Müəllimlər ictimai

“Müəllimlər ictimai camaat məktəblərinin müdiri “Narodnıy inspektoru”nun
cavabdəhəndəliyi ilə onun təhti-sədarətində olmalıdır. Sədr nə vaxt istəsə məclisi
bağlaya bilər, habelə də üzvlərinin hansını istəsə məclisdən kənar edə bilər. İctimai 7
gündən artıq ola bilməz. Məclisə ancaq bircə inspektora tabe olan rayon müəllimləri
cəlb ola bilər, bundan başqa heç bir kəs məclisə buraxılmaz. Məclisdə təlimdən qeyri
heç müzakirə ola bilməz. İctimai edənlərin nə səsləri ola bilər, nə də qərarnamələri.
“Ministr iznnaməsi”

İ n s p e k t o r (syezdə yığılmış müəllimlərə). Xub, “isyezd”mizi başlayaq. Amma necə ki, sizə məlumdur hər bir məclisdə bir başçı adam, yəni bir sədr olmalıdır. Sədr kim olsun?.. Bu məsələni (əlini uzadır Peterburqa tərəf) ministr cənabları özü həll eləyibdir. (Döşünə döyüb çığırır.) Sədr mənəm! İndi mən ki, sizin inspektorunuzam və bir də sədrinizəm məclisi açdım, təvəqqe eləyirəm ki, qapıları bərk bağlayıb, oturasınız danışaq, ancaq qabaqca bircə məni arxayın eləyin görüm, içinizdə yad adam yoxdur ki?

M ü ə l l i m l ə r. Xeyr, yad adam yoxdur. Tək bir özümüzük!

İ n s p e k t o r. Dürüst baxın, yoxsa, sonra işin içindən xəta çıxar!

M ü ə l l i m l ə r. Vallah, heç kəs yoxdur, tək özümüzük.

İ n s p e k t o r. “Vallah” dediyinizə inana bilmirəm. Çünki siz “tazə müsəlmanlardan”sınız, Allaha inanmırsınız, düzünü deyin görüm, burada yad adam yoxdur ki?

M ü ə l l i m l ə r. hərgah inanmırsınız, durun zəhmət çəkib baxın, cəmi cümlətanı üç cüt bir tək adamıq! (kənarə) Utanmasa durub baxar!

İ n s p e k t o r. Sözün doğrusu, durub baxacağam, çünki mən ministrdən qorxuram, sonra xata çıxar (durub baxır, görür ki, yad adam yoxdur).

M ü ə l l i m l ə r. Hə, gördün ki, biz “tazə müsəlmanlar” hamıdan artıq Allaha inanırıq?

İ n s p e k t o r (utanır). Əşi, nə bilim, deyirlər ki, “tazə müsəlmanlar” Allaha, peyğəmbərə inanmırlar, görünür ki, sizin üstünüzə böhtan atırmışlar... Ancaq bunun syezdə dəxli yoxdur. Öz sözümüzü danışaq.

M ü ə l l i m l ə r d ə n b i r i. Cənab inspektor, izn verin bir söz deyim.

İ n s p e k t o r. Balam, bu gün olmaz, allah qoysa sabah danışarsan. Çünki indi gecdir, məclisi bağlayıram, durun gedin və sabah bir az tezdən gəlin danışaq.

M ü ə l l i m l ə r (gedə-gedə). Bəli! Bu gün belə iş getdi! Görək sabah nə olacaq...

İ n s p e k t o r. Məclisi açıram, indi hər kəsin nə sözü var danışa bilər. Allaha şükür, azadlıq verilibdir, siyasi, iqtisadi, ictimai məsələlərdən səvayı hər nə istəsəniz məktəb barəsində söyləyə bilərsiniz. Buyurun!

M ü ə l l i m l ə r d ə n b i r i. Biz müsəlman millətinin maarif cəhətincə geridə qalmağımıza səbəb...

İ n s p e k t o r. Yavaş görüm, hansı müsəlman millətini deyirsən?

M ü ə l l i m. Biz Rusiya müsəlman millətini deyirəm. Necə?

İ n s p e k t o r. Nahaq yerə sən elə sözlər danışırsan, Rusiyada müsəlman milləti olarmı? Rusiyada ancaq rus milləti ola bilər. Və bir də axı “millət” sözünün bura nə dəxli var? Sən gərək məktəbdən səvayı ayrı söz danışmayasan.

M ü ə l l i m (bilmir nə desin). Məktəb məsələsi lap vacib məsələlərin biridir...

İ n s p e k t o r (birdən). Tez ol, otur aşağa!

M ü ə l l i m (təəccüblə). Nə üçün, cənab inspektor?

İ n s p e k t o r (lap arxayın). Çünki mənim keyfim belə istəyir, ixtiyar sahibiyəm, istəsəm səni buradan qovaram da! Qoy indi də özgəsi danışsın.

B i r ö z g ə m ü ə l l i m (durub danışır). Bizim hamıdan geridə qalıb mədəniyyət və mərifətdən məhrum olmağımıza səbəb məktəblərimizin azlığıdır. Ona görə bizə vacibdir ki, səy edib...

İ n s p e k t o r. Mənə də vacibdir səy edib sənə deyəm ki, daha artıq müşərrəf eləmə!.. Dilotu yeməmisən ha! Bir-iki söz dedin bəsdir. Qoy elə olsun ki, hamı danışa bilsin. Otur!

B i r a y r ı m ü ə l l i m. Bizi hamı məzəmmət eləyir ki, biz bir vəhşi və qanıb-qandırmaz bir tayfayıq: Mənim buna heç bir sözüm yoxdur, amma, əgər insaf məqamına gəlib, işin əslini axtarasan...

İ n s p e k t o r. Qurtardın?

M ü ə l l i m. Xeyr, hələ tazə başlayıram.

İ n s p e k t o r. Ancaq uzun eləmə.

M ü ə l l i m. Bəli, əgər işin əslini axtarasan, onda hər bir sahibivicdanə məlum olar ki, burada məzəmmətə layiq biz dəyilik, bəlkə hökumətin özüdür ki, bizi...

İ n s p e k t o r (acıqlı). Hərgah bu saat buradan itilib, bayıra çıxmasan iki nəfər qaradavoy çağırıb deyərəm ki, səni aparıb qazamata soxsunlar.

M ü ə l l i m. Qaradavoylara zəhmət vermək yaxşı deyil, mən özüm bayıra çıxaram (çıxır).

İ n s p e k t o r (onun dalınca). Hərgah bu gedənin axırı anarxist olmasa mənə hər nə desəniz deyin. Bu cürəni işkolda saxlamaq olmaz. Gərək qovam getsin dərdinə!

M ü ə l l i m l ə r d ə n b i r i. İzn versəniz mən də danışım!

İ n s p e k t o r. Yavaş, hələ bir az acığım soyusun, yoxsa bu saat elə bilirəm ki, dünya başıma hərlənir (acığı soyuyandan sonra). Danış görək, amma tez qurtar, füzulluq eləmə!

M ü ə l l i m. Siz bu məclisi açandan özünüz buyurdunuz ki, allaha şükür azadlıq verilibdir...

İ n s p e k t o r. Xub, bu cürə sözlərin məktəb məsələsinə nə dəxli var?

M ü ə l l i m. Bir az iltifat eləsəniz, görərsiniz ki, çox dəxli var.

İ n s p e k t o r. Təvəqqe eləyirəm ki, mənimlə o cürə zarafatları eləməyəsən! Danışırsan məktəbdən danış, danışmırsan otur yerə. Daha “köhnə yorğan içi sökmə”.

M ü ə l l i m l ə r d ə n b i r n e ç ə s i. Qospadin inspektor, bu olmadı ki!..,

S a i r m ü ə l l i m l ə r. Yox, qospadin inspektor, bu cürə syezd olmaz ki, sən başlamısan. Buna polisxana deyərlər.

İ n s p e k t o r (acıqlı). Aha! Bunt eləmək istəyirsiniz?

M ü ə l l i m l ə r. İnsafın olsun, ay inspektor, məyər buna bunt deyərlər?

İ n s p e k t o r. Məktəbdən səvayı hər nə danışsanız hamısı bunt və iğtişaşa dəlalətdir!

