Qarabağın keçmiş günlərindən
Səhifə 2 / 3 · 33%
Şəhərdə bir toy olmazdı ki, Xudadad bəy orada hazır olmamış olaydı.
Bir dəfə Xudadad bəyin atası Azad bəy bazarda durub öz “hərifi” Məşədi Fərruxu gözləyirdi. Özü də elə yer seçib durmuşdu ki, borclu olduğu dükançılar onu görmürdülər. Bir qədərdən sonra bir nəfər adam ona tərəf yaxınlaşmağa başladı. Bu adam papağı əyri, cır-cır çəkməli, yeriyəndə lovğalıq üçün iki tərəfə əyilən və qollarını canbaza çıxmış pəhləvan kimi atan bir oğlan idi. Azad bəy onu gendən görən təki tanıdı, lakin bir o qədər də şad olmadı. Bu oğlanın adı Səlim, ləqəbi isə “Cırıq” idi. (Hər adama bir ləqəb qoymaq şəhərdə çoxdan bəri dəb düşmüşdü: birisinə “Pəndir” Ələkbər deyirdilər, birisinə “Saqqal” Musa deyirdilər və birini “Dikdən qoru” adlandırırdılar və s.) Cırıq Səlim şəhərin qolçomağı (qoçusu) hesab olunurdu. Çünki bir dəfə bazarda birisilə dalaşıb, qaradovoyun yanında cibindən tapança çıxartmışdı və hərçənd qaradovoy tapançanı onun əlindən almaq istəmişdi, lakin Cırıq Səlim verməmişdi. Deyirlər ki, sonra Səlim qaradovoyun “könlünü almışdı”. Hər halda bunun cibindən qaradovoyun yanında tapança çıxması, yəni bu günə cəsarət və cürətin büruzu onu xalqın yanında başı uca etmişdi və şəhərin qoçuluğuna layiq olmuşdu... Xeyrat və ehsan günü mollalara edilən hörmət, toy günlərində buna edilirdi. Qərəz qoçu Cırıq Səlim Azad bəyə yaxınlaşıb salam verdi. Azad bəy tələsik cavab verib əl tutdu. Başladılar söhbət etməyə. Səlim dedi:
– Allah sağ eləsin, sizin Xudadad bəy əməlli-başlı oğlan olubdur.
Azad bəy:
– Necə?
Səlim:
– Hamı ilə danışır, gülür, toylarda yaxşı oynayır, çox yaxşı qumar da oynayır...
Azad bəy qızardı:
– Harada görmüsən? – dedi.
Səlim cavab verdi:
– Çox yerdə görmüşəm. Bir də dünən Quru Mustafanın toyunda idi. Məclisi çox şad elədi. Neçə dəfə gözəl oynadı. Hamını məəttəl qoydu. Allah onu həmişə səlamət eləsin. Ancaq bir o var ki, qumar üstündə bir az dava-dalaş eləyir, o yaxşı deyil...
Azad bəy qıpqırmızı olmuşdu. Səlim sözünə davam edirdi:
– Dünən o toyda bir neçə gədə-güdə vardı, onlar ilə dördaşıq üstündə bir az sözləri çəp düşdü, aralıqda bir çox yava söhbət oldu... Ancaq mən o gədələrə acıqlandım, istədim də döyüb onları məclisdən qovam, amma toy sahibi yalvardı ki, işin yoxdur, qoy pislik olmasın, yazıqdırlar... Sonra Xudadad bəyi kənara çəkib tapşırdım ki, bir də elə adamlar ilə qumar oynama, oynayırsan da mənim ilə oyna, Əsgər bəy ilə oyna, yoxsa gədə-güdələrə qoşulsan, camaat pis söz deyər. Söz verdi ki, oynamaram, xülasə mənimlə bir-iki aşıq tolladı. Gördüm ki, bəy yamanca hərifdir. O gecə mənim on beş manatımı uddu. Dedim zərər yoxdu...
Azad bəy utandığından bilmirdi ki, nə qayırsın. Əgər o hində yer yarılsa idi, haman dəm yerə girərdi. Oğlu Səlimi udmuşdu və Səlimi udan adamlar da qaydaya görə gərək haman pulu bir qədər də artırıb geri qaytara idilər. Binanən ileyh Azad bəyə lazım idi ki, Səlim bəyə bir iyirmi-otuz manat versin ki, həmi özünü sındırmasın və həm də bununla oğlunun eybini örtsün. Lakin dərd burası idi ki, bu halda Azad bəyin cibində iyirmi manat o yana dursun, iyirmi qəpik də yox idi. Əgər pulu olsaydı, burada boş-boş durmazdı, “hərif” tapıb, özü demişkən, çörək pulu qazanardı. Ona görə bir yandan pulsuzluq xəcaləti və bir yandan da oğlunun nalayiq hərəkəti binəvanı turp kimi qızardıb, su kimi tər tökməyə məcbur elədi. Bir-iki dəfə öskürüb əlini cibinə saldı və bir şey axtarmağa başladı. Cırıq Səlim sevindi. Yəqin elədi ki, Azad bəy pul çıxardacaqdır və ehtiram üçün istədi desin ki, “Əşi, lazım deyil, filan”, amma yaxşı ki, demədi. – Çünki bəyin cibindən pul əvəzinə papiros ilə dəsmal çıxdı. Bu isə Cırıq Səlimin kefini pozdu və bikefliyini bildirməmək üçün üzünü o tərəfə çevirib Azad bəy tərəfindən təklif olunan papirosdan çəkmədi ki, “Sağ ol, mən qəlyan çəkirəm” və tez xudahafiz edib getdi. Cırıq Səlim getdikdən sonra Azad bəy acığından dodağını dişləyib, oğlunu qaibanə hədələdi: “A namərd! Sən məni biabır elədin, adamlar yanında üzümü qızartdın, gör sənin başına nə oyun çıxardacağam. Allaha and olsun, əlimə bir odun alıb səni o qədər döyəcəyəm ki, şişib tuluq kimi olasan! Görək, əlbət evə gələrsən, binamus!”.
Bu hədədən sonra Azad bəy bir papiros da çəkib oğlu barəsində fikir etməyə başladı. Oğlunun uşaqlığı onun yadına düşdü. Necə o zaman Xudadad bəyi atası sevirdi, heç qucağından yerə qoymazdı. Dörd yaşında Xudadad bəyi alardı dizinin üstünə və dilini əzə-əzə deyərdi: “A küçük, ay it!”. Xudadad bəy də şirin uşaq dili ilə: “Əşi, küçük sənsən, it sənsən!” – deyib cınqılı əli ilə atasının üzünə şapalaq (sillə) vurardı. Atası deyərdi: “Yavaş, eşşək!”. Oğlu cavab verərdi: “Əşi, eşşək sənsən!”. “Vallah gözünü tökərəm!” – deyib, az qalardı balaca barmağı ilə atasının gözünü çıxartsın. Atası deyərdi: “Ada, adam da atasına söyərmi, a heyvan?”. Oğlu cavab verərdi: “Bəs sən mənə niyə söyürsən, a heyvan?”.
Bu mükalimədən sonra Azad bəy oğlunu qucaqlayıb marçamarç ilə öpərdi. Uşaq da: “Əşi burax!” – deyib dartınardı ki, xilas olsun. Axırda Gülnisə xanım gəlib uşağı ərinin əlindən alardı. Atası isə nökəri bazara aparıb oğlu üçün cürbəcür şeylər alardı. O vaxt Azad bəyin cib sarıdan kefi kök idi. Yüz manata pul deməzdi. Bazardan aldığı şeyləri evə gətirib tökərdi oğlunun qabağına və söyüşə-söyüşə yeyərdilər. Azad bəy oğlunu evdən çölə buraxmazdı. Qorxardı ki, oğluna göz dəysin. Evdə oturub həmişə öz yanında saxlardı. “Həriflər” ilə qumarzad oynayanda oğlunu da yanına çağırıb deyərdi:
– Otur burda, sənə pul udub verəcəyəm!
Doğrudan da udduğu pulun yarısını oğluna verərdi ki, bunu da sonra Gülnisə xanım tutub oğlunun əlindən alardı.
Xudadad bəy yeddi yaşına yetişdikdə atası onu “çastni” şkolaya qoydu və uçitelə tapşırdı ki, vurub eləməsin. Uçitel daxı bəyin sözlərinə əməl edib (çünki aybaşı öz vaxtında yetişirdi), Xudadad bəy dərsini bildi-bilmədi bir ağır söz də deməzdi və çox vaxt təriflərdi ki, görün necə təmiz uşaqdır, heç bir yeri cırıq deyil!
Azad bəy iki ildən sonra oğlunu “çastni” şkoldan çıxarıb realnı şkolaya qoymaq istədi, amma direktor onu qəbul etmirdi. O halda Azad bəy tanış müəllimlərindən birinin vasitəsilə direktor ilə aşna olub, özünün dövlətli bir bəy olduğunu ona qandırdı. Direktorun bu aşnalıqdan xoşu gəldi, amma yenə də dövlətli aşnasına məsləhət gördü ki, hələ bir qədər “çastnım obrazom” oxutsun, lakin Azad bəy qandırdı ki, oğlunu “çastnım obrazom” oxutmaq üçün heç olmasa bir yüz manat sərf etmək lazım gəlir. Yaxşı olmazmı ki, yüz manat özgənin cibinə girməyib elə direktorun özündə qala – bunu deyib əlini cibinə saldı. Direktor bir az çəm-xəm elədi, amma axırda yumşalıb yüz manatı əlində oynada-oynada dedi:
– Doğrudur, oğlunu qəbul etdim, amma yenə də deyirəm ki, oxuya bilməyəcəkdir. Çünki heç savadı yoxdur. Gərək onun dərsinə evdə diqqət yetirilsin.
Azad bəy direktoru arxayın elədi ki, “qorxma, inşallah, bülbül kimi oxuyacaqdır...”
Bu işlərin hamısını Azad bəy yadına saldı və oğlunun indiki oturub-duruşunu mülahizə edib çox pis oldu.
– Bəs, – dedi, – uşağın axırı xarab oldu... Mən nə qayırım? Oxumadı. Bütün əməyimi zay etdi. İndi də qumarbaz olub, Cırıq Səlim kimi adamlarla qumar oynayır. Allah ona lənət eləsin! Məni bihörmət elədi. Bazar içində adımı yerə soxdu. Nə qayırım? Evdə görəndə deyirəm: balam, oxumadın, oxumadın, barı gəzmə, dalınca pis söz deyirlər... Deyir, ey sənin borcun deyil. İstəyirəm döyəm – anası qoymayır, söyürəm, durub evdən qaçır. Yox, ta bu səfər gərək mən onun havasını alım. Atamın ərvahına, onu bir xubunca döyüb – baxmayacağam anasına – ayaqlarını bağlayıb salacağam otaqların birisinə, qoy orada dustaq olsun. Ondan savay əlac yoxdur!
Azad bəy bu niyyətlə yerindən tərpənib evinə getdi. Lakin oğlunu orada tapmadı. Gülnisə xanımdan soruşdu ki, oğlun hanı?
Dedi:
– Nə bilim, a başına dönüm, oğlum evdə olanda o qədər üzünü danlayırsan ki, yazıq baş götürüb evdən qaçır. Sən allah, bir də ona bir söz demə, vallah gədə lap bezar olub. Özüm də qorxuram, ürəyimə qara-qara fikirlər gəlir, pis yuxu görürəm. Allah özü saxlasın!..
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-qarabagin-kecmis-gunlerinden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ənvai-əksam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüzü, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işğal etməkdəyik – bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən “millətimiz cahildir, bacarıqsızdır, müsəlmandan bir şey çıxmaz” kimi sözlərin ağız sahiblərini bir yerə yığsaq, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə “ahu-zarına” istinadən camaatımızı bədbinlər cərgəsindən sayar. Yəni elə zən edək ki, biz “öz-özümüzü tərəqqiyə sövq etmək yolunda çox da çalışıb, çox vuruşub, lakin heç bir şey çıxmadığını və bundan sonra da çıxmayacağını anlayıb, məyus olmuşuq və bədbinlər cərgəsinə girmişik.Lakin bizim içimizdə başqa bir əksəriyyət də vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və “ahu-nalə” da etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən sayırlar. Yəni o şəxslərdən hesab edirlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər.
Ümumvladiqafqaz camaatına açıq məktubÜmumvladiqafqaz camaatından istifsar olunur: Doğrudurmu ki, Ümumvladiqafqaz camaatı Hacı Molla İsmayıl Molla Həsənzadə Gənceyini, Hacı Məmmədsadıq Əliyev Təbrizini, Hacı Yusif Qafarov Təbrizini və bir də Mustafa Aliverdov – Əliyevi vəkil seçib də, “Molla Nəsrəddin” jurnalı barəsində bir məqalə yazıb idarəmizə göndəribdirlər. Bunlar Ümumvladiqafqaz camaatının nasıl vəkilləridir ki, birisi Gənceyi, ikinci təbrizli və dördüncüsü də nerəli olmağı məlum dəyildirsə də, müsəlmanca bisavaddır.Rica olunur ki, Ümumvladiqafqaz camaatı bu barədə idarəmizə rəsmi bir kağız göndərməklə tez cavab versinlər.
Vladiqafqaz caamatına bir də açıq məktubƏfəndilər!“Molla Nəsrəddin” jurnalını təkfir və təlin xüsusunda idarəmizə dörd nəfərin imzası ilə bir məqalə gəlmişdi. Məqalənin axırında “Ümumvladiqafqaz camaatı tərəfindən vəkil” sözləri bizim diqqətimizi cəlb etdi. Və çünki biz məzkur vəkilləri tanımırdıq, ona görə açıq məktubla Vladiqafqaz camaatından soruşduq və əhval istədik. Sualımıza cavab olaraq idarəmizdə 70-ə qədər Vladiqafqaz sakinlərindən cavab gəldi ki, haman adamları onlar vəkil seçiblər.
Şeyxülislam həzrətləri və maarifDünənki nömrəmizdə Şeyxülislam həzrətlərinin Ümum qafqaz mədrəsəyi-ruhaniyyəsi inşası haqqında layihə yolunda yazılmış olan təklifini qarelərimiz oxudular, zənn edirəm.İdareyi-ruhaniyyəmizin başçısı tərəfindən sadir olan bu təklif şeyxülislamlığımız tarixində ən mühüm və mənidar bir vəqədir. Xoşa ki, bu vəqə bizim əsrimizə təsadüf etdi! İştə, idareyi-ruhaniyyəmiz başında nəhayət, bir zat oturdu ki, dərdlərimizi görür, ah və naləmizi eşidir və çarəsinə də yol arayır. O yolun da nədən ibarət olduğunu düşünə də bilir.
Başqa şairlərin şeirləri · Satira
Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə
Cümələrdə dükan açmaz bakılıCümələrdə dükan açmaz bakılı,İstəsən gəz Bakının hər yerini;
İranlı dedi – bildimİranlıların mən hamın həmmal sanıram,Tacirlərə bir kan imiş Iran, nə bilim mən.