Müsəlmanlarda bir məsəl var, deyirlər ki: “Ağac bar gətirdikcə başını aşağı dutar”. Amma, bainhəmə müsəlmanlarda bir qayda vardır ki, onların “ağacları” bar gətirdikcə başlarını yuxarı dutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı duturlar ki, qapaz vurana “rahət” olsun.


Yenə müsəlmanlarda bir məsəl var ki: “Yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər”, amma bainhəmə müsəlmanlarda bir qayda da vardır, yaxşılıq elə at onların içinə, sairlərin xoşuna gəlsə də, müsəlmanların acığı tutar.


Yenə müsəlmanlarda bir məsəl var ki: “Əl əli yuyar, əl də üzü”, amma bainhəmə müsəlmanlarda bir qayda vardır. Əl əli sındırar, əl üzün, gözün tökər.


Yenə müsəlmanlarda bir məsəl var ki: “Əyri otur, düz danış”, amma bainhəmə müsəlmanlarda bir qayda vardır ki, həmişə düz və diz üstə oturub, əyri-müyri sözlər danışırlar.


Yenə müsəlmanlarda bir məsəl var ki...

Müsəlmanlarda məsəl çoxdur, amma, nə eləmək, əməl azdır və bir yerdə ki, məsəl çox ola və əməl az ola, o yerin işi... sözün doğrusu, çox uzundur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Biz ilə yevropalıların təfavütü

Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür … halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir….Ağappaq qap kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir kirvəngə mazut tök, bir addımdan məlum eləməz.

1 dəq
Bir dəlinin dəftərindən

Bir məsəl var deyirlər ki, ikiayaqlıya etibar yoxdur.Doğrudan da belədir, dünyada hər nə ikiayaqlı məxluq var, onların heç birinə etibar eləmək mümkün deyil.

3 dəq
Ordan-burdan 101

Belə rəvayət edirlər ki, Hindistanda bir biyaban var, dərvişlər o biyabana gedib dəyirmi bir cızıq çəkirlər və tamam 40 gün orada qalıb, axırda bilici olurlar. Amma deyirlər ki, hərgah bir dərviş 40 günün içində bu dəyirmi cızıqdan ayaq kənara qoysa, haman dəm onun üstünə şirlər, pələnglər, əjdahalar tökülüb parça-parça edərlər.İndi bizim dumanın üzvləri də gedib, Peterburqda Tavriçskiy saraya girib arxayındırlar ki, heç bir “şir”, “pələng”, “əjdaha”, yəni qaradavoy, filan onlara bir çırtma da vura bilməz. Amma di hünərləri var, oradan çıxıb dağılsınlar! Deyərəm ki, Pruşkeviç və yoldaşlarından savayı birini də yerdə qoymazlar, o saat tutub qazamata salarlar. Odur ki, indi pasxa bayramını bəhanə edib, hökumət onlara deyir ki, ay balam, daha bəsdir danışdınız, yorulubsuz, bayram gəlir, gedin bir az gəzin, sonra yenə qayıdıb gələrsiniz. Onlar da hökumətin bicliyini duyub, deyirlər ki, lotu, öz aramızdır, amma bizi tutub “voenni polevoy suda” verərsən! Qərəz, məzəli işdir.

2 dəq
"Tərcüman"ı oxuyanda

Bundan sonra, əzizim oxucu, bundan sonra fikrimdə var ki, bir müddət ağzımı açıb daha danışmayam. Bilirəm ürəyində deyəcəksən ki, çox da yaxşı olar.Elə mən özüm də deyirəm ki, çox da yaxşı olar, çünki özünüz arif adamsınız, çox yaxşı bilirsiniz ki, bu dünya elə bir dünyadır ki, görürsən, hər sözün üstə adam adamdan inciyir, adam adama ləc düşür və bir-birini görəndə dəvə nalbəndə baxan kimi baxır. Sözün doğrusu, mən nə nalbənd olmaq istəyirəm, nə də dəvə. Ona görə də elə bu gündən belə daha danışmayacağam.

2 dəq

Başqa şairlərin şeirləri · Satira