Yenə gözlərimə nur ələnibdir,Yenə bu təbiət təzələnibdir.Yenə səni görüb qürrələnibdi, –Günəş dağ başına qalxdı, dayandı.

Bu gecə taledən pay gəlibdir, pay,Bu gecə ulduzlar qopardı haray.Sildi pəncərəni bir buludlu ay,Pəncərədən bizə baxdı, dayandı.

Xoş anlar ömürdən mənə əzəldi,Yaz sevgi paylayan mehriban əldi.Fələyin özü də insafa gəldi,Hicranın evini yıxdı, dayandı.

Dünyada yaşarıq hərə bir haqla,Yığışıb köçərik bir təmtəraqla.Zamana dedim ki, karvanı saxla!Dağlar dəvə kimi xıxdı, dayandı.

Tale qoyun kimi bizi güdürdü,Ürək baş götürüb daha gedirdi.Fələk yolum üstə səni gətirdi,Fikrətin əlacı yoxdu, dayandı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale