Bir pərdəli komediya

Ə h l i - m ə c l i s:

M ə ş ə d i M i l l ə t – çoxdan bəri azarlamış bir kişidir.
M i r z ə M ü c a h i d – həkimdir, özü də and içir ki, bütün təbabət elmini su kimi
içibdir.
Məclis vaqe olur Məşədi Millətgildə, Məşədi Millət vayıldayır.

M ə ş ə d i M i l l ə t. Vay, azara düşən canım, vay, davasız dərdə giriftar olan bədənim, vay, vay!

M i r z ə M ü c a h i d. Nə olub sənə?

M ə ş ə d i M i l l ə t. Azarlamışam, dərdə düşmüşəm!

M i r z ə M ü c a h i d. Nəbzini görüm, azarın nədir? (Baxır.) Hə, bildim sənin azarın nədir, ancaq qorxma, heç bir şeyin yoxdur.

M ə ş ə d i M i l l ə t. Vay, vay!

M i r z ə M ü c a h i d. Səhər ertə yerdən duranda könlün bulanmayır ki?

M ə ş ə d i M i l l ə t. Yox!

M i r z ə M ü c a h i d. Gərək bulanmasın... Axşam çay içəndən sonra qusmağın tutmur ki?

M ə ş ə d i M i l l ə t. Heç çay içə bilirəm ki, vay!..

M i r z ə M ü c a h i d. Gərək içə bilməyəsən... Hə, ürəyin xiyar istəməyirmi?

M ə ş ə d i M i l l ə t. İstəyır!

M i r z ə M ü c a h i d. Gərək istəsin. Durduğun yerdə gözün qaralırmı?

M ə ş ə d i M i l l ə t. Bəli, qaralır!

M i r z ə M ü c a h i d. Bəs, gərək qaralsın... Badımcan dolmasilə aran necədir?

M ə ş ə d i M i l l ə t. Adını çəkmə, qusaram!

M i r z ə M ü c a h i d. Gərək qusasan... Gündə neçə dəfə ayaqyoluna gedirsən?

M ə ş ə d i M i l l ə t. Heç ayaq yoluna getmirəm!

M i r z ə M ü c a h i d. Gərək getməyəsən... Mənim rəhmətlik atamı tanıyırdın?

M ə ş ə d i M i l l ə t. Yaxşı tanıyırdım...

M i r z ə M ü c a h i d. Gərək yaxşı tanıyasan... Həbbi-səlatin versəm içərsənmi?

M ə ş ə d i M i l l ə t. İçə bilmərəm!

M i r z ə M ü c a h i d. Gərək içə bilməyəsən... Başın altına qoyduğun nədir?

M ə ş ə d i M i l l ə t. Pul kisəsidir...

M i r z ə M ü c a h i d. Gərək pul kisəsi olsun... Balıq yağının içinə bir az şəkər töküb içinə tüpürsəm, ağzına ala bilərsənmi?

M ə ş ə d i M i l l ə t. Yox, iyrənərəm!

M i r z ə M ü c a h i d. Gərək iyrənəsən... O kisənin içindəki puldan mənə verə bilərsənmi?

M ə ş ə d i M i l l ə t. Götür, yarısı sənin olsun!

M i r z ə M ü c a h i d. Gərək yarısı mənim olsun. (Pulu götürəndən sonra) Azarlının yanında həkimin çox oturmağı yaxşı deyil. Gedirəm, xudahafiz, amma heç qorxma, bir neçə gündən sonra ayağa durarsan. (Gedir)

M ə ş ə d i M i l l ə t. Ay, başım töküldü, ay, qarnım çatladı, ay, qıçlarım sındı, ay, gözlərim çıxdı, ay beynim, burnumdan gəldi, ay, vay, haray, həkim, həkim, həkim!!

(Pərdə salınır)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira