Kəndimizdə olub keçənlər
“Heydərbaba” şairinə
Axşamüstü dağlar bənəg-bənəgdir,Hər yer göy ot, hər yer güldür, çiçəkdir.Toz qoparan yolda qoyun, inəkdir,Bir çobandır dərələrdə ney çalan,Cingildədən dağı, daşı səs salan.
Günəş qızıl işıq saçır yamaca,Külək əsir uzaqlardan astaca,Toxunarkən hər budağa, ağaca,Gül yarpağı sular üstə ələnir,Batır günəş, sular qana bələnir.
Bir incə qız gedir bulaq başına,Çatmış bu il on dörd, on beş yaşına.Kim vurulmaz gözlərinə, qaşına?Bu yerlərin odur gözəl bəbəyi,Çəmənlərin yeni açmış çiçəyi.
Qaş qaralır, ay meşədən baxmada,Duru sular dərələrə axmada,Çıraq yanır, hər komada, daxmada.İşıqlanır qaranlıqda bu gecə,Toy tutulur samanlıqda bu gecə.
Hay-küy qopur, dam üstündə od yanır,Görən odu yanğın sanır, aldanır.Arvad, uşaq, kiçik, böyük toplanır,Lakin bu od nə xanındır, nə bəyin,Bu alovlar işığıdır şənliyin.
Aşıq alır köhnə sazın əlinə,Qoşma qoşur gözəl-göyçək gəlinə.Al üzünə, zərli-pullu belinə,Yallı gedir bütün qızlar, oğlanlar.
Gecə keçir, karvan keçir yollardan,Baxır kəndə uzaqlardan yaradanOdlar sönür, dağ ağarır, gülür dan,Lampa yanır yalnız uzaq bir evdə,Bəzənəkli, təmiz və ağ bir evdə.
Şəfəq düşür qızıl dağa, boz dağa,Günəş doğur, naxır gedir otlağa,Təzə gəlin, o da gedir alağa.Təzə bəy də dağda qoyun otarır,Baxıb düzə sevgilisin axtarır.
Bir ay sonra isti düşüb yay gəlir,Biçinçiyə evdən çörək, çay gəlir,Səhər günəş, axşamları ay gəlir.Buğda biçir, arvad, kişi tarlada,Yorur xalqı məhsul işi tarlada.
Oraq düşür işə, sünbül toplanır,Yel əsərkən al örpəklər sallanır,Bağda üzüm, şaftalılar allanır.Arabalar meyvə, buğda gah çəkir,Kəndlilərin uşaqlar ah çəkir.
Sel suları dərə içrə durulur,Buğdalardan çöldə qalaq vurulur,Çay başında xana çadır qurulur.Xırman üstə gəlir xanın nökəriBir cavana deyir: – adə, gəl bəri.
Get Sənəmi göndər xanın yanına,And içirəm böyük xanın canına,Göndərməzsən, bulaşdırram qanına.Xan çadırda bikəs qalıb, tək qalıb,Ürəyini bikəslikdən dərd alıb.
El içində bu söz düşür dillərə,Çoban vurur özün suya, sellərə,Arvad ilə köçür uzaq ellərə.
Anasını kənddə yalqız buraxır,Palçıq evdə ac və susuz buraxır.
Sakitlikdir, səhər hər kəs yuxuda,Ərbab gəlir kəndə, həm də kəndxuda,Günahkarı tutub deyə, qorxuda.Lakin görür hamı olub biqərar,Çoban köçüb: “Lələ yoxdur, yurdu var!”
Şallaq vurur anasına çobanın,Atəş vurur komasına çobanın,Peyğam verir atasına çobanın:– Qayıtmazsa oğlun kəndə bu axşam,Getməlisən qəbrə sən də bu axşam.
Xalq toplanır, qopur yaman fırtına!Xan bələnir xırmangahda al qana.Zənn etmə ki, bu dastandır, əfsana.Alışanda xalqın təmiz ürəyi,Basar, qırar həm xanları, həm bəyi.
Kəndimizin üfüqləri ayna tək,Bostanında açar onun gül-çiçək,Kimsə tapmaz onda nə süd, nə yemək.Onda olan bütün nemət xanındır,Bu gördüyün dövlət, həşəmət xanındır.
Təmdən də əsər yoxdur bu kənddə,Aclıq, ölüm, vəhşət çoxdur bu kənddə,Xan gözündə kəndli oxdur, bu kənddə.O ölkə ki, xalq qanına boyana,Lənət olsun onun daşın qoyana.
Kəndli ərbab körpüsündən keçəmməz,Bir içim su icazəsiz içəmməz,Öz əkinin özü üçün biçəmməz.Madyanlar, atlar, daylar xanındır,Üzümlüklər, bağlar, çaylar xanındır.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-kendimizde-olub-kecenler
← → düymələri ilə keçid, R — təsadüfi şeir