Pristav ağa
M... kəndində bir qəribə halətdir. Əhali bir-bir komalarından dışarı çıxıb, guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq, kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. “Allah özü sovuşdursun” – deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar titrəməyə məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquinə və yaxud mütəqəddim bir şəxsin vürudinə müntəzir idilər. Vaqiən belə idi: M... kəndinin əhalisi (Allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər. Dünən İran sərbazına müşabəhəti olan bir strajnik “bəy” kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyəndən sonra, “sabah pristav ağa gələcək” dedi və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri qayıtdı.
Şayani-diqqət burasıdır ki, strajnik bəyin kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi.
Strajnik bəy kənddən müfariqət edər-etməz, qonşular ev sahibi Kərbəlayı Bünyadəlinin yanına yüyürüb, “pristav nə səbəbə gələcək” – deyib sordular. Kərbəlayı Bünyadəli isə – strajnik bəy evində mehman olduğunu ehsas münasibətilə böyük bir şərəfə nail olmuş kimi qeyrilərinə nisbətən ali bir can sahibi olduğunu ehsas etdirmək üçün kəmali-kibr və qürur ilə “əşi, mən nə bilim? Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir, dayna!” – deyib xalqdan üz çöndərdi və onların atəşi məraqini söndürmədi... Pristav çox gec gəldi. Əhali kəsbü karından əl çəkib, bu günü pristav ağanı gözləməyə sərf etdilər. Hər kəs, pristav nə üçün gələcək? – deyə öz-özünə fikir edirdi. Ağanın bu qəsdini hər kəs bir bəhanə ilə özünə andırırdı. Məsələn, Cənnətqulu belə güman edirdi ki, “Pristav, Əliqulunun oğurluğunu eşidib gəlir”. Əliqulu isə deyirdi: “Ha! Pristav ağa Cənnətqulunun Məmmədcəfərlə savaşdığını eşidib gəlir və s...” Lakin “Pristav gəlir!” – bu ikisinin də hərdəm titrəməyinə səbəb olurdu.
Əlqissə, axşam çağı pristav gəldi. Müvasilətindən bir az müqəddəm kəndlidən birisi qışqıra-qışqıra, dili dolaşa-dolaşa: p... p... p... pristav ağa g... g... gəlir! – deyə camaətin vahiməsini son mərtəbəyə yetirdi. İtlər hürdü, uşaqlar ağladı, arvadlar “Allah sən saxla” – deyib, ora-bura qaçdılar. Kişilər də sapsarı saralıb itləri, uşaqları, arvadları sakit etməyə başlayıb, özləri onlardan betər qışqırırdılar.
Pristav ağa bir təmtəraq, bir təntənə, bir dəbdəbə ilə on nəfər cəlladməcaz strajniklərdən mütəşəkkil müini ilə belə çaparaq kəndə daxil oldular. Kəndlilər kəmali-inqiyad və itaət ilə cənab pristavı istiqbal etdilər və “sən bizim başımızın sahibisən” – deyib, əsnayi namazla rüku edən kimi, baş deyil, bədən əydilər. Lakin cənab pristav əhalinin belə izahari-təbəiyyəti-sadiqanəsindən əqmazi-eyn edib, keçən gün cibində “möcüzə” görünmüş sərbaz simalı strajniki təqib edərək, atını Kərbəlayı Bünyadın evi həyətinə sürdü.
Kərbəlayı, 70 sinn altında bükülmüş vücudunu 15 yaşına yetmiş cavana mənsub bir cümbüş və hərəkətə gətirib sıçradı və pristav ağanın “cismi-əzizi” atın üstündən yerə düşürdü. Strajniklər də kəndlilərin köməyi ilə atlarından yerə süqut edib, metad qaidəyə rəayət edərək topalanmış kəndliləri qamçı ilə şaparlamağa başladılar. Və atlarını otarmaq ilə özləri üçün də bir “yaxşı” yer hazırlamağa əmr etdilər.
O gecə M... kəndində bir neçə qoyun dəxi qurban edildi.
Sabahı günü Kərbəlayı Bünyadın həyətində şayani-təmaşa bir drama vaqe olurdu. Cənab pristav başıaçıq və əlləri ciblərində “özünü dartmış turac kimi” qapının ağzında durub, keçmiş padşahlara mənsub bir hökumət ilə cərgə ilə düzülmüş kəndliləri bir-bir və hərəsini bir növ ilə döydürürdü. Birisini libasdan xali edib, lüt əndamına qamçı vurdururdu, digərini saqqalından tutdurub, üzünə, başına sillələr çəkdirirdi, bir qeyrisini əlibağlı ora-bura çapdırırdı. Bəzisini yerə yıxıb, təpik altına saldırdı və sairə...
Döyüşə mübtəla olanlar hərdəm: “Bizim taqsırımız nədir, ağa, başuva dönüm” – dedikdə, cənab pristav və sonra da strajnik bəy tərəfindən bir neçə kəlmə föhşdən mütəşəkkil cəvabi – “şafi” alırdılar...
Bu drama səhərdən günortayadək imtidad çəkdi ki, ondan sonra pristav ağa, bu qədər zəhmətdən artıq yorulub, girdi otağa və kənd mollasının evində şərəfinə keşidə edilmiş ziyafətdə (bu ziyafətdə pristavdan savay bir də Kərbəlayi Bünyadəli var idi) mükəmməl surətdə bir nahar edib, istirahət üçün bir-iki saat şirin yuxuya müstəqrəq oldu... Bidar olduqdan sonra, Kərbəlayı Bünyad tərəfindən “Əbidanə” əta olunmuş kəhər ata rakib olub və kəndçilər tərəfindən “mübarək qədəmi” münasibətilə hədiyyə edilmiş quzuları (yağ, qatıq, pendir və s. məlum işdir) müininə tapşırıb, öz paytaxtına mütəvəccihən rəvanə oldu.
Ağa gedəndən sonra kəndçilər “Mumi ileyhin” sahibi təhəkküm bir zat olduğunu tosif və tərifə başladılar.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-pristav-aga
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Keçənlərdə idarəmizə Yevropadan bir nəfər adam uçub gəlmişdi. Söhbət arasında dedi ki, bizim Yevropada böyük bir həyəcan və qorxu vardır.Dedim:
TəhsilMən məktəbdə oxuyanda, bizim məktəbə təzə bir molla təyin eləmişdilər. Yəni bu molla “ekzamen” tutmuşdu və o “ekzamendə” heç bir kəs onunla bərabər ola bilməmişdi.Camaat belə deyirdi ki, dünyada heç bir elm yoxdur ki, bu axund onu bilməmiş olsun. Bu sözləri axund özü də təsdiq eləyib deyərdir ki:
Balaca felyetonBeş manat əhvalatı*Bir gün oturub dəftərxanada yazırdım. Gördüm bir müsinn şəxs qapını açıb məni işarətlə çölə çağırdı. Mən haman saat çölə çıxıb – nə buyurursunuz? – sualı ilə müraciət elədim. Kişi gözlərinin yaşını abibaran kimi axıdıb mənə dedi:
Pruşkeviç və Hacı XuduGünlərin bir günü Pruşkeviç ilə Hacı Xudu yatmışdılar. Pruşkeviç Peterburqda yatmışdı, Hacı Xudu da öz evində yatmışdı. Bunlar bir-birlərini yuxuda gördülər. Hacı Xudu ayıq olduğu zaman Pruşkeviç barəsində çox eşitmişdi ki, bu hərif müsəlmanların ziddinə gedəndir. Müsəlman xeyirxahı deyildir. Hətta bir jurnalda onun şəklini də Hacıya göstərmişdilər. Amma Hacı yuxusunda Pruşkeviçə baxıb gördü ki, hərif çox da çirkin deyildir. Gözündə çeşmək, əynində yaxşı libası, bir göyçək adamdır.Hacı Pruşkeviçə dedi:
Başqa şairlərin şeirləri · Satira
Üzümdə zahir etsəm nuri-imani, ağam cani,Düşürrəm ərşi-əladən Məsihani, ağam cani.
Mən bilməz idim bəxtdə bu nikbət olurmuşMən bilməz idim bəxtdə bu nikbət olurmuş,İzzət dönüb axır belə bir zillət olurmuş,
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
Knyaz Xasay Usmiyev haqqında həcvRəhim bəy Uğurlubəyova*Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,