M ü ə l l i m l ə r h a m ı s ı b i r y e r d ə (çırtıq çalıb oxuyurlar).

Gəlin gedək məktəbə,

Ay bəri bax, bəri bax!

İ n s p e k t o r (başı lovlu yügürür telefonun ağzına və tələsik general qubernatoru çağırıb deyir ki,). Vaşe prevosxoditelstvo! Tezcə ol bura 100 nəfər qazaq göndər. Uçitellər bunt eləyib, “Marselyez” oxuyurlar. Bir az keçsə bu evi dağıdacaqlar; tez ol ki, hökumət əldən getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 90

Belə rəvayət eləyirlər ki, stolıpinlər və sair ministirlər birinci dumanı dağıtdıqlarına görə çox böyük peşiman olub, əllərini dizlərinə çırpırlar və hərdən deyirlər: vay, fələk, evin yıxılsın, bu nə pis iş idi ki, bizim başımıza gətirdin! Fələk də deyir ki, balam, mən nə qayırım, əvvəlinci dumanı dağıdan da siz oldunuz, ikinci dumanı yığan da. Ministirlər də başlarını aşağı salıb, qəm və kədər ilə deyirlər: axı, biz nə bilirdik ki, ikinci duma belə yaman olacaq. Fələk də cavab verir ki, indi ki, siz heç zad bilmirsiniz...Da fələyin o biri sözlərini hələ eşitmək mümkün deyil; çünki burada “hürriyyəti-mətbuat”ın axır-uxurudur.

2 dəq
Hökumət və millət

Bəşəriyyətin tarixinə, tarixi-tərəqqi və təkamülünə bir nəzər atarsaq və hökumət ilə millət arasında törənmiş və getdikcə təqviyə tapmış münasibatına diqqət yetirərsək, bunu müşahidə edərik ki, millət və hökumətin bu münasibatı üç dövrə bölünür.Ən əvvəllərdə, demək olar ki, hökumət yox idi, onu icad edən millətin özü oldu, həmrəy və həmrahlıqla dolanmağın vəfaq və ittifaq ilə iş görməyin mənfəətini və gözəlliyini anlayacaq dərəcə ağıl və kəmalə malik olmayan millət özünün onun üçün rəhbər ola bilən və onu idarə edə bilən bir başçıya möhtac olduğunu görüb, öz arasından bir hakim seçdi. Daha doğrusu, hakim özü seçildi və bununla hökumətin əsası qurulub, getdikcə münazzəm və qəvi bir şəklə girdi.

2 dəq
Hökumət bəyannaməsi və Duma

İndiyə qədər hamı buna müntəzir idi ki, görsünlər, hökumət dumanın, yəni millət məbuslarının çağırılmasına razı olub da nə məramnamə hazırlayıbdır? Parlamenti, yəni məclisi-məbusanı olan dövlətlərdə qaydadır ki, məclis güşad edildikdən sonra hökumət idareyiməmləkət haqqında öz məramnaməsini açıb məbuslara bəyan edir. Məbuslar dəxi həman məramnaməni öz xüsusi məramnamələrinə vuruşdurub, müvafiq olmasa onu tənqid edər və bununla bərabər hökumətə ki, vüzəra heyətindən ibarətdir, ədəmi-etimadını göstərir. O surətdə vüzəra heyəti istefa verib əvəzində digər bir heyət təşkil olunar.Bizim hökumət yəni vüzəra heyəti dəxi öz məramnaməsini hazırlayıb duma əhlinə elan etməyə amadə idi. Bu məramnamə bir çox əhəmiyyəti haiz olduğuna görə, kəmali-intizar ilə gözlənir idi.

2 dəq
Ordan-burdan 91

Hamıya məlumdur ki, müsəlmanların içində bu cürə bir qayda vardır.Məsələn, birisi durub, bir söz deyəndə ki, filan iş belədir, o birisi cavab verər ki, yalançının özünə lənət! Əgər əvvəlinci desə ki, olsun, bil ki, yalançı deyil, yox deməsə və acığı tutsa, bil ki, yalançıdır.

2 dəq

Başqa şairlərin şeirləri · Satira