Səhifə 2 / 2 · 50%

Birincikəndli. Hacı ağa. Bizə Fərhad bəy izn verdi, biz də onun qulluğunda oturduq.

Hacı Səmədağa. Fərhad bəy uşaqdır, amma sən ağsaqqal heyvansan, gərək ağa ilə nökərin yerini biləsən.

Fərhad. Əmi, nə buyurursunuz? Məgər bunlar da bizim kimi adam deyillərmi?

Hacı Səmədağa. Yox! Bunlar adam deyillər, rəiyyətdirlər, rəiyyət! Başa düşürsənmi?

Fərhad. Xeyr, başa düşmürəm.

Hacı Səmədağa. Onda bunlar çıxsınlar eşiyə, mən səni başa salım. (Rəiyyətlərə.) Gedin çöldə oturun. (Rəiyyətlər gedirlər.) Bilirsən, Fərhad, sən uşaqsan, bu cəmaətə bələd deyilsən, rəiyyət tayfası deyəndə, bir bihəya məxluqdur. Bu gün izn verərsən yanında otursun, sabah görərsən özü səndən izinsiz gəlib kürsülərin üstündə əyləşib. Bir azdan sonra da gəlib boynuna minəcək. Bunlara nə qədər qapaz dəysə, bir elə tabe olarlar.

Fərhad. Əmi, niyə belə sözləri buyurursunuz? Bu yazıqlar, vallah, insandırlar. Bizimtək, bəlkə də bizdən də bir az yaxşı insandırlar. Bunların da ürəklərində dərdləri var, qəmləri var, bu yazıqlara ürək dərdlərini heç kəsə söyləmək mümkün olmur. Bəy yanına gəlirlər, qapıya çıxıb üç kəlmə danışıb yola salırlar. Aralarına yüzbaşı gəlir, onlarla qamçı ilə danışır. Pristav söyüşlə söhbət eləyir. İmdi mən bunlarla danışırdım, deyirlər ki, hər il barama qurdlarımız qırılır, çünki kitab üzü ilə tikdirməyə pul tapmırıq. Pul da lazım olanda gərək gedib elə müamilə ilə götürək ki, ömrümüz olanı altından çıxa bilməyək. Hətta deyirlər, bir zalım, nainsaf, Allahdan dönmüş var ki, onlardan ayda manata beş şahı müamilə alır. (Hacı səksənir.) Bax, təəccüb elədiniz?! Nə olar ki, onlara müamiləsiz pul verəsiniz ki, gedib o növ məlum müamilədarın əlinə keçməyələr?

Hacı Səmədağa. Yalan deyirlər, inanma. Elə şey olsa, mən bilərəm, yalan deyirlər.

Fərhad. Əmi, inanmıram yalan deyərlər! Nə düşüb onlara yalan desinlər? Və əlavə deyirlər ki, onlara kitab paylayıblar, baramaçılıq kitabı. Kənddə bir nəfər savadlı yox imiş ki, o kitabı oxuyub onları başa sala. Biz gərək səy edək ki, onlar uşaqlarını oxutsunlar. Məgər insafdır ki, bir kənddə bir savadlı adam tapılmasın?

Hacı Səmədağa. Bala, qulaq ver, sən gedib o camaatın içində bir neçə gün otursan, bilərsən ki, onlar necə məxluqdurlar. Rəiyyət nə qədər avam olsa, bir elə bəy üçün məsləhətdir. Hərgah bunlara biz elm oxutsaq, gərək sonra gedib dilənək. Hərəsi gedib başına bir şapka taxıb deyəcək ki, mən abrazonam. Ondan sonra hünərin var onlarla danış. Gəlib yanında izinsiz əyləşəcək, guya min ildir səninlə bağrıbadaşdır.

Kəndə gedəcəksən, məhəl qoymayacaq, deməyəcək ki, ağa gəlib, gedim ona bir salam verim.

Fərhad. Yəni öz hüququnu dürüst anlayacaq!

Hacı Səmədağa. Buna sən hüquq deyirsən? Buna sən hüquq deyirsən? Bu, hüquq deyil! Mən bunu heç vədə qəbul etmərəm. Mənim yaşım altmışdan ötüb, bu gün-sabah ölərəm. Onda bilərsən ki, qoca əmin doğru danışırmış.

Fərhad. Əmi, siz bilin ki, bəyi bəy, rəiyyəti rəiyyət eləyən bizim kimi bir adamdır. Vaxt ki, onları sizin ixtiyarınıza veriblər, gərək siz onlara atalıq eləyəsiniz. Yəni çalışasınız ki, rəiyyətin elmi artsın, güzəranı artsın.

Hacı Səmədağa. Bala, mən deyəni sən başa düşmürsən. Ta bir müddət bəylik eləməyincə bilməyəcəksən. Gedib bir para sarsaqsarsaq kitablar oxuyubsan, oturub danışırsan. O kitab yazanın heç biri nə bəydir, nə rəiyyət. Avara-avara adamlardır. Ancaq aralıq qarışdırırlar. Rəiyyət nədir, dövlət nədir, elm nədir, sənət nədir? Rəiyyət ki dövlətləndi, gərək bəy baş götürsün kənddən çıxsın.

Fərhad. Əlbəttə, gərək çıxsın! Nə istəyir bəy bu yazıq rəiyyətdən? Açıq danışmaq istəyirəm, Allahın yerini kim sənə məxsus edibdir? Nə səbəbə yer sənin olsun? Niyə bəy öz zəhməti ilə çörək yeməsin? Məgər bu, insan sifətidir? Siz rəiyyətə heyvan deyirsiniz. Öz alnının təri ilə çörək qazanan heyvan deyil, bəlkə xalis bir insandır! Kifayətdir min illərlə camaatı əsir edib öz həmcinsiniz insanın qanını sorduğunuz! Hər kəs öz hüququnu tanısa yaxşıdır. Heç kimin ixtiyarı yoxdur desin ki, yer mənİmdir. Yer Allahındır və hər kəs gərək o yerdən aldığı mənfəətə tək özü sahiblik edə.

Hacı Səmədağa (Mirzəyə). Vallah, bu uşaq deyəsən dəli olub. Gedib kənddə bir-iki belə söz danışsa, camaatı bilmərrə bizim üzümüzə durğuzacaq. Axırda da erməni Simonun oğlu kimi qollarını bağlayıb göndərəcəklər birbaş Sibirə. (Fərhada) Qurban ın olum, ağlını başına cəm elə, bu sözləri burada danışdın, keçər, daha gedib kənddə danışma! Nə eləyək, elə ki mən də öldüm, kəndə sahidik elədin onda özün bil. (Mirzəyə) Mirzə, dahı bunu danışdırmaq xatadır, gedək.

Gedirlər.

Fərhad (dallarınca). Gedin, gedin, bir vaxt olar, sizdən hesab istərlər. Bu dilləri onda danışarsınız. Hələ bir müddət isti otaqlarda, yumşaq yorğandöşəklərdə istirahət edin, amma sizi öz zəhmətləri ilə bəsləyənlər soyuqdan, acından qırılsınlar. Nainsaf zalımlar, bimürüvvət cəlladlar! Hələ dövran sizİndir. Amma bunu yəqin edin ki, buynuzsuz qoçun qisasını, buynuzlu qoçda qoymazlar! Batar sizin kimi xunxar cəlladlar!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü pərdə

Dağlar arasında qaçaqlar məskəni. İki nəfər qaçaqlardan Tağı və Heydər qazanda xörək*bişirirlər. Bir nəfər yuxarıda əli tüfəngli qarovul çəkir.*

14 dəq
Dördüncü pərdə

Pərviz xanın sarayı. Böyük, şeyləri dağınıq bir otaq. Xacələr otağın şeylərini dişarı*çıxardırlar. Pərviz xan, əlində tüfəng, əsəbi halətdə otaqda gəzinir. Sadıq bəy daxil olur.*

7 dəq
Qurbanəli Şərifova

Dust mehriban!Əvvəla sizin səlamət olmağınızdır; saniyən siz gedəndən bəri Peterburqda bir qəribə əhvalat ittifaq düşməyibdir ki, sizə yazım. Peterburq öz əhaliləri ilə öz yerində payidardır. Bizlər sizin dövlətinizdən səlamətik, amma hava artıq soyuqdur. Əgər bu halda Peterburq xəyalında olsanız, məsləhət görməyirəm, çünki burada bir parça buz olarsınız. Amma bəd cəmiyyəti-xeyriyyə bu halda sizi üzv yazdı və kağızı göndərməyi mən boynuma götürdüm, çünki xahiş etdim ki, bir neçə söz və salam-dua sizə yazım və bircə xırdaca təvəqqe də sizdən edim o ümid ilə ki, mən etməyəcəksiniz. Bir cild kitab bu kağız ilə bahəm öz təsnifimdən sizə hədiyyə göndərdim. Təvəqqe edirəm qəbul edəsiniz. Və bir də sizdən təvəqqe edirəm, əgər mümkün olsa ki, orada bu kitab satıla, yazıb məlum edəsiniz, hər neçə cild lazımdır, göndərim və bu kitabın satılmağı barəsində əgər mənə kömək etsəniz, bir böyük minnət mənim boynuma qoyarsınız. Bir də bu kitabın satılmağı bu tövr mümkündür ki, hər bir hallı adamın boynuna on-iyirmi cild qoyasınız, ta onlar camaat arasında bipul paylayalar. Xülasə, təvəqqe edirəm bu kitabın satılmağına səy edəsiniz, artıq minnətdir. Kitabın qiymətini də ucuz qoymaqda meylim tez satmaqdır, çünki iki min cild çap etmişəm. Əlbəttə, bu Peterburqda satılası kitab deyil, amma mənim ümidim Qafqaza və sizin kimi dost-aşnalaradır. Baqi vəssalam.

1 dəq
Nəcəf bəy Vəzirova

Bakı, Tağıyev teatrına 15 noyabr 1913-cü il, Ağdamdan*Müsəlman səhnəsinin təşkilatçısını, birinci aktyorunu, Aslan bəy, Hacı Qəmbər kimi ölməz tiplərin yaradıcısını qucaqlayıb öpürəm. Siz qırx il dərviş kimi ürəklərin qapısını taqqıldadaraq bizi intibaha çağırmışsınız. Sizin pyeslərinizə baxan xalq gülmüşdür. Sizin gülüşünüzün sayəsində məqsədə nail olduqlarını görənlər bu gün sevincdən ağlayırlar.

1 dəq

Başqa şairlərin şeirləri