Məzmun
  1. Doqquzuncu şəkıl
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil

Səhifə 1 / 3

Doqquzuncu şəkıl

Hacı Kamyabın evinin əndəruni. Hacı Kamyab və Bibixatun.

Bibixatun. Qızımın nə dərdi olacaq? Deməsə də mən bilirəm. Qızım məhz Allahına təpik atır. Onun dərdi qotur Kamrandır, vəssalam.

Nökər (daxil olur). Həkimbaşı Mirzə Mehdi.

Hacı Kamyab. Buyursun, buyursun.

Mirzə Mehdi (daxil olur). Salaməleyküm. Xeyr ola, hacı?

Hacı Kamyab. Həkimi xeyrə çağırmazlar. Bizim qız bir-iki gündür xəstələnibdir. Zəhmət olmasa ona bir baxasınız.

Mirzə Mehdi. Baş üstə. Allah onu öz pənahında saxlasın. Nə olacaq! Yəqin özünü soyuğa veribdir, ya səfrası artıbdır. Xəstə haradadır?

Hacı Kamyab. Bu otaqdadır, buyurun. (Mirzə Mehdi gedir.) Əgər

Mirzə Mehdinin dərmanının təsiri olmasa, teleqraf çəkəcəyəm, Tehrandan şahın xüsusi həkimi gəlsin. Parisdən, Londondan həkim gətirəcəyəm. Bəs bu cəm etdiyim dövlət nə üçündür?

Bibixatun. Teleqraf çəkib Loğmanı qəbirdən dirildib gətirəsən, ya yazıb göydən Cəbraili gətirdəsən, ona əlac olmayacaq. O gərək hər yerdə anasının başını aşağı saldıra. İndi sən gir onun yanına, deyilən: “A qızım, səni verirəm Kamrana”. Əgər o saat durub sağ-salamat oturmasa, gəl yüz dəfə mənim üzümə tüpür.

Hacı Kamyab. Boş danışırsan, arvad, Kamran nədir? Mən onu xan arvadı, rəiyyət, əmlak sahibi eləyirəm, sən də başlayıbsan Kamran belə gəldi,

Kamran belə getdi.

Bibixatun. Düzünü mən deyirəm. Lalın dilini anası bilər. Onun da dilini mən bilirəm. Gərək Hacı Rzanın arvadı kimi it məni hamamda təpik ilə vura, Hacı Xudadadın arvadı məni görəndə ağzını yanaca verə. O da baqqal İbrahimin evində oturub qotur Kamran ilə mazaqlaşa. Doğru deyiblər ki: “Qızı öz xoşuna qoyarsan, ya zurnaçıya gedər, ya nağaraçıya”.

Mirzə Mehdi (içəridən çıxır). Naxoşa baxdım.

Hacı Kamyab. Nə tapdınız, mirzə?

Mirzə Mehdi. Xatircəm olun, xəstəliyi yoxdur. Nəbzi salamatdır. Hərarəti az, xırdaca ürək döyünməsi var, o da rəf olub gedər. Onun ümdə naxoşluğu yuxusuzluqdur. Iki gecə rahat yatsa, sağalıb oturacaqdır. Budur, dərman yazmışam. Gündə üç qaşıq verərsiniz içər. Bu dərman əlbəttə ona yuxu gətirəcəkdir. Əlavə, onu qoymayın artıq fikir edə. Ürəyi istəyən qızlardan, gəlinlərdən onun başına cəm edin, danışsınlar, gülsünlər, oynasınlar. Yenə deyirəm, təşviş etməyin, axırı xeyir olar. Iki gündən sonra yenə gələrəm. Xudahafiz.

Hacı Kamyab. Zəhmət çəkdiniz, mirzə. Məni xatircəm etdiniz. (Pul verir.)

Mirzə Mehdi. Bu nəyə lazımdır, hacı? Mən bu evin çörəyini az yemişəm ki, mənə pul verirsiniz?

Hacı Kamyab. Yox, mirzə, xahiş edirəm qəbul edəsiniz.

Mirzə Mehdi. Ərz edirəm ki, almaram.

Hacı Kamyab. Almasanız, doğrudan sizdən inciyərəm və yəqin edərəm ki, qızımın xəstəliyi ağırdır.

Mirzə Mehdi. Xub, belə olan surətdə sözüm yoxdur. (Pulu alıb gedir.)

Hacı Kamyab (arvadına). Sən get qızın yanına. Mən də dərmanı göndərim əczaxanada hazırlasınlar.

Bibixatun. Dərman-mərman hamısı nahaqdır. İndi gör söz mən deyəndir, yoxsa yox? Onu həmişə, başın yerə qoyan kimi, yuxu aparardı. İndi nə olub yatmayır? Qotur Kamranın eşqi düşüb beyninə, yatmayır. Hacı Kamyab. Rəhmətlik qızı, Kamran, Kamran, – deyə oturubsan. Bilmirəm

Kamran sənə neyləyib?

Bibixatun. Kamran mənə neyləyəcək? Atamı öldürməyib, anamı öldürməyib. Məni yandıran odur ki, mənim qızım heç anasının rüsvay olacağını fikrinə gətirmir. Qoy Hacı Rzanın arvadı hamamda məni təpikləsin, ancaq onun keyfi kök olsun.

Hacı Kamyab. Ay arvad, burada eşq söhbəti yoxdur. Qızım Kamranı da görür, Xudayar xanın oğlunu da. Gövhərtac ilə Kamran bir yerdə böyüyüblər. Iki yoldaş biri-birindən ayrılanda, söz yox, xiffət edir. Bir neçə gün keçər, adət edib oturar yerində.

Bibixatun. Sən belə bil. Mən də bildiyimi bilim... Get dərman hazırlat. Belə dərmanlardan çox hazırladacaqsan. (Qızının otağına tərəf gedir və gedə-gedə) Sənin hər iki dünyada üzün qara olsun, qız! Südüm gözündən gəlsin! (Gedir. Hacı Kamyab da çıxır.)

Pərdə

Onuncu şəkil

Baqqal İbrahimin evi. Kamran əyləşib. “Leyli və Məcnun” oxuyur.

Kamran:

Ləzzət rüxi-yari-dilsitandan,

Candır bulan, ey diriğ candan!..

Canım gedəli bəsi zamandır,

Cismimdəki indi özgə candır...

Məndə olan aşikar sənsən,

Mən xud yoxam, ol ki var, sənsən!

Ah çəkir.

Cahanbanu ( daxil olur). Ay oğul, əmin bu gün yenə adam göndərmişdi. Deyir neçə gündür işə gəlmir.

Kamran. Nəyə gedəcəyəm? Mənim orada bir işim qalmayıb.

Cahanbanu. Necə işin qalmayıb? Bəs İndiyədək orada nə iş görürdün?

Kamran. Ana can, gəl otur, dərdimi sənə deyim. Düzü budur ki, əmim məni evindən qovdu.

Cahanbanu. Evindən qovdu, bəs niyə yenə çağırır?

Kamran. Ana can, adam kasıb olanda gərək hamı onun başına qapaz vursun? İndi mən neyləyim ki, mənim atam baqqal İbrahim xalqın qanını sormayıb, cibini soymayıb, malını oğurlamayıb, bir balaca baqqal dükanına qənaət edib külfət saxlayır?

Cahanbanu. Odur ki, bir adam da sənin atayın adına pis söz demir.

Kamran. Atamın adına pis söz demirlər, məni də yavuğa qoymayırlar. Ana can, mən indiyədək Gövhərtac ilə bir yerdə böyümüşəm. O məni sevir, mən də onun dərdindən ölürəm. Siz də hamınız güman edirdiniz ki, o, əlbəttə, qızını mənə verəcək. Bir neçə gün bundan əqdəm məni çağırıb buyurdu ki, onun evinin əndəruninə daxil olmayım, guya mən onun arvadına, qızına naməhrəməm. İndi də çağırır ki, gəl məvacib verim, mənim kontorumda qulluq elə. Mən necə gedim?

Cahanbanu. Ay bala, bu dərdini mənə çoxdan deyəydin. İstəyirsən elə bu gün çadramı salım başıma, gedim Bibixatunun yanına, qızına elçi düşüm.

Kamran. Zəhmət çəkmə, ana, mənim naməhrəmliyim bəhanə idi. Əmim, qızını Xudayar xanın oğluna verir, ona görə də məni evindən qovdu.

Cahanbanu. Bu nə sözdür, ay oğul? Xudayar xan kimi böyük şəxs Hacı Kamyabın qızını alarmı? Onun xan yoldaşı azmıdır?

Kamran. Ana can, bu dünya pul dünyasıdır. Xudayar xan dövlətli, əmim dövlətli və varisi də bir tək qızı. Xudayar xana iki dövləti biri-birinə qarışdırmaq lazımdır. İş qurtarıb gedib, ana. Ancaq bu dərdə mən davam edə bilməyəcəyəm.

İbrahim (daxil olur). Yenə ana-bala nə söhbət eləyirsiniz?

Cahanbanu. Nə söhbət olacaq, oğlum anasına dərdini deyir.

İbrahim. Cavan oğlanın dərdi cavan qız olar. Evlənmək istəyir, get bir halal süd əmmiş qız al, gətir qoy evinə.

Cahanbanu. Belə oğlun əmisi qızının dərdindən ölür. Mənə də dediyi odur.

İbrahim. Keçinin qoturu bulağın gözündən su içər. Bala, bircə papağını qoy qabağına, fikir elə. Hacı Kamyab sənə nə üçün qız versin? Onun qardaşı oğlusan? O, Hacı Kamyab, sən baqqal İbrahimin oğlu. O, özü kimi bir dövlətli tapıb qızını verəcək. Hər kəsin öz tayıtuşu olar. Sənə hacı qızı yaramaz. Sənə mənim kimi bir baqqalın qızı lazımdır. Əmin qızının vədəsini Xudayar xanın oğluna veribdir. Dərdqəm çəkməyin mənası yoxdur. (Arvadına) Bunu da deyirlər ki, həmin gündən qız xəstələnib yatır. Həkimbaşı Mirzə Mehdi gündə onun yanındadır. Hər çe müalicə edir, bir nəticə vermir.

Kamran. Gövhərtac xəstədir?! Afərin vəfasına.

İbrahim. Ay oğul, bilirsən nə var? İndi bu saat mən Hacı Kamyabın yanından gəlirəm. Özü məni çağırmışdı. Deyir: bilmirəm nə var ki, Kamran küsüb, çağırıram da gəlməyir. Deyir, mən ona məvacib kəsirdim və gəldikcə də mərtəbəsini artıracaq idim. İndi ki gəlmək istəmir, özü bilsin. Kamran, deyir, qoçaq, bacarıqlı, əlindən hər iş gələn bir oğlandır. Doğrusu, mənim namusum qəbul etməz ki, desinlər: Hacı Kamyabın qardaşı oğlu avara gəzir. Apar, – dedi, – bu iki min tüməni ver oğluna, əlində maya qayırıb ticarət etsin. Deyir: yəqinimdir ki, az keçməz Kamran adlı bir tacir olar. (Pul verir.)

Kamran. Ata, apar bu saat o pulu ver hacı Kamyaba, qoysun dövlətinin üstünə. Buna haqqı-sükut, ağızyumma deyərlər. Mən onun nə iki min tüməninə və nə iki yüz min tüməninə möhtac deyiləm. Mənim başım da, möhkəm qollarım da var. Işlərəm, başımı saxlaram. Ver pulunu özünə, deyinən çox sağ olsun.

Cahanbanu. Ay bala, nə danışırsan? Sənin atan İbrahim ömründə iki min tümən görməyib. Niyə belə danışırsan?

İbrahim. Oğlum, bu az pul deyil. Bununla sən böyük ticarət aça bilərsən. Yoxsa bunu az hesab eləyirsən?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri