Səhifə 3 / 4 · 50%

Müəllifi rahat buraxırlar, amma Şuşa həvəskarları ta 1899-cu ilə qədər bir daha tamaşa göstərməyə cürət etmirlər.

1873-cü ildən 1880-ci illərədək Azərbaycan tamaşaları haqqında heç bir məlumat yoxdur. 1880-ci ildə professional aktyorlar olan Stepan və Alma xanım Safrazyanlar Zaqafqaziya şəhərlərini dolaşaraq, yerli Azərbaycan ziyalılarının köməyi ilə Azərbaycan tamaşaları verir. Axundovun komediyalarını və azərbaycanca pyes yazan erməni Mədətyanın əsərlərini oynayırlar.

1880-ci illərin əvvəlində Qorkidə Zaqafqaziya müəllimlər seminariyası Azərbaycan əhalisi içərisindən xalq müəllimləri buraxmağa başlayır. Rus və əcnəbi ədəbiyyatı, Axundovun əsərləri və Tiflis teatrları ilə tanış olan bu gənclik Bakıda, Gəncədə, Şuşada, İrəvanda və başqa yerlərdə müntəzəm olaraq bir sıra tamaşalar verir.

1890-cı illərin əvvəllərində ziyalıların sayı artır; Axundov yolunu davam etdirən dramaturqlar meydana çıxır, repertuar genişlənir. Bu zaman Nəriman Nərimanov Bakıya gəlib çıxır; bir çox müəllim yoldaşlarının köməyi ilə daimi həvəskar truppası təşkil edir. Tamaşalar camaatı cəlb etməyə başlayır. Azərbaycan dram cəmiyyətinin yaradılması haqqında məsələ qaldırılır, lakin çar hökuməti nizamnaməni təsdiq etməyə razılıq vermir.

1905-ci ilə qədər Azərbaycan tamaşaları aktyorlar və həvəskarlar üçün dəhşətli əzab və işgəncədən ibarət idi. Şəhərlərdə (Bakıdan başqa) teatr binaları yox idi. Səhnəsi, dekorları olmayan klublarda tamaşalar verilirdi; teatr bərbərləri yox idi, onları elə dəlləklər əvəz edirdilər ki, qrimdən qətiyyən başları çıxmırdı. Pariksiz oynayırdılar, bığ və saqqalı qoyun yunundan qayırırdılar. Paltar, xüsusən qadın paltarı daha çətin bir məsələ idi. İlk zamanlar qadın rollarını kişilər oynayırdılar; səhnə üçün qadın paltarı borc almağı heç kəs boynuna götürmürdü.

Bakıda vəziyyət nisbətən yaxşı idi. Dekorları, lazımi akssesuarı olan həqiqi teatr var idi; bərbər də var idi. Lakin Azərbaycan tamaşaları üçün paltar yox idi. Teatrın sahibi binanı rus truplarına icarəyə verirdi, onlar isə öz tərəflərindən binanı Azərbaycan və erməni tamaşaları göstərmək üçün icarəyə verirdilər. Rus trupunun Azərbaycan paltarı yox idi və qadın paltarları üçün adətən... fahişəxanalara gedirdilər.

90-cı illərin axırlarında Bakıda qadın rollarını Azərbaycan dili bilən rus və ya erməni qadınları oynamağa başlayırdılar.

Tamaşa üçün bina almaq çox çətin idi: rus antreprenyorları teatr binasını Azərbaycan tamaşaları üçün çox könülsüz verirdilər və əgər razılıq verirdilərsə də, çox yüksək qiymət (gecəsi 300 manata qədər) qoyurdular. Biletlərin satılışını təşkil etmək də çətin bir məsələ idi. Teatrın kassasından bilet alan olmurdu. Yerli məktəblərin şagirdləri biletləri bazarda dükançılara satırdılar. Çox zaman dükançılar şagirdlərlə ədəbsiz rəftar edirdilər.

Həvəskarların vəziyyəti də pis idi. Onlar küçələrdə və bazarda çox nalayiq sözlər eşitməli olurdular; halbuki onların əksəriyyəti pulsuz oynayırdı: 1905-ci ilə qədər bütün tamaşalar xeyriyyəçilik məqsədilə verilirdi və tamaşalardan toplanan pullar kasıb uşaqların oxutdurulmasına sərf edilirdi.

1905-ci il inqilabına qədər vəziyyət belə idi.


90-cı illərin əvvəllərində Mirzə Fətəli Axundovun davamçılarının sayı artır. Bu dövrdə pyeslərin mövzuları çoxarvadlılıq, nadanlıq, rüşvətxorluq, möhtəkirlik, mülkədarların sərxoşluq və əyyaşlığı, Neft torpaqları ilə alver və s. ibarət idi.

Əgər Mirzə Fətəli Axundov ruhaniliklə amansız mübarizə edirdisə, onun davamçıları din məsələlərində ehtiyatlı tərpənirdilər. Mirzə Fətəli mollalarla mübarizə edə bilərdi, çünki onun rəsmi vəzifəsindən, çiyinlərindəki parıldayan epoletlərdən ibarət möhkəm arxası var idi. Axundov zamanında sadə bir polis belə böyük bir vəzifə sahibi hesab edilirdi; canişin dəftərxanasının mütərcimi isə Qafqazın müstəmləkəyə çevrilməsində canişinin sağ əli sayılırdı; odur ki, o, arxayın öz işini görərək şəxsi həyatı üçün nigaran olmaya bilərdi. 90-cı illərin gəncliyi isə bambaşqa bir vəziyyətdə idi. O, nəinki özünü, həm də teatrı xilas etməli idi. Gəncliyin vəziyyətini təsəvvür etmək üçün yuxarıda nağıl etdiyimiz Şuşa tamaşası əhvalatı tamamilə kifayətdir.

90-cı illərin gənc dramaturqları nəsihətamiz pyeslərlə kifayətlənmirdilər. Bu dramaturqlar rus və Avropa ədəbiyyatlarına da nəzər etdirirdilər, onları Azərbaycan zəmininə köçürməyə təşəbbüs edirdilər. Rus və əcnəbi yazıçılardan bir neçə pyes (Qoqolun “Müfəttiş”i, Tolstoyun “Əvvəlinci şərabçı”sı, Dyançenkonun “Qurbana qurban”ı, Şillerin “Qaçaqlar”ı, Şekspirin “Otello”su tərcümə edildi; lakin indi tamaşaçılar tərəfindən böyük maraqla baxılan bu pyeslər o zamankı tamaşaçılar üçün çətin və maraqsız idi.

90-cı illərdə birinci dəfə olaraq tarixi pyes də yarandı, ümumiyyətlə tarixi, xüsusən qəhrəmanlıq tarixini sevən Azərbaycan tamaşaçısı həmin tarixi pyesi çox yaxşı qarşıladı. Bu pyes Nərimanov yoldaş tərəfindən yazılmış “Nadir şah” adlı tarixi faciə idi.


1905-ci il inqilabı həm Azərbaycan teatrında, həm də Azərbaycan dramaturgiyasında həqiqi bir təbəddülat yaratmış oldu. Bu vaxta qədər gizli yaşayan “Nicat” maarif cəmiyyəti geniş fəaliyyətə başladı. Cəmiyyət özünün xüsusi dramatik trupunu yaratdı ki, burada mərhum Ərəblinski, Əbülfət Vəli və İndi Azərbaycan dram teatrında çalışan Sidqi Ruhulla kimi ilk professional Azərbaycan aktyorları var idi. Bina cəhətdən əziyyət davam edirdisə də, rekvizit barədə vəziyyət xeyli yüngülləşdi, cəmiyyət abırlı bir qarderob düzəltdi. Qəzetlər, nəşriyyatlar, mətbəələr yarandı; pyes və afişalar üçün qoyulmuş polis senzoru götürüldü – teatr işi getdikcə sahmana düşməyə başladı. Doğrudur, dəyişiklik ancaq Bakıya aid idi; o biri şəhərlərdə vəziyyət əvvəldə olduğu kimi qalırdı. Yalnız hərdənbir, “Nicat” cəmiyyətinin artistləri Gəncəyə, Tiflisə, Nuxaya, Lənkərana, Petrovska (Mahaç Qalaya) və hətta Volqaya qastrola çıxırdılar.

Teatr işinin genişlənməsi ilə əlaqədar olaraq, yazılan pyeslərin sayı da artdı. Ancaq bunların çoxu millətçi panislamist pyeslər idi (”Xalid ibn Valid”, “Ərmənusa”, “Köhnə Türkiyə”, “Yezid ibn Müaviyə”, “Əbül-Üla”, “Vətən”, “Ədirnənin fəthi” və i.a.).

Bu repertuarla yanaşı inqilabi pyeslərin də oynanılması üçün zəif təşəbbüs edilmirdi. “Bəxtsiz cavan” kimi burjua-inqilabçı bir əsər səhnəyə qoyuldu. Pyes İki qütbün – köhnəliklə yeniliyin mübarizəsini təsvir edirdi. Köhnəliyin nümayəndəsi, ixtiyarında olan kəndlilərin dərisini soyan tüfeyli mülkədar və səlimçi idi. Yeni nəsli isə mülkədarın qardaşı oğlu, kəndlilərin torpaq hüququnu müdafiə edən gənc bir sosialist-inqilabçı tələbə təmsil edirdi. Bu qeyri-bərabər mübarizədə gənc məğlub olub, özünü intihar edir.

Bu pyes 1900-cü ildə yazılmışdı, səhnədə isə yalnız 1905-ci ildən sonra oynana bildi. Inqilabi ruhda yazılmış ikinci pyes “Qaranlıqda işıq” idi ki, sosial-demokrat gəncliyin gizli fəaliyyətini təsvir edirdi.


Bir sıra millətçi və pantürkist pyeslərin meydana çıxması iki səbəbdən irəli gəlirdi.

Birinci səbəb – erməni-Azərbaycan davası idi ki, bunun nəticəsində hər iki xalq içərisində millətçi əhvali-ruhiyyə gücləndi. İkinci səbəb – osmanlı ədəbiyyatının böyük bir qismi Rusiya imperiyasında yaşayan türk-tatar xalqlarının ədəbiyyatı üzərində öz ağalığını təmin etmək cəhdi idi. Bu hərəkatın əsasını pantürkizm və bütün türk-tatar aləminə osmanlı dilini qəbul etdirmək arzusu təşkil edirdi. Türk-tatar xalqlarının demək olar ki, heç bir mətbuatı olmadığından osmanlı pantürstləri 1905-ci ilə qədər öz proqramlarını geniş bir şəkildə həyata keçirmək imkanından məhrum idilər və öz qəzet və kitablarını göndərməklə kifayətlənirdilər.

1905-ci il inqilabı hər cür qəzet, jurnal və kitab nəşr edilməsi üçün imkan yaratdı. Bundan istifadə edən osmanlı pantürkistləri Bakıya üç jurnalist – Əlibəy Hüseynzadə, Əhməd Kamal və Səbribəyzadə Xalid Xürrəmi ezam etdilər. Bu jurnalistlərin rəhbərliyi altında, demək olar ki, bütün yazıçı gəncliyi öz tərəfinə cəlb edən “Füyuzat”, “Şəlalə” adlı jurnallar nəşr edilməyə başladı. Yalnız kiçik bir yazıçı qrupu “Molla Nəsrəddin” jurnalı ətrafında toplaşaraq, Azərbaycan dilini osmanlılaşdıranlarla açıq və barışmaz mübarizə aparırdı. Bu mübarizəyə baxmayaraq, osmanlı dilini təbliğ edənlər özlərindən sonra çox pis bir irs qoyub getdilər ki, bizim yazıçı gənclik İndi də ondan yaxasını tamamilə qurtara bilməmişdir.

Pantürkist təbliğatçılar müəllim və professor pərdəsi altında Azərbaycanda sovet dövründə də meydana çıxdılar, lakin tezliklə Azərbaycan dili və ədəbiyyatının yaxasını buraxıb öz vətənlərinə qayıtmağa məcbur oldular. Bununla belə, Azərbaycan hələ indiyədək dil və ədəbiyyatın osmanlılaşdırılması qalıqlarından xilas ola bilmir.

Fevral inqilabı Azərbaycan teatrı və dramaturgiyasına o qədər də fərəhləndirici bir şey gətirmədi. 1917-ci ildə bərbərxanada pilətə partlayışından dram teatrı büsbütün yandı. Yeganə xüsusi opera teatrı eyni zamanda dram teatrına çevrildi.

1918-ci il daşnak-müsavat toqquşması zamanı müsəlman xeyriyyə cəmiyyətinin çox böyük bir binası yandı. Bu binada “Nicat” maarif cəmiyyətinin idarə heyəti, kitabxanası, teatr qarderobu və sair ləvazimatı yerləşirdi.

1918-ci ilin sentyabrında Azərbaycanda əcnəbi qonşuların köməyi ilə müsavat hökuməti quruldu. Müsavatçılar opera teatrını dövlət üçün aldılar və dövlət teatrı adlandırıb İki trup: dram və opera trupları təşkil etdilər. Bir binada dörd trup: rus dram və rus opera, Azərbaycan dram və Azərbaycan opera trupları çalışmalı oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri