Ay işığında
Səhifə 3 / 3 · 67%
Aşıq Cəlal isə həmişə əvvəlcə səksənirdi, sonra başını sağa əyib Salatının sağ əlindən öpürdü, sola əyib sol əlindən öpürdü, axırda başını geri qanırırdı və üzünü Salatına tutub oxuyurdu:
Zənəxdan üzünə, gül buxağına
Sərv qamətinə, boyuna qurban!
Səhər çağı göy çəməndə gəzəndə
Ağ əllərlə gül-çiçəkdən üzəndə
Danışmayıb gözlərini süzəndə
Demək istədiyin sözünə qurban!
Amma bu gecə aşıq Cəlal ahugözlüsünü çox gözlətmişdi, qızın ürəyini səksəkə ilə doldurmuşdu və indi Salatın bir istədi ki, getməsin, qoy səhər açılana kimi oğlanın gözü yorulu qalsın, ərisin şam kimi, fəraq oduna yansın...
Amma elə bu vaxt sazın səsləri elə bir fəryad qopartdı ki, Salatın sıçradı ayağa qalxdı, uzun hörükləri açıldı, kürəyindən aşağı axdı və bu hörüklərin ağırlığı qızın başın geri dartdı, Salatına məğrur bir maral görkəmi verdi.
Və qız birdən həyəcanlandı, tələsdi, çəpər yanına gəldi, ətəyini əlinə alıb alçaq çəpər üstündən çevik bir hərəkətlə dərə kənarına sıçradı, sonra bir qədər aşağı enib yamacdakı tanış cığırla baş alıb yarpaqları titrək qoşa qovaqlara doğru yönəldi.
İndi həmişə bu vaxt başlayan xəfif külək əsirdi. Sübhün yaxın olduğunu xəbər verirdi və qoşa qovaqların yarpaqları ay işığında balıq pulları kimi parıldaşırdı.
Salatın səssiz addımlarını yavaşıtdı, qovaq ağaclarının arxasına keçdi, astadan nəfəsini dərdi və qız bayaq nə üçün ansızın bir həyəcana qapıldığının səbəbini elə bil yalnız indi başa düşdü, aşıq Cəlal bu gecə qızın heç vaxt eşitmədiyi bir hava çalırdı və bu havada Salatını səsləyən o şəfqətli çağırış yoxdu, qız küskün bir halda ağaclara söykəndi və sazın sədası qızın başını yuxarı qaldırdı, üzünü göylərə doğru çevirdi, indi göyün yarısı qapqara buludlu, yarısı ağappaq işıqlı idi – hər dəfə aşıq Cəlal qızı çağıranda sazının səsləri güllü-çiçəkli olurdu, amma indi sazın səsləri sapının yarısı ağ, yarısı qara bir yumaq kimi çözülürdü.
Qız hiss elədi ki, nə isə olmuşdur və elə bil aşıq Cəlal gündüzün günorta vaxtı onu gözdən itirmişdi, sonra getmişdi əlində çıraq gecənin qaranlığında Salatını axtarmağa başlamışdı.
Salatının gözləri dumanlandı və sazın sehirli nəğməsi çəkdi onu bir röya aləminə apardı...
İndi ay yerini xeyli dəyişmişdi və qızın kölgəsi qocanın üstünə düşmüşdü.
Və arabir həzin külək bir az bərkidəndə qızın çiyninə dağılan saçlarının kölgələri gedirdi gah qocanın boynuna dolaşırdı, gah çözülürdü, yerə düşürdü.
Buna görə idi ki indi qoca da özünü bir röya aləmində hiss edirdi və sazının üstündən aşıb qarşısına düşən, tərpənən, titrəyən, gah sağında, gah solunda oynaşan bu kölgələrə baxdıqca ona elə gəlirdi ki, bütün bunlar vaxtilə vəsf etdiyi və indi artıq çoxdan bu dünyadan köçmüş, o xumargözlü gözəllərin xəyallarıdır ki, bu gecə gəlib qocanın başı üstünə əyiliblər, özləri ilə həyatın son sirrini gətiriblər, amma dilləri ölümlə lal olduğu üçün, qocaya o son sirri aça bilmirlər...
Salatın isə bu vaxt birdən elə bir təlaş hissinə qapıldı ki, dönüb özünü aşıq Cəlalın üstünə salmaq istədi, amma qız bir addım irəli atmışdı ki, gördü bu dərədi, gözləri geniş açıldı və donub yerində hərəkətsiz qaldı...
Çünki bir an əvvəl qızın kəskin hərəkəti ilə kölgəsi də yerindən sıçramışdı və bu qocanı elə bil yuxudan oyatmışdı, qoca dönmüşdü, başını geri çevirmişdi, arxasına baxmışdı və bu vaxtda üstünə gələn o xəyal büdrəmişdi, gözləri geniş açılmışdı və donub yerindəcə qalmışdı.
Qoca dönüb arxasına baxarkən gördüyü artıq röya deyildi, amma əvəzində bütün ömrü boyu gördüyü bütün röyalardan daha əcaib idi – çünki ayın gümüşü ziyalarına qərq olmuş, kəlağayısı başından siyrilib boynuna düşmüş, saçları çiyninə dağılmış ahugözlü bir qız gecənin bu aləmində gəlmişdi və başına keçən əsrin qarı yağmış bir qoca qarşısında dayanmışdı.
Və indi qızın geniş açılmış gözlərində elə bir heyrət və qorxu ifadəsi vardı ki, elə bil yerə qonan kimi nədənsə ürkmüş ağ bir göyərçin bu saat qanad açıb göyə uçacaqdı.
Salatın isə bir an donub qalmışdı, dili tutulmuşdu, nitqi batmışdı, sonra isə ixtiyarsız olaraq sinəsindən qopan kəsik çığırtını əlini ağzına çırparaq boğmuşdu və indi qocadan üz çevirib gəldiyi cığırla üzü kəndə doğru elə qaçırdı ki, elə bil o dəhşət ki, adı qocalıq idi, bir at yəhərləmişdi, o atın üstünə sıçramışdı və indi o at dördnala qızın arxasınca çapırdı.
Qoca böht içində əllərini gözlərinə çəkdi, amma bu aylı gecənin ona göstərdiyi xəyal yox olmadı, çünki hələ də qaçırdı və əlbəttə ki, o qaçan qız bir xəyal deyildi, bəlkə kiminsə yarı-vəfadarı idi, bu yaz gecəsində sevgilisinin görüşünə gəlmişdi, amma gənc sevgilisi əvəzində qarşısında qocalığın qaramat heykəlini görmüşdü. Tanrım, lazımdımı ona bu qədər qocalmaq, bir halda dünya yenə əvvəlki kimi gənc qalacaq və o qız kimi səndən üz çevirib qaçacaq, istərsən arxasınca at çap, çatmayacaqsan və yaxud çatıb ətəyinə əl uzatsan əlinə keçən həmişə bir boşluq olacaq...
Amma bütün bunlara rəğmən ürəkdəki o ümid ki, həmişə bir az dəli idi və sənin son nəfəsində belə möcüzəyə inamından əl çəkmirdi, indi elə bil qocanı da coşğun bir vəcd ilə sehirlədi və qaçıb gedən o xəyalı heç olmasa dönüb bircə an geri baxmağa məcbur eləmək üçün qocanın boğuq və sakit səsini də çəkib sinəsindən çıxartdı.
Qocanın sinəsindən qopan bu boğuq və sınıq fəryad isə gedib arxadan o qıza çatdı və qız büdrəyib dayandı və dönüb bir an geri baxdı.
Və qoca aşıq ağladı.
Amma indi əgər o qızın ağ xəyalı ürkmüş bir maral kimi ay işığında yenə yamac döşündəki cığırla baş alıb gedirdisə, qoca aşıq da sorağı ilə yola çıxdığı, arxasınca düşüb yol gəldiyi o son gizli mahnısına qovuşmuşdu və çoxdan susmuş sazı sarı bir quş kimi sinəsi üstündə oxumağa başlamışdı.
Və qoca bundan sonra yenə bu dünyada qalmaq üçün dönmək istəyirdi, o qaval daşa ki, elə bil o daş dünya yaranandan orda, Qobustan çölündə qayalıqlar içində düşüb qalmışdı və ora düşüb qaldığı gündən daş ürəyində saxladığı bir musiqi ilə əbədiyyət qarşısında dayanmışdı.
Bakı, 1944
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-ay-isiginda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Azərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Başqa şairlərin şeirləri
Könlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,