Şah (öz-özünə). Nə tövr eləyim? Doğrudan məclisi bir də açımmı, açmayımmı? Məşrutəni verimmi, verməyimmi? Vallah qəribə işə düşmüşəm, heç baş açmaq olmur.

Əmir Bahadır (daxil olur). Sənə qurban olum! Buyur bu kağıza qol çək, bu qələm, bu da mürəkkəb.

Şah. O nədir? Nə yazılıbdır?

Əmir Bahadır. Bu dəsti-xəttdir və içində də yazdırmışam ki, məşrutə şəriyyətə xilafdır və məclis də olmayacaqdır.

Şah. Bəs biz vədə vermişik ki, axı bu günlərdə məclisi açaq, neinki bilmərrə bağlayaq.

Əmir Bahadır. Sənə qurban olum, fərman sənindir, ancaq məclisi əgər bir də açsaq, nə qədər ki, İranda molla var, yəni İranın yarısı bir iğtişaş salarlar ki, Təbriz iğtişaşı onun yanında zərafət hesab olunar. Əgər mən qocanın bu sözlərinə inanmırsınızsa (ağzını qapıya tərəf tutub çağırır), Şeyx Fəzlullah, ay Şeyx Fəzlullah!

Şeyx (daxil olur). Salaməleyküm!

Əmir (ona). Mollaların sözlərin şaha ərz elə.

Şeyx. Sənə fəda olum! İran əhalisinin yarısından ibarət olan bütün mollalar mənim vasitəmlə hüzuri-alinizdən istirham edirlər ki, məşrutə verməyəsiniz və məclisi açmayasınız.

Şah (qol çəkir). Siz deyən olsun!

Əmir və Şeyx. Allah mübarək eləsin, inşallah! (Gedirlər.)

Şah (öz-özünə). Qurtardım.

(Bu əsnada ingilis və rus səfirləri daxil olur, şah onları qəbul edir.)

İngilis səfiri. Nə tövr oldu?

Şah. Nə?

Rus səfiri. Məşrutə əhvalatı.

Şah. Bu gün dəsti-xəttə qol çəkdim. Görəsən hava nə tövrdür? Gərək ki sizin Rusiya indi çox soyuqdur. Amma sizin İngilis, gərək, bir az isti ola.

Səfirlər. Bəli, Rusiya soyuqdur, amma İngilis istidir. Deməli, inşallah bu gün-sabah məclis açılar?

Şah. Hansı məclis?

Səfirlər. Buyurdunuz ki, qol çəkibsiniz... Dəsti-xətt veribsiz...

Şah. Bəli, dəsti-xəttə qol çəkdim, amma məclis açılmayacaqdır! Bizim şəriət elə şeyləri haram buyurubdur. Məşrutə – donuz əti, məclis, çaxır, bunlar hamısı bizdə haramdır.

Səfirlər. Mərənd alındığını zati-aliniz bilirmi?

Şah. Xeyr, məgər Mərənd alınıbdır?

Səfirlər. Bəli, Xoy da alınıbdır, Gulfa da, Səlmas da, qərəz bütün Azərbaycan əldən gedir.

Şah. Qəribə əhvalat var imiş! Heç mən bilməmişəm! Daha nə var, nə yox?

Səfirlər. Əgər məclisi açmasanız, sizin işləriniz çox xarab olacaqdır. Bəlkə bütün İranı təhlükəyə salarsınız. Bizim məsləhətimiz odur ki, məclisi açıb həm İranı sakit edəsiniz, həm də qonşuların iştahasını artırmayasınız.

Şah. Bəs axı məclis şəriyətcə həramdır, mollalar qoymaz.

Səfirlər. Əvvəla, Məhəmməd peyğəmbər heç bir yerdə deməyibdir ki, məşrutə və məclis haramdır. Və saniyən sizin şəriətinizdə var ki, əgər şərab bir naxoşluğa dərmandırsa, o halda şərab naxoş üçün halaldır. İndi də sizin İran naxoşdur və bunun dərmanı məşrutədir. Ona görə biz əminik ki, şəriət buna yol verər.

Şah. Görünür ki, siz bizim şəriəti də əzbərləyibsiniz. Siz avropalılar çox qoçaqsınız. Xub, əmr edərəm ki, o dəsti-xətti camaata bildirməsinlər. (Səfirlər gedirlər.)

Əmir Bahadır (daxil olur). Sənə qurban olum, kafirlər nə deyirdilər?

Şah. Deyirlər ki, gərək məclisi açasan, mən də baxıram ki, açmasaq onlar bizi lap təngə gətirəcəklər.

Əmir (fikir edir və sonra bir qədər bərkdən deyir). Görək kim kimi aldadacaqdır! – deyib əyilir və şahın qulağına sözlər pıçıldayır.

Şah (bir az fikirdən sonra). Xub, buyurunuz fərman yazılsın və məşrutənin verilməyəcəyi elan olunsun.

Küçədə əhali:
– Ta bərk sərə-kar in... əst
İran hələ ləng, ləng, ləngəst.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yevlax–Şuşa yolu

Heç nə!.. Dəmir yolu ki, çəkildi, Yevlax-Şuşa yolunun bütün ləzzəti qaçacaqdır!Heç insafdır ki, sən Allah, dilicanın, faytonun, furqonun istirahətini, ləzzətini dəmir yola verəsən? Dəmir yol o yerdə yaraşar ki, məsələn, bu gün Bakıdan gedəsən Yevlağa; Tiflisdən, Gəncədən gələsən Yevlağa və Yevlaxdan da dilicana minib, yel vura-vura sürdürəsən Şuşa şəhərinə.

3 dəq
Söhbət

İyul ayının dördü idi, dərya kənarında, təzə bulvarda gəzirdim. Yoruldum, bir skamyada əyləşdim. Bir nəfər qoca bir cavan bəy ilə oturub şirin söhbət edirdilər. Söhbətləri mənə çox xoş gəldi, tez dəftərimi çıxardıb yazdım.Qoca dedi:

3 dəq
Müəllimə

Onu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın... Müəllimə özu rus, şagirdlər müsəlman.Əvvəl gün dərs otağına girdikdə, uşaqların çirkli paltarlarından gələn iydən az qaldı ki, burnunu tutub çıxsın. Ətir və ənbərə öyrənmiş olan bu cür iylərə dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib mizlərin içində gizlədilmiş olan İran şirniyyatının (zəfəran, mixək, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk və piy iyisinə qatışıb, onsuz da əlliyə qədər adamın nəfəsi ilə pozulmuş havanı daha da bədtər etmişdi.

2 dəq
Pişik

Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi. O nağılın başı bu idi ki: bircəciyi var idi, bircəciyi yox idi, bircə qarı var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə.Dedi: – Ay buz, sən nə zalımsan?

3 dəq

Başqa şairlərin şeirləri