı və hər dəfə nəfəsini dərəndə, elə bil çiynində bir yük vardı, aşağı endirirdi...
Son zamanlar isə qoca hər axşam günbatan çağı, eyni bir saatda, eyni bir vaxtda hara isə tələsirdi və bu vaxt əgər onun bəxti gətirsəydi, təsadüfən bir iş çıxsaydı, arxadan onu səsləyən, çağıran olsaydı belə, etina eləmirdi, geri dönürdü və indi elə bil gücü ancaq kölgəsini arxasınca sürüməyə çatırdı, çünki çoxlu döngələrə burulurdu, çoxlu dalanlardan keçirdi və tozlu küçələrlə çox yol gedirdi.
Və gəlirdi şəhərin ucqarındakı fərş fabriklərindən birinin darvazası qarşısında çoxdan qurumuş bir çinar ağacına söykənib dayanırdı.
Bəlkə bura, şəhər civarına gələnəcən qoca yorulurdu və bir an nəfəsini dərmək üçün burda bu ağaca söykənib dayanırdı ki, bir hovur dincini alsın?
Yox, burdan o yana qocanın ən ağır yolu başlanırdı və qoca hər axşam burdan o yana taleyinin ən ağır yükünü çiyninə alıb aparırdı.
Çox gözləmədi, səs-küy qopdu, fərş fabrikində iş qurtardı və fabrik darvazasından çıxan dəstə-dəstə irili-xırdalı qız və oğlan uşaqları küçəni doldurdu, sonra iki qız uşağı yeddi-səkkiz yaşlarında çox arıq və solğun bənizli, xurmayı saçlı və qonur gözləri çox işıqlı bir qızcığazı qolları üstündə qapı ağzına çıxartdılar.
Qoca yaxın getdi, minnətdarlıq hissilə əlini nəvazişlə hər iki kiçik yaşlı çadralı qızın başına çəkdi, sonra nəvəsini, balaca Süreyyanı qızların qucağından götürüb ehtiyatla arxasına aldı və döndü yola düzəldi.
İndi o bir ayaq-bir ayaq addımlayırdı, ağır-ağır nəfəs alırdı, çünki hər dəfə bu quş kimi yüpyüngül qızcığazı dalına alanda elə bil üstünə bir dağ uçulurdu və üstünə uçulan dağ isə taleyinin ona yüklədiyi ömür şələsi idi ki, son nəfəsinə kimi bu şələ həmişə onun çiynində qalacaqdı.
Hər axşam dalına alıb gətirdiyi və səhər yenə dalına alıb fərş fabrikinə apardığı qızcığaz qocanın aman zamanı idi və bu böyük dünyada bu kiçik varlıqdan başqa qocanın heç kəsi yoxdu, qızcığaz isə ayaq açıb yeriməyə başlarkən rütubətli və qaranlıq bir zirzəmidə şikəst olmuşdu, ayaqları tutulmuşdu, daha əvvəl anası hələ onu süddən ayırmamış vəfat eləmişdi, atası – qocanın oğlu isə qazanc dalınca qürbətə getdiyi gündən elə bil daş olub quyuya düşmüşdü və illər keçmişdi ondan bir xəbər gəlməmişdi və beləliklə tabdan düşmüş bir qoca ilə imdadsız bir qız uşağı amansız bir həyat qarşısında tək qalmışdılar.
Qızcığaz qocanın ağır sükutunu hiss elədi, təşvişə düşdü və dedi:
– Baba, bu gün sən çox yorulmusan?
– Yox, gözüm işığı, – dedi qoca, – bu gün heç bir iş görməmişəm.
Qızcığaz başa düşdü, elə isə babasının cibində bu gün də heç bir şey yoxdur və səngəkçi dükanı qarşısından keçərkən qocanı saxladı:
– Dayan baba, səngək alaq, axşama evdə çörəyimiz yoxdur.
Qoca dayandı, səngəkçi şagirdi bir neçə səngək bükdü, gətirib qocaya verdi və balaca Süreyya cəld əsgini andıran yırtıq çadrasının ucuna düyünlədiyi bugünkü muzdunu – iki qranı çıxartdı oğlana verdi.
Qocanı tər basdı, – deməli bu gün də axşam yeyəcəkləri bir tikə oppəyi yenə nəvəsinin kiçik əlləri qazanmışdı hər ikisi üçün...
Axşamlar isə onlar – baba və nəvə, rütubətli bir zirzəmidə, həsir üstünə salınmış və basma rəngi çoxdan solmuş qələmkar bir süfrə başında üz-üzə oturardılar və gündəlik cirələri adətən bir neçə səngək və bir yumru pendirdən ibarət olardı.
Və bu vaxt qoca yıxılıb yatmamışdan əvvəl qızcığazın gözlərinin bir az işıqlanması və dodaqlarına xəfif bir təbəssüm qonması üçün, bu miskin süfrə başında, bu qaranlıq zirzəmidə hər gecə bir-birindən rəngarəng nağıllar və əfsanələrlə nəvəsini öyləndirməyə çalışırdı. Qızcığaz isə nəfəsini udaraq babasına qulaq asar, qoca danışdıqca xəyalı almas saraylara uçar, əlvan rənglərin aşıb-daşdığı bir dünya onu ağuşuna alar, sonra gözləri qapanarkən yuxuları qızıl röyalara qərq olardı.
Və dəfələrlə bu röyaları ilə oynaqlığı arasındakı bir sərhəddə işıqlı bir otağın açıq qapısından gənc və gözəl bir qadın onu səsləyirdi, o dönüb bu qadına doğru yüyürərdi və bu qadın onun anası idi ki, nə canlı surəti, nə ölümü onun xatirində qalmamışdı və qala bilməzdi.
Sonra hava azacıq işıqlanar-işıqlanmaz qoca nəvəsini şirin yuxudan oyadar, çit çadrasına bürələyib dalına alar, gətirib fərş fabrikinin darvazası ağzında qoyar, özü isə bazara tələsər və hər dəfə rastına düşən ən ağır bir işə girişməyə, yorulmağa, əldən düşməyə, nəfəsini qaraltmağa hazır olardı – təki axşam evə qayıdanda balaca Süreyya üçün cibində bir ovuc kişmiş gətirə bilsin!
Bir ildən çox idi ki, balaca Süreyya fərş fabrikində işləyirdi və hər səhər gün çıxmamış fabrik irili-xırdalı yüzlərlə oğlan və qız uşağı ilə dolurdu. Bir-iki ustadan və fabrikin qoca nəqqaşından başqa, şəhər ucqarındakı bu fabrikdə bütün günü işləyən yalnız kiçik yaşlı uşaqlar idi ki, əksəriyyəti qızlardan ibarətdi və onlar iki-iki, üç-üç və daha artıq çoxluğu olan kiçik dəstələrlə böyük dəzgahlar qarşısında əyləşib bütün gün axşamacan çeşidli fərşlər toxuyurdular.
Süreyyanı isə özündən üç-dörd yaş böyük olan iş rəfiqələri hər səhər köməkləşib dəzgah qarşısındakı alçaq taxt üstündə oturdur, sonra özləri oturur, biri qızcığazın sağında, biri solunda yer tutur və dərhal sağ əllərindəki ucu qarmaq bıçaqlarıyla sol əllərinin çevik barmaqları al-əlvan ipliklər içində ritmik və sürətli bir rəqs ilə cadugərliyə başlardı.
Bir qayda olaraq işin ilik saatlarında uşaqlardan səs çıxmazdı, hamı sükut içində başı aşağı işlərdi, amma sonra vaxt keçdikcə, gün uzandıqca, yorğunluq və can sıxıntısı artdıqca, hərə öz-özünə bir mahnı zümzümə eləməyə başlardı ki, ürəkləri bir az yüngülləşsin, eyinləri bir az açılsın!
Sonra bir-birinə qarışan bu hənirtilər içindən bəzən kiminsə büllur səsi mahnıya çevrilib ucalarkən, dərhal digər səslər susardı və adətən bu mahnı da həmişə çox qüssəli olardı, amma bir az acı, bir az şirin təskinliyi ilə ürəklərini bir az ovundurardı.
Süreyya isə oxumazdı, çünki oxumaq üçün onun nə səsi vardı, nə mahnısı. O bütün günü işıqlı, qonur gözlərini çaldığı ilmələrdən ayırmadan, şəfqətə, sevgiyə susamış ürəyinin həsrətini elə bil barmaqları altından çıxan bütün bu əlvan və zərif naxışlara hörüb rəsm edərdi və buna görə idi ki, fabrikin qoca nəqqaşı da hazırladığı çeşidli çeşnilər içində qızıl qönçəli nəqşləri həmişə balaca Süreyya üçün nəzərdə tutar və o butaları və qönçələri ki, Süreyya toxumağa başlardı, elə bil onların üstünə gün ziyası düşsəydi, o saat hər biri tac yarpaqları açılmış bir qızılgül kimi göz qamaşdıracaqdı.
Lakin balaca Süreyyanın rəfiqələrilə bərabər toxuduğu o xalçalar sonra hər dəfə dəzgahdan götürüləndə qızcığaz kövrələr və baxıb doymadığı o qönçələrini o bir daha heç vaxt görə bilməzdi və beləliklə, o hər dəfə bu gün itirdiyini sabah yenidən yaratmaq üçün fabrik ustalarının qurub hazırladıqları növbəti hana qarşısında oturar və qoca nəqqaşın yeni nəqşəsi ilə yeni qönçələr toxumağa başlardı.
Bu il çox həzin olan payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi.
Qoca Firuz isə rütubətli və qaranlıq zirzəmisini qızdırmaq üçün hələ də kürsü qura bilməmişdi, odun və kömür yoxdu, şüşəsi yamaqlı bir çırağı işıldatmaq üçün qoca çox vaxt öz boğazından kəsib bir şüşə neft alırdı və gecələr balaca Süreyyanın yırtıq bir yorğan altında titrədiyini gördükcə səhərə qədər gözünə yuxu getmirdi.
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-qizil-qonceler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
İkinci hissəAzərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Başqa şairlərin şeirləri
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Zaman ol zaman idiXoş ol zaman ki, rus mənə həmzəban idi,İngilis elçisi ilə, Mirzə xan ilə
QızlarınAxşamdan yağan qar çıxıbdı dizə,Kəsilib bulaqdan yolu qızların.
TövbənaməSənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,