Əvvəlinci məclis
Vaqe olur böyük bir meşədə, sübh vaxtıdır, iki əcinnə odun yığır.
Birinciəcinnə. Ha, ha, ha!.. Yadıma bir yaxşı nağıl düşdü, gəl sənə deyim.
İkinciəcinnə (yaxın gəlir). De görüm.
Birinciəcinnə. Biri var idi, biri yox idi, bir hörümçək var idi, bir divarda tor qurmuşdu. Gündə neçə milçək tutub yeyirdi. Bir gün bir milçəyə düçar oldu, milçək onu tutub yedi. O, yerə keçdi, sən də dörə keç.
İkinciəcinnə. Elə bu?
Birinciəcinnə. Elə bu.
İkinciəcinnə. Quyruğunu it yesin, yaxşı nağıl dedin. Belə də nağıl olarmı?
Birinciəcinnə. Əgər olmaz, bəs niyə biz burada növbəyə düzülüb, gündə ikimiz bəniinsan üçün odun yığırıq?
İkinciəcinnə. Hə, İndi başa düşdüm, doğrudan da, deyirsən, sən çox ağıllı əcinnəsən. Odur ki, sənin quyruğun da, buynuzun da bizimkindən uzundur.
Birinciəcinnə. Amma sənin qulağın çox uzundur. Zarafat dursun kənara, balam, biz nə günahın sahibiyik ki, bir belə zəhməti burada çəkirik? Budur, alnımdan tər axır. (Alnının tərini silir).
İkinciəcinnə. Xanım buyurub.
Birinciəcinnə. Mən də bilirəm xanım buyurub. Xanım niyə buyurub?
İkinciəcinnə. İmdi demədinmi ki, milçək gəldi hörümçəyi yedi?
Birinciəcinnə. Odur ha. İndi görürəm başa düşübsən. Neçə belə adamları tora salıb tələf eləyib, amma bunu, nə isə, gözü tutubdur.İndiyədək bura əcinnə göndərəndə heç bir söz demirdi, ancaq buyururdu: “Gedin filan yerə odun yığın, qoyun, qayıdın”. Amma bu dəfə bizi göndərəndə buyurdu: “Gedin filan yerə qurban üçün odun yığın, ona qurban olum”.
İkinciəcinnə. Yəni “ona qurban oldum” sözünü eşitdin?
Birinciəcinnə. Əzrayılın tacına and olsun, doğru deyirəm. Amma üzünü kənara tutub dedi. Belə dedi: “Ona qurban olum”.
İkinciəcinnə. Bəli, onda gön suya verildi, qurtardı. Milçək hörümçəyi yedi. Amma, balam, dayanmaq vaxtı deyil. Tez ol, odunu bağlayaq, gedək. Xanımın gəlmək vaxtı yaxınlaşır.
Birinciəcinnə. Bu saat!
Hər ikisi köməkləşib odunu bağlayırlar. Pəri cadu daxil olur.
Pəricadu. Odun yığdınız?
Əcinnələr. Bəli, yığdıq.
Pəricadu. Di mürəxxəssiniz, gedə bilərsiniz...Yox, yox, (birinci əcinnəyə) sən burada qal, işim var. (İkinci əcinnəyə) Sən get.
İkinci əcinnə baş əyib gedir.
Pəricadu. Bu dəqiqə gərək Şamama cadu qarı məğriblə məşriqin arasında, hansı yerdə olsa burada olsun, eşitdinmi? Əgər gün bir cida boyu qalxınca burada olmasa, sənin ətini öz anana yedirdəcəyəm. Get!
Birinciəcinnə. Bəlkə ondan da tez gəldi. Sənin hökmün hər nə məzmunda olsa, bizim borcumuzdur itaət eləyək. Gedim.
Pəricadu. Gərək qaranquş donuna girib uçub, harada olsa tapıb göndərəsən.
Birinciəcinnə. Baş üstə, xanım.
Pəricadu. Get. (Əcinnə gedir.) Yox, daha tab gətirə bilmədim. Gərək Qurbanı gətirdim. (Qurban və Niyaz gendən görünürlər.) Budu, gəlir. Ilahi, nə qəşəngdir! Ilahi, nə gözəldir! Bilmirəm bu daş tək ürəyimə nə olub? Hər gün deyəsən məni cəbrən gətirirlər buraya. Hər dəfə Qurbanın gözlərinə tamaşa etdikcə, az qalır ruhum bədənimdən çıxsın. Daş olmuş ürəyim, mürüvvətdən, insafdan uzaq ürəyim şam kimi əriyir. Ah, ay Qurban... Nə deyim, bircə səni bağrıma bassaydım, ondan sonra ölsəydim qəmim olmazdı.
Qurbanla Niyaz, əllərində balta və kəndir daxil olurlar. Pəri cadu
gizlənir bir ağacın dalında.
Qurban. Budur, yenə bir şələ hazır odun tapdım. Lap məəttəl qalmalıdır!
Niyaz. Kefinin gəlhagəlidir, a bəxtəvər.
Qurban. Budu... Ayaqlarım düşdü, a kişi, belə gün olar? Belə dirilik olar? Hər gün ölə-ölə gəl, ölə-ölə qayıt, belin olsun yağır. Nədinədi, mən zindəganlıq edirəm. Neyləyim, Allah plovu bir adama verir, iştahı bir ayrısına. İndi nə olardı, mənim də bir yüz manat pulum olaydı, bir danə də gözəl arvadım. Qapımda nökərlər səf çəkib duraydılar, adım da olaydı Qurban bəy. Mən kimdən əskiyəm? Bu mənim qəddüqamətim (özünü çəkir.), bu mənim göz-qaşım. Vallah, mən dövlətli adamların heç birisindən əskik deyiləm. Amma nə çarə qılım ki, qəza məni eyləyib əfsürdə, adım da odunçu Qurban. Dünən görürəm Hacı Cəlal pul sayır, pulu sandığından koma-koma çıxarıb yığır qabağına. Özünü də yeddi qəpiklik çolpa kimi çəkir. Qınayan olmasa, deyər dünyanı da mən yaratmışam. Amma gəl bir sir-sifətinə bax. Gözləri kalmık gözlərinə oxşayır, burnu iki qarış, ağzını saqqal, bığ örtüb, elə bil heç yerindən yoxdur. Əgər onun pulu olmasa, vallah, onu heç kəs qapısında nökər də saxlamaz. Nə deyim, haqqın kərəminə şükür.
Niyaz. İndi sən, Qurban, gözəlliyi, dövləti, bəyliyi xoşbəxtlik hesab edirsən? Yox, belə deyil. Axırı olmayan zada xoşbəxtlik deməzlər. O ki, gözəllikdi, axırı yoxdur. Dövlət deyəndə, milçək misalı bir şeydir. Bu adamın başından uçub, o adamın başına qonur, yenə axırı yoxdur. Pulsuz da yenə quru bəylik bir qara pula dəyməz. Kişinin dövləti qolunun qüvvətidir. O da ki səndə var. Əlavə, adamlar var dövləti həddindən aşıb, amma arvadı bir ifritədir ki, əlindən bezikib, az qalır zəhər yesin. Amma sənin arvadın bir candır ki, məleykə xasiyyətində. Elə sən evə gələndə onun qalxıb sənin başının altına bir yastıq xoş sifətlə qoyması yüz min tümənə dəyər. Bir də, qardaş, hər adam xoşbəxtliyi bir cür başa düşür. Kasıb dövlətlənəndə özünə xoşbəxt deyir. Acın qarnı doyanda, deyir xoşbəxtəm. Dilənçinin əlinə bu gün dünənkindən bir abbası artıq keçəndə, deyir xoşbəxtəm. Qız gözü tutan oğlana gedəndə, ya oğlan gözü tutan qızı alanda özlərinə xoşbəxt deyirlər. Sən də ki, odunçusan, hər gün gəlib burada bir şələ odun tapırsan, deyirsən bəxtim gəlib.
Qurban (özünü yıxır odunun üstünə). Ah, ah!.. Bunlar hamısı keçəndən sonra, Allahın altında bir gözəl arvadım olaydı... Səlimə yaxşı arvaddır. Amma nə fayda, ağzı, burnu bir az o söz... Eh, mənim kimi çulu cırığın elə arvadı gərək olsun. Allah Hacı Cəlalın pulunu verəydi mənə, görərdin lələşin nə lələşdir. (Papağını əyir, oxuyur):
Can nəqdin əgər etsən, ey şux, təmənna sən,
Bir guşeyi-çeşminlə eylə mənə eyma sən,
eylə mənə eyma sən.
Pəricadu (kənarda oxuyur):
Can nəqdin əgər etsən, ey şux, təmənna sən,
Bir guşeyi-çeşminlə eylə mənə eyma sən,
eylə mənə eyma sən.
Qurban (ətrafa baxır). Bir gözəl səs gəldi qulağıma. Deyəsən mən oxuduğum sözləri oxuyur. Eşitdinmi?
Niyaz. Mən heç zad eşitmədim. Balam, özünü gözlə birdən dəlizad olarsan.
Pəricadu (kənarda oxuyur):
Saxlardı əvəz, billah, öz Yusifinə Yəqub,
Kənanda gər olsaydın ey şux-dilara sən,
ey şux-dilara sən.
Qurban. N i y a z, mən ölüm, bircə qulaq ver... Oxay, az qalır adamın canını alsın. Qoy görüm o kİmdir. Belə insan səsi olmaz. (Yüyürür dala.)
Niyaz. A kişi, sarsaq olma, gəl odununu şələlə dalına, itil cəhənnəmə. Oxuyub eləyən nə qayırır.
Qurban (qayıdır.) Doğrusun de, mən ölüm, eşitmədinmi?
Niyaz. Vallah, heç zad eşitmədim. Görəsən nə işdi, ya ağlın çaşıb, ya günün günorta çağı vaqiə görürsən. Əgər bir zad olsaydı, mənim qulağım darı dəlir, mən səndən tez eşidərdim.
Qurban. Nə deyim? Bəlkə, sən demiş, mənim ağlım çaşıb. Amma vallahı bir elə səs gəldi qulağıma ki, anadan olandan elə gözəl səs eşitməmişdim. Yəqin, hər nə isə də, insan səsi deyil.
Niyaz. Di yaxşı, şələni götür, düş yola, səndən çox pəstahlar çıxacaq... Mən də adlayım meşənin qalın yerindən bir az odun eləyim gəlim. Mən də sənin kimi xoşbəxt deyiləm, gəlib hazır üstünə çıxam. Sənin bacandan quyruq yağır.
Qurban (odunu bağlayır). Di gəl şələyə yapış, qoy dalıma.
Niyaz şələyə yapışıb, qoyur Qurbanın dalına.
Qurban. Ya Allah.
Niyaz. Di get, Allah bazar versin.
Qurban (gedə-gedə). Biazar olasan, Allah atana rəhmət eləsin.
Niyaz, axşam bizə gəl, səni bir yaxşı kələm dolmasına qonaq eləyim.
Niyaz. Yaxşı, gələrəm. (Qurban gedir, Niyaz onun dalınca baxır). Ay heç zaddan gözü doymayan insan. Dünyanı yeyib “doymadım” deyə-deyə ölən insan. Ah... biz də baltamızı götürüb adlayaq meşəyə, görək bəxtimizə nə çıxır. (Gedir.)
Şamamacadu (daxil olur). Ay xanım, nə vacib olmuşdu ki, məni bu tezliklə istədin? Başım bərk qarışmışdı. Qaranquş gəldi, xəbər gətirdi. Amma mən hərçənd ala qarğaya döndüm, amma ondan cəld uçub gəlmişəm.
Pəricadu. Başın nəyə qarışmışdı?
Şamamacadu. Sənin üçün şikar tapmışdım. Yaxşı iş başlamışdım, qaranquş gəldi qoymadı.
Pəricadu. Şamama qarı, bu gündən mən adam öldürməyi qoydum yerə. Bircə şikar mənə lazımdır. Gərək onu mənə gətirəsən. Ondan sonra hər nə xahiş etsən hazıram.
Şamamacadu. Xanım, yoxsa Iblis buyuran kimi ürəyin bir adama yapışıb?
Pəricadu. Bəli, ürəyimə bir ox dəyib o tərəfindən çıxıb. Mənə əlac.
Şamamacadu. Bilirəm, Qurbanı deyirsən.
Pəricadu. Bəli, özüdür. Bilmirəm necə eləyim? Ciyərim parçalanıbdır. Məhəbbət nə yaman bəla imiş, ürək nə yaman şey imiş! Ələlxüsus arvad ürəyi, gah daş kimi bərkiyir, gah da mum kimi yumşalır... Gah buz kimi donur, gah Ərəbistanın günü tək adamı alışdırır. Gah su olur, gah qan... Şamama, mən daha məhəbbət oduna davam elə bilmirəm, Qurbanı gətirmək fikrinə düşmüşəm. Gərək onu, hər tövr olsa, tezliklə mənə yetirəsən.
Şamamacadu. Belə mənim bu tay gözüm üstə. Bu gündən düşərəm onun dalına. Az zaman keçər ki, qulluğunda hazır olar. Bu saat yenə ala qarğa olub, yola düşərəm. Amma Qurbanı gətirəndən sonra gərək mənə də izn verəsən, gedim bir belə gözəl oğlan da özümə gətirim.
Pəricadu. Ay qarı, gözəl sənin əyri belinəmi yaraşır? Ağ birçəyinəmi yaraşır?
Şamamacadu. Niyə, xanım, ağ at arpa yeməz?
Pəricadu. Baş üstə, asandır, get. Amma bax, Şamama, sair adamlara ağlın getməsin. Bu Qurban dır, gərək onu əziyyətsiz gətirəsən. Qan eləməyəsən.
Şamamacadu. Mən öz işimi bilirəm, gedim. (Gedir.)
Pəricadu (tək). Şamama getdi, İndi gələrsən Qurban mənim yanıma, görərsən mən sənə nə pəri olaram. Cəmi dünyanın qeydini yadından çıxardarsan. Belə bu zəif canımı sənin ayağının altında nisar edəcəyəm. (Oxuyur.)
Can nəqdin əgər etsən, ey şux, təmənna sən,
Bir guşeyi-çeşminlə eylə mənə eyma sən,
eylə mənə eyma sən.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-peri-cadu-evvelinci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu il “Molla Nəsrəddin” jurnalı çıxdı çıxmadı, qəzetlər ağız-ağıza verib, genə bu övrət məsələsini ortalığa salıb Mazandaran çaqqallarıtək ulaşdılar. Bir yandan “Molla Nəsrəddin”in bir cüft müdirləri mühərrirlərini başlarına yığıb qıçlarını çırmayıb, girdilər meydana, həmi “Hürriyyəti-nisvan” deyə-deyə sinələrinə çırpdılar; o biri yandan “Şəlaləçilər” zurnalarını kökləyib “təsəttüri -nisvan” nəğmələrini işə saldılar və “hürriyəti-nisvan” sözlərini ağızlarına alanların gözlərinə (altun qələmlər) soxdular. “Iqbalçı” qonşuluq haqqını mülahizə edib, “Şəlalə” zurnaçılarına dəm tutdular. Xülasə, – nə ərz eləyim, – meydan qızışırdı, aralıq qarışdı, məzhəb itdi... Mən bədbəxt və başlı-ayaqlı cumdum bu zəhrimara dönmüş məsələnin içinə. Gecələr gözlərimə yuxu getməyir. Elə ki bir az huşa gedirəm, özümü bir böyük səhrada görürəm; səhra doludur başıqırxıq, başıtüklü, üzüqırxıq, uzunsaqqal adamlar ilə, bunlar İki dəstə olublar. Bir tərəfdən qışqırırlar: “Hürriyyəti-nisvan”, o biri tərəfdən: “Təsəttüri-nisvan”, canınız da çıxsa, “təsəttüri-nisvan!” Qəribə budur, bu yandan da çoxlu övrət yığılıb, heç kəsin bunların davası ilə işi yoxdur. Tək bir nəfər övrətdən hərdənbir ahəstə səs gəlir: “Dəyirman bildiyini elər, çaqçaq başını ağrıdar”.Yuxudan oyanıram, sübhədək yata bilməyirəm, gündüz də axşamadək başım ağrıyar. Budur, “Molla Nəsrəddin”in birini yazanadək dörd nömrəsi çıxıb; dörd nömrənin birində dörd söz yazmamışam: hamısına səbəb bu andıra qalmış övrət məsələsidir. Elə ki genə bir tövr qələm alıb istəyirəm bir məqalədən-filandan yazım, o saat bu məsələ Molla İbrahim Xəlil kimyagərin meymunu kimi gəlir durur gözümün qabağında. Hər yana baxıram görürəm ya “hürriyyəti-nisvan”, ya “təsəttüri-nisvan” balaca meymunlartək atılıbdüşürlər. Axır əlacım kəsilib, dedim, mən də bu məsələnin üstündə bir-İki qələm vurum, bəlkə bu şoğərib məndən əl çəkib gözümün qabağından gedə. Yoxsa bu məsələ barəsində əsla bir söz yazmazdım, məhz canımı qurtarmaq istəyirəm və yenə də bu barədə yazmaq istəmirdim, onu da axırda ərz edərəm.
Müsəlmanlarda teatroİslam aləmində mədəniyyət cəhətcə, söz yox ki, qədimlikdə İrandır. İran Şərqə böyük şairlər, filosoflar vermişdir. Lakin bir nəfər də dramnəvis verməmişdir. Ərəblər xəlifə Harunəlrəşid zamanında yunanların ədəbiyyatını tərcüməyə aldıqdan ancaq Aristotelin, Əflatun və Sokratın fəlsəfəsi, Arximed və Pifaqorun həndəsəsi ilə məşğul olmuşlar.Sofoqlun faciələrinə, Aristofanın komediyalarına gəldikdə, ərəblər onlara heç fikir verməmişlər. Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Asiya böyük mütəfəkkirlərdən Cəmaləddin Rumi, böyük şair Nəvai, müvərrix Əbülğazi Bahadır xan, Şərqdə əvvəlinci rəsədxana müəssisi münəccim Uluğbəyi vermişdir. Lakin teatro aləminə heç bir şəxsi yetirməmişdir. Türkiyədə dramaya dair təsnifat ancaq Əbdülhəmid sultanlığı zamanında aləmə gəlmişdir. Amma bu müstəbidin zamanında bütün ədəbiyyat sıxıldığı kimi, teatro da boğulmaqda idi.
Beş ilOn doqquzuncu ilin fevral ayının soyuq bir sübhü idi. Saat səkkizdə məni ev sahibinin telefonuna çağırdılar. Telefonu qulağıma tutub qabaqca ağlar bir səs eşitdim. Qolum boşaldı, ürəyim döyünməyə başladı.Ağlamaq arasından bu sözləri eşitdim:
“Pəri cadu” haqqında qeydlərDoxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır. “Pəri cadu”ya mövhumat adı qoyurlar... “Pəri cadu”nun ideyası: hər kəsin öz əlinin əməli onun müqəddəratını təmin edər. İnsan, taleyini kənarda axtarmayıb öz-özündə axtarmalıdır. Nəfs-əmmarə dalına düşüb gedərsə bəlalərə uğrayıb fot olar. Nəvsilə mübarizə edib əlinin əməyinə bağlanarsa, axtardığı məqsədə nail ola bilər. İnsanın təbiətində iki əsas qüvvə həmişə bir-biri ilə vuruşmadadır. Bu iki əsas – nəfsi-əmmarə ilə əql və fikirdir. Ən qədimdə bu iki əsası insan özündən xaricdə bilib, onlara təbiət məqam verib, allahlıq libasına geyindirirdilər: Hürmüzd, Əhrimən; Çində xeyir, şər allahları. Axırda şeytan və Allah. Pərinin ürəyində həmçinin iki əsas vuruşur. Nəvsi iblis şəklində mübarizə tərəfə çəkir, əqli səlim şeyx sifətində səbr etməyi məsləhət görür. Bu iki şəxs onun ürəyində vuruşan iki əsasın mücəssəmələridir. Xırda şəyatin onun dəğdəğələridir.İnsanı həmişə nəhs yollara iğva edən nəfsi-əmmarə Şamama cadu sifətində ortalığa çıxıb. Bu qarı həm Qurbanın, həm Hafizə xanımın, həm Pərinin təbiətində olub, onları asan vəchlə səadətə nail olmaq yoluna çəkib, hamısını məhv edir və Qurban öləndən qabaq öz səhvini anlayıb, Səliməsi tərəfə qaçmaq istəyirsə də daha iş işdən keçdiyindən, nəfsinin çəngəlində fot olur.
Başqa şairlərin şeirləri
Əhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
Gözəl qadınSən kimdən öyrəndin belə ədanı,Ey xəstə şairin ilhamı gözəl?
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Qəzəl: Nə vüsalın məni dildən sala hicran, nə rəvaNə vüsalın məni dildən sala hicran, nə rəvaTa meyi-nab ola, ey bağrı bütün qan, nə rəva