Səhifə 1 / 47

Bu xəlifə Məmunun Cahan şəhəri
Bağdad ilə əlbəyaxa olduğudur.
Və öz “Yaşıl inqilabı”nı
Öz əlilə boğduğudur.

1

Hicri ilə ikinci yüzilliyin sonları, miladi ilə doqquzuncu yüzilliyin əvvəlləri idi və bura Murğab çayı sahili, qədim Mərv şəhərinin civarı idi. Bu imarət xorasanlı Əbumüslümün keçmiş qəsri idi ki, Abbasilərin 7-ci xəlifəsi Məmun burda öz iqamətgahında təkbaşına qara atlas döşəkçəli məsnəd üstündə bardaş qurub oturmuşdu, əllərini bir-birinə daraqlayıb qarnının üstə qoymuşdu və yol çəkən sürməli gözləri yuxarı çevrilmiş açıq ovuclarında sanki gələcək taleyinin sirli cizgilərini oxuyurdu...

Nəhayət, bu gecə Mərvdən, taleyinin şəhərindən ayrılır, xilafətin hüdudunu tərk edirdi. Ürəyindəki ən böyük muradı ürəyində qalırdı. Onu taxta çıxartmış Xorasanla birdəfəlik vidalaşırdı. Və ikinci dəfə ona meydan oxuyan cahan şəhəri Bağdadın üstünə gedirdi.

Əgər vaxtilə peyğəmbərin silahdaşları olan dörd mömin xəlifə dövründə xilafətin paytaxtı Mədinə idisə, sonra Əməvi xəlifələri Dəməşqi paytaxta çevirmişdilərsə və daha sonra Bağdad Abbasi xəlifələri üçün paytaxt olmuşdusa, Məmun burda Mərv şəhərində yeddinci Abbasi xəlifəsi kimi peyğəmbərdən miras qalmış müqəddəs əbayə, qılınca və əsayə sahib olmuşdu və burda öz yaşıl inqilabına başlayaraq xilafətin Məşriq hüdudundakı bu şəhəri, hökmdarı olduğu islam dünyasının dördüncü paytaxtına çevirməyi qət eləmişdi.

Rəvayətə görə orta Asiyanın bu qədim şəhərini Məmundan min il əvvəl Makedoniyalı İskəndər bina eləmişdi. Və burdan hərəkət edərək Səmərqənd üstünə getmişdi və daha qədim adı Marakanda olan o şəhəri fəth edərkən dünya tarixinin ən böyük sərkərdəsi nida eləmişdi ki: “Səmərqəndin gözəlliyi haqqında nə eşitdimsə hamısı doğru imiş. İstisnası yalnız budur ki, bu şəhər mənim təsəvvür etdiyimdən daha gözəl imiş!”.

İskəndərdən min il sonra isə islam qoşunlarının zərbələri altında sasanilər İranı darmadağın etdi və sasanilərin sonuncu şahı Yəzd-Qord Şəhriyar qaçıb bura, Mərvə gəldi və burda Murğab çayı qırağındakı bir su dəyirmanında namərd dəyirmançı tərəfindən qarət edildi və öldürüldü.

Çox sonralar (Miladi ilə ikinci əsrin ortalarında) Əbu Müslüm Xorasani də “Zilli” adlı öz nəhəng və qara bayrağını burda qaldırmış və əməvi xəlifələrini devirərək Məmunun ulu babaları Abbasi xəlifələrini taxta çıxartmışdı.

Doqquz il əvvəl xəlifə Harun ər-rəşid böyük qoşun və böyük oğlu Məmunla, bura Xorasana gəlmiş, xəstələnib Tus şəhəri civarında qara məxmərli çadırı altında ölüm yatağına düşmüş, Məmun isə Mərvə gəlmiş və burdan üsyan qaldırmış Səmərqənd valisi üstünə qoşun göndərmiş, lakin Səmərqənd qiyamı hələ yatırılmamış Harun ər-rəşid vəfat eləmiş və Məmun atasını Tus şəhərində dəfn eləmişdi.

Və nəhayət, atalarının ölümündən sonra iki qardaş arasında – Məmun ilə Əmin arasında taxt-tac uğrunda başlanan və dörd il davam edən qanlı savaşlardan sonra Abbasilərin altıncı xəlifəsi Əminin kəsilmiş başı Bağdaddan bura, Mərvə Məmunun hüzuruna göndərilmişdi...

Hekayə

...Vaxtilə müqəddəs Kəbədə imzalanmış və orda qədim, məbədin qapısından asılmış əhdnaməyə görə Harun ər-rəşid iranlı qızı cariyə¹ Mərcəldən olan böyük oğlu Məmunu ikinci vəliəhd, baş hərəmi və əmisi qızı Zübeydə xatundan olan kiçik oğlu Əmini birinci Vəliəhd təyin eləməyə məcbur olmuşdu. Ona görə məcbur olmuşdu ki, Bağdad sarayında bir-birilə rəqabət edən ərəb əyanlarından ibarət saray ağalarıyla iranlı əyanlardan ibarət saray ağalarının gələcək xəlifə uğrunda apardıqları mübarizədə ərəb firqəsi, iranlı firqəsini üstələmiş və həddindən artıq şişman gövdəli Zübeydə xatun xilafətin birinci xanımı kimi tərazinin gözünü öz tərəfinə əyərək, oğlu Əmini birinci Vəliəhd təyin elətdirmişdi...

Sonra Harun ər-rəşid burda, Xorasanda Qədim Tus şəhəri civarındakı qara məxmərli çadırın altında can verərkən huşunun özünə gəldiyi saatların birində başına toplaşmış saray ağalarına üz tutaraq demişdi:

Eşidin və bilin ki, özümlə bərabər bura, Xorasana nə gətirmişdimsə hamısı böyük oğlum Məmunundur və o qoşun ki, mənimlə bura gəlmişdir məndən sonra Məmunun ixtiyarında qalacaq ki, böyük oğlum burdan Ceyhun nəhrinin o tayında tez-tez baş verən iğtişaş və qiyamları ram eləsin. Və sonra bura gətirdiyim xəzinə də burda saxlanacaq ki, Məmun qoşuna maaş verə bilsin və bir miqdar da özünün cib xərcliyi olsun. Dübarə eşidin və bilin ki, birinci Vəliəhdim və kiçik oğlum Əminin payın mən orda, Bağdadda qoyub gəlmişəm və ona elə böyük bir pay ayırmışam ki, bura gətirdiyim xəzinənin səkkiz məbləğindən daha artıqdır. Ona görə sərvəri-kainat peyğəmbərimiz məni o biri dünyaya, öz hüzuruna çağırandan sonra siz həmişə Əminin yadına salın ki, o müqəddəs Kəbədə and içib söz verib ki, xəlifə olandan sonra heç vaxt böyük qardaşı Məmunun payına əl uzatmayacaq və Bağdadda oturub xilafətin Məşriqində hökm eləyəcəkdir.

¹ Kəniz, qulluqçu

Lakin bu dünyada çox hökmdarların çox vəsiyyətləri, özlərilə bərabər dəfn edilmişdi, Harunəlrəşidin vəsiyyəti isə hələ cənazəsi dəfn edilməmiş unuduldu...

Bağdadda taxta çıxmış xəlifə Əmin dərhal qoşunu Xorasandan geri çağırdı. Dövlət xəzinəsindən Xorasana gətirilən sərvəti geriyə – Bağdada qaytardı və beşikdən körpə oğlunu özünə vəliəhd təyin elədi.

Qoşunsuz və pulsuz-parasız qalmış, üstəlik vəliəhdliyi ləğv edilmiş Məmun taleyinə meydan oxudu və Cümə namazı münasibətilə Mərvin cümə məscidində oxuduğu xütbədə qardaşı xəlifə Əminin adını çəkmədi.

Məscidi doldurmuş izdihamdan boğuq bir uğultu qopdu.

Ənənəyə görə Cümə namazı münasibətilə oxunan xütbədə xəlifənin adını çəkməyən bir vali bununla Bağdada tabe olmadığını bildirər və özünü idarə elədiyi vilayətin müstəqil hökmdarı elan edərdi.

Bu xəbər Bağdada yetişən kimi xilafət qoşunları qara bayraqlar altında Xorasana doğru hərbi yürüşə başladılar. Və xəlifə Əmin qiyam qaldırmış böyük qardaşının qolları bağlı hüzuruna gətirilməsi üçün qoşuna gümüş bir zəncir verib yola saldı.

Məmun isə dayıları hesab olunan xorasanlıları ayağa qaldırdı və üstünə gələn Bağdad qoşunlarını qarşılamaq üçün “Rey”¹ hərbi düşərgə rəisi taygöz Tahir ibn Hüseynin topladığı könüllüləri müharibə meydanına göndərdi.

¹ Vaxtilə indiki Tehran ətrafında olan coğrafi bölgənin adıdır. İndi o bölgədən həmin yerdə xarabalar və bəzi abidələr qalmaqdadır.

Abbasi xəlifələrin rəsmi dövlət rəngi qara rəng idi. Abbasilərin ikinci vəliəhdi kimi bu vaxta qədər qara geyimli olan Məmun qara çalmasını başından açıb atdı qara cübbəsini əynindən çıxarıb atdı və dedi ki: “Bu qara donlar ki, var cəhənnəm əhlinin libasıdır”.

Yaşıl rəng seyidlər üçün müqəddəs rəng idi və Məmun başına yaşıl çalma sarıdı, əyninə yaşıl cübbə geyindi. O, elan elədi ki, “Bu yaşıl donlar ki, var, cənnət əhlinin libasıdır”.

Və yaşıl bayraqlı Xorasan qoşunlarının komandanı Tahir ibn Hüseyn qələbə çaldığı hər döyüşdən sonra qədim Mərv şəhərinə, Məmunun hüzuruna kəsilmiş bir baş göndərdi.

Bir-birinin ardınca Məmunun ayaqları altına diyirlənən bütün bu başlar xəlifə Əminin bir-birinin dalınca məğlubiyyətə uğrayan ən məşhur komandanlarının başları idi...

...Nəhayət, Tahir ibn Hüseyn getdi öz qoşunları ilə Bağdad qapılarına qondu və sonra şəhər küçələrindəki qanlı döyüşlər qurtaranda, ordan – Bağdaddan bura, Mərvə Məmunun hüzuruna axırıncı qanlı bir sovqat daha göndərdi ki, bu Məmunun kiçik qardaşı və Abbasilərin altıncı xəlifəsi Əminin kəsilmiş başı idi.

Beləliklə, dörd il davam edən qanlı savaşdan sonra Xorasan seyidlərinin qılıncı Məmunu Abbasilərin yeddinci xəlifəsi kimi taxta çıxartdı və doqquz il vəliəhd Məmunun iqamətgahı olan Mərv indi xəlifə Məmunun paytaxtına çevrildi. Bağdad isə xilafətin Məşriq ucqarındakı bir Əcəm şəhərindən gələn xəlifə fərmanlarına boyun əyməli oldu...

“Tarixi eskizlər” dəftərindən:

(Alman şairi Şiller tarixi məqalələrinin birində qeyd edir ki, “Xəlifə Ömərin elmdən qarət etdiyini Xəlifə Məmun elmə qaytardı”. Şiller bu qeydində məşhur İskəndəriyyə kitabxanasının xəlifə Ömərin əmrilə yandırıldığını və xəlifə Məmunun əmrilə yunan filosoflarının ərəb dilinə tərcümə edilməsini nəzərdə tutur.)

Şübhəsiz Xəlifə Məmun ziyalı bir hökmdar idi və xilafətin ən məşhur alimlərini sarayına dəvət eləmişdi və Məmun ehtiraslı şətrəncçi, yaxud şahmat həvəskarı idi. Orta Asiyalı məşhur şahmatçı Rəb-rəbi sarayına gətirdərək tez-tez hüzurunda şahmat yarışları keçirərdi. Və özünün bu oyundakı uğursuzluğunu hökmdarlığının əzəməti ilə qarşılaşdıraraq tarixə belə bir cümlə bəxş eləmişdi ki, çox təəccüblü işdir ki, mən məşriq səmtində hinddən başlamış Məğrib səmtində Əndəlusə kimi, az qala dünyanın yarısına hökm edirəm. Amma eni ilə uzunu bir iki qarışdan ibarət olan bu taxta üstündəki otuz iki daşın öhdəsindən gələ bilmirəm”.

Və daha artıq fəlsəfə həvəskarı olan Məmun yenə burda, Mərvdə əqli ümman Rum alimi Aristoteli röyasında görmüşdü və röyada ondan sual eləmişdi ki, “Xeyir və yaxşılıq nədən ibarətdir?”. Aristotel cavab vermişdi ki, “Dini əqidə nə deyirsə ondan ibarətdir”. Məmun təkrar sual eləmişdi ki, “Daha nədən ibarətdir?”. Aristotel cavab vermişdi ki, “Kütlə və izdiham üçün nədirsə ondan ibarətdir”. Məmun üçüncü dəfə sual eləmişdi ki, “Və daha nədən ibarətdir?”. Rum alimi cavab vermişdi ki, “Və daha heç bir şeydən ibarət deyil” və bu röyadan sonra Məmunun əmrilə Aristotelin, Əflatunun və digər qədim yunan filosoflarının əsərləri ərəb dilinə tərcümə olunmağa başlanmışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 dəq
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 dəq
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 dəq
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 dəq

Başqa şairlərin şeirləri