Qəzetəmizin dünənki nömrəsində ədib və müəllim möhtərəm Firidun bəy Köçərli cənabları oxuyan uşaqlarımızın müşkül halından bəhs edib, onlara bir çarə arayırlar. Ədadı məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan böylə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşküldürsə, “student” namilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşküldür.

Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə azçox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur, odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda “Kaspi” qəzetəsində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianiyə təklif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən məmaniyət görməsinlər.

Binəva cavanlarımız 7-8 il realnı və gimnaziyalarda çalışıb, ikmal edib, şəhadətnamələr almağa müvəffəq olurlar. Ali məktəblərə girməyə haqq və ixtiyar qazanırlar. Amma pulları olmadığına görə illər ilə qazanmış olduqları haqdan əl çəkməyə məcbur olurlar və ya nə olur olsun, deyə ali məktəbləri olan şəhərlərə rəvan olub, orada da pulsuzluq cəhətdən min cürə əziyyət və bəlalərə düçar olurlar və yaxud məktəb haqqı vermədiyinə görə ixrac olurlar.

Realni və gimnaziya qurtarmış tələbələrdən başqa, bir də başqaları vardır ki, məsələn, müəllimlərdən və ya məmurlardan və ya xüsusi cavanlardan 2-3 il gecə və gündüz zəhmət çəkib yəhudi, gürcü, rus cavanları ilə müsabiqə imtahanlarına girib öz elmi və qabiliyyətləri sayəsində attestat zrelosti adlanan şəhadətnamə ala bilirlər. Bu şəhadətnaməni ala bilən cavanların universitetə və darülfünunlara qəbul edilməyə haqları olur; amma yenə də pul işi aralıqda olduğuna görə, bu binəvaların zəhmətləri özlərinə qalır.

Bu cavanlardan bir çoxu olur ki, fövqəzzikr şəhadətnaməni aldıqdan sonra, öz qulluğundan əl çəkib təhsili-ali dalınca gedir; lakin yenə də pulsuzluq ucundan darülfünundan əl çəkib, əvvəlki qulluğunu əlindən itirir.

Söz yoxdur ki, bu tələbələrin qeydinə qalan yoxdur və heç kəs bunu nəzərə almır ki, bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır. Əks surətdə, camaatımızın halı yaman olar, ayaqlar altında qalarıq, məhv və nabud olarıq.

Bu sözlər boş söz deyildir, acı həqiqətdir. Bu əsrdə elmsiz yaşamaq mümkün deyildir, ona binaən, indidən çarə axtarmalıdır ki, tələbələrimizin oxumaq şərtləri təmin edilsin ki, onların da ədədləri də ildən-ilə artsın. Oxumuşlarımız çox olsun. Bir çox dəfə cəmiyyətlərdə və qəzetələrdə “Tələbələr sandığı” barəsində danışıqlar olmuşdu və hələ elə bir “sandıq” dəxi təşkil olunmuşdu, lakin biz bu günlərdə bir tələbənin ağzından eşitdiyimiz “sandıq” sınıq düşübdür, daha mövcud deyildir.

Tələbələr “sandığı” çox gözəl bir şeydir, əlbəttə, əgər camaatımızın maddi və mənəvi iştirakı ilə belə bir sandıq təşkil olunub, doğru əllərə verilsə və o sandığın mədaxil və mənbələri təmin edilsə, tələbələrimizin də ikmali-təhsil işləri təmin edilmiş olar. İkmalitəhsil etmiş olan tələbələrimizin hamısı da olmasa, bir çoxu doktor, injener və sair olmaqla, yaxşı maaş sahibi olarlar; ona binaən, haman tələbələr özlərinə “sandıq” tərəfindən sərf olunan məbləği qism-qism “sandığa” iadə edə bilərlər və bununla “sandığın” pulu da azalmaz, “sandıqdan” sərf edilən pullar itib-batmaz, yenə haman sandığa qayıdar.

Söz yoxdur ki, öz dolanacaqlarına kifayət edən puldan başqa, fəzlə pulu olan adamlarımız əgər o puldan cüzi bir şey çıxıb sandığa daxil edərlərsə, haman sandıqda külli pul əmələ gələr ki, onunla bütün müstəhəqq tələbələrimizə kömək etmək mümkün olar. Belə bir sandıq təşkili barəsində dəfələrlə qəzetələrdə və məclislərdə sözlər olub, amma içindən bir şey çıxmayıbdır. Həmin məsələni təkrar yada salırıq, zatən belə bir işin əmələ gətirilməsinə ən əvvəlcə mövcud cəmiyyətlərimiz baş qoşmalıdırlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bir dəlinin dəftərindən

Bir məsəl var deyirlər ki, ikiayaqlıya etibar yoxdur.Doğrudan da belədir, dünyada hər nə ikiayaqlı məxluq var, onların heç birinə etibar eləmək mümkün deyil.

3 dəq
Ordan-burdan 101

Belə rəvayət edirlər ki, Hindistanda bir biyaban var, dərvişlər o biyabana gedib dəyirmi bir cızıq çəkirlər və tamam 40 gün orada qalıb, axırda bilici olurlar. Amma deyirlər ki, hərgah bir dərviş 40 günün içində bu dəyirmi cızıqdan ayaq kənara qoysa, haman dəm onun üstünə şirlər, pələnglər, əjdahalar tökülüb parça-parça edərlər.İndi bizim dumanın üzvləri də gedib, Peterburqda Tavriçskiy saraya girib arxayındırlar ki, heç bir “şir”, “pələng”, “əjdaha”, yəni qaradavoy, filan onlara bir çırtma da vura bilməz. Amma di hünərləri var, oradan çıxıb dağılsınlar! Deyərəm ki, Pruşkeviç və yoldaşlarından savayı birini də yerdə qoymazlar, o saat tutub qazamata salarlar. Odur ki, indi pasxa bayramını bəhanə edib, hökumət onlara deyir ki, ay balam, daha bəsdir danışdınız, yorulubsuz, bayram gəlir, gedin bir az gəzin, sonra yenə qayıdıb gələrsiniz. Onlar da hökumətin bicliyini duyub, deyirlər ki, lotu, öz aramızdır, amma bizi tutub “voenni polevoy suda” verərsən! Qərəz, məzəli işdir.

2 dəq
"Tərcüman"ı oxuyanda

Bundan sonra, əzizim oxucu, bundan sonra fikrimdə var ki, bir müddət ağzımı açıb daha danışmayam. Bilirəm ürəyində deyəcəksən ki, çox da yaxşı olar.Elə mən özüm də deyirəm ki, çox da yaxşı olar, çünki özünüz arif adamsınız, çox yaxşı bilirsiniz ki, bu dünya elə bir dünyadır ki, görürsən, hər sözün üstə adam adamdan inciyir, adam adama ləc düşür və bir-birini görəndə dəvə nalbəndə baxan kimi baxır. Sözün doğrusu, mən nə nalbənd olmaq istəyirəm, nə də dəvə. Ona görə də elə bu gündən belə daha danışmayacağam.

2 dəq
Birinci pərdə

Xor--Bu gözəl təbiət, bu şən mənzərə

19379 dəq

Başqa şairlərin şeirləri · Satira