İkinci məclis

Fransa. Məncə, bu gün durub Türkiyə ilə pislik başlamağın heç bir mənfəəti yoxdur. Bu gün bu kişi heç birimiz ilə düşmən olmaq fikrində dəyil, mən bunu yəqin bilirəm.

Avstriya. Yaxşı, məgər mən deyirəm ki, Türkiyə ilə dava başlayaq?

Rusiya. Doğrudur, demirsən, amma...

Avstriya. Nə amma?

İngiltərə. Amma bu gün danışırlar ki, Bosna hersoqu özünə götürmək istəyirsən.

Avstriya. Kim? Mən? Əşi, ağlınız olsun, siz allah, Bosna hersoqu mən nə edəcəyəm? Mənim yerimmi azdır, adamımmı yoxdur.

Almaniya. Fransanın da yeri çoxdur və adamları da vardır, amma bununla belə Fası da udmaq istəyir.

Fransa. Əşi, Allah mənə lənət eləsin, hərgah elə fikrim varsa.

İspaniya (Almaniyaya). Sən nahaq yerə Türkiyəyə töhmət eləmə.

Almaniya. Bəs nə üçün Molla Hafizi təsdiq eləmirsiniz?

Fransa. Kim deyir eləmirəm? Eliyirəm. Ancaq mənim dediyim odur ki, elə olsun ki, sonra bunun içindən bir pislik çıxmasın ki, hamınız peşman olasınız.

(Bu əsnada Bolqariya gendən görünüb qaçır və qaça-qaça çığırır.)

Bolqariya. Vallah verməyəcəyəm! Ölsəm də verməyəcəyəm.

Dövlətlər (təəccüblə). Bu nə işdir?

Avstriya. Adə nə olub?

Türkiyə (Bolqarın dalınca yüyürür). Sənə deyirəm ki, qoy yerə!.. Qoy yerə, yoxsa daldan tolamaz da gəldi. (Yüyürür.)

Dövlətlər (onların dalınca yüyürür). Nə olub? Nə olub? Nə oğurlayıbdır?

Türkiyə (dayanır və dövlətlərə deyir). Görürsünüz bu bici?

Dövlətlər. Axı nə olub? O nə götürüb qaçır?

Türkiyə. Belə dəmir yolu.

Dövlətlər (iztirab ilə). Hansı dəmir yolu?

Türkiyə. Şərq dəmir yolunu!

Dövlətlər. Əşi, nə deyirsən? Ada yüyürün qoymayaq, orada bizim də payımız var, bu axmaq nə qayırdığıdır. (Yüyürürlər.) Bolqariya dalına baxıb lap bərk qaçır, dövlətlər yüyürüb onu tuturlar.

Avstriya. Yavaş, hələ vurmayın.

İngiltərə. Bura ver oğurladığını bu saat.

Rusiya (Türkiyəyə). Sən bir az səbrini bas, biz görək bunun sözü nədir!

Türkiyə. Özünüz bilin, orada Sizin payınız da var.

Bolqariya (zınqıldayır). Əşi, vermirəm, vermirəm!..

Rusiya. Qoçaq, sən nə üçün belə nahaq iş görürsən?

İngiltərə. Dinməz-söyləməz xalqın malını ver özünə.

Bolqariya. Əşi, vermirəm, vermirəm!

Fransa. Axı necə yəni vermirsən?

Avstriya. Bala, axı bu yol Türkiyənin deyil. Burada bizim də payımız vardır.

Bolqariya. Əşi, vermirəm, vermirəm.

Türkiyə (qolunu çırmalayıb). Yaxşı vermə!

Avstriya. Bəlkə onun əvəzində bir şey istəyirsən?

İngiltərə (o birilərinə). Sən bunun bicliyinə bax.

Fransa. Adə bir qarın çörəkdən ötrü xalqı xataya salma, ver özünə!

Bolqariya. Əşi, vermirəm, vermirəm! – deyib ağlayır.

Dövlətlər bir-birinin üzünə baxıb dururlar.

Üçüncü məclis sonra vaqe olacaqdı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri