Bu çayın çınqılı
Bu çayın çınqılı hamar…
Topalanar damar-damar.
Qaytar sürünü, quzuçu!
Ürəyimə qorxu damar.
Axşam düşür, su çoxalıb,
yolu kəsər.
Quzuların ayağını
çınqıl əzər.
Bu çayın çınqılı ağdır…
O tayı çiçəkli dağdır.
Qayıt, ümidim, tez qayıt!
Ayrılıq çox uzun axdı.
Axşam düşür, su çoxalıb,
yolu kəsər.
Quzuların ayağını
çınqıl əzər.
Bu çayın çınqılı xallı…
Çay boyu gedərlər «Yallı».
Xəyalımı su apardı
Gözlərim o tayda qalıb.
Axşam düşür, su çoxalıb,
yolu kəsər.
Quzuların ayağını
çınqıl əzər.
Bu çayın çınqılı xırda…
Çınqıllar danışır burda.
Bu qədər ki, həsrətliyəm
Çınqıl ollam mən axırda.
Axşam düşür, su çoxalıb,
yolu kəsər.
Quzuların ayağını
çınqıl əzər.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-bu-cayin-cinqili
← → düymələri ilə keçid, R — təsadüfi şeir