Gecəyarı...göz qoyuram təbiətə,Nə hərəkət, nə danışıq, nə çal-çağır,Nə söz deyim, nə ad verim bu möhnətə.Göydən yerə bulud-bulud yuxu yığır.

Yatağında nəfəsini dərir dəniz,Təmtəraqlı qağayılar mürgüdəmi?Sahil səssiz, küçə səssiz, həyət səssiz,Nəhəng bina, qalın divar mürgüdəmi?

Xəyal məni çəkib gedir ovlaqlara,Ana maral, bala ceyran yuxudadır.Tarla hara, zəmi hara, sükut hara,Böyük-kiçik, qoca-cavan yuxudadır.

Üfüqlərin seyrinəmi dalır çəmən,Bir şəfəqdən qopub gələn nemət üçün.Dağın qaya qulağımı o diklənən,İşıq üçün, nəğmə üçün, söhbət üçün.

Kəsib duman bürüyəndə zirvələri,Əliklərmi köks ötürüb yazıqlaşan.Uzananda qaranlığın kölgələri,Arzularmı, əməllərmi uzaqlaşan?

Hanı sübhün şeh qoxulu, şeh nəfəsi,Belə vaxtda qol boşalır, göz qamaşır.Bircə anlıq uyuyanda Yer kürəsi,Bir əsrlik gücdən düşüb ağırlaşır.

Gecələrin kəs ömründən, gündüzə qat,Səssiz-küysüz dövran sürmək istəmirəm.Oyan Günəş, açıl səhər, çağla həyat,Mən dünyanı yatmış görmək istəmirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar