Səhifə 3 / 3 · 67%

Sübh tezdən Nəriman durub getdi Hacı Bayramın evinə. Hacı Bayram hələ yatmışdı. Nəriman hacının atına arpa verib, sonra yal-quyruğunu yuyub, düyüb, yəhərləyib hazır etdi.

Hacı atlanıb yola düşdükdə yenə evini, malını Nərimanın ümidinə qoymasını söylədi.

Bunu da bilməlidir ki, Güldəstənin anası bir-iki ildi ki, vəfat etmişdi. Hacı Bayram bir başqa arvad alıb gətirmişdi. Bu arvad Güldəstəyə çox əziyyət verirdi və onun başdan olub, çıxıb getməsini də ürəkdən arzu edirdi. Güldəstə həmçinin analığının əlindən təngə gəlib deyirdi:

– Əgər gözüm tutan bir oğlana rast gəlsəm, nə atamın sözünə, nə onun dövlətinə baxmayaraq çıxıb gedəcəyəm.

Güldəstə aradığı nişanlar hamısı Nərimanda var idi: gözəl, kamallı, savadlı, iş bacaran.

Güldəstənin analığının bir xasiyyəti var idi: əri bir-iki günlüyə bir yana gedəndə, onun da əlinə girəvə düşüb sübhdən axşamadək evi Güldəstənin ümidinə qoyub, tamam kəndi evbəev gəzərdi və hər yerdə oturub ancaq Güldəstənin söhbətini elərdi.

Söz yox ki, bu xasiyyət cəmi arvadlarda var. Bu yerdə hər millətin arvadları bərabərdirlər. Ər bir-iki gün evdən yayınanda onlar da əldə bir bəhanə tutub qapı-qapı gəzərlər.

Hacı Bayram gedəndən sonra arvadı da çıxıb getdi bacısı Mələknisanın evinə. Nəriman Hacı Bayramı yola saldıqdan sonra atı minib çıxdı düzlərə. Hacı Bayramın atına, malına, qoyununa baş çəkib, sonra sürüdən bir toğlu götürüb qayıtdı evə. Evdə toğlunu kəsib, üç parça bölüb, bir parçasını evdə qoyub, iki parçasını da Hacı Bayramın arvadlarının evlərinə apardı. Evə qayıdıb gördü ki, Güldəstə də oyanıb. Ət parçasını evə gətirib, Güldəstəyə verib ədəblə soruşdu:

– Bişmiş üçün nə lazımdır, deynən gətirim?

Bu yerdə Nəriman yenə bir ah çəkib, heç başını yuxarı qovzamadı.

Güldəstə, həmçinin yavaşdan bir ah çəkib, bir qədər Nərimanın üzünə baxıb dedi:

– Analığım getdi bacısı evinə. Axşamadək orada qalacaq. Axşam da kim bilir gələcək, ya yox? Özüm kabab bişirərəm, ayrı şey lazım deyil.

Nəriman bir söz deməyib, evdən çıxmaq istədi. Nəhayət, bir-iki qədəm gedib dayandı. Dönüb Güldəstəyə tərəf baxdı, sonra qapıya tərəf gedəndə Güldəstə onu səslədi:

– Nəriman, bir bura qayıt!

Nəriman qayıtdı.

– Nəriman, sənə nə olubdur? Tez-tez ah çəkirsən? Əgər ürəyində bir dərd varsa, mənə söylə. Yoxsa evinizin bir şeyə ehtiyacı var? Deginən, atam gedibdir, evdə hər şey vardır. Heç bir şeyin hesabını atam bilmir. Bəlkə pul lazımdır, un lazımdır...

– Yox, heç zad lazım deyil. Özün bilirsən ki, Hacı Bayram çobanlara, naxırçılara arpa ilə qarışıqlı çörək verir. Ayrandan başqa da bir yavanlıq vermir. Yaxşı olar ki, atan gələnədək onlara qarınları dolusu çörək verərsən. Bir az buğda unu ver, yağdan, pendirdən ver, yeyib səndən razı olsunlar.

– Get ləmədən nə istəyirsən götür, sonra atını min, çap sürüdən bir toğlu da gətir, ver nökərlər özləri kəsib yesinlər.

Güldəstə gülüb soruşdu:

– Yoxsa elə bunun üçün ah çəkirdin?

Nəriman cavabında:

– Xeyr, bir o deyil.

– Bəs nədir?

– Ta mən nə ərz eləyim?

– Söylə, açıq söylə. Burada bir mənəm, bir də sən, eşidən yoxdur.

Axırıncı sözlər Nərimanı cürətləndirdi:

– Bilirsənmi, Güldəstə, nə var? Mən sənə də baxıram, Hacı Bayrama da baxıram. Siz heç biriniz bir-birinizə oxşamırsınız. Heç bir sənin xasiyyətinə bələd olan deməz ki, sən Hacı Bayramın qızısan. Budur, atan nökərlərə ayran, şor yedirir. Sən bu saat ləmənin qapısını açıb yağı, pendiri tökürsən ortalığa. Mən sənin atana baxıram, onun bir belə mal və dövlətə, yığdığı pullara baxıram, məni hərdənbir böht aparır.

Mən uşaq vaxtında atamdan soruşardım, deyərdim:

– Dədə, niyə Hacı Bayramın, Hacı Novruzun, qonşumuz Həmid bəyin dövlətləri başdan aşıb, amma sən bu gün gedib dilənməsən biz axşam ac qalarıq?

Atam deyərdi:

– Oğul, bu, Allahın məsləhətidir, birinə məsləhət belə verir, o birisinə verməyir.

Atamın bu cavabı, doğrusu, məni kifayətləndirmirdi. Öz-özümə deyirdim: Yaxşı, Allah belə məsləhət görür, məgər o Allahın mənim əlil, iki gözündən məhrum olmuş qoca atama yazığı gəlməyir? Bu nə növ Allahdır? O gərək hamı bəndələrini bir gözdə görə. Bir adamı tox, bir adamı ac qoymaya. O gündən ki mən Hacı Bayramın evinə gəldim, gördüm ki, xeyr, burada allahfilan məsələsi yoxdur. Hacı Bayramın dövləti camaatın ətindən, qanından əmələ gəlmiş. Tamam ətrafı dolansan bir nəfər kəndli var ki, Hacı Bayrama borclu olmasın? Camaat əkib-biçdiklərinin hamısını gətirib Hacı Bayrama verdikdən sonra yenə ona borclu olmasın? Camaat əkib-biçdiklərinin hamısını gətirib Hacı Bayrama verdikdən sonra yenə ona borclu qalırlar. Çobanlar, naxırçılar qışın soyuğunda, yayın istisində gecə-gündüz arpa çörəyi yeyib, onun qoyununun, malının qarovulunu çəkirlər. Hacı Bayram qışda isti buxarının kənarında, yayda uca talvarlarda istirahətlə əyləşib, özü kimi hampaları cəm eləyib başına; plov qurşağa çıxır. Molla Vəli də ki, həmişə məclisin başında əyləşib hacının ömür-dövlətinə dua edir. Bu işləri mən görəndə deyirəm: insafmıdır ki, Güldəstəyə Hacı Bayramın qızı desinlər?! Odur ki, hər səni gördükdə ah çəkirəm.

Güldəstə Nərimanın sözlərinə diqqətlə qulaq asırdı və qulaq asdığı zaman tez-tez başını qaldırıb, Nərimanın sifətinə baxıb, yenə də başını aşağı salırdı. Nəriman sözünü qurtardıqdan sonra Güldəstə dedi:

– Nəriman, qardaş, mən özüm də hər şeyi görürəm. Sənin bu evə gəldiyin iki il olmaz. Amma mən bu evdə böyümüşəm. Hər şey mənim gözümün qabağından keçir. Atam fəqir-füqəranı soyanda elə bilirsən mənim ürəyim yanmır? Ancaq mən nə edə bilərəm? Əlimdən nə gələr?

Ancaq onu bacarıram ki, atam şəhərə gedəndə əlimə fürsət düşür, fəqirfüqəra qonşulara köməyim dəyir. Nökərlərin xörəyini bir qədər yaxşılaşdırıram.

– Səndən hamı razıdır, Güldəstə. Ancaq məni bir əhvalatın fikri alıb. Sən özün bilirsən neçə vaxtdır, Mirzə Hüseyndən axşamlar gedib dərs oxuyuram. Mirzə Hüseynə Rusiyadan qəzetlər gəlir. Axır vaxt Rusiyada indiyədək misli görünməmiş vaqiələr keçməkdədir. Cəmi kəndlilər mülkədarların üzlərinə dururlar. Kəndlilər deyirlər: səbəb nədir ki, zəhməti biz çəkək, bizim zəhmətimizin faydasını bəy götürsün? Bəyin də, deyirlər, canı çıxsın, o da bizim kimi bir adamdır, gəlsin işləsin, çörək qazansın. Onlar deyirlər ki, yer əkinçinİndir. Bəy ki, əkinçilik eləmir. Yerdən mədaxil götürməyə haqqı yoxdur. Bəylərin mülkləri, imarətləri, hamısı, deyirlər, camaatın alnının təri ilə qazanılıb, vaxta ki, belədir, bu əmlak gərək hamısı bəyin əlindən alınıb camaata verilsin. Alınıb verilməyən surətdə camaat özü zorla əmlakı bəylərin, hampaların əlindən alacaq.

Güldəstə birdən Nərimanın sözünü kəsib qışqırdı:

– Əlbəttə, camaat doğru deyir. Budur, mənim atamın hədsiz-hesabsız malı, qoyunu, atı, pulu var. Bunların hamısı camaatın zəhmətindən düzəlməyibdirmi?

Güldəstənin belə cavabı Nərimanı daha da ürəkləndirdi.

– Bilirsənmi, Güldəstə, Rusiyadan axan sel gəlib buraları da basacaq. Hacı bayramların, hacı novruzların və onlar kimi hampaların, cəmi bəylərin, xanların var-yoxları əllərindən alınıb camaata veriləcək. O vaxt mən bilmirəm, sən necə olacaqsan?! Bu fikir heç mənim başımdan çıxmır.

Güldəstə gülüb dedi:

– Elə ki bizim var-yoxumuzu alıb sizə verdilər, siz varlanarsınız. Biz də gəlib sizin kölgənizdə dolanarıq. İndi sən mənim atama qulluq eləyirsən. Onda atam gələr sənə qulluq elər.

– O vaxt heç kəs, heç kəsə qulluq eləməyəcək. Hamı camaata qulluq eləyəcək, camaat da ona qulluq etmək istəməyənləri öz arasından çıxarıb qovacaq. Camaat hakimiyyətinə bərəkəs gedənlər böyük tənbehlərə düçar olacaqdır.

Nəriman birdən ayağa qalxdı:

– Söhbətimiz çox uzandı. Gedim, uşaqlar üçün peşkəş elədiyin toğlunu sürüdən alıb gətirim.

Güldəstə yenə güldü:

– Peşkəş yoxdur, o uşaqlar qazandıqlarını yeyəcəklər. Nəriman, söhbətlərin mənim çox xoşuma gəldi. Yəqin ki, analığım bacısı evində qalıb gəlməyəcəkdir. Mən də evdə tək qalanda qorxuram, axşam işlərini qurtardıqdan sonra gəl otur bu söhbətlərdən bir az da söylə.

– Bəs dərsim necə olsun?

– Bir gün dərsə getməyəndə nə olar?

Nəriman yersiz cavabından utanıb axşam gələcəyinə söz verdi. Tez çıxıb, atı yəhərləyib yola düşdü. Kənddən bir az uzaqlaşdıqdan sonra Nəriman dayanıb ətrafa göz gəzdirdi. Bir tərəfdə qara bulud kimi yerə çökmüş bağlar, bir tərəfdə intəhasız əkin yerləri, külək işlədikcə tükənməz zəmilərin taxılları dərya tək mövc verirdi. Bu yerlər hamısı ağalıq yerləri idi ki, xalq icarəyə götürüb taxıl əkmişdi. Camaat taxılı öz zəhməti ilə əkib, suvarıb, qoruyub, biçib tökdükdən sonra təmizlənmiş taxılın dörddən birini gərək öz heyvanına yükləyib, aparıb bəyin anbarına töksünlər. Bir tərəfdə qoyunlar yan-yana verib, yaylıma yatmış, itlər sürülərin ətrafında qarovulda, çobanlardan kimi ağacına dayanmış, kimi tütək çalmadadır, kimisi papağını qaval tək ağzının qarşısında tutmuş, çoban bayatısı çağırır. Nərimanın buradan hər gün gəlib keçmək peşəsi idi. Bu dəfə Güldəstə ilə etdiyi söhbətinin təsirindən, ya nədənsə, atın üstündə dayanıb fikrə getdi. Özözünə deyirdi: bir gün olar bu intəhasız əkinlər camaatın özünə məxsus olar. Həmin bu çobanlar hampalara, hacılara qulluq etməyib, öz malları kimi xalqın qoyununun çobanlığını edərlər.

Nərimanın fikri gələcəyə getdi: kənd meydançası, kənd məhkəməsi, kəndin seçmə hakimləri, masa dalında əyləşib işə baxırlar və Nəriman, kor İsrafil in oğlu Nəriman sədarətdə əyləşibdir. Hacı Bayram müqəssir surətində məhkəmənin qabağında durub qıçları titrəyərək cavab verir. Hacı Bayram guya gecə vaxtı atlarını xalqın pambıq zəmisinə salıb otarmış. Məhkəmə Hacı Bayramı həbsə almağa qərar verir... Birdən Güldəstə bir yandan çıxıb, Nərimanın ətəyindən yapışıb atasının bağışlanmasını ondan təvəqqe edir.

Bu yerdə Nəriman yuxudan ayılmış kimi diksindi və öz-özünə:

– Bəli, o gözəl günlər uzaqda deyildir, – dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Uca dağ başında

Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.

15 dəq
Seyidlər ocağı

Məlumdur ki, islam və xüsusən şiəyi-Əmirəlmöminin vilayətlərinin cəmi ehtiyacatını: istər xeyirdə, istər şərdə, rəf edən İrandır.Əgər Iran olmasa idi, bilmirəm, bu yazıq camaat haraya gedərdi. Şad günümüzdə Iran bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymun oynadanlar, ayı oynadanlar göndərir.

7 dəq
Qəndil

Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi.Qubernatordan tutmuş axırıncı pristavadək onun evinə gələrkən “hər barədə” razı gedərdi. Kimin Iskəndər bəyin əlindən hökumətə şikayət eləməyə cürəti vardı?

5 dəq
Çeşmək

Şəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi. Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki, üç saat dünya qeydini yadından çıxarardı. Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı. Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı.Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi.

8 dəq

Başqa şairlərin şeirləri