Haqq Mövcud
Qara saçları çiyninə tökülmüş, başında qara kəndirlə sarınmış teyləsan, qara, uzun, qurşağınadək saqqal, qara, böyük sürməyi gözləri, boynunda bir pud gələn zəncir, arxasında bir ceyran dərisi... Bu idi onun qiyafəsi...
Yol gedəndə heç kəslə danışmazdı... Heç kəsin sualına cavab verməzdi. Dilindən ancaq bu sözlər eşidilərdi:
– Haqq mövcud! Haqq mövcud!
Bu səbəb onun adına hamı “Haqq Mövcud” deyərdi.
Uşaqlar onu küçədə görəndə hər biri bir yana qaçıb dağı ardı. Analar uşaqlarını qorxuzmaq istəyəndə deyirdilər: “Odur, Haqq Mövcud gəlir”. Yainki “Haqq Mövcud, gəl bunu apar!” Uşaq nə qədər ağlağan olsa idi, fövrən sakit olardı. Nəinki uşaqlar ondan qorxurdular, hətta böyük adamlar da onun mühib qiyafəsindən çəkinirdilər.
Hər bir evə getsə idi, əlbəttə, ona pul verərdilər və deyərdilər ki, onu əliboş yola salmaq ailəyə bədbəxtlik gətirər. Dərviş pulu alıb, “Haqq mövcud!” deyib gedərdi.
Boynundan asdığı ağır zəncirin nə olduğunu hər kəs soruşsa idi, cavab bu olardı:
– Haqq mövcud!
Xalq, “Haqq Mövcud”un bir kəramət sahibi olduğuna şəkk etmirdi. Biri deyirdi cadugərdir; biri – sahirdir; biri – kimyagərdir... Xülasə hərə bir ad qoyardı. Hətta deyirdilər ki, ona itlər hürmürlər. Qapılarda toyuqlar, küçələrdə quşlar onu görəndə qaçmırlar. “Haqq Mövcud” məscid həyətində bir pəncərədə əyləşərdi. Məsciddə təhsil edən tələbələrdən birisi öz gözü ilə sərçələrin hər gün gəlib. “Haqq Mövcud” un mənzilinə dolub onun dörd ətrafında atılıb-düşdüklərini görmüşdü. Tələbə yəqin etmişdi ki, “Haqq Mövcud”un şəyatin ilə əlaqəsi var və ətrafında atılıb-düşüb cükküldəşən sərçələr heç bir şey deyillər, məgər inki əcinnə və şəyatin. Qalan tələbələr də hamısı buna inanmışdılar.
Bəzi ovqat neçə günlərlə “Haqq Mövcud”un qapısından qıfıl asılmış görərdilər. On-on beş günlərlə itirdi. Heç yerdə onu “gördüm” deyən olmazdı. Kimi deyərdi ki, yəqin mağaraların birində riyazətə əyləşib. Amma axund və mollalar sərsəm xalqı inandırırdı ki, bu günlərdə gecə xoruz banlayan zaman kimya otu işıq verər və onu da ancaq əhli-təqva görər. “Haqq Mövcud” da əhli-təqva olduğundan yəqin kimya otu axtarır.
Axund əlavə edirdi ki, bunu özündən demir. Bu fəqərəni Mir Damadın “Məcməül-kəramat”ından və həkim Findirskinin “Kitabi-sirrülxəfiyyatı” nda görüb.
Axund molla Sərsəm nüfuzlu bir vücud olduğundan hamı inanmışdı. Buna ürəkdən etiqad edənlərdən biri də nüsxəbənd Məşədi Əkbər olmuşdu.
Bu şəxs, nüsxəbənd olduğundan özünü elmi-kimyaya dara hesab edirdi. Kimya yolunda, yəni dəmiri və misi qızıla döndərmək yolunda çox paralar sərf etmişdi. Kimya otunun müəyyən gecələrdə işıq verməsini o da Mir Damadın və həkim Fİndirskinin kitablarından oxumuşdu. Hətta neçə gecə gedib meşədə qalmışdı. Əhli-təqva olmadığından onu tapa bilməmişdi.
Məşədi Əkbər axundun mübarək dilindən bu sözləri eşidib, “Haqq Mövcud” ilə dostlaşıb ondan kimyagərlik öyrənməyi qərara aldı. “Haqq Mövcud”u neçə dəfə Məşədi Əkbərin evinə gəlib-gedən gördülər. Məşədinin bir növ elmi-kimyadan başı çıxdığını bilib yəqin etdilər ki, Məşədi “Haqq Mövcud”dan kimya öyrənir.
Günlərin bir günündə “Haqq Mövcud” yenə yox oldu. Neçə gün qonşular onun Məşədi Əkbərin evinə tərəddüdünü görmədilər.
Məşədi Əkbərin qonşusu bir dəfə ondan xəbər aldı:
– A Məşədi, bu “Haqq Mövcud” görəsən yenə necə olub. Heç görünmür?
Məşədi bu sözü kinayə hesab edib dedi:
– Mən nə bilim necə olub! Onun peşəsi aylarla itib yenə üzə çıxmaqdır. Bir də görəcəksən çıxdı bazara. Bir də bunu məndən soruşmağın mənası nədir? Mən “Haqq Mövcud”un tay-tuşu deyiləm, yoldaşı deyiləm.
Məşədi belə güman edirdi ki, “Haqq Mövcud”un bunun evinə gəlibgetdiyini heç kəs bilmir. Amma bizim şəhər elə şəhərlərdən deyil. Gecə xəlvət birisi arvadı ilə bir söhbət edə, sübh onu tamam əhali bilər. Belə camaatdan “Haqq Mövcud” filan gizlətmək olmaz.
“Haqq Mövcud”un itmək söhbəti bu dəfə şəhərdə özgə bir vəziyyət aldı. Söhbət arasında əhalidən biri zarafatla arvadına dedi:
– Yəqin Məşədi Əkbər “Haqq Mövcud”dan kimya öyrənəndən sonra onu öldürüb ki, kimyanı başqa adama öyrətməsin.
Arvad səhər hamamda halvaçı arvadı Xan Sənəmi görüb dedi:
A qız, Xan Sənəm, bir söz deyirlər axı... Deyirlər Məşədi Əkbər “Haqq Mövcud”u öldürüb.
– A qız, o, onu nə eləcəyək öldürüb: “Haqq Mövcud” bir yoxsul, dilənçi dərvişdir. Onu da öldürərlərmi?
– Axır o, kimya bilirdi. Məşədi Əkbər ondan kimyanı öyrənib, sonra da öldürüb.
– Bax, bu ağıl kəsən işdir!
Xan Sənəm xala Fatma Nisaya söylədi. Fatma Nisa Əmir Alı oğlu Ələsgərin arvadı Gülxanıma dedi. Gülxanım Pərnisaya, Pərnisa Cahanbanıya, Cahanbanı yuyucu Allahyetərə, yuyucu Allahyetər Qəzet Mələyə. Xülasə, bu xəbər tamam şəhərin arvadlarının arasına yayıldı:
– Məşədi Əkbər “Haqq Mövcud”dan kimya öyrənib, sonra da öldürüb.
Axır bunu da bilmək lazımi oldu ki, öldürəndən sonra onun nəşini nə eyləyib?
Biri dedi: “Zirzəmidə basdırmış olacaq”, biri dedi: “Dövlətli adamdır, qoyar bir çuval içinə, göndərər şəhərdən çölə; bir yerdə basdırarlar”.
Biri dedi: “Yox, nə lazım basdırmaq, tək adam bacarmaz. Şəhadət yanında da basdırsa axırda üstü açılar. Mən bilirəm. Yəqin onu öldürüb bədənini də təndirə basıb yandırıb. Ayrı cür heç ola bilməz”.
Bu nəzəriyyə arvadlar məclislərində çox danışıldıqdan sonra mühəqqəq bir surət aldı və arvadların hamısı bir dil ilə deyirdilər:
– Məşədi Əkbər “Haqq Mövcud”u öldürüb, bədəninin də təndirə basıb yandırıb.
Hətta arvadlardan neçə nəfər nəql edirdilər ki, piyin qoxusundan Məşədi Əkbərin evinin yanından ötmək olmur. Məşədinin qonşusu bir arvad təkyədə ətrafında oturanlara nəql edirdi ki:
– “Haqq Mövcud” axırıncı dəfə Məşədi Əkbərin evinə gələndən sonra, dörd-beş gün gecələr Məşədinin qapısından gələn piyin qoxusundan yatmaq olmadı. Yenə qabaqca güman etdik ki, qonşuda sabunxana açıblar. Amma soruşub bildik ki, qonşuda heç kəs sabun bişirmir.
İy Məşədi Əkbərin həyətindən gəlir.
Bu fikrə axırda kişilər də şərik oldular və başladılar Məşədi Əkbərə əyri baxmağa.
Bir gün Məşədi Əkbər dükanında əyləşdiyi halda, qorodovoy gəlib xəbər verdi ki, pristav onu istəyir. Ömründə pristav qapısı tanımayan
Məşədi Əkbər qalxıb dükanı bağlayıb qorodovoy ilə getdi.
Bəzzaz Kərbəlayı Muxtar əhvalatı görüb, əttar uzunburun Xudaverdini səslədi:
– Xudaverdi, aşnanı pristav apardı. “Haqq Mövcud”un kimyasını burnundan tökəcəklər!
Uzunburun Xudaverdi gülüb, cavab verdi:
– Bəs günahsız bir yazıq dərvişi öldürəsən, onun qanı yerdə qalarmı?
Pristav, Məşədi Əkbəri görən tək öz kabinetinə çağırıb qapını bağladı. Otaqda ancaq iki nəfər qaldılar.
Pristav əyləşib və Məşədi Əkbərə də yer göstərib dedi:
– Məşədi, siz özünüz bilirsiniz ki, mənim nə qədər sizdən razılığım var. Xüsusən sizin həmişə öz kəsbinizdə olub başı aşağı, namus ilə çörək qazanmağınız, hökumətin əmrlərinə ürəkdən tabe olmanız, bir para hökumət əlində olan cəmiyyəti-xeyriyyələrdən pulu müzayiqə etməməyiniz həmişə ümənayi-dövlətin iltifatına sizi nail edib.
Mən sizə zəhmət verib buraya çağırmışam, amma nə etməli. Doğrudur, çox da xəcalət çəkirəm; çünki mənim boynuma qoyulmuş vəzifə çox ağır vəzifədir. Amma bağışlayasınız, qulluq əmrinə itaət də bizim borcumuzdur.
Şəhərdə gəzən şayiatdan müxbirsiniz və mənə də əmr olunubdur ki, sizi danışdırıb bəratülqövl yazıb silisçiyə göndərim.
Bizə məlumdur ki, “Haqq Mövcud” deyilən dərviş axır vaxtlar sizing evinizə gəlib-gedirmiş və bunu da sizin qonşularınız hamısı görübdür.
Avqust ayının beşində haman dərvişin sizin evinizə gəldiyini görüblər; amma qayıdıb getdiyini görən olmayıb. Haman gündən dərviş “Haqq Mövcud” itibdir. Mən yəqin etmişəm ki, dərviş “Haqq Mövcud”un itməyinin, sizə gəlib-getməsi ilə əlaqədarlığı yoxdur. Bəhər hal, siz tək möhtərəm şəxsə bu ləkəni üstünüzdən rədd eləmək vacibdir. Ona görə xahiş edirəm bu xüsusda bir izahat verəsiniz. Pristav bir varaq kağız götürüb, qələmi əlinə alıb yazmağa hazırlaşdı.
Pristav, Məşədi Əkbərin oğlunun ölüm xəbərini, ya bankda yatan pullarının batmasını xəbər versə idi, bir belə əsər etməzdi ki, bu sözlər onu yandırdı, dedi:
– Ağa pristav, şəhərin arvadları ağızlarını avara qoyub gündə bir gecə vaqiədə gördüklərini həqiqət hesab edib boş şayiələr buraxacaqlar, siz də ona qiymətmi verəcəksiniz? Mən sizi inandırıram ki, “Haqq Mövcud” ölmüyüb, görəsən qəzaların hansına gedib. Bir də görəcəksiniz ki, odur bazarda gəzir. Siz mənə on gün möhlət verin, mən “Haqq
Mövcud”u yer deşiyindən də olsa ölüsünü, ya dirisini qulluğunuza pişnihad eləyim.
Pristav cavab verdi ki:
– Mən sizi danışdırıb bəratülqövl bağlamağa məcburam və hətta bunu sizə birdən demək istəmədim. Gərə sizi buradan qorodovoylar silisçinin qulluğuna aparsınlar.
“Silisçi” sözündən Məşədinin az qaldı dili tutulsun. Başladı yalvarmağa:
– Pristav ağa, mən şəhərdə bir abır sahibiyəm. And olsun sizin əziz başınıza, getdiyim Məşhədi-müqəddəsə, mən, mənə isnad verilən yolların adamı deyiləm.
Pristav, Məşədi Əkbər tək girinə keçmiş yağlı qoyunu, əlbəttə, asanlıqla buraxmayacaqdı.
Dedi:
– Məşədi, mənim sizin təmiz, mömin, müqəddəs bir şəxs olduğunuzda şəkkim yoxdur. Nə etməli, əmrə taət etmək mənim vəzifəmdir.
Yoxsa məni qulluğumdan xaric edib məhkəməyə verərlər. Təvəqqe edirəm izahat verəsiniz.
Məsələsinə arif, həmişə öz təklifini bilən Məşədi Əkbərin sağ əli getdi arxalığın cibinə və pristav da zənn ilə gözlərini dikdi onun əlinin hərəkətinə. Bir azdan sonra əl, cibindən çıxdı və bir dəstə əsginas pristavın masasının üstünə qoyuldu.
Pristav masa üstünə qoyulanın nə olduğunu gördüsə də, yenə Məşədinin gözünün içinə baxıb soruşdu:
– Bu nədir?
– Bir şey deyil, cənab! Mən sizdən təvəqqe edirəm: bu pulu göndərərsiniz qubernatorun hərəminə. Xeyriyyə işlərinə xərc olunmaq üçün. Mənə də bir az möhlət verəsiniz, mən qəzalara adam saldırım,
“Haqq Mövcud”u harada olsa tapıb gətirsinlər.
– Bunu mən qəbul edirəm: bu saat bir qəbz yazıb sizə verərəm.
Pristav stolun qutusunu açdı. Məşədi onu dayandırdı:
– Zəhmət çəkməyin. Sizin sözünüz mənim üçün qəbzdən artıqdır.
İzin veriniz, qulluğunuzdan mürəxxəs olum.
– Xoş gəldiniz. Sizə bir ay möhlət verirəm. Əgər bu bir ayın müddətində
dərviş tapılmasa, məndən inciməyəsiniz!
– Baş üstə, qəbulumdur. Allah sizi bu camaatın üstündən əskik eləməsin!
Xudahafiz!
– Xoş gəldiniz.
Məşədi gəldi dükana. Bir az oturub getdi evinə. Sabahı günü üç nəfər adam icrətlə tutub qəzalara göndərdi ki, “Haqq Mövcud”un ölüsünü, ya dirisini tapıb gətirsinlər.
Bu fəqərədən neçə gün keçmiş şəhərin cavanlarından bir dəstə səyahət üçün şəhərin ətrafında məşhur bir bulağın üstünə gedirlər.
Yeyib-içdikdən sonra cavanlar dağılırlar meşəyə bənövşə, sair çiçəklər dərməyə.
Cavanlardan birisi meşənin qalın yerindən keçmək istədikdə ağacların arasından bir xorultu eşidir.
Cavan, qabaqca güman edir ki, sürüdən ayrılmış donuzdur. Ağacların arasında dolaşıb, çıxmağa yol tapmır. Istəyir xorultuya tərəf getsin.
Yenə ehtiyat edib yoldaşlarını səsləyir, yoldaşları cəm olurlar.
Hamısı bir yerdə ağacları aralayıb, yeriyirlər qabağa.
Bir az gedəndən sonra yoldaşlardan birisi səsləyir:
– Kimsən, ay oradakı?
Cavab gəlmir.
– Kimsən? Cavab ver! Yoxsa vurdum.
Birdən səs eşidilir:
– Haqq Mövcud!
Yoldaşlar “Haqq Mövcud”u çəkirlər eşiyə.
– A kişi, neçə müddətdir burada nə qayırırsan?
– Haqq Mövcud!
Hər nə xəbər alırlarsa cavabında ancaq bunu eşidirlər:
– Haqq Mövcud!
Sübh camaat “Haqq Mövcud”u bazarda gəzən görür. Məşədi Əkbər
onun qolundan yapışıb gətirir pristavın qulluğuna.
– Buyurun, ağa. Bu da sizin “Haqq Mövcud”unuz! Bilin ki, mən adam öldürən deyiləm.
– Məgər mən şəkk edirdim, Məşədi?
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-haqq-movcud
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.
MüsibətSərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi.Neçə il idi ki, Sərdarov vətənini tərk edib, Türküstana getmişdi. Bu müddətdə Türküstanda onun böyük ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Krasnovodski o tərəfə addayandan sonra hər şəhərdə Sərdarovun adını eşidə bilərdin. Rusiyanın cəmi ticarət mərkəzlərində Sərdarovun etibarı var idi və banklar həvəslə onun üzünə öz qapılarını açırdılar. Sərdarovu nəinki Rusiya, hətta İran da tanıyırdı. Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşkabar yüklərini Xorasandan Türküstana gətirirdilər. Hacının sərvəti haqqında növbənöv hekayələr söylənərdi və onun banklarda olan pulunun qədərini milyon hesab edərdilər. Bir nəfər hacının əqrəbasından getdiyi Kərbəlaya and içərdi ki, bu sözü ona Hacı Səlim özü söyləmiş. Biz onun sərvətinin qədərini bilmirik, az idimi, çox idimi; dörd bacısı da bilmirdi; ancaq bircə şey məlum idi. Hacı Səlim çox böyük sərvət sahibi idi.
Ovçu QasımOvçuların yalan danışmaları hər bir yerdə məlumdur. “Ovçu yalanı” zərbülməsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb başını bulaya və yainki çiyinlərini qısa, yaxud dodağı altında təbəssüm edə; ovçu o saat inciyib daha hekayətlərin dalısını söyləməyəcək və deyəcək:– Doğrudur, ovçu çox yalan danışan olar və mənim yoldaşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm.
QisasMüsavatın dövrü idi. Şəhərin böyük meydanlarının birində neçə yüz nəfər iki nəfəri əhatə etmişdi. Bu iki nəfərin üstünə hər tərəfdən hədə və föhş tökülməkdə idi. Əhatə olanlardan birisi üzünü izdihama tutub söyləyirdi: “Ay camaat, biz iki qardaşı siz tutub buraya öldürməyə gətiribsiniz. Əgər sizdə namus varsa, bir nəfəriniz gəlin qabağa, hər ikimizi öldürün. İkimizin də silahsız olduğumuzu görürsünüz”.Camaat bunların sözlərinə etina etməyərək, hər tərəfdən föhş yağdırırdılar.
Başqa şairlərin şeirləri
ندیدهام چو تو هیچ آفریده، سرگردان
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,