Məzmun
  1. On üçüncü şəkil
  2. On dördüncü şəkil
  3. On beşinci şəkil
  4. On altıncı şəkil
  5. On yeddinci şəkil

Səhifə 1 / 4

On üçüncü şəkil

Müctəhid Hacı Mirzə Əhməd ağanın evində. Hacı Mirzə Əhməd ağa və
Kamran.

Kamran Ağa, bir qələt işdir tutmuşam. Sizi narahat etdiyimi əfv edəsiniz. Nə edim, mənim bir başqa yolum yox idi. Əmim qızını götürüb qaçmağa məcbur idim. Əmimin də qüvvətinə siz bələdsiniz. Onu hər kəsin evinə aparsaydım, əmim gedib çıxardacaqdı. Labüd qalıb sizin sayəyihimayənizə qaçdım.

Müctəhid. Eybi yoxdur, oğlum, çox gözəl fikir edibsən.

Kamran. Sizin eviniz bəstdir. Sizə pənah gətirən qatil olsa, hökumət ərkanı gəlib apara bilməz.

Müctəhid. Sən xatircəm ol, oğul. Mən Hacı Kamyaba adam göndərmişəm. İndi gələcək bura. Mən onunla müfəssəl söhbət edərəm. Belə güman edirəm ki, bir söz deməsin.

Kamran. Sizin sözünüzün və əmrinizin qarşısında Hacı Kamyab nə danışa bilər? O ancaq Xudayar xanın oğluna söz verdiyini ərz edəcək.

Müctəhid. Söz vermək başqa, qız vermək başqa. Vəqt ki, arada əqd nikah carı olmayıb, sözü dəyişdirmək mümkündür. Xüsusən ki, bizim el arasında məşhur məsəldir: əmioğlu ilə əmiqızının kəbinini göydə mələklər kəsiblər. Sən İndi get, cavab gözlə.

Kamran. Mürəxxəs olum. Allah sizdən razı olsun, müctəhid ağa. (Baş əyib çıxır.)

Nökər (daxil olur). Ağa, Hacı Kamyab izin istəyir.

Müctəhid. Gəlsin, gəlsin.

Hacı Kamyab (daxil olur). Salaməleyküm.

Müctəhid. Və əleyküməssalam, buyur əyləş, hacı. (Hacı əyləşir.) Əhval və damağınız necədir?

Hacı Kamyab. Ərz edim, ağa, mən nəinki öz vilayətimdə, hətta xarici məmləkətlərdə də ad, san sahibi idim. İndi mən binamus olmuşam.

Camaat arasına çıxmağa xəcalət çəkirəm. Mən, görünür, sinəmdə ilan bəsləmişəm. On beş il zəhmətini çəkdiyim, oğul kimi saxladığım bir binamus məni rüsvayi-cahan etdi.

Müctəhid. Hacı Kamyab. İşə dürüst diqqət etsəniz, bir qədər də təqsir sizin özünüzdədir. Sizin, şükür olsun xudavəndi aləmin dərgahına, çörəyiniz var, adınız, şöhrətiniz var. Sizə, qızınızı qardaşınız oğluna vermək vacibatdan idi. Mənim sizi çağırmaqdan məqsədim nə olduğunu söyləyim.

Hacı Kamyab. Bəli, buyurun.

Müctəhid. Sizin qızınız bu saat mənim hərəmxanamdadır. Lazım gələn məhəbbəti də ona göstərirlər. İndi mənim xahişim qızı Kamrana verməkdir və sizin də danışmağa haqqınız yoxdur.

Hacı Kamyab. Cənab ağa, sizin xahişiniz mənim üçün əmrdir və sizin əmrinizdən də çıxmaq mənim üçün qəbahətdir. Sizə məlum olsun ki, neçə gün bundan əqdəm mən qızımı Xudayar xanın oğluna verməyə razı olmuşam. Siz çox gözəlcəsinə bilirsiniz, mənim cəmi sərvətimin səbəbi Xudayar xan ilə olan münasibətİmdir. Mən bu halda neçə kənd sahibiyəm, neçə əmlak sahibiyəm, hamısı Xudayar xanın dövlətindəndir. Belə olan surətdə mən sözümdən qaçamı bilərəm və qaçsam, bilirsiniz ki, Xudayar xan mənimlə ədavət başlayıb, tamam əmlakımı talan etdirəcək.

Müctəhid. Mən Xudayar xana cavab verməyi öhdəmə alıram. Xudayar xan sənə bir çırtma vurmaz.

Hacı Kamyab. Buna mən əminəm. Xudayar xan sizin əmrinizdən boyun qaçırmağa cürət edə bilməz. Fəqət Xudayar xanın əmlakından qalxan tamam məhsulat mənim əlimlə satılır və bu satışın dəllallıq haqqı ildə neçə yüz min tümən edir. Bunun hamısından mənim əlim çıxır.

Müctəhid. Hacı Kamyab, siz necə güman edirsiniz? Xudayar xanın əmlakının məhsulatı ilə mövqufat əmlakının məhsulatında təfavüt varmı?

Hacı Kamyab. Zəminü asiman. Söz yox ki, mövqufat əmlakının mədaxili ikiqat artıqdır.

Müctəhid. Mən mövqufat əmlakının məhsulatının satışını sizə vagüzar edirəm. Mədaxiliniz daha da artar. İndi sözünüz nə ola bilər?

Hacı Kamyab. İltifatınız artıq olsun, ağa. Heç sözüm ola bilməz. Fəqət bir ərzim var. Siz mənim qızımın başını kəsin, itlərə verin, mən bir söz demərəm. Ancaq mən qızımı məni rüsvay edənə, götürüb göydən yerə çırpana verməyəcəyəm.

Müctəhid. Hacı Kamyab, belə danışmayın. Bu dəb peyğəmbər axirəzzəman səlavatullahdan qalmışdır. Cənab Rəsul qızını öz əmisi oğluna verib, hamıya da bunu tövsiyə buyurmuşdu. Əmioğlunu əmi qızından ayırmaq yaxşı deyil.

Hacı Kamyab. Yenə ərz edirəm, sizin xahişiniz mənim üçün əmrdir. Amma mən qardaşım oğluna heç vaxt qız verməyə razı olmayacağam. İzin verin qulluğunuzdan mürəxxəs olum, ixtiyar sahibisiniz.

Müctəhid. Hacı Kamyab, qeyziniz tutub, danışırsınız. Ancaq bir az keçəndən sonra qeyziniz soyuyacaq və Kamran sizə yenə köhnə qayda oğulluq edəcəkdir.

Hacı Kamyab. Ağa, sizin əmrinizdən boyun qaçırmaq mənim üçün ölümdən bədtərdir. Ancaq namus ilə müdara etmək çətİndir. İzin veriniz rəfizəhmət edim. Xudahafiz. (İstəyir getsin.)

Müctəhid. Bir qədər dayanın. (Hacı Kamyab dayanır. Müctəhid bir qədər fikirdən sonra) Siz qızınızın nikahının Kamrana oxunmasınariza vermirsiniz?

Hacı Kamyab. Bəli.

Müctəhid. Və bu sizin qəti cavabınızdır?

Hacı Kamyab. Tərəfimdən biehtiramlıq olduğunu etiraf edirəm, fəqət cavabım qətidir.

Müctəhid. Elə olan surətdə mənim bir başqa təklifimi qəbul edin.

Hacı Kamyab. Buyurun.

Müctəhid. Ərəblər deyərlər: xeyrül-ümur övsətüha. Yəni hər işin yaxşılığı onun ortasındadır. Siz qızınızı nə Xudayar xanın oğluna və nə Kamrana verin. Izin verin onun nikahını mən özümə oxuyum. Buna sözünüz nədir? (Hacı dayanıb baxır.) Nə üçün sükut etdiniz?

Hacı Kamyab. Heç zad anlamıram. İzin verin bir qədər fikirləşim.

Müctəhid. Fikirləşmək yeri yoxdur, mənim ciddi sözümdür. Mənim təklifi-şərim sizə itmami-höccət etmək idi. Onu da etdim. Bundan sonra bu təklifi etməyə haqlıyam. Xudayar xanın, Kamranın cavabını mən verrəm. (Hacı Kamyab dayanıb baxır.) Cavab gözləyirəm.

Hacı Kamyab. Ağa, bu təklif mənim üçün böyük səadət və bu iki günün müddətində çəkdiyim müsibətin layiqli bir mükafatıdır. Mən danışa bilmərəm, qızımın başını kəsməyə haqlısınız.

Müctəhid. Razısınız?

Hacı Kamyab. Səmimi-qəlbdən.

Müctəhid. Əlini mənə ver. (Hacı Kamyab istəyir onun əlindən öpsün, izin vermir.) Yox, yox, şiəlikdə əl öpmək haramdır. (Bərk əlini sıxır.) Çox mübarəkdir.

Hacı Kamyab. Çox mübarək və böyük səadətdir. Bu saat gedim bu xeyir xəbəri qızın anasına da yetirim. Mürəxxəs olum.

Müctəhid. Xoş gəldin. (Hacı Kamyab baş əyib çıxır. Müctəhid əl çalır, nökər daxil olur.) Hacı Kamyabı yola sal. (Nökər istəyir çıxsın.) O buraya qız gətirən oğlan haradadır?

Nökər. Bizim mənzilimizdə əyləşibdir.

Müctəhid. Qız ilə görüşür, ya yox?

Nökər. Hərdənbir əndərun bağçasına keçir, qız da oraya çıxır, görüşürlər.

Müctəhid. Ona deyinən evdən bilmərrə çıxıb getsin və dübarə qayıdıb gəlmək istəsə, evə buraxma, eşitdin?

Nökər. Bəli, ağa.

Müctəhid. Di get.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Müxtəsər tərcümeyi-halım

1870-ci sənənin may ayının 4/17-ci günündə Şuşa qəzasında təvəllüd etmişəm. Atam Əsəd bəy qəza dəftərxanasının mütərcimi olub. Üç sinnində ikən atamı qeyb edib, bir neçə il əmim Əbdülkərim bəyin təhti-tərbiyəsində, sonra anamın ikinci şöhəri Həsənəli bəy Sadıqovun tərbiyəsi altına keçmişəm. Bu kişi mənə həqiqət ikinci atalıq etdiyindən, onu həmişə xeyirlə yad edirəm. Rus əlifbasının və rus qiraətini ilk dəfə Həsənəli bəydən öyrənmişəm. 1880-cı ilin may ayınadək kənddə olub, sonra Şuşa şəhərinə köçüb, altı sinifli şəhər məktəbinə girmək üçün hazırlanmağa başladım və bu niyyətlə məni müəllim Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoydular. Sentyabr ayında imtahan verib, şəhər məktəbinə daxil oldum və bir ildən sonra Şuşada təzə açılmış realni məktəbə keçdim. Realni məktəbdə oxuyarkən, yenə hər ay Yusif bəyin “kontoruna” gedirdim. Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakilə neçə teatrolar qabaqca Şahnəzərovun evində və sonra şəhər klubunun zalında verirdilər. Oynanılan əsərlər ancaq Mirzə Fətəlinin komediyalarıydı. Onlardan savayı meydanda heç bir əsər yox idi. Yusif bəy özü mütəəssib olub şagirdlərini də teatro tərəfinə həmişə təşviq edərdi. Və mənim teatroya həvəsim, onun təşviqi sayəsində başlanıb, gəldikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdə rollar götürüb, gözəl oynardı.Realni məktəbin dördüncü sinfində ikən, Mirzə Fətəlinin komediyalarına oxşar əsərlər yazmağa başladım. Söz yox ki, bunlar hamısı zəif və uşaq əlindən çıxmış cızmaqaralar idi. Hər yazdığımı aparıb Yusif bəyə göstərərdim. O da oxuyub, fəqət imlamı düzəldib, qaytarardı özümə və gözəl nəsihət ilə yola salardı.

4 dəq
Tərcümeyi-halım

Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.

7 dəq
Bizim yabılığımız

Məlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.

3 dəq
Tənqidə tənqid

Düşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.

4 dəq

Başqa şairlərin şeirləri