Əgər gəlib desələr tufanlar almış məni,Sıldırım qayalara, daşlara çalmış məni.Gətirmə xatirinə ölümümü bir an sən,Bil ki, hər fırtınada, tufanda ölmərəm mən.

Əgər gəlib desələr dənizlərdə batmışam,Dalğaların qoynunda əbədilik yatmışam.İnanma ölümümə, inanma heç zaman sən,Bil ki, hər fırtınada, tufanda ölmərəm mən.

Əgər gəlib desələr, payız küləkləri tək,Həzin nəğmələr deyir sinəmdə coşqun ürək.İnanma bu sözlərə, inanma heç zaman sən,Hər xəzan küləyinə bil nəğmə qoşmaram mən.

Əgər gəlib desələr, unutmuşdur andını,Ayrılığın elində bir şam kimi yandımı?Deyib öz ürəyində bunu dərd eyləmə sən.Bil ki, hər bir alovdan yanıb kül olmaram mən.

Əgər gəlib desələr, soyumuşdur baxışım,Qəmlə başa vurulur, hər baharım, hər qışım,İnanma, gördüyün tək çılğın ürəkliyəm mən,Döyüşlərə səninlə atılaram yenidən.

Əgər gəlib desələr yazı-pozunu atmış,İlhamdan xeyli uzaq bir diyarda o yatmış,İnanma deyilənə, inanma heç zaman sən.Bil ki, öz qələmimdən ayrılan deyiləm mən.

Əgər gəlib desələr şerim susmuşdur artıq,İlhamımın gözünə çökmüş qatı qaranlıq.Öləndə son arzumu əgər bilmək istəsən;Bir şeir həsrətilə köçərəm dünyadan mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar