İkinci məclis
Səhifə 1 / 2
Həmin otaq. Mirzə Qoşunəli. qapını açıb daxil olur. Qapı açıq qalır, qapının dalında üç
nəfər kənd əhli görünür.
Mirzə Qoşunəli. (geri dönüb kəndlilərə). Siz burada durun, qapının dalında, mən gedim Fərhad bəyə ərz eləyim. (Qapını örtüb, gəlib sağ tərəfdən keçir, bir azdan sonra Fərhad bəylə bahəm qayıdır.)
Fərhad. Bəs məni görmək istəyənlər, mirzə, hanı?
Mirzə Qoşunəli. Burada, qapıda durublar.
Fərhad. Çağır gəlsinlər içəri.
Mirzə Qoşunəli. Bəy, onların ayaqları, libasları tozludur, mən necə onları otağa çağırım? Xalı-gəbəni xarab eləyərlər. Yaxşı olardı ki, özünüz qapıya çıxıb, əhvallarını soruşub, yola salasınız.
Fərhad. Düzdür, əmim həmişə yanına rəiyyət gələndə çıxıb onunla qapıda söhbət edib yola salır. Mən bunun mənasını başa düşmürdüm, İmdi anladım. Əmimə de və özün də bilginən ki, ayaqdan bulaşan tozu süpürgə ilə təmizləmək mümkündür. Otaq üfunətini pəncərəni bir qədər açıq qoymaqla rədd etmək olar. Amma bir para xəbis qəlbləri basan tozu heç bir süpürgə ilə təmizləmək olmaz. Murdar ürək sahibləri olan vücudların üfunətini dəryalar pak edə bilməz. Bu gələn kişilərin tozlu, çirkli ayaqları çox adamın ürəyindən təmizdir. Zəhmət çəkib çıx, o kişiləri buraya çağır!
Mirzə Qoşunəli.. Bəy! Doğrusu budur ki, hacı ağanın qəzəbindən
qorxuram. Sən məni onun qəzəbinə düçar eləmə. Mən də bilirəm ki...
Fərhad. Bilirsən, bəs niyə danışmırsan?
Mirzə Qoşunəli. Nə eləyim, ay Qurbanın olum? Bir parça çörək yeyirəm, əlacım nədir? Gərək hacının xahişi ilə rəftar edəm, yoxsa..
Fərhad. Nə yoxsa? Dalını de! Bir parça çörək ucundan din, əqidə, iman hamısı badə gedir? Get, get, get, mirzə! Buradan sənin sifətin, bağışlaginən, mənə bir ayrı cürə görünür. Get, get. Mən özüm kəndliləri çağırıb danışaram. Sən də cavabdehəndə olmazsan.
Mirzə Qoşunəli. Bəy, görünür ki, sən mənim ərzimə dürüst mültəfit olmadın.
Fərhad. Xeyr! Çox lətif anladım. Xatircəm ol, get, mirzə. Bəlkə gəldi, səni burada gördü.
Mirzə sol qapıdan gedir, Fərhad iki əlini qoynuna qoyub bir qədər vaxt
dalınca baxır, sonra qapını açıb kəndlilərə.
Fərhad. İçəri gəlin, içəri gəlin!
Əvvəlincikəndli. Ayağımız tozludur, Qurbanın olum.
Fərhad. Eybi yoxdur, gəlin içəri. (Kəndlilər içəri gəlib, baş əyirlər.) Xoş gördük, lələlərim, xoş gördük! Kefiniz, əhvalınız necədir? (Onlarla əl verir. Əvvəlincikəndli istəyir Fərhadın əlini öpsün, qoymur.)Yox, yox! Razı deyiləm, layiq deyil sənin kimi ağsaqqal kişi əlimdən öpsün. Ala buradan öp. (Üzünü göstərir. Kəndlilər bir-bir onun üzündən öpürlər.) Belə yaxşıdır! Di əyləşin, söhbət eləyək.
İkincikəndli. Q u r b a n ın olum, biz ata-babadan ağa qulluğunda oturmağa adət eləməmişik. Bizə izn ver qulluğunuzda duraq.
Fərhad. Lələ, qəlyandan, çubuqdan, papirosdan bir şeyə adətkərdəsənmi?
İkincikəndli. Necə ağa?
Fərhad. Elə-belə soruşuram, lazımdır.
İkincikəndli. Bəli, bəy. Evdə acı qəlyandan, zaddan çəkərəm. Yola çıxanda yanımda çubuq olur.
Fərhad. Necə, yaxşı adətdir, ya pis?
İkincikəndli. Başına dönüm, haradan yaxşı adətdir, adamın canını puç eləyir. Üçüncü kəndli. Bizim kənddə keçmişdə bir şair Həsən var idi ey, o deyərdi: qəlyan, əl yan mal yan, can yan.
Fərhad. Yaxşı deyib, çox yaxşı deyib, bəs görünür pis adətdir.
İkincikəndli. Əlbəttə, Qurbanın olum, Allah kəssin belə adəti.
Fərhad. İmdi ki adətin pisi, yaxşısı olur, əyləşin. (Kürsüləri göstərir.) Üçüncü kəndli. Qurbanın olum, biz orada oturmaq bacarmarıq, yıxılarıq, qolqıçamız əzilər. Bizim üçün yer rahatdır.
Fərhad. Eybi yoxdur, yerdə oturun. Mən də sizin rahat olmağınızı istəyirəm (Əyləşirlər. Fərhad kürsü üstə, kəndlilər isə yerdə otururlar.) Şəhərdə işiniz var idi, yoxsa mənim yanıma gəlmisiniz?
Əvvəlincikəndli. Bəli! Bazara meyvə gətirmişdik. Eşitdik ki, təşrif gətiribsiniz, gəldik qulluğunuza baş əyək.
Fərhad. Çox xoş gəlibsiniz. Mən də dünən gəlmişəm. İstəyirəm bu gün, günortadan sonra sizə qonaq gələm, kəndə.
İkincikəndli. Gözümüz aydın olsun ağa! Allaha şükür, lap böyük oğlan olubsan.
Fərhad. Çox sağ ol, lələ! Bağınız, əkininiz necədir?
İkincikəndli. Niyə, Allahın dövlətindən yaxşıdır. Bildir əkinləri dolu döydü, amma bu il yaxşıdır. Bağların meyvəsi də Allaha şükür, boldur.
Fərhad. Bəs eşitdim mallarda naxoşluq var imiş?
Üçüncükəndli. Malların işi, Qurbanın olum, asandır. Bir dananın burnu qanayanda böyründən neçə həkim çıxır. Ancaq insana qulaq asan yoxdur. Hər kimi ağrısı tutsa, gərək kəfənə adam göndərəsən.
Fərhad. Məgər yaxında həkim yoxdur?
Əvvəlincikəndli. Həkim bir günlük yolda olur, yollarımız xarab, azarlını nə arabada aparmaq olur, nə atla. Qonşu kənddə bir otaylı nüsxəbənd var. Həkimlikdən də az-maz başı çıxır. Gedib bir manat verib gətiririk. Otdan, ələfdən verib, çıxıb gedir.
Üçüncükəndli. Bir üç il bundan irəli kəndə “xalyar” naxoşluğu düşmüş idi, nə qədər adam qırıldı. Feyzulla kişinin külfəti yeri ilə batdı. Necə aydan sonra, budu gördük, bir həkim bir arıq yabının belində budu gəldi. Gəldi gördü azar çoxdan qurtarıb, yabının başına biriki ağac vurub qayıtdı, getdi.
Fərhad. Yox, belə olmaz. Buna əlac lazımdır. İmdi gəlirəm kəndə, ətraf kəndlərdən də camaatı yığaram, bir kağız qayırıb dövlətdən həkim istərsiniz. Özüm də həkimlik oxumağa gedirəm. Dərsimi tamam eləyəndən sonra, gəlib içinizdə oturram, işiniz daha yaxşı keçər.
Kəndlilər. Allah ömrünü uzun eləsin! Allah sənin kölgəni bizim başımızdan əskik eləməsin!
Fərhad. Bu il baramanız necədir?
İkincikəndli. Barama yaxşı olmadı. Bu il bir urus gəlmişdi, deyirdilər ki, içəridən göndəriblər, gəldi bizim barama komalarımıza baxdı. Sonra dedi ki, siz barama saxlamağın qaydasını bilmirsiniz, o səbəbə qurdlarınız qırılır. O deyirdi ki, tikdirdiyiniz komalar yaramaz. Gərək ayrı komalar tikəsiniz. Beş dənə də müsəlmanca yazılmış kitab verdi ki, bunları oxuyun, burada barama saxlamaq qaydası yazılıb. Biz də başına dönüm, bisavad adamıq, kitabdan nə baş açacaq idik?
Üçüncükəndli. Mən o kitabın birini apardım mollaya verdim oxusun, o da, deyəsən, bir şey başa düşmədi. Kitabı o yan-bu yana vərəqlədi dedi: “Boş şeydir, ata-baba qaydanızla barama saxlayın. Azçoxluğu bağlıdır Allahın tövfiqinə, ürəyiniz düz olsa, biyabanda da barama saxlayıb məhsul götürə bilərsiniz”.
Birincikəndli. Bizim qonşumuzda bir erməni var, kor Minas!
İkincikəndli. Minası demə! Onun işi əcazdır, əcaz!
Birincikəndli. Budur neçə ildir, bir ev tikdirib, orada barama saxlayır. Bu il eşitməmişəm ki, onun qurdları tələf olsun. Mən soruşdum, deyir ki, kitab üzü ilə saxlayıram.
Fərhad. Bəs o rus verən kitabı mənim əmim görmədi?
Birincikəndli. Gördü, oxudu, dedi ki, bir belə barama komasının yüz manat xərci var. Qurban ın olum, biz yüz manatı haradan alaq?
Fərhad. Niyə, əmim pul verə bilməz idi? Lazım olan qədər əmimdən pul götürün, koma tikdirin, sonra baramanı satıb gətirib verərsiniz. Siz xahiş eləsəniz, hər bir adama bir koma tikdirib şərakətli barama saxlaya bilərsiniz. (Kəndlilər başlarını aşağı salırlar.) Niyə kiridiniz?
Birincikəndli. Dəxi nə ərz eləyək?
Fərhad. Yox, sizin ürəyinizdə söz var, bilmirəm niyə demirsiniz? Siz mənimlə açıq danışın, mən də sizin kimi bir adamam, nə qədər açıq danışsanız, bir elə mən sizdən razı olaram.
Üçüncükəndli. Bəy, doğrusu budur ki, Hacı Səmədağa ilə bizim sövdamız tutmur, mən bilmirəm onun əlinin suyunu...
Fərhad. Necə?
Üçüncükəndli. Bizə pul lazım olanda həftə bazarına gedib, ayda tümənə bir abbası müamilə ilə Hacı Səfərdən alırıq. Amma Hacı Səməd ağa ayda manata beş şahıdan əskik müamiləyə pul vermir.
Fərhad. Nə danışırsan, kişi? Bu, ildə yüz manata altmış manat müamilə eləyir?! Məgər mənim əmim belə iş görür? O ki bir mömin, namaz qılan, şəriətdən baxəbər şəxsdir. O niyə belə eləyir?
İkincikəndli (üçüncü kəndlini göstərir). Bu yazığa üç-dörd il bundan qabaq otuz beş manat pul vermişdi, əlli manatadək hacıya pul verib, yenə borcludur.
Fərhad. Yox, mən əmimi belə bilmirəm. Mən onunla bu barədə danışaram. Bu yaxşı iş deyil ki, əmim tutur.
Hacı Səmədağa Mirzə Qoşunəli ilə daxil olurlar. Rəiyyətlər və Fərhad ayağa dururlar.
Hacı Səmədağa. Bu nədir? Bu nədir? (Rəiyyətlərə) Siz öz məğamınızı bilirsiniz ya yox? Siz İndiyədək bu otağın içini görübsünüzmü? Otağı toza-torpağa bulamağınız kifayət etmir, hələ bir əziz qonaqlar kimi istirahətlə də əyləşibsiniz?!
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-bextsiz-cavan-ikinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dağlar arasında qaçaqlar məskəni. İki nəfər qaçaqlardan Tağı və Heydər qazanda xörək*bişirirlər. Bir nəfər yuxarıda əli tüfəngli qarovul çəkir.*
Dördüncü pərdəPərviz xanın sarayı. Böyük, şeyləri dağınıq bir otaq. Xacələr otağın şeylərini dişarı*çıxardırlar. Pərviz xan, əlində tüfəng, əsəbi halətdə otaqda gəzinir. Sadıq bəy daxil olur.*
Qurbanəli ŞərifovaDust mehriban!Əvvəla sizin səlamət olmağınızdır; saniyən siz gedəndən bəri Peterburqda bir qəribə əhvalat ittifaq düşməyibdir ki, sizə yazım. Peterburq öz əhaliləri ilə öz yerində payidardır. Bizlər sizin dövlətinizdən səlamətik, amma hava artıq soyuqdur. Əgər bu halda Peterburq xəyalında olsanız, məsləhət görməyirəm, çünki burada bir parça buz olarsınız. Amma bəd cəmiyyəti-xeyriyyə bu halda sizi üzv yazdı və kağızı göndərməyi mən boynuma götürdüm, çünki xahiş etdim ki, bir neçə söz və salam-dua sizə yazım və bircə xırdaca təvəqqe də sizdən edim o ümid ilə ki, mən etməyəcəksiniz. Bir cild kitab bu kağız ilə bahəm öz təsnifimdən sizə hədiyyə göndərdim. Təvəqqe edirəm qəbul edəsiniz. Və bir də sizdən təvəqqe edirəm, əgər mümkün olsa ki, orada bu kitab satıla, yazıb məlum edəsiniz, hər neçə cild lazımdır, göndərim və bu kitabın satılmağı barəsində əgər mənə kömək etsəniz, bir böyük minnət mənim boynuma qoyarsınız. Bir də bu kitabın satılmağı bu tövr mümkündür ki, hər bir hallı adamın boynuna on-iyirmi cild qoyasınız, ta onlar camaat arasında bipul paylayalar. Xülasə, təvəqqe edirəm bu kitabın satılmağına səy edəsiniz, artıq minnətdir. Kitabın qiymətini də ucuz qoymaqda meylim tez satmaqdır, çünki iki min cild çap etmişəm. Əlbəttə, bu Peterburqda satılası kitab deyil, amma mənim ümidim Qafqaza və sizin kimi dost-aşnalaradır. Baqi vəssalam.
Nəcəf bəy VəzirovaBakı, Tağıyev teatrına 15 noyabr 1913-cü il, Ağdamdan*Müsəlman səhnəsinin təşkilatçısını, birinci aktyorunu, Aslan bəy, Hacı Qəmbər kimi ölməz tiplərin yaradıcısını qucaqlayıb öpürəm. Siz qırx il dərviş kimi ürəklərin qapısını taqqıldadaraq bizi intibaha çağırmışsınız. Sizin pyeslərinizə baxan xalq gülmüşdür. Sizin gülüşünüzün sayəsində məqsədə nail olduqlarını görənlər bu gün sevincdən ağlayırlar.
Başqa şairlərin şeirləri
Əcayib sevdaya düşdüm, allahım,Ölürəm, ilqarım söylə, hardasan?
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,