Bahar fəsli addım-addım saxlayar,Göy çəmənlər, yaşıl bağlar şairi.Sellər, sular qulağında çağlayar,Dilləndirər buz bulaqlar şairi.

Qoxlamamış tüstüləri, közləri,Yoxlamamış keçidləri, izləri,Çiçək-çiçək tanıyıram düzləri,Düz soraqlar, çöl soraqlar şairi.

Ceyranayaq köhlənini minəndə,Ağ zirvədən göy meşəyə enəndə,Palıd açar sinəsinin önündə,Çinar öpər, tut qonaqlar şairi,

Bir töhfədir təbiətə gözəllik,Dönüb canlı şeriyyətə gözəllik.Çəkiləndə bir xəlvətə gözəllik,Bulud kimi qəm qucaqlar şairi.

Qapı açıq, süfrə açıq, qəlb açıq.Qapı hörmət, süfrə çörək, qəlb işıq.Ana vətən yaranışdan bir aşıq,Əziz tutar, əziz saxlar şairi.

Ömür də var, ölüm də var binadan,Ya gec, ya tez sönməlidir hər yanan.Soruşsalar Hüseyni bir zamanDağlardadır, deyin, dağlar şairi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar