Dünya xali deyil, inanıram mən,Sən əsl insanı ilk gündən tanı.Böyük arzularla dolanıram mən,Dünyada hər dərdin yetişir sonu!

Dözümüm dağ qədər, səbrim dağ qədər,Mənimçün əylənca deyildir həyat.Gələcək naminə ötən nəsillərYaşadı, yaratdı, gülmədi, heyhat!

Qəlbimdə yeri var sevincin, qəmin,Güləndə gülərəm ancaq ürəkdən.Kədər pəncərəni döyəndə sənin,Qapıma göndərsən, incimərəm mən.

Bizimki gətirmir, deyəndə bəzənİnan ki, bu sözüm ürəkdən gəlir.Xoşbəxt doğulmuşam bu dünyada mən,Bunu arzum bilir, diləyim bilir.

Behiştim, cənnətim bu dünya özü,Doğmadır, əzizdir insanlar mənə.Dərmanım dostların bir şirin sözü,Dar gündə dayağım onlardır yenə.

Dünya xali deyil, inanıram mən,Sən əsl insanı ilk gündən tanı.Böyük arzularla dolanıram mən,Dünyada hər dərdin yetişir sonu!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri