Yeni təbabət
Həmədan sərdarı Qarınqulu xan yeyicilikdə böyük şöhrət qazanmışdı. Nökərləri söylərdilər ki, xan bir toğlunu içalatı ilə, quyruğu ilə doğradıb, qovurtdurub tək yeyir və üstündən də bir güvəc turş qatıq içib yıxılıb xorhaxor yatır. Hətta belə nağıl edirdilər: ətraf xanlardan onun kimi çox yeməkdə məşhur olanlar Həmədana gəlib xan ilə yeyişmə müsabiqəsi (mərci) qurardılar və xan hamısını məğlub edib yola salardı. Bir dəfə Ətəbatialiyədən Həmədana təzə bir axund təşrif gətirmişdi. Söz yox ki, axund sərdara salam verməyi vacibatdan bilib, xanın qulluğuna müşərrəf oldu. Xan axunda lazimeyi-nəvaziş və ehtiram göstərdikdən sonra, sabahı gün axundu nahara təklif etdi. Axund kəmali-məmnuniyyətlə sərdarın təklifini qəbul edib getdi.
Sabahı günü xanın evində ziyafət üçün böyük hazırlıqlar görülməkdə idi. Bir yanda qoyun kəsilirdi, bir yanda toyuqlar kəsilirdi, göyərti təmizləyən kim, badımcan təmizləyən kim, badam qabığı arıdanlar, qoz ləpəsi təmizləyənlər, soğan soyanlar... xülasə, sərdarın aşpazxanası bir-birinə dəymişdi. Xan da əziz qonaqlarına müntəzir idi. Şəhərin üləması cəmiyyən dəvət olunmuşdular. Əlavə şəhərin əyanından, Zindığıddövlə, Sərsamilməmalik, Dumbulussəltənə, tacirbaşı Hacı Zeynəlfasiqin həmçinin sərdarın ziyafətinə çağırılmışdılar.
Günorta namazından sonra qonaqlar bir-bir gəlməyə başladılar: hamıdan sonra axund cənabları məiyyətində iki nəfər molla təşrif gətirdilər.
Sərdar istiqbala çıxıb kəmali-ehtiramla axundun qolundan yapışıb yemək otağına apardı və özü ilə bərabər əyləşdirdi. Həzərat hamısı ayağa qalxıb axunda təzim etdilər və axund əyləşdikdən sonra hər kəs öz yerində əyləşdi.
Süfrə salındı, neçə növ şərbət süfrəyə düzüldü. Dalınca xuruşlar bir-bir gətirilib qoyuldu; şahbalıt müsəmması, badımcan müsəmması, fisincan, çığırtma, axta xuruş, badamlı mütəncəm, səbziqovurma... – xülasə, xuruşları saymaq ilə qurtarmaz.
Əl suyu verildikdən sonra otaq plov ətri ilə doldu. Dalınca müəttər zəfəranplov məcməyidə gətirildi və bir plov dağı sərdar ilə axundun qabağına qoyuldu. Axund əli ilə plova işarə edib dedi:
– Sərdar, bismillah.
– Buyuracaqsınız, axund.
– Xeyr, yol sizİndir.
– Bu şəhərdə ən möhtərəm şəxs bu halda sizsiniz, buyuracaqsınız.
– Ərz edirəm ki, yol sizİndir.
– Gəldiyiniz Kərbəlaya and olsun ki, sizdən qabaq plova əlimi də uzatmaram.
Bu söz axundu tutdu. Qollarını çırmayıb plova hücumavər oldu.
Hər bir şilləsində plovun bir yanı açılırdı. Xan iki dəfə əlini uzadınca axund beş loğma götürüb balaxəndəyə ötürürdü. Gah o xuruşdan, gah bu xuruşdan qarmalayıb plova qarışdırıb udurdu içəri. Gah şərbəti kasası ilə başına çəkirdi. Xan baxdı gördü ki, hərif əlinə keçibdir. Öz-özünə dedi: “Belə həriflərdən neçəsini yola vermişəm. İndi isə bununla mübarizə edəcəyəm”. Vurhavuru saldılar. Plov və xuruş bir yandan gəlib sərdar ilə axundun qabağına qoyulurdu və fövrən də nəcib mədələrə keçib orada qərar tuturdu. Bir qədər belə keçdikdən sonra xan əlini çəkib özünü məğlub elan etdi. Axund isə bundan sonra beş adamın xörəyini yeyib dayandı. Qəhvə və qəlyandan sonra qonaqlar durub dağıldılar.
Axund haman gecə Allahın rəhmətinə vasil oldu. Xan isə bərk xəstələnib yorğan-döşəyə yıxıldı. Xanın arvadları, əqrəbası onun halətini ölümcül görüb həkim üçün adam göndərdilər.
Həkim baxıb dedi ki, sərdar cənablarının xörəklərinin bir qədər artıq düşməsindən, onda qəbuzət vaqe olub, imalə edilsə rəf olub gedər.
Sərdar gözlərini açıb həzin səslə xəbər aldı:
– Həkim nə buyurur?
– Deyir gərək imalə olunsun.
Bu sözdən sərdar qeyzə gəlib qışqırdı:
– Pədərsüxtə, kimə imalə olunsun? Yoxsa istəyirsən bu saat atanı yandırım?
Həkimin bədəninə titrətmə düşdü.
– Söylə, pədərsüxtə, görüm, kimə imalə?
Həkim titrək səslə dedi:
– Mənə imalə, cənab sərdar!
– Bu başqa danışıq oldu, aparın həkimi, ona imalə edin.
Nökərlər həkimi aparıb yıxıb imalə elədilər. Təsadüfən sərdar mərəzdən ayıldı və o saat fərraşbaşını çağırıb əmr etdi:
– Həkimi buradan bir yana buraxmayın, lazım olacaq.
Belə də elədilər.
Bir neçə gün keçdi. Bir sübh sərdarın hərəmxanasının xacəbaşısı gəlib baş əyib məyus dayandı.
– Xacəbaşı, nə vaqe olub?
– Sərdar sağ olsun, Firuzə xanımı axşamdan bir başağrısı tutub, səhərədək yata bilməyib.
– Firuzə xanımın başı ağrıyır, gedin həkimə imalə edin, sağalsın.
Həkimə imalə sərdarın sarayında böyük bir müalicə oldu. Hər kəs naxoşladısa, həkimə imalə etdilər. Belə ki, axırda yazıq həkim arıqlayıb çöpə döndü.
Bir gün də miraxur gəlib xəbər verdi ki, xanın çox istədiyi kürən atı bir sancı tutub, hər nə edirlərsə kargir olmur.
Xan hirslənib dedi:
– Məlun uşağı, korsunuz? Həkimi gözünüz görmürmü? Bəs o pədərsüxtə burada müftə çörək yeyəcək? Gedin bu saat həkimə imalə edin, yoxsa at ölsə, hamınızı qıraram.
Miraxur baş əyib ərz etdi:
– Sərdar sağ olsun, həkimə axşamdan İndiyədək səkkiz imalə etmişik, atın sancısına bilmərrə təfavüt eləmir. Doqquzuncu imalədə həkim öldü. İndi qalmışıq məəttəl.
– Niyə məəttəl qalırsınız? Şəhərin həkimi qurtarıb? Gedin bu saat axtarın bir nəfər kök, davamlı həkim tapın gətirin. Bu ölən axmaq oğlunda can nə gəzirdi, doqquz imaləyə davam gətirə idi. Di dayanmayın pədərsüxtələr, gedin!
Fərraşlar həkim dalınca şəhərə dağıldılar; xan miraxur ilə bir yerdə tövləyə, atın yanına getdi.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-yeni-tebabet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Mükalimə)P r i s t a v – A gədə, sən qəribə bihəyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləmiyəsən. İndi bu nə işdi? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan.
İanəKömürçü Muradın şəhərin kənar küçələrindən birində bir balaca daxması var idi. Cəmi mayəhtacı bir palaza, üç-dörd mis qaba və üç dəst rəxti-xaba münhəsir idi. Murad öləndən sonra haman daxmada qalan arvadı Fatmanisə və iki oğlu idi. Böyük oğlu Teymurun on yaşı tamam olmamışdı, kiçik oğlu Əmirin iki yaşı var idi. Fatmanisə qonşular üçün işləməklə balalarını dolandırırdı.Bir gün böyük oğlu Teymur bərk xəstələndi, belə ki, dirilməsindən həkim mirzə Səttar da naümid idi. Fatmanisə istəkli oğlunu belə görüb, gecələr sübhədək yatmayıb ağlayırdı. Axırda nəzir etdi ki, oğlu sağalsa, var-yox palazını satıb, bir qurban alıb kəssin. İttifaqən Mirzə Səttarın dərmanları səbəb düşüb Teymur sağaldı. Neçə gündən sonra Fatmanisə palazı qonşusu dəllal qozbel Pirquluya satıb, bir qoyun alıb qurban kəsdi. Naxoşluqdan təzə durmuş Teymur qurbanın kababından çox yediyindən, heyzə olub, vəfat elədi.
Sarı toyuqCavan Əhməd on sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu xeyli mehriban dolanmaqda idilər. Bu on sənənin müddətində bircə dəfə də olsun aralarında nə inciklik, nə də bir dürüst danışıq olmamışdır. Bunların bircə qəmləri var idi: övladları olmurdu. Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi.Anası qızını neçə pirə və ocağa aparmışdı. “Altıbarmaq” seyidə əlli manat verib dua yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi:
KoroğluDumanlı kəndi böyük bir dairənin mərkəzi olaraq iki yüz iyirmi beş “tüstüdən” ibarət bir kənddi. Bu kəndin mindən artıq əhalisinin əksəri bağdarlıqla dolanırdı. Dumanlı üzümü, Dumanlı şaftalısı hər yerdə ad qazanmışdı. Hər “tüstünün” özünə məxsus bir desyatin, ya bir desyatin yarım bağı var idi. Kəndin ortasından axan qədim, böyük bir arxın suyu ilə camaat bağlarını sirab edirdi. Camaatın cüzi hissəsi əkinçiliklə məşğul idi. Bunlar, kəndə məxsus əkin yeri olmadığından, gedib kəndin yavuqluğundakı min desyatindən ibarət “ağalıq” yerdən lazım qədər, dörddən bir mədaxilinə ağadan icarəyə götürüb, taxıl ya pambıq əkərdilər. Hamıdan çox ağalıq yerində ziraət edən kəndin zəngin qolçomağı Hacı Bayram idi. Bu adam götürdüyü yerdə özü işləməyib camaatın füqərasından, ya “həmişərilərdən” muzdur tutub işlədirdi. Hacı Bayramın qoyununun, atının, qaramalının hesabını bilən yox idi. Onun qoyunlarını beş çoban çətinliklə idarə edirdi. Hacı Bayramın nəinki dairə, tamam qəza tanıyırdı. Qəzanın hər bir yerindən pula ehtiyacı olan atını minib Hacı Bayramın ydanına gələrdi. Hacı verdiyi pullara faiz almazdı, deyərdi: “Şəriətdə faiz almaq haramdır”. O, pulu verib əvəzinə nuyanda müəyyən qiymətə məhsuldan verilməsini şərt edirdi. Söz yox ki, qərəzdarın bir əli ilə boğazından yapışıb, o biri əli ilə onun nuyanda hasil etdiyi məhsula İndidən qiymət təyin edən Hacı Bayram birə-iki puluna faiz qazanırdı.Dumanlı kəndində bir nəfərin nə bağı var idi, nə əkin yeri – bu adam İsrafil Vəlioğlu idi. İsrafil on İki yaşında ikən çiçək xəstəliyindən iki gözü də kor olmuşdu. Kor İsrafil i tamam dairə tanıyırdı. Çünki onun peşəsi oğlunun əlindən tutub, kəndbəkənd gəzib saillik etmək idi.
Başqa şairlərin şeirləri
Çıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı