Yaraşsın
Göy geyindir, göy çəmənə çıxanda,Yar çəmənə, çəmən yara yaraşsın!Bağa girsin lalə rəngli xələtdə,Səhər-səhər laləzara yaraşsın!
Xal düşməsin ürəyinə, beyninə;Qoy gəlməsin dünya qəmi eyninə;Ağ günündə ağ geyinsin əyninə,Qara gündə ona qara yaraşsın!
Ay Hüseyn! Ömrü bada vermə heç,Bu dünyanı başdan-başa dolan keç;Elə axtar, elə öyrən, elə seçSevdiyin qız hər paltara yaraşsın!
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-yarassin
← → düymələri ilə keçid, R — təsadüfi şeir