Taparsan
Nə dilim ikidi, nə üzüm iki,Elimdən, obamdan uzaq düşmədim.Həyatda bir şeyə sevinirəm ki,Nə dedim, hamsını ürəkdən dedim.
Canımda varlığın ətri, nəfəsi,Dünyanı dolaşdım, aləmi gəzdim.Qulaqda Qurbanın, Abbasın səsi,Kərəmi aradım, Dilqəmi gəzdim.
Sığmaz kitablara sözüm, söhbətim,Yolumda həm şəfəq, həm çisək oldu,Gecəli, gündüzlü fikrim, niyyətim,Soyumu, kökümü öyrənmək oldu.
Qasımda Əmrahın təravəti var,Alı Abdullanı gətirir yada.Niyə bir-birinə oxşamasınlar,Sümük bir olanda, süd bir olanda?!
Tükənməz arzusu, bitməz əməli,Torpaq şairinin, Vətən oğlunun.Hüseyn Arifəm, Yunis İmrəli,Qanımda qanından taparsan onun.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-taparsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir