Səhifə 3 / 3 · 67%

Azad bəy bir söz demədi və bir qədər otağın o başına-bu başına fırlanıb nökər Hüseynəlini çağırdı. Hüseynəli gəldi:

– Nə buyurursan, ağa?

Azad bəy:

– Get Məşədi Fərruxu çağır, de ki, ağam deyir gəlsin bir az söhbət edək. Özün də söz arasında Məşədi Fərruxa çatdır ki, kənddən ağanın yanına adam gəlmişdi ki, dəhyek pulu gətirmişdi... Qandınmı nə deyirəm? Di tez get!..

Bəzzaz Hacı Əsədin oğlu Rustəmin toyu idi. Gəlin gətirilən günün irəliki axşamı oğlan evində çox böyük məclis arəstə olmuşdu. Xalıgəbə ilə gözəlcə bəzənmiş böyük bir otağın içi toya yığılmış adamlar ilə dolu idi. Ən yuxarı başdan “padşah” oturmuşdu. Bu “padşah” qoçu Cırıq Səlim idi. Onun sağ və sol tərəflərində əyanlar düzülmüşdü; “Qarğa” ləqəbilə məşhur qəssab Əsgər, Dimdikburun Hümmət, dəlləkbaşı Körük Mərdan, Leylac Səfdər, Qayqac Məhərrəm və sairə. Bunlar həmi “vəzirlik” edirdilər, həm də “qaradovoyluq”. Aşağı tərəfdə oxuyub-çalanlar əyləşmişdilər. Bir nəfər xanəndə, bir nəfər tar çalan və bir nəfər də yerdönbələyi vuran lotu. Yerdə qalan camaat hüzzardan ibarət idi. Bunlar divarların dibində əyləşib, otağın ortasını məhz oynayanlar üçün xali qoymuşdular. Sazəndələr oxuyub-çalmayan vaxtda əhli məclis söhbətə, çay içməyə və papiros çəkməyə məşğul olurdu. Vəxta ki, sazəndə dəstgahlardan birisini oxuyurdu, hamı səsini kəsib huş-guş ilə qulaq asırdı. Ancaq hüzzardan birisinin kəmali-hüzn ilə ah çəkib “Uf, evin yıxılsın, ay fəraq” – deyə pıçıldamağı sakitliyi pozurdu. Dəstgah qurtarıb təsnif oxunduqda bütün əhli məclis kəmali-qaideyi-musiqi ilə çırtıq vururdular. Bunların içində elə bir mahir çırtıq vuranlar var idi ki, şaqqıltısı küçədə eşidilirdi və küçə ilə gedənləri də tərənnümə gətirərdi. Təsnifdən sonra rəng vurulurdu, yəni oynamaq havası çalınırdı. O halda əhli məclisdən birisi yerindən sıçrayıb artıq bir şərq ilə qol götürüb oynayırdı. Oynayanlar cürbəcürə qayda ilə oynayırdılar. Bəzisi gözlərini divarın bir nöqtəsinə dikib bir an oradan gözünü çəkmirdi. Bəzisi gülümsünürdü və çox vaxt ayaqlarına baxırdı ki, görsün düzmü işləyirlər. Bəzisi oynadığı yerdə əllərini qoynuna qoyub qaşqabağını sallayırdı, xalq demişkən çox “suryoznu” oynayırdı. Birdən olurdu ki, “vəzirlərdən” birisi “padşaha” danos edib xəbər verirdi ki, məsələn, Məşədi Cabbar çox gözəl uzundərə oynamaq bilir, amma nədənsə burada istəmir ki, oynasın. O halda “padşah” əmr edirdi:

– Çəkin ortaya Məşədi Cabbarı, sazəndələr də uzundərə çalsınlar!

Haman dəm vəzirlər və “qaradovoylar” şiri-əyan kimi yerlərindən qalxıb Məşədi Cabbarın üstünə hücum edirdilər və dartıb otağın ortasına çəkirdilər. Binəva Məşədi Cabbar and içirdi ki:

– Oynamaq bilmirəm!

Qızarırdı, tərləyirdi, dartınırdı ki, xilas olsun. Amma fayda vermirdi, axırda libası cırılacağını duyub, canını qurtarmaq üçün oynamağa məcbur olurdu. Lakin həqiqət də oynamaq bilmədiyi üçün dəli-divanə kimi bir qədər o başa-bu başa fırlanıb yenə yerində otururdu.

Məlum olsun ki, bizim Azad bəyin oğlu Xudadad bəy dəxi bu toyda hazır idi. Bir çox təmtəraq ilə cərgədə əyləşib damaq ilə papiros çəkirdi. Bu halda əhli məclisdən birisi yerindən qalxıb “padşaha” baş endirdi və dedi:

– Padşah sağ olsun, ərzim var! Təvəqqe edirəm ki, burada bir keçiməməsi çalınsın və Xudadad bəy də durub oynasın!

Əhli məclis ittifaq ilə ərizəçinin sözünə qüvvət verdi. Haman dəm keçiməməsi çalınıb Xudadad bəyi ortaya çəkdilər. Xudadad bəy isə Məşədi Cabbar kimi eləmədi, qol götürüb, sözsüz, hərəkətsiz oynamağa başladı. Xudadad bəy çox gözəl oynayırdı. Hamını valeh edirdi. O idi ki, əhli məclis onun oynamağından şövqə gəlib bir dəstfəşanlıq edirdilər ki, sədası asimanə bülənd olmuşdu. Bununla bərabər əhli məclis, “Afərin, odur ha! Uxxay!” hətta “bravo” sözlərilə, hiss etdikləri ləzzəti izhar edirdilər.

Oyun qurtarandan sonra Xudadad bəy hamıya baş əyib yerinə oturdu və “padşah” tərəfindən bir qırmızı alma ətasına layiq oldu.

Bir qədərdən sonra əhli məclisdən qumar oynayanlar ayrılıb o biri otağa girdilər. Xudadad bəy dəxi bunların içində idi. Burada qumarbazların bəzisi dördaşıq üstə otururdu. Bəzisi “bank” və “bakara” açdı, bir qədəri “asnas” qurdular və sairələri də nərdtaxta oynamağa başladılar. Bir-iki saatdan sonra hamısı çox hirs ilə iş görməkdə idilər. Aşıqların şappıltısı, nərdtaxtanın şaqqıltısı, pul cınqıltısı, “Aşığı qəlbi tulla!” sözləri, “Yalançıya Allah lənət eləsin!” avazı, “Mən ölüm, dilxor eləmə!” səsi otağı başına götürmüşdü.

Xudadad bəy üç nəfər sair yoldaşları ilə dördaşıq oynayırdı. Çox bərk qızışmışdı. Kefi də kök idi, görünür ki, atası kimi “çörək pulu” qazanırdı. Qolunu çırmayıb, ortaya yarım manat salıb deyirdi:

– At yarım manat! Yarım manatda məzarı. Amma qəlbi atmasan əlinə lənət!

Aşıq tullayan bu sözdən inciyirdi:

– Bəy, min dəfə demişəm əlimin üstündə bəd danışma! Axı dilxor eləyib qoymursan ki, görək nə oynayırıq. Ala, qəlbi atdım. Aşıq hey!.. Əh... içinə lənət! Toxandır, əşi qoyursanmı ki, biz burada pul qazanaq! – deyib hərif aşığı buraxırdı...

Dördaşıqdan Xudadad bəy iyirmi manat pul udub durdu ayaq üstə və istədi getsin, lakin yoldaşları buna razı olmayıb dedilər ki:

– Oyundan qaçmaq olmaz, ya otur bizi lap ud və ya ki, pulunu uduz!

Xudadad bəy dedi ki:

– Canım, ta mən dördaşıq oynamaq istəmirəm, bank oynayacağam, gedirəm.

Amma yoldaşları qoymadılar, xülasə bir çox söz və hərəkətdən sonra Xudadad bəy təkrar oturub, yenə oynadı. Lakin çox çəkmədi ki, həriflərin bir azca qalmış pullarını təmiz udub durdu və sonra gedib bank və bakara oynayanlara qoşuldu. Görünür ki, bu gecə Xudadad bəyin əli yaxşı gətiribmiş; bank oyunundan da bir əlli manat udub qoşuldu asnasa... Qərəz hər bir oyun oynadı və hamısında da uddu. Sonra papağını əyri qoyub uduzanlara yanıq vermək üçün papiros damağında olaraq o tərəf-bu tərəfə gəzməyə başladı. Bu halda Xudadad bəyin heç fikrinə də gəlmirdi ki, evdə anası onun yolunu kəsdirib, əli qoynunda intizardadır... Belə rəvayət edirdilər ki, o gecə Xudadad bəy üç yüz manat qırx doqquz qəpik pul udubmuş. Bir çox adam ona həsəd aparıb, bəziləri də iqrar edirmişlər ki, bu qədər pula bir baqqal dükanı açmaq mümkün imiş...

Toy axşamının səhərisi saat altıda şəhərin bir məhəlləsində zurna və nağara ilə bəzzaz Hacı Əsədin evinə gəlin gətirdilər. O biri məhəlləsində isə Azad bəyin evindən “şaxsey, vaxsey” ilə qəbiristana tərəf meyit aparırdılar. O tərəfdən gəlin aparanlar zurnanın havasını oxuyub deyirdilər ki, “Gəl, gəl ay mənim maralım!”, bu tərəfdən isə meyitin qabağında gedən tələbələr səs-səsə verib deyirdilər ki, “Sübhanallah, vəlhəmdəlillah... Allahu əkbər...”. O tərəfdən “Urra, Urra!” və sonra “Allah, Allah!” – deyib Allah-taaladan tofiq və səadət diləyirdilər, bu tərəfdən isə bunlar da “Allah, Allah!” deyib xudayi-yeganədən rəhmət və əfv istirham edirdilər... Bu halda şəhər əhlindən Kərbəlayı Binnətqulu adlı bir baqqal öz tanışı əttar Məşədi Yadigar ilə görüşüb salamlaşandan sonra Kərbəlayı soruşdu:

– Məşədi Yadigar, bu ölən kimdir?

Məşədi cavab verdi:

– Bu ölən, Kərbəlayı Binnət, Allah rəhmət eləsin, Azad bəyin cavan oğlu Xudadad bəydir.

– Buy, Allah rəhmət eləsin... – deyib Kərbəlayı Binnət məəttəl qaldı: – A kişi, dünən mən ki, onu bazarda sağ-salamat gördüm ki? Ona nə oldu ki, belə tez öldü?

Məşədi cavab verdi ki:

– Özü ölməyibdir, yazığı öldürüblər. Çox da yaman dərd ilə öldürüblər.

Kərbəlayı:

– Vay yazıq! Görəsən kim öldürübdür?

Məşədi:

– Nə bilim, Allah bilir, ancaq o məlumdur ki, bu gecə bəzzaz Hacı Əsədin toyunda imiş, özü də səkkiz yüz manat pul udubmuş. Yazığı aldadıb çölə aparıblar və orada bıçaq ilə başını kəsib cibini soyublar...

Kərbəlayı Binnət bir ah çəkdi:

– Ax! A dünya, necə xarab olubsan. Yazıq Xudadad bəy, Allah sənə rəhmət eləsin, yaxşı uşaq idi, görəsən atası, anası nə haydadır?

Məşədi Yadigar çiynini tolladı:

– Nə hayda olacaqlar, gözlərinin ağı-qarası bir oğlan idi, ya onu öldürdülər, ya ki ata-anasını öldürdülər, nə təfavütü var!..

Bir qədər sükutdan sonra Kərbəlayı soruşdu ki;

– Hara gedirsən?

Məşədi cavab verdi ki:

– Dükana gedirəm!

Kərbəlayı dedi:

– Mən də dükana gedirəm, – sonra bunu da artırdı ki, – təzə yağ gətirmişəm, lazım olsa uşağı göndər bir az aparsın evinizə.

Məşədi Yadigar dedi:

– Çox yaxşı, göndərərəm. – Sonra o da Təbrizdən təzə həna ilə yaxşı qara çay gətirdiyini Kərbəlayıya qandırıb xudahafiz etdi, biri sola getdi; biri də sağa...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Halımız

Ənvai-əksam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüzü, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işğal etməkdəyik – bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən “millətimiz cahildir, bacarıqsızdır, müsəlmandan bir şey çıxmaz” kimi sözlərin ağız sahiblərini bir yerə yığsaq, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə “ahu-zarına” istinadən camaatımızı bədbinlər cərgəsindən sayar. Yəni elə zən edək ki, biz “öz-özümüzü tərəqqiyə sövq etmək yolunda çox da çalışıb, çox vuruşub, lakin heç bir şey çıxmadığını və bundan sonra da çıxmayacağını anlayıb, məyus olmuşuq və bədbinlər cərgəsinə girmişik.Lakin bizim içimizdə başqa bir əksəriyyət də vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və “ahu-nalə” da etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən sayırlar. Yəni o şəxslərdən hesab edirlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər.

2 dəq
Ümumvladiqafqaz camaatına açıq məktub

Ümumvladiqafqaz camaatından istifsar olunur: Doğrudurmu ki, Ümumvladiqafqaz camaatı Hacı Molla İsmayıl Molla Həsənzadə Gənceyini, Hacı Məmmədsadıq Əliyev Təbrizini, Hacı Yusif Qafarov Təbrizini və bir də Mustafa Aliverdov – Əliyevi vəkil seçib də, “Molla Nəsrəddin” jurnalı barəsində bir məqalə yazıb idarəmizə göndəribdirlər. Bunlar Ümumvladiqafqaz camaatının nasıl vəkilləridir ki, birisi Gənceyi, ikinci təbrizli və dördüncüsü də nerəli olmağı məlum dəyildirsə də, müsəlmanca bisavaddır.Rica olunur ki, Ümumvladiqafqaz camaatı bu barədə idarəmizə rəsmi bir kağız göndərməklə tez cavab versinlər.

1 dəq
Vladiqafqaz caamatına bir də açıq məktub

Əfəndilər!“Molla Nəsrəddin” jurnalını təkfir və təlin xüsusunda idarəmizə dörd nəfərin imzası ilə bir məqalə gəlmişdi. Məqalənin axırında “Ümumvladiqafqaz camaatı tərəfindən vəkil” sözləri bizim diqqətimizi cəlb etdi. Və çünki biz məzkur vəkilləri tanımırdıq, ona görə açıq məktubla Vladiqafqaz camaatından soruşduq və əhval istədik. Sualımıza cavab olaraq idarəmizdə 70-ə qədər Vladiqafqaz sakinlərindən cavab gəldi ki, haman adamları onlar vəkil seçiblər.

3 dəq
Şeyxülislam həzrətləri və maarif

Dünənki nömrəmizdə Şeyxülislam həzrətlərinin Ümum qafqaz mədrəsəyi-ruhaniyyəsi inşası haqqında layihə yolunda yazılmış olan təklifini qarelərimiz oxudular, zənn edirəm.İdareyi-ruhaniyyəmizin başçısı tərəfindən sadir olan bu təklif şeyxülislamlığımız tarixində ən mühüm və mənidar bir vəqədir. Xoşa ki, bu vəqə bizim əsrimizə təsadüf etdi! İştə, idareyi-ruhaniyyəmiz başında nəhayət, bir zat oturdu ki, dərdlərimizi görür, ah və naləmizi eşidir və çarəsinə də yol arayır. O yolun da nədən ibarət olduğunu düşünə də bilir.

3 dəq

Başqa şairlərin şeirləri · Satira