Səhifə 1 / 3

Dönəydim qaval-daşa, qalaydım
Qobuda...

Aşıq Bilal (Şirvanlı)

Aşıq Valeh o qədər qocalmışdı ki, neçə-neçə yüz illər karvanını yola salmış, budaqlarının bir çoxu qurumuş, bəziləri qaralıb kösəyə dönmüş və başına tarixdən əvvəlki ildırımlar düşmüş qocaman bir çinara oxşarı vardı.

O qocaman çinara ki, iki kənd arasındakı torpaq yolun qırağında tək-tənha dayanmışdı, başını göylərə qaldırmışdı, bir neçə igid qucağına sığmayan gövdəsi iki yerə bölünmüşdü, qüdrətli və uca budaqlarından çoxu quruyub çılpaq qalmışdı, amma hər payız saralan yarpaqlarını yerə yağdıran və yazda yenidən yaşıl-zümrüd yarpaqlara bürünən digər budaqlarıyla elə bil özünü əbədiyyət qarşısında sərgiyə qoymuşdu.

Aşıq Valehin nəinki özü, hətta oğlanları və qızları o qədər qocalmışdılar ki, dizlərində hey qalmamışdı və kəndin aşağı başında səpələnmiş ev-eşiklərindən kəndin yuxarı başında tək-tənha yaşayan dədələrini görməyə gəlmək üçün üzü yuxarı yoxuşa qalxmaq, artıq çoxdandı ki, onların nəzərində uca bir dağ başına dırmaşmaq kimi əlçatmaz bir arzuya çevrilmişdi.

Amma aşıq Valehin yavaş-yavaş saçlarına dən düşən ən kiçik nəvələrindən ikisi günaşırı növbə ilə kəndin aşağı başından yuxarı başına at çapırdılar, babalarını görməyə gəlirdilər və hər dəfə qoca at ayaqlarının səsini eşidəndə, qənşəri bağçalı, güllü torpaq artırmaya çıxırdı, sağ əlini alnına sipər eləyirdi və deyirdi:

– Ə, Nağdalısan, yoxsa Mehralı?

Nağdalı, yaxud Mehralı çal bığları altında qımışardı və deyərdi:

– Nadalıyam, ay baba!

Və yaxud:

– Mehralıyam, ay baba!

Və qoca Nağdalının, yaxud Mehralının hıqqanaraq atdan yerə düşmələrini rəva görməzdi:

– Atdan düşmə, a bala, Allaha şükür bir paracıq əppəyim, bir kasacıq südüm var və gözəllər hələ mənə xələt verirlər, istəsəm igidlər də at göndərərlər...

Və qoca aşığa xələt verən o gözəllərdən axırıncısı qonşuluğundakı gənc bir gəlin idi ki, hər səhər bir kasa qaynar süd və bir dənə isti təndir çörəyilə çəpəri basıb bəri tərəfə keçərdi və hər dəfə Nərgiz gözlərinin xumar baxışlarını da bir an qocaya ehsan eləyib gedərdi.

Üstəlik o gəlini çox qısqanc idi, qoymurdu, nəvələrindən heç kəs qocaya bir cürdək ayran belə gətirsin!

Aşıq Valeh isə son dəfə o gəlinin toyunda çalıb-çağırmışdı.

O toyda ki, yaxın-uzaq, bütün kəndlər qocanın o toyda çalıb-çağıracağından xəbər tutmuşdu və axşam məxluq hər tərəfdən axışıb o toya gəlmişdi, gəlinin toyu el bayramına çevrilmişdi və el bayramına çevrilən o toyda hamı qoca aşığın son dəfə çalıb-çağırdığını bildiyi üçün, qoca cürə sazını çaldıqca boğuq və sınıq səslə oxuduqca kişili-qadınlı hamı o toyda doyunca ah çəkmişdi və çəkdikləri ahlardan ləzzət almışdı və heç kəsin gözündə yaş durmamışdı, hamı səssiz-səssiz ağlamışdı.

Nağdalı, yaxud Mehralı isə artıq babalarının qayğıkeşliyinə vərdiş eləmişdilər, ona görə at üstündən düşməzdilər, çünki at belinə sıçramaq vaxtları çoxdan keçmişdi və indi hər dəfə at üstünə qalxanda üzəngini tutmaq üçün hər ikisinin bığıburma oğlanları vardı...

Beləliklə bir hovur at üstündə babalarının hüzurunda dayanardılar, qocadan rüxsət almamış getməzdilər və qoca deyərdi:

– Ə, bizim uşaqlar necədilər?

Və Nağdalı, yaxud Mehralı həmişə dədələri üçün babalarından üzr istərdilər:

– Əllərini öpürlər, ay baba, dizlərinin heyi kəsilib, ancaq həyətdəbacada eşələnirlər, bir az da bostanda qurdalanırlar, sonra şil-küt olub bütün günü mürgü döyürlər...

Qoca aşığın ata ürəyi bir az kövrələrdi:

Qınama o tifilləri, ay bala, – deyərdi, – qocalığın üzü qara olsun... deginən xiffət eləməsinlər, olar gələ bilmir, mən gəlləm... Keçən həftə gəlməmişdimmi?

– Nə vaxt gəlmək istəsən xəbər elə, ay baba, at gətirrik, üzəngini tutarıq, bir az kənd içində gəzib-dolanarsan, tifillərinə də baş çəkərsən...

Qoca həsrətlə Nağdalının yaxud Mehralının altındakı ürgəyə baxardı, yavaşdan köksünü ötürərdi, sonra, birdən deyərdi:

– Ə, harda ot çalırsınız bu yaz?

– Aydın qırında, ay baba və nə qədər ki, gün şaxıyıb yonca yanmayıb...

Qoca nəvəsinin sözünü kəsərdi:

– Ta onda nə durub üzümə baxırsan, xoş-beş elədik, bəsdir, get işində ol, çünki bu dünyada hər şeydən birinci işdir...

Və Nağdalı, yaxud Mehralı atlarını çapıb gedərkən hər dəfə babalarının qarasına başlarını bulayardılar, çünki hər dəfə babaları qarşısında duyduqları heyrət və sevinci başqa cür ifadə edə bilmirdilər.

Qocanın nəvələri çapıb gedərdilər və o ağ duman ki, hər gün qocanın gözləri qarşısına bir az daha yaxın gəlirdi, çapıb gedənləri çox tez-tez gözündən itirərdi, sonra isə qocanın gözləri uzun-uzadı yol çəkərdi.

Nə yaxşı ki, nə qocalmış oğullarından, nə saçlarına dən düşmüş nəvələrindən heç biri qoca kimi ömrünü, gününü bu söz yanğısına qurban verməmişdi. O yanğı ki, hər dəfə söz ilə musiqini bir-birindən ayrılmaz iki əkiz bacı kimi dünyaya gətirmişdi və qəlpə-qəlpə ürəkdən qopan hər sözü cürə sazının sədasıyla gümüşləndirmişdi, səsinin uçarıyla pərvazlandırmışdı, sonra ağ bir quş kimi qaranlığı yaran bu nəğmələr getmişdi eli-obanı gəzmişdi, ürəklərdə işıqlı iz salmışdı və naxışlanmışdı, xalq yaddaşında həkk olunmuşdu.

Amma indi ki, artıq kitab qapanmışdı, çağlayan çeşmə tükənmişdi və ömrün bu son uc yolunda qışları ocaq başında mürgüləmək, yayları ağac kölgəsində sərinləmək zamanı çoxdan gəlib çatmışdı, səbəb nə idi ki, yenə nə isə deyilməmiş bir sözün, nə isə bəstələnməmiş bir saz havasının həyulası gecələr onu dara çəkməyə başlamışdı?

Məgər ki, vaxtilə ustadının ölüm yatağında dedikləri bir fal imiş? Sən xoşbəxtsən demişdi o vaxt, o inci sözlər qovvası, öz gənc şagirdinə, xoşbəxtsən ki, doğulanda bəxtin sənə belə bir tanrı vergisi ehsan eləmişdir, amma onu da bil ki, bu xoşbəxtlik sənə həmişə zülm eliyəcək, hətta qocalanda qocalığına da rəhmi gəlməyəcək və sağın ki, heç vaxt naşükür olmayasan!

İndi çoxdandı ki, uzaq yollardan gələn bir səs qocanı çağırırdı və hər gecə qoca aşığın yuxuları divardan asılıb qalmış sazının həzin sızıltıları ilə dolu olurdu.

Çünki qoca bütün ömrü boyu nə qədər saz havaları bəstələmişdisə, çiynində sazı, əlində qamçısı at belində çapıb toylara, el şənliklərinə getdiyi aran yollarında bəstələmişdi, sözlərini də o yollarda üzünə vuran küləklərin nəfəsi ona pıçıldamışdı.

İndi isə qocanı uçurdan qanadlar əlindən getmişdi, əgər ata minsəydi, gərək üzəngisini tutan olaydı, əgər üzəngisini tutan, onu at üstünə qaldıran olsaydı və o, üstünə mindiyi atın başın buraxsaydı, onda üzünə vuran küləklər onu at üstündən yerə ata bilərdi, yox əgər atın başın buraxmasaydı, özünü bir yabının belinə yüklənmiş bir yük tayına çevirsəydi, onda yollardan ilham bacın almaq əvəzinə, o yolların ancaq tozu-torpağı içində sürünəcəkdi.

Amma qoca getməli idi, hara gedəcəkdi və gedəcəyi yollardan geri dönəcəkdimi – bu və ya bundan daha qaramat bir fikir artıq onun ayaqlarını cidarlaya bilməzdi, çünki getməsəydi ürəyini əsarət altına almış bir səksəkədən xilas ola bilməyəcəkdi, o çeşmə ki, gözü tutulmuşdu, amma dibində nə isə qaynayırdı, son dəfə çağlayıb ürəyini suvarmayacaqdı...

Və günlərin bir günündə hələ üfüqləri qızarmamış, quşları oyanmamış, bir yaz səhərinin alaqaranlığında qoca ayağa qalxmışdı, köynək içindəki cürə sazını divardakı mıxdan çıxardıb çiyninə keçirmişdi, bucaqdakı qırmızı-qara naxışlı zoğal dəyənəyini əlinə almışdı və kənd hələ oyanmamış yola düzəlmişdi.

Hara getdiyini yolun ixtiyarına vermişdi, amma o tərəfə ki, yönəlmişdi, əgər yorulub yolda qalmasaydı, çıraqlar yananda yol özü onu birinci mənzilə, qonşu kəndə çatdıracaqdı.

O kəndə ki, hələ çox gənc ikən ordakı bir toyda taleyi qısa ömürlü səadətini ona göstərmişdi və o toydan sonra səsinin əks-sədası çox uzaqlara gedib çıxmışdı.

O gündən nəfəsini dərməmişdi, başında bir adı pünhanın sevdası diyarbadiyar çox gəzmişdi və bir ildən sonra geri dönəndə, o kəndin yüzillik palıdlarının qaramat kölgələri altındakı bir qəbiristanlıqda o adı pünhanın yalnız qəbrini öpmək ona qismət olmuşdu...


Sübhün şehi hopmuş yaz yollarında hələ toz yoxdu və bu yolların hər iki tərəfinə haşiyə çəkən yaşıl otlar, sarı çiçəklər, qırmızı lalələr də yayın qızmar nəfəsindən hələ qovrulub yanmamışdı.

Və indi qoca aşıq bu yaz yolunun ağını əlinə alıb gedirdi, həmişə bu yollarda at çapmışdı və tələsmişdi, bu dəfə piyada gedirdi və tələsmirdi.

O vaxt ki, kənd uzaqda qalmışdı, sinəsində bir zümzümə başlanmışdı və gah dərinə batan, gah üzə çıxan bu zümzümə elə bil toxunmaqda olan bir xalçanın çox davamsız iplikləri idi ki, tez-tez qırılırdı və yaxud boş düyünlü ilmələri idi ki, çox tez çözülürdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə

Azərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.

2 saat 40 dəq
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 saat 10 dəq
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 dəq
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 dəq

Başqa şairlərin şeirləri