Ordan-burdan 104
Hər kəs istəyir ki, istibdadın və üsuli keyfi-mayəşanın əməlini gözü ilə görsün, buyursun gəlsin bizim Bakıya. Bakıya gələndən sonra, bilirəm ürəyi qısılacaqdır, çünki bu saat Bakı qızmağa başlayıbdır. Və ürəyi qısılandan sonra durub bayıra çıxacaqdır və qabağına gələn adamlardan soruşacaqdır ki, burada sizin gəzməli yeriniz haradır? Deyəcəklər ki, məsələn, “pasaj qabağı”. O da o saat gedəcək “pasaj qabağına” və görəcəkdir ki, doğrudan da pasaj qabağında o qədər adam var ki, “iynə salsan yerə düşməz”. Bir qədər burada gəzib görəcəkdir ki, xeyr ürəyi lap pis qısılır, çünki bir tərəfdən Bakının istisi, bir tərəfdən adamların istisi onu hal təbindən çıxardacaqdır. Belə olan surətdə onun yadına düşəcəkdir ki, Bakıda dərya var və bu dəryanın kənarı var ki, ona uşaqdan tutmuş böyüyə kimi hamı müsəlmanlar “naberejni” deyirlər. Gedəcək ora, bir qədər orada gəzəcəkdir, amma bir qədərdən sonra baxıb görəcəkdir ki, naberejnini hökumət qazaqları töylə qayırıb at saxlayırlar və pis iyi də başa çökübdür və özü də hiss edəcəkdir ki, günün hərarəti onun beynini bişirir, bir az da gəzsə, gic qoyun kimi fırlanmağa başlayacaqdır. İş belə olanda, qabağına gələn bir allah bəndəsindən soruşacaqdır ki, ay balam, bu sizin şəhərinizdə heç ağacdan, bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin? Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır ki, hardadır? Allah bəndəsi cavab verəcəkdir ki, filan yerdədir. O da filan yerə gedib axırda bağı tapacaq. Amma görəcəkdir ki, qapısı bağlıdır. Gedəcək o biri qapısına, görəcək o da bağlıdır. Gedəcək üçüncü qapıya, görəcək o da bağlıdır. Soruşacaq ki, ay camaat bəs, bu bağa hardan girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər, deyəcək bəs, bunun bağa nə dəxli var? Deyəcəklər ki, nə bilək! Deyəcək, bəs bu bağı şəhər üçün kim saldırıb? Deyəcəklər ki, şəhər upravası. Deyəcək bəs şəhər upravası bağın bağlanmasına nə deyir? Deyəcəklər ki, heç zad demir. Deyəcəkdir ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər ki, camaatın başı qarışıqdır. Soruşacaqdır ki, nəyə? Deyəcəklər ki, öz işlərinə. Soruşacaqdır ki bəs, işləri nədir? Deyəcəklər ki, qara pul güdmək və bir də adam öldürmək. Onda binəva qərib əhvalatı bilib deyəcəkdir ki, bəs elə isə, görünür, burada hökumət əhlinin keyfi kökdür.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-104
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“İrşad” və “Tərəqqi” qəzetələrində mühərrirlik etdiyimiz zaman bir takım qəzetəçi sənətindən layiqincə müxbir olmayan şəxslər məqalələrinin məzkur qəzetələrdə çap olunmadığından naşı, bizə etiraz edib “hürriyyəti-kəlamə yol vermirsiniz” deyirdilər. Lakin bu şəxslər orasını unudurdular ki, hər bir qəzetənin müəyyən bir məsləki olmalıdır. Ona binaən həman qəzetədə yazılan hər bir məqalə də haman məsləkə müvafiq olub, onun, yəni o məsləkin qarelərə təlqini yolunda xidmət etməlidir.Əks surətdə, yəni qəzetənin müəyyən bir məsləki olmadığı halda, o qəzetəni oxuyanlar ondan az mənfəət görürlər.
Oyan-buyan 1Birdən fərz elə, Avropada bir məmləkətdə, məsələn, Firəngistanda qəzetələrin hamısı durduğu yerdə bağlandı.Onda nə olar?
Halımıza dair 1Vətənimiz olan Qafqaziyada əhalimizin tərəqqisi cəhətindən qabaqda olan bir şəhərimiz varsa, o da Bakıdır. Doğrudur, Bakı şəhərində yaşayan və ədədcə müsəlmanlardan az olan sair tayfa əhlinin tərəqqisi onlardan ədədcə çox olan Bakı müsəlmanlarından iki-üç qat artıqdır. Amma genə də hər nə tövr olsa, sair şəhərlərimizə nisbətən Bakı şəhəri bu yolda çox qabaqdadır. Bu şəhərdə həm elm və həm hünər və sənayei-nəfisə get-gedə tərəqqiyə düşməkdədir və bu tərəqqi içində tərəqqiyi-məkusə bənzər bəzi hadisələr baş verirsə də, lakin bu hadisələrin nəticəsi yenə də həqiqi tərəqqinin müzəffəriyyətini bildirməyə başlayır. Doğrudur, bu şəhərdə hələ çox adam vardır ki, tərəqqini başqa bir rəngdə anlayır və bir çoxları da vardır ki, tərəqqinin nə olduğunu heç də anlamırlar. Bir çoxları da vardır ki, əhalinin tərəqqi etməsindən zərər və ziyanlarına düşdüklərini anlayıb apaşkara düşməni-tərəqqi olublar.Bir çoxları da vardır ki, anlamadıqlarından tərəqqiyə düşməndirlər – ürfi bu böyük şəhərdə hər bir cür fikir sahibi vardır. Amma yenə də həqiqi tərəqqi tərəfdarları getdikcə çoxalmaqdadırlar. Və bunların da həqiqi həyat və məişət haqqında qəbul etdikləri əqidə o qədər böyüyüb, o qədər tanınıbdır ki, onları hər vəch ilə olur olsun bu əqidədən daşındırmaq mahaldır. Bərəkət olsun ki, belə bir kamil əqidəni pozmaq və pozdurmaq xəyali-xamində olanlar da öz cəhalətləri ilə o qədər məşhurdurlar ki, daha bundan sonra onların sözləri heç kəsə təsir edə bilməz.
ƏhvalımızdanTərəqqi yolu ilə mədəniyyət sahibi olmuş məmləkətlərdə əhalinin həyat və məişəti dəfələrcədəkindən rahat və tərəqqiyə hal olunması aşikardır. Odur ki, o xoşbəxt yerlərin əhalisinin rəfah hal ilə yaşayıb da rahatca öz kəsbkarlarına məşğul olmaları bizim üçün həsəd ediləcək əhvallardandır.O yerlərdə hər bir kəs insanlığın və insan kimi ömür sürməyin yolunu bilib, bu nəhv ilə sərbəst və müstəqil yaşayırlar. Və belə rahat və azadə yaşamaq sayəsində günü-gündən bir şey ixtira edirlər ki, özlərinə və bütün insaniyyətə mənfəət yetirir.
Başqa şairlərin şeirləri · Satira
“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
Molla SuğraMolla Suğraya ziyarət eylə qismət, ya Hüseyn!Siğə olsun bir müsəlmana bu övrət, ya Hüseyn!
NəsihətEy xacə, çalış surəti-zahirdə qəşəng ol!İstərsən özün siyrəti-mə’nadə1 cəfəng ol!
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,