Tənqidə tənqid
Düşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.
Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.
Tənqidin başında Şöhrət ləfzini (”Şəhrət”) yazmaq – mənim şəxsiyyətimə toxunmaqdır. Bunu yəqin etməkdə mənim həqqim var, çünki keçmişdə də neçə dəfə mənə haman qəzetə idarəsində rubəru deyilibdir ki, guya mən “ucuz şöhrət” dalınca gəzirəm.
Bu idarə özü ucuz şöhrət axtaranları, şöhrət yolunda dinini, imanını, əqidəsini qara pula satıb axırda herostrat şöhrəti qazananları və qurd olub camaat arasında qoyun cildində gəzənləri çox yaxşı tanıyır.
Mənim şöhrətə ehtiyacım yoxdur və nə qədər millətə qələm ilə qulluq etsəm, mərhum Həsənbəy Məlikovun elədiyi xidmətlərin yüzdən birini edə bilməyəcəyəm; nə qədər Həsənbəy şöhrət qazanmışdı, onun yüzdən birini də mən qazanaram. Mən bilirəm, qəzetənin idarəsinin gözləri heç kəsin şöhrətini götürmür. Ona görə mən məzkur idarəni xatircəm edirəm ki, mənim şöhrətimdən ona ziyan dəyməz, çünki müsəlman faciənəvisinin şöhrəti ildə bir gündür ki, o da axşam saat doqquzun yarısından on İkiyədək. Amma şükür Allaha, bu qəzetə Badikubədən Peterburqacan şöhrət qazanıbdır. Cənab tənqidnəvis şöhrət məsələsindən keçir mənim faciənəvislik bilməyimə. Doğrudur, mən “Gülsünamə”, “Tənbihül-qafilin”, “Rüstəmnamə” kitablarından xəbərdar deyiləm, amma Yevropa və Rusiyada zahir olan məşhur teatro ədiblərinin hamısının əsərlərini oxumuş və başımın tükü sanı təsnifat teatrlarda görmüşəm.
Əgər “Ağa Məhəmməd şah Qacar” faciəsi kaleydoskop isə, görünür ki, cənab tənqidnəvis bu ləfzin nə olduğunu layiqincə düşünməyib, fəqət bir xarici ləfzi, heç məhəli olmayaraq istemal etmişdir; çünki cəmi tarixi faciələr kaleydoskopdurlar. Təvəqqe edirəm, cənab tənqidnəvis öz oxuduğu tarixi faciələrdən bir neçəsini şahid “Ağa Məhəmməd şahın” o səpkidə yazılmadığını sübut etsin. Bundan keçəndən sonra təsvirlərin bir-birilə rabitəli olmağı gündən aydındır və hər bir teatra gedən şəxs “Ağa Məhəmməd şahın” keyfiyyətini qaidəsilə özgələrə nəql edə bilər.
Cənab tənqidnəvis buyurur ki, İraklı və İbrahim xan müstəqil hakim idilər, çünki özlərinin sikkələri var idi...
Cənab tənqidnəvis çox gözəl bilir ki, İranda Gürcüstan padşahlarına “vali” deyirdilər və “vali” ləfsinin də mənası hər bir savad əhlinə məlumdur.
İndi keçək mənim türk dili bilməyimə. Bir şəxsə demədiyi sözləri isnad verib, sonra o sözlər üstündə ona föhş verməyin adına türk dilində nə deyilərsə, həqiqət, mən bilmirəm.
Qəzetənin mənim türk dili bilməməyimə dəlili bu sözlərdir: “Sizə kömək bağlayıb gəlmişəm”, “Zəhi böyük nainsaflıqdır”, “Nalayiq şeylər üzrə köpük çıxıb olur”.
Senzor tərəfindən möhürlənmiş və qələm dəyməmiş kitab mənim stolumun bu saət üstündədir. Hər kəs xahiş etsə, buyurub görə bilər ki, bu isnad verilən sözlərin heç birisi mənim kitabımda yoxdur və bunu qəzetə özü ixtira edib.
Cənab tənqidnəvis buyurur ki, mən elmi-ərvaha bələd deyiləm.
Çox mümkündür, ola bilər ağa özü məndən artıq bu elmə bələdiyyət yetirib. Ba in həmə mən təsdiq edirəm ki, cənab tənqidnəvis əsla tarixə bələd olsaydı, qəzetənin 118-ci nömrəsindəki sualları mənə verməzdi.
Mən ağaya məsləhət görürəm gedib həkim Mülkümün “Tarixi İranisini” oxusun. “Qafqaz” qəzetəsinin 1855-ci ildə çıxan nömrələrini oxusun və bunlar da ələ keçməsə, laməhalə Dubrovinin yazdığı tarixi oxusun. Onda yəqin edər ki, Cəfərqulu xan ilə Ağa Məhəmməd şahın İsfahan barəsində müzakirəsi və o saət onu Hacı İbrahim xanın gözünün qabağında öldürtməyi yalan deyil. Tarixi faciələrdə müsənnif surətin ağzına dil verə bilər, amma olmuş keyfiyyətləri dəyişdirə bilməz.
Həmçinin Hacı İbrahim xan ilə şahın rəftarının doğru olmamasını bu yazdığım tarixlərdə görə bilər. Həmçinin Ağa Məhəmməd şahın varis qeydi bir an yadından çıxmamağını cənab tənqidnəvis tarixdə görə bilər. Cəfərqulu xan öləndən sonra Ağa Məhəmməd şah üzünü Hacı İbrahim xana tutub deyir: “O nəcib ruh ki, bu nəcib bədəni əhya eləmişdi, bir dəqiqə padşahlıq tacını mənim varisimin başında rahət qoymayacaqdı”.
Bu sözlər şahın öz ağzından çıxmış sözlərdir və tarixdə də səbt olunub. Bircə bu dəlil, yüz dəlilin içində, onun varis qeydi çəkməyinə kifayət edər.
Mən bu tənqidə əsla cavab yazmazdım; çünki onun nalayiq sözlər ilə yazmağına səbəb, bir para əğrazi-şəxsiyyətdir. Əğrazi-şəxsiyyə isə layiqi cavab olmaz ikən, bu cavabı yazmağa məni vadar edən ancaq bu fikir oldu ki, sakit olmağım tənqidin haqq olmağına sübut olar...
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-tenqide-tenqid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dördüncü şəkilHacı Kamyabın kontoru. İki nəfər kontor əmələcatından əyləşib yazıya məşğuldurlar.*
Üçüncü pərdəDoqquzuncu şəkılHacı Kamyabın evinin əndəruni. Hacı Kamyab və Bibixatun.*
Dördüncü pərdəOn üçüncü şəkilMüctəhid Hacı Mirzə Əhməd ağanın evində. Hacı Mirzə Əhməd ağa və*
Beşinci pərdəOn səkkizinci şəkilBakıda mexanik emalatxanasında. Kamran, Fəramərz, Xurşid, Cahanbəxş*
Başqa şairlərin şeirləri
Ey əcəl, al canımı, aləmni ansız körməyin,Canımı canansızü cismimni cansız körməyin.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Yenə bır mahlıqa şolə salıb bag içrəYenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
ÇarpaGet dolanginən, xamsən hənuz,Püxtə olmağa çox səfər gərək